Kütləvi səhnələr adamı

Tarix: 13-06-2024 00:38
Baxış sayı: 39

Bəlkə artıq gecdisə də, Vaqif Yusifli haqqında “bir kaç kəlmə” söyləmək istərdim.
Allah canımı salamat eləsin, ancaq onun “həyat və yaradıcılığ”ı necə yaşamamaq
və necə yazmamaq baxımından ibrətamizdir. Ətağa cəddi, burada məramım
öldürmək yox, yalnız diriltməkdir. Həm də onsuz, əlbəttə, ölünü yox, dirini
öldürər, dirini yox, ölünü dirildərlər.
Terrorla mücadilə dövrünün yazısı: ədəbiyyatşünas-tənqidçi Vaqif Yusifli
haqqında.
O, sənətə birbaşa ədəbiyyatşünas-tənqidçi kimi gəlmişdir. Bu, özlüyündə qeyri-
təbii, mən deyərdim, anormal haldır. Hətta canilər də uşaqlıqda rəsm çəkir, ilk
gənclikdə qıza-mıza şer qoşur, və tarda-gitarada nəsə dınqıldadırlar. Hamı real
həyata lirika-romantika yüksəkliklərindən enib, bir tək mənim “qəhrəman”ımdan
savayı. O, həyata alçaqdan uça-uça gəlmişdir. Şer-nəğmə demirəm, Vaqif Yusifli
barı kiməsə bir-iki sevgi məktubu yazıb ədəbi tənqidə gəlmiş olsaydı, yenə dərd
yarı idi - indi onun barəsində söz demək mənə də asan olardı.
Düzü, Vaqifdən həmişə və hər yerdə mehrlə, hətta ürəyiyumşaqcasına
danışmışam. Hər halda, o, şəxsiyyətcə “kiçik insan” tipidir. “Kiçik insan”ı əzməksə
günah, hətta qəbahətdir. Ancaq indi - bu saat bəzi həqiqətləri açıb-ağartmasam,
riyakarlığı boynuma götürmüş olaram.
Vaqif Yusifli ölkənin ictimai-siyasi orqanizmindən bilmərrə kənardadır. O, Lenin-
Stalin rejiminin ona verdiyi “vintcik” rolundan hələ imtina etməyib. Tarixin kütləvi
səhnələr adamıdır. O, kimin onu istismar etməsinin fərqində deyil. Vampirlərlə
barışıqdadır; hətta bəzən onlarla bacı-qardaş olur. Qlobal miqyaslı oğruları dahi
sayır. “Xeyir” onun üçün hədsiz mücərrəd məfhumdur. Oğruya oğru demək
qüdrətində deyil; əksinə, elə olur ki, onlara yaxşı adlar tapır. Donuzdan bir tük
çəkmək qənimətdir - bu etik qənaətlə oğrulardan sədəqə də umur. Sədəqəsinə
görə onlara humanist deməyə amadədir. Şərə heç bir maneçiliyi yoxdur. Hədsiz
neytrallığı səbəbindən o, heç şeytana da müxalifətdə durmaz. V.Yusifli vətəndaşlıq
funksiyasını ədəbiyyatşünaslıq həddinəcən kiçildib. Cəmiyyətdəki bu minimal
rolunda rahatlıq tapır. Ədalətsizliklərə biganəliyində tipik sovet adamıdır.
Çox güman, ədəbi tənqidə orta məktəbdəki uğurlu inşa yazılarından gəlmişdir.
Vərdiş sənətə çevrilib. Əslində Vaqif Yusifli sözün iflasa uğraması hadisəsidir. Onun

