"Qoy bir dəfə də məni çəksinlər.." fotojurnalist Elxan Kərimov haqqında elegiya

Tarix: 07-07-2024 18:56
Baxış sayı: 51

Neyləməli. Təəssüf. Bir vaxtlar, hələ sağlığımda, o mənim şəklimi çəkərdi,
yoxluğunda indi mən onun surətini cızıram. Elxan Kərimov bu dünyada məni
üstələdi. T.Rafiqə deyən gərək: sağlığında ona xoş söz yazsaydın, xəncərinin qaşı
düşəcəkdi?..
İtdən-qurddan gecə-gündüz o qədər yazırıq ki, dostlar yadımızdan çıxır.
Şəxsən mənim dostlarım ən diqqət yetirmədiyim, barı bir həkim kimisə, can
sağlığını düşünmədiyim insanlardır.

Elxan mənim şəklimi gülə-gülə çəkmişdi, mən onun şəklini ağlaya-ağlaya çəkirəm.
Kontrast və faciə göz qabağındadır.

Elxan bizim birimizdi. Biz onunla, belə olması ağlımıza gəlməyən sinifli cəmiyyətdə,
bəri üzdəydik. Əlbəttə, onun yoxluğu da elə ancaq bəri üzdəkiləri yandıracaq.
29 dekabr 2007-ci il. “Avropa və biz” yazısına görə həbsə atılmış təqsirsiz Rafiq
Tağı, “Avropaya biz” (“Gün Səhər” qəzeti) soxmuş iqtidarın ondan əfv olunmaq
üçün ərizə yazması xahişini nəzərə alaraq yazdığı yalançı əfv ərizəsinə əsasən əfv
olunub. Saat 10 radələrində 16 saylı Cəzaçəkmə Müəssisəsinin akt zalında Rafiq
Tağını birinci Elxan Kərimov qarşılayır.

...Çöhrəsindəki qırışlara toxunub işıq saçan təbəssümü o gün mənə azadlığın
simvolu kimi görsənmişdi.

Allahım, 13,5 aydan sonra ilk səmimi insanla rastlaşırdım! Elxan dərhal “şiklimi”
atır.
Mil-mil qara pencəkdə o üzüntülü şəklim bu saat İnternetdə durur. Nədənsə, şux

şəkillərim qala-qala, qəzetlərdə əksərən onu verirlər. Arxa planda mexaniki
ədalətlə süslü ədliyyə işçilərinin süst gövdələri görsənir.

Başqa əlac yox, mən də Elxanın bu təxmini söz portretindəki arxa planda sağlam al
yanaqlarından qan fışqıran mollanı verəsi oluram.

Qoy bu mənhus arxa plan sarıdansa Elxana borclu qalmayım. Molla ədliyyə
işçilərinə ən adekvat məxluqdur.

Hansı yığıncaqda-məclisdə Elxan məni görübsə, videokamerasına surətimi alıb.
Hələ isti-isti yox, yəqin aylar-illər keçdikcə fəxr edəcəyəm ki, onun arxivində
varam.
Son dəfə onunla bu ilin sentyabrında, “Söz və İfadə Azadlığına İctimai Dəstək
Forumu”nda, gözəl sərgi və nurlu insanlar fonunda, hətta bir az xoşbəxt kimi,
ayaqüstü söhbətlər etmişdik. Ancaq gərək oturaydıq. Bilsəydim belə olacaq, onu
çay süfrəsinə dəvət edərdim.

Ürəyimə çox şey gəlir, bəlkə elə ayaq üstə yarım saat saxlamağım onun ölümünə
səbəb olub.

Qardaşlar, biz bir-birimizin ölümündə günahkarıq, bunu biləsiniz.
Onda oğlu Turxan Qarışqadan bir xeyli danışdıq: o da fəxrlə, mən də. Turxanın
həyət uşaqları və köhnə “Pobeda” haqqında hekayəsi xoşuma gəlib, ona dedim.
Elxanın gözləri güldü. Deyən, oğlunun gələcəyi işıqlı olacaq... Sən demə, o,
Turxana hələ uşaqlıqdan kimi və nəyi oxumağı başa salanda, həmişə mənim də
adımı çəkirmiş. Bunu deyəndə, mənim də gözlərim gülür: güman, gələcəkdə məni
oxuyacaqlar...
İlahi, imkan yarat, mənə güc ver, qoy rəhmətlik dostumun etimadına layiq olum!

“16”da “cəza”mı çəkib evə təzəcə qayıtmışdım ki, Turxan Qarışqa bizə gəldi. Onun
çəkdiyi şəkillər də indi qəzetləri bəzəyir. Turxanın çəkdiklərində təbii bir insan
kimiyəm. Fotoqrafların məndən düz obyektivə baxmağı tələb etdikləri şəkillərdə
həmişə ölü kimi düşürəm.

Turxanın “Qarışqa” təxəllüsü əslində qarışqa kimi zəhmətkeş atasının
mahiyyətidir.
İnanmaram, məncə, Elxan Kərimov ölməyib. Onun 20 dekabrda Bülbülədəki dəfni
özünün “qoy bir dəfə də məni çəksinlər” fikrindən doğulmuş təsadüfi ideya idi. Bu
dəfn Elxanın postmodern foto pozasıdır. 

Sadəcə, Elxan hissə qapılıb, bir az uğursuz mərasim düşünüb. 

21 dekabr 2010-cu il

Digər xəbərlər

Qardaşımın sevgiləri

Lazım gələndə əsgər olanlar

Bəxtiyar Vahabzadəni mənim qədər nəhəng görən olmayıb

Sülh mentalitetli xalq

ŞƏRQ­Lİ­­YƏ OX­­ŞA­­MAQ

Şərhlər