Müharibə

Tarix: 04-04-2018 11:59
Baxış sayı: 123

 

/Qarışıq fikirlər/

 

 

Mən yaşayışımı müharibələrdən kənarda qurmuşam. İnan, ya heç inanma, "sanuzel"siz yerdə bağrım çatlar. Aftafa həyatımın bəzəyidir; həm də məni islam dünyasına qatan yeganə şey odur. Əlbəttə, bunlar heç. Ancaq onu desəm olar, deməsəm olmaz ki, sülh müharibəyə nisbətdə bürokratikdir, üstəlik, müvəqqəti və keçici. Müharibə fasiləli, lakin əbədidir. Sülh bəşəriyyət üçün səciyyəvi deyil. Müharibə bəşər xislətinin texniki-maddi təzahürüdür. Həri, mən müharibələrdən yan ötə-ötə, onların arasından sivişib keçə-keçə yaşamaqdayam. Həndəvərimdə həmişə iki-üç müharibə olur; indi şimaldan dəyirmi birisi az qalır sürüşüb düşə başıma. Mən evimi tez-tez sülh yerlərinə dəyişənəm. Dəllal bir dostum müharibəni hamıdan qabaq duyur və tezkən qapımı döyür. Yox, sədaqətli dəllaldır. Sülh yerlərini də beş barmağı kimi tanıyır. Hə, qardaşlar, hümanizmi-zadı ancaq müharibə qıraqlarında taparsan. Fatehlərlə hümanistlərin bürcləri antoqonistdir. Fateh hümanistin riyakarlığına həmişə gülüb və gülür.

 

 

Həri, indi mən müharibə qıraqlarındakı sülh zolaqlarında cana qulluq etmədəyəm. Can mənim cananım – ona qulluq ən sevimli peşəmdir. Kosalı-Keçəlli Novruzdan tutmuş Orucluq bayramınacan – kef-damaqların hər cürəsi o zolaqda... Ordakı konsertlərin hamısı elə bilirəm mənim üçündür. Açığı, ideallarım mütrüblük və mütrüblərdir. Xoşbəxtdi sənəti artist olanlarla arvadı artist olanlar! Biz indi ölkəmizdə yox, atəşkəsdəyik. Ay atəşkəsdə lotu-potularımız sayca artdı ha! Namxuda, bir inəkdən sanki beş-altı bala almışıq. Zira, atəşkəsdə ordumuzun döyüş hazırlığı gimnastik hərəkətlərdən irəli getmədi. Bizdə tərbiyə maraqlı həyat nümunələrilə yox, maraqsız vətən nəğmələriylədir. Ancaq öldür, vətən nəğmələri adamın sümüyünə düşmür. Bizdə müharibəyə hazırlıq valideynlərin lümpen soyundurulması kampaniyasıdır. Hərbi çağırış quru quldurluğu növüdür. Həm də əyin-başını valideyn almasa, əsgərlərimiz lam-lüt gəzər. Onda dünya elə bilər Azərbaycanda qədim Elladadakı kimi kişi striptizi göstərilir. Ordu gənclərimizin bit-birə ilə tanışlığı, ünsiyyəti və təmas yeridir. Yox, həşəratla zifaf məqamı yaddaqalandır. Həqiqətən, bit-birə görməyəndə, adam həyatında boşluq hiss edir. Onu da desəm olar, deməsəm olmaz ki, Azərbaycan əsgəri olmasa, çinoviklərimiz və həm bit-birə acından ölər, dünya harmoniyası mükəmməl pozular. Qardaşlar, mən sülh zolağında gözlərimi qıyıb müharibə mənzərələrini xoşlayanam. Mən adamı çəyitrkə kimi qırılan müharibələri öləni barmaqla sayılanlarından üstün tuturam. Həm də onlar tarixə yaxşı həkk olur. Müharibənin hansında çox adam yastılanırsa, demək, oralarda yaxşı sərkərdələr var. Yaxşı sərkərdələrlə bir əlli-yüzildə yaşamağın da hüsnü özgədir. Ancaq Azərbaycanın müharibəsində insanlarımızın düşmənlə yox, bir-biri ilə düşmən olduğu üzə çıxdı. Biz bir-birimizin ermənisiyik. Müharibəmizdə kasıblarımız xeylaq azaldı və xalqım bir qədər varlı görsəndi. Həbəşi aclığımız da son kasıbımız öləndə bitər, inşallah! Xalq məşğulluq yerlərinə uyğun miqdarda qalmalıdır. Sinifli Lenin cəmiyyəti gözlərimiz qabağındaca ləğv olur. Hegemon partiya necə - eləcə siniflərin bircəciyi qalır. Gələcəkdə ancaq varlılarımız Azərbaycan xalqı olacaq. Mənim mütəmadi açdığım falda gələcək Azərbaycan xalqı çağdaş canilərdən ibarət görsənir.