yaradıcılığı fövqündə ədəbiyyatşünaslıq yalançı elm təəssüratı oyadır. Despotizmə
dözümlü insan azad sözə dözümsüz olar.
O, ilham atlarının mehtəridir.
Vaqif müəllim Əlidən tutmuş Vəliyəcən, Füzulidən Şirvan aşıqlarına, Məmməd
Arazdan ekstrasens Məlahət Mövsümqızınacan - hamıdan eyni vəcdlə yazır. Vəcd
onda qurama şeydir. Həmişə də gözünə dəyən kimi “bərk gedən” şair və nasirlərin
quyruğuna düşür, onları qaralayıb haqlamağa çalışır, üstlərinə elə hoppanır ki,
deyirsən, bellərinə minmək istəyir. Obyektivlik sarıdan hər iki ayağından axsaqdır.
Ədəbi dəb ədəbiyyatşünaslığını özünə rəva görür, həm də elə onun banilərindən
biridir. Qələmini qazanc yerlərində kütəldib. Kimlərəsə “şirpotreb” dissertasiyaları
yazır. Yaxşı adını ödənişli resenziyalar və ön söz tərifnamələri ilə yaman edib. Kaş
qulaqlarım kar ola, onun haqqında xoşagəlməz realistik şayiələri eşitməyəydim.
O, sovetizmlə zəhərlənmiş xroniki ədəbiyyat xəstəsidir. Düzü, bir vaxtlar
zəhmətkeşliyi məndə hörmət doğurardı. Elə yazıçı Elçin də onun “Tənqid
yarpaqları” (1998) kitabındakı ön sözünü “Tənqidimizin zəhmətkeşi” adlandırıb.
Ancaq sonradan Vaqif müəllimə münasibətdə, elə həmçinin sənətdə bir meyar
kimi “zəhmətkeş”liyi özlüyümdə rədd etdim. Çünki məhz bununla da hər şeyin şiti-
şoru çıxır: sözün duzu itir, ölçü-biçi kəlləmayallaq olur. Əslində talant üçün
zəhmətkeş sözü söyüş kimi səslənməlidir. Vaqifsə ondan məmnun qalır. O,
zəhmətinin bürokratik formal qeyd edilməsindən də fəxarət duyur, bir növ, bu
“qeyd”ləri zəhmətinin bəhrəsi bilir. Ömrü boyu hamıdan çox özünü aldadıb. Yox,
mən yanılmamışam, Vaqif müəllim dünyanın, həqiqətən “kiçik insan”ıdır. Ondakı
bütün mənəvi xüsusiyyətlər “kiçik insan” simptomatikasıdır. İndiyəcən aldığı bilik
və informasiyalardan qüvvətlənməyib. 90-cı illərdəki kataklizmlərdən də
bərkimədi. O, dünyanın müharibə və inqilab aşırımlarından, hətta dümbələndüz
evolyusyon inkişaf yollarından da yan keçmədədir. Yaradıcılığının maraqsızlığı da
əsasən bundandır. Barı 19-cu yüzil rus, ya 20-ci yüzil başlanğıcındakı Azərbaycan
ədəbiyyatçıları nümunələrini göz önünə gətirəydi. Həri, o, hər şeyə talantla yox,
“zəhmət”lə çatıb. Çatdığı da nə - zəhərə dönmüş bir tikə çörək. Ancaq kartof, ya
gül alveri, bəlkə maldarlıq-belə şeylər ədəbiyyatşünaslıqdan min qat artıq qazanc
gətirərdi.
“Zəhmətkeşliklə” ucalmaq biabırçılıqdır.
Elçin müəllim məqaləsinin sonunda yazır: “...Vaqif Yusifli hələ çox yazacaq, çox
çalışacaqdır”. Eh, yazıq oğlan, biçarə Vaqif Yusifli - doğrudan da, hələ çox

