Folklorun ölən çağı

Tarix: 24-01-2017 05:30
Baxış sayı: 559

Azərbaycanda xalq və ona həmqafiyə əxlaq ölməkdə, folklor yox olub yox olub getməkdədir. Qorxasan, gələcəkdə qanunları pozmağa da adam-madamımız qalmaya. Azərbaycan qanunların pozulması ilə canlıdır. Azərbaycan polis rolu oynayan padşahlarla maraqlıdır. Onu desəm olar, deməsəm olmaz ki, polis Azərbaycan mühitinin ən vacib personajıdır. Keçmişin çomağı indinin zopasına transformasiya olunub.

 

Həri, gələcəkdə qanunları insanlar yox, yağışlar pozacaq. XXI yüzil Azərbaycanına cinayətkar yağışlar yağacaq, yağışlar yazıları pozacaq. Qardaşlar, bayatı söyləyən ən şair arvadlarımız yataqxanalarda çürüməkdə... Filhəqiqə, bilojiliyə çürüməklik xasdır. Hə, tfu, heç biri də göyçək deyil. Əlbəttə, kişi mahiyyətcə göyçək üstünə atılan şeydir və onlar indilikdə üstünə atılmağa göyçək şey görmədiklərindən, axşamdan səhərəcən fıs vurub yatırlar. Həm də qoy öz təcrübəmdən deyim, fıs vurub yatmaq işğal effektini çox azaldır. Gözəllik olmayan yerdə xorultu hakimdir. Gözəllik yalnız vətən üstündə mümkündü. Gözəlliklərimiz dana-keçi, xalı-gəbə və xala-bibilərimiz kimi Qarabağda qaldı. Qarabağda – arxada. Biz həyatda dala getdikcə hər şey arxada qalır. Keçmişimiz arxada, gələcəyimiz – daldadır. Hə, qarabağlılarımızın üzündəki gözəllik təbiətdəkinin surəti imiş. Onların çöhrəsi uzunsov güzgülər timsalında indi də səfaləti əks edir. Vay və ya vaveyla, mən bayatı şairlərini bu cür iyli-qoxulu təsəvvür eləməzdim. Həm də artıq təzə bayatılar üçün bakılarımızda metraj çatışmır. Üstündə yallı oynanılan, muskomediya teatrı səhnəsinə bənzər torpaqlarımız getdi işinin dalınca. Mən ömrümdə yek dəfə “Neft-Kimya” yeyibiçibyatmaqxanasında yarıqaranlıq dəhliz uzunluqda bir yallı ilə rastlaşmışam. Arvadlar – amarıq, kopoyoğlular demiş, biz beləsini almarıq. Adam çaşıb iki-üç arığı bir kök yerinə basmarlamaq istəyir. Keçmiş əyri yallıların dalı olan bu düz yallı təqaüd ödəncindənmiş. Sadə və sadəlövh xalq yellənə-yellənə sevincdən ağlayır və ağladıqca da bunun göz yaşları onun üstünə tökülürdü, onunkular – bunun. Amma göz yaşlarından ağ paltarlarda yumru ləkələr qalacaq. Həm də sən demə, xalq sənətləri daim elə bu cür çırt-pırt şeylərdən törənirmiş. Xalq sevincləri hədsiz primitivdir. Əlbəttə, bunlar heç. Ancaq kor-kor, gör-gör, folklor ölməkdə, xalq və ona həmqafiyə əxlaq yox olmaqdadır.

 

Cinayət millətin həyat tərzinə çevrilmişdir. Azərbaycanda həyatın bütün elementlərində cinayət məcəlləsi maddələrinə uyarlıq taparsan. Cinayətlərə cinayətlərlə haqq qazandırılır. Rüşvət faktı rüşvət aktıyla təmizlənir. Azərbaycanda təmizlik cinayətlərlə təsdiqlənən şeydir. Azərbaycanda təmizlikdən natəmiz şey yoxdur – həm saxta, həm formal. Təmizliyin bu cürəsi bizə ikili əxlaq dövrlərindən yadigardır. Azərbaycanda təmizlik – atavizmdir.