 

...Göyün üst qatlarından baxanda, müharibə insanların bir yerdən başqa yerə kütləvi hərəkətindən başqa bir şey deyil. Məsələn, bəd-niyyət qonşularımızın xoş"qiryət" rayonlarımıza basqını əhalinin dağdan arana köçməsi kimi qavranıla bilər. Üstəlik, qaçqınlar çox vaxt inək-qoyunla üstümüzə gəlirdi. Ah-nalə böyürtü və mələrtilərə qarışmışdı. Deyirəm, düşmən sağ olsun ki, bizi tam işğal etmədi. Mən olsaydım, Azərbaycanı çox da yox, yarımca günə altıma alardım. Dua üçün qalxan əlləri dərhal təslim aktına çevirərdim. Ay qardaşlar, üstəlik, bacılar, biz buyuqsa, torpaqlarımız hökmən getməli idi! Dünyanın gərdişi dəmir məntiq üzrədir. Biz obyektiv qanunlara uyğun işğal olunmuşuq. İşğal olunmasaydıq, inan, dörd gözlə təəccüblənərdim. Özünə "atanşik"liklə güzəran quran bir millərin gələcəyində işıq olmaz! Qardaşlar, ta qədimdən qırdı-qaçdı millətlər bu cür sıradan çıxıb, fövt olub gedib. Biz hələ XX yüzilin başlanğıcından millətin tarixdən silinməsi prosesinə düçarıq.

 

Həri, qardaşlar, hümanizm bir hap-gop imiş. ədəbiyyat və mədəniyyə də müharibələrdə lüzumsuz və gülünc görsənir. Ümumən, ədəbiyyat və sənətə sərf olunan vaxtı mən itirilmiş sayıram. Onlar nə üçündür – bəlli deyil. Qarabağ mövzusunda əsər-zad yaranmır – xalqım bundan bərk narahatdır. Nigaran və bədgüman oturub. Əlbəttə, narahatlıq bekarçılıqdandır və həm bunda bir az saxtalıq var. ədəbiyyat guya yaransaydı, nə olacaqmış. Kərəni kürə edəcəkmiş! "Hərb və sülh" dünyada nəyi dəyişdirdi ki! Hələ, o Lev Tolstoydu. "Hərb və sülh" rus xalqında bəlkə yalnız təkəbbürə səbəb oldu. Böyük Vətən müharibəsində ədəbiyyat və sənətin rolu insanları ət maşını ağzına itələməkdən ibarət deyildimi? Ətağa cəddi, insanın yaxşılaşdırılması şayiəsi yalandır. Əlimi Qurana basaram ki, bəşər idealizə predmeti ola bilməz. Dinlərin bəşər həyatını korreksiya iddiası əbəsdir. əksinə, müqəddəs kitablar bəşər xislətini təhrifə uğradır. Apokalipsis yoxdur, yaxud olmayacaq. Sadəcə, dinlərin ömrü həmin mifik günəcəndir. Dinlərdən sonra bəşəriyyət həyatını bəlkə təzədən qurdu.

 

Qardaşlar, mən bir dəfə yolda çeçen görəndə, qız kimi utanmışdım. Elə bilirdim çeçen XIX yüzildən, üstəlik, rus klassik ədəbiyyatından çıxıb gəlib. Bu gün çeçen rus işğalçısına ağacların yarpaqlaşması ilə də qalib gələ bilər. Amma biz atəşkəs içində müvəqqəti müstəqilliklə kifayətlənmişik. Hamı şahiddir ki, Allah alnıma əbədiyyət yazıb, di gəl, vallah, mən yazıq bir millətin yaddaşında qalmaq istəməzdim. Yazıq millətlərdə yaddaş cansıxıcıdır. Həm də onsuz millətim kimi, ya nəyisə yaddaşına kənardan təzyiqlərlə hifz edir. Mismar kimi heykəllər ora çəkiclərlə yeridilir. Onun yaddaşına hər şey siyasi-ideoloji planda təsbit olunur. Gələcəyimizə əbədi şeylər ötürülmür.

 

...Qafqaz arxasına lampasız bir gələcək çökməkdədir. Bu qara gələcək bəlkə də elə Qafqazın öz kölgəsidir.

 

 

Azadlıq, 15-16/06/2000

Digər xəbərlər

Rafiq Tağının ikinci qatili

Klassiklərdən sonra, Pərvizdən əvvəldə

"Xalq jurnalistikası" layihəsi, "Azadlıq" qəzeti, hazırladı Ramin Deko.

Qoca Məcnun

Boz inqilab

Şərhlər