yazacaq... və çox da çalışacaq. Yazmağa və çalışmağa ömürlük məhkumdur.
Arxada uçurum, qarşıda yoxluqdur. Yazmasa, çalışmasa, dərhal unudular. Hərçənd
onsuz yazdıqca da, unudulur. Onunku sizif əməyidir - yazmağı Allahın ona
cəzasıdır. Günahı - köləliyidir. Yaradıcılığının qonarardan savayı faydası olmayıb və
yoxdur.
Vaqif klassik poeziyadan bilgiləri ilə özündəki aşılayıcı Sovet ədəbiyyatı təcrübəsini
neytrallaşdırmağa çalışır. Lakin bu sövq - təbii, cəhd əbəsdir. Artıq onda Sovet
ədəbiyyatı təcrübəsi daşlaşmış durumdadır. Vaqif Yusifli bu təcrübədən yalnız
təzədən doğulmaqla uzaqlaşa bilər. Üstəlik, onda klassik ədəbiyyat bilgiləri və
dürlü məclislərdə söylədiyi şer nümunələri bir şagirdin şücaəti “miqdar”ındadır.
Onun klassiklərə verdiyi dəyər “ol miqdar” tost səciyyəlidir. O, klassik ədəbiyyatı
heç vaxt araşdırmayıb, yəqin bunu bacarmaz da, ya araşdırıbsa da - səthi və bəsit
tərzdə, nümunələr göstərib onlara heyranlığını izhar qılmaqla. O, ilk gənclikdə
əməkdaşlıq etdiyi rayon qəzeti psixologiyasından uzaqlaşmayıb.
Mənim Vaqif Yusifliyə rəhmim gəlir. Ancaq bir iş var ki, rəhmim Sözə də gəlir.
Nədənsə onun qələmindən hər şey ölü doğulur. Onun yaradıcılığı nekroloji
effektlidir. Vaqif Yusifli heç özü də istəmədən ədəbiyyatşünaslığa kifayət qədər
ziyan vurmuş, əsas da onu gözdən salmışdır. O, Məktəb yaratmaq qabiliyyətindən
məhrumdur. O, ən yaxşı halda ədəbiyyat faktlarının sifarişli konstatasiya
mütəxəssisdir. Ömrü boyu ədəbiyyatda reklamçı funksiyasını daşıyıb. Mənə
həmişə ağır gəlib: axı niyə o, ədəbiyyat “generallar”ı qarşısında dombalaq aşmağa
müntəzir durmalıdır? O, guya daim kimisə qaldırmağa, kimisə endirməyə xidmət
edib. Sən paradoksa bax ki, onun sözü ilə nə bir kəs qalxıb, nə də bir kəs enib.
Onun əsərləri məcburi “katorqa” əməyi məhsuludur. Onun “yaradıcılıq” sevincləri
məcburi əmək bitərkən duyulan sevinc bənzərlidir. Onun hər hansı yazını ilhamla
yazması təsəvvür olunmur. İlham bu adama yaddır, ondan min ağac uzaqlıqdadır.
Vaqif Yusiflidə peşəkarlıq maniakal aludə xarakterlidir. Onda fikir azadlığı
görməzsən; iç və dış dünyaları köləlik sarıdan həmahəngdir. Onun üçün həqiqət
heç vaxt vacib olmayıb. Onun əsərlərində irrasional volyunturanın addım səslərini
açıq eşidərsən. Konyunktura onun həyat tərzidir. İç dünyasında tənzimləyici böyük
ideya yoxdur. Ümumiyyətlə V.Yusiflinin təmsil etdiyi ədəbiyyatşünaslıq elmilikdən
uzaqlığı, yaxud yalançı elmiliyi ilə ağlamalı durumdadır. Həmişə də nazlı bir
utancaqlıqla hökmü-fərmaların qulluğundadır.
Ancaq deməsəm insafsızlıq olar ki, Vaqif Yusiflinin son dövr yaradıcılığında yaşıl
tumurcuqlar görünməkdə, bir oyanış duyulmaqdadır. Deyəsən uzun çəkirsə də,

qəflət yuxusu əbədi olmur. Onun fərdi intibahı bəlkə hələ qabaqdadır. Onun
keçmişdən təmizlənmək, təzələşmək və dəyişilmək cəhdləri sevindiricidir.
Nədənsə onun barəsində hələ ümidliyəm. Mən onun sosialist sovet
ədəbiyyatşünaslığı ənənələrindən xilasına və düşüncələrində azadlığına şahid
olmaq istərdim. SSRİ 10 ildir dağılıbsa da, Vaqif Yusifli obskurasiyadan hələ indi-
indi qurtulur. Onda kommunizm “narkoz”u uzun çəkdi. İnşallah, Vaqif gələcəkdə
elə işlər görər ki, 33 illik tanışlıqdan sonra, nəhayət, onunla dostluğa da həvəs
göstərərəm. Onunla dostluqdan başım uca olar.
REDAKSİYADAN:
Yazıçı Rafiq Tağının tənqidçi Vaqif Yusifli haqda kifayət qədər kəskin deyilmiş
fikirlərini çox götür-qoydan sonra çap etmək qərarına gəldik. Qarşı tərəfin də
mövqeyini çap etməyə hazırıq.

Digər xəbərlər

Boz inqilab

Qocalığı görən

"Peters" (Rafiq Tağının tərcüməsində)

Homeostaz. Köhnəlmiş Mədəniyyətlər Səmtində Düşüncələrim

Həmid Kazımlı – “Axı sən nə istəyirsən, Rafiq Tağı?” Sənədli yumoresko

Şərhlər