 

Bizdə əfvlər də gəlir mənbəyidir. Cəzaları ləğv edən Azərbaycan padşahında İsa peyğəmbərə gülməli oxşarlıq var.

 

Qardaşlar, bir sürü “aydın”ımız ölkədəki qaranlıqlar içrə dədəmiz Qorqudu basıb yeməkdədir. Əlbəttə, yeməli şeyi yeyərlər, yeməməli şeyi yeməzlər. Azərbaycanda Dədə Qorqud kannibalları yaşayır. Bizlərə yamyam psixologiyası xasdır. Biz Dədə Qorqudun hüzuruna kirli yubiley ilhamlarıyla çıxdıq. Həri, yalan-palan ensiklopediya və örkən kimi uzun filmlərlə xalq Dədə Qorquda sevgilərinin ziyanını çəkir. Padşah da öz təbliği və təşviqi üçün Dədə Qorqudu seçdi. Deyirəm, nə yaxşı, Dədə Qorqudun məmələri yoxdur – hər gələn ona əl atacaqdı.

 

Ac qılınca çapar. Qardaşlar, insanın Azərbaycanda yaşamaq ehtirasına cinayət deyilir. Azərbaycanımızda cinayətlərin qabağını almağa get-gedə adam-madamımız çatmır. Köklərimiz azaldıqca polisliyə yararlı adamlarımız da azalır. Fikir verənlər bilir, verməyənlər bilmir ki, artıq “respubulkuy”muzda cubbulu-cırtdan polislər peyda olub. Köklər milli sərvətimiz imiş.

 

Həri, qardaşlar, elə mən də, hərçənd ancaq asayişi pozma həddində, caniyəm. Mən əxlaq barəsində yüksəklərdə, cinayətlər barəsində alçaqlarda uçanam. Mənim cinayətlərim avaraları görübən “bu nədir – qulaq – gəl bunu buraq” təhrində ola bilər. Mən elə adamam ki, Ətağa cəddi, cinayətlərə yad və yamanam. Mənim cinayətlərim, ola bilsin, əxlaqımdakı cızıq şəklində sosialistik defektlərin əlamətidir. Əlbəttə, bu cızıqlarla adam arasına çıxmaq olar və lazımdır. Ancaq mən də başqaları kimi barı kişi sayılmaq naminə böyük cinayətlər etmək istərdim. Deyilənlərə görə, böyük kişilər böyük cinayətlər törədər. Yenə “Ətağa cəddi” deyirəm ki, mənim cinayətlərim yalnız həyatın rəvan getməsi, bir də harmoniya xatirinə ola bilər.

 

Azərbaycan dövləti kriminal janrlıdır və sanki cinayətləri formalaşdırmaq, sənədləşdirmək üçündür. Azərbaycan dövləti cinayətlərin ancaq statistikasına qadirdir. Azərbaycan dövlətinin ən son tarixi xalqın taleyində mifoloji-detektiv bir süjetdir. Azərbaycanda konstitusion hüquqlardan savayı hər şeyə izn var. Onu desəm olar, deməsəm olmaz ki, bizdə Konstitusiya ən gəlirsiz sahədir. Onun insanlara sarı bir yemiş qədər faydası yoxdur. Millər öz vəkillərindən istədiklərini yalnız dilənməklə qopara bilir. Hüquqsuz millət öz vəkillərindən yalnız “məmməd”lər umur. Millər vəkilləri verdikləri vədi “məmməd” deyilən “keçəl”lərlə qaytara bilir. “Keçəl” “məmməd”lər illüziya meyitləridir.

 

Həri, folklorsuz gələcək Azərbaycanda uca qanqallar bitəcək və ağlamalı burasıdır ki, qanqallar xalq adlanacaq.

 

 

“Azadlıq”,  03.08.1999

Digər xəbərlər

Eklektik fikirlər

«Article 19» Rafiq Tağı və Samir Sədaqətoğlunu dərhal azad etməyə çağırır

Fərqanə

Rafiq Tağının "Xural"a müsahibəsi

Dirilər haqqında susmaq onları öldürmək kimi bir şeydir (davamı) ( Bilal Alarlı)

Şərhlər