OT TAYASI İLİ

Tarix: 02-08-2016 16:24
Baxış sayı: 377

Uşaqlıqda çox əziyyət çəkənlər görmüşəm ki, ölməyib qalanı indi də çəkir. Əziyyəti əvvəl görən elə axıracan görür.

 

Ot yığımı vaxtı Bilal kişiylə qonşu düşəndə, atam onu, ya o, atamı, səkçədə gətirdikləri bumbuz suya, ya nanəli ayrana qonaq edərdilər. Ətrafda qadın xeylağı gözə dəymədisə, qurşağacan soyunan bu kişinin qıvrım əzələlər oynaşan bədəni suyu, ya ayranı torpaq çatı kimi sümürərək özünə çəkərdi. Ayıb olmasın, bu bədənin sayəsində beş-altı uşaq dünyaya gəlmişdi. Həyətindəki sayagəlməz mal-davar da onun gücünə hamınınkından "uzunömürlü"ydü. Dünyasında o nə bir inək, nə bir camış satar, öldürəsən, nə dana, nə bir qoç kəsərdi. Hətta Qurban bayramlarında da. Bəzi qarayaxalar daldada adını "kafir" çağırırdısa da, o, fəxrlə deyərdi: hər il bu bayramda bir dana, ya bir qoç xilas edir. Çünki onların heç birindən ayrılmaq istəmir. Onun var-dövləti çoxalıb-çoxalıb, heyvanlar yalnız özü brüssellozdan-dabaqdan, ya xəfənəkdən tələf olduqca azalardı.

 

O, tanqahın bu cür çoxalıb-azalmasına gülə-gülə tamaşa edərdi.

 

Uşaqları sarıdansa arın-arxayındı: həyatları hələ qabaqda. Öz həyatı arxada qalmışdısa da, buna heyfsilənmirdi, əsas - uşaqlardı.

 

Bilal kişidə alın yazısıydı bu: hər il qırmızı bir yay ayında, tövlədən yol tərəfə, qızıl inəkləri rəngində ot tayası qoymaq.

 

Ot tayası qum saatı kimi ot tayası ili idi.

 

Görən, onun ömründən neçə ot tayası ili qalır...

 

Uşaqlarsız, mal-qarasız Bilal kişi neylərdi - onu uzaq səyahətlərə çıxan, kurortlar gəzən fərz etmək çətin peşədir.

 

Kişi gecə-gündüz qocalır, amma nə yaxşı, dəmir əzələləri də işindən qalmır. Dişləri atma, əzələlələri - əvvəlkilər. Elə bil onları yaxşı zavod buraxıb; köhnəlmək bilmirdilər.

 

Ta çalışır da ot tayası illərinin özülünü Həmidlə bir qoysun; onu oğulla öyünmək ehtiyacı duyduğundan köməyə çağırardı.

 

Həmid gedib, getməyə bilmədiyi, əgərliyini çəkib gələndən sonra, artıq dəliqanlılıq borcunu da ödəmişdi: beş-üç toyda dava saldı, milislə üzləşdi. Milislə üzləşmək bizim adamların gənclikdən ən şirin xatirəsidir. Evlənməklə hər şey bitdi. Toy - hər şeyə nöqtədir. Sonra eynilə atası kimi ömür sürməyə başladı. Onun üçün də ot tayası illəri sarı muncuqlar kimi yan-yana düzüldü. Beşcə dəqiqəyə yumurta bişirən qızmar günlərdə onun bədəninin çəkdiyi zülümlər də atasınınkına bənzəyər, parıldayan dərisində tər puçurlayardı.

 

Atası onun qabaqdakı qocalığı, o, atasının arxadakı cavanlığı idi.

 

Savadı necə qıcqırmışdısa, Həmid "Lenin" sözündəki iki "n"dən birini "l" bilirdi - "Lelin". Bir vaxt şüarı buydu: biz Lelin yoluyla gedirik. Elə ki uşaqları dal-dala düzüldü, belə sözləri tərgitdi. "Ardbaard gələn balalarıma eşq olsun!" - parad qəbul edirmiş kimi doğulan uşaqlarını həyətdəcə salamlayardı.

 

Nəçisən, soruşana da - "texnika sahəsindəyəm", deyərdi. Atası dəmirçiydi (mən ona uzun nizələrə oxşar otçəkənlər düzəltdirmişəm), özü isə elektromontyor oldu. Onun diliylə desək - tokçu. "Tokçu"luğundan çox razı idi. Naşükürlük nə lazım, cibxərcliyi də olur. Bir tək toyxananın işığını çəkməklə iki-üç ayın "paprızpulu"su birdən çıxır.

 

Həmid "şotçik"in işini kinolent qırığı, ya nazik tel keçirməklə dayandıranların "atalarını yandırmaq üçün" evlərindəki bütün işıq "toçka"larını qeydə alırdı. Qıraqları əzik, vacib vərəqləri gah yuxarı, gah aşağı küncdən qatlanmış bloknotunda yazırdı: Əşrəf -7, mötərizədə - (yeddi) labuçqa, 2 (iki) elektrəplitə. Bəzən rəqəmləri ixtisara salıb keçirdi sözə: Qulam - bir ədəd televizor, bir - xolodinnik... Bu əsnada heç kəs də ondan qorxub-çəkinməzdi. Onu təkcə sevə bilirdilər deyə, eləcə sevərək də, şəfəqlənən "labuçqa"lar kimi işıqlı üzlərini ona sarı çevirər, guya acıqlı hərəkətlərini təbəssümlə seyr edərdilər.

 

- Ay Həmid, sən elə "bir qurulu ev" yaz, qurtarsın getsin də-ə, xörək soyudu axı.

 

- Biz xörək yemirik. Özü də "ev" işığa dair termin deyil.

 

- Niyə? Bə "ev" elə bir televizor, bir soyuducu demək deyil?

 

- Elə şey yoxdu, siz evlər görməmisiz ki, içində iki-üç televizor, üç-dörd soyuducu olur. Gör neçə rozetka elə burda getdi.

 

- Di yaxşı, gəl otur əvvəl bir çaylayaq, eynin açılsın... A-az, əlli tərpənin, nəyiniz var orda?!.

 

Cərimə bozbaşla, əksərən də balıq-plovla bitirdi. Hamı əzbər bilirdi ki, Həmiin ölümü balıq-plovdur. Düzdü, boranı-mərcili plova da yox deməzdi.

 

Qazancı əsasən yay-payızda, toy mövsümündədir.

 

Yay-payızın bircə məhərrəmliyi olmaya.

 

Atası kimi indi onun da beş-altı züryəti var; bəbək qalmalı işdi, qızlı-oğlanlı hamısına "davamçım" deyir. Həmid Bilal kişinin təkrarıydısa, uşaqları - onun öz təkrarı. Oxşar göz-qaş, burun-qulaqlar sirri-xuda şeylərdi.

 

Yəqin Bilalla Həmid müxtəlif əyyamları görmək üçün bir-birindən aralı doğulmuşdular.

 

* * * *

 

Göylərdən növbəti bəla enəndə, o, səhv-düz, gəib Həmidi tutdu. Sinəsində ağrı-yanğı necə oturdusa, o, evin alt gözündəki həsir döşəli palçıq döşəməyəcə xıxdı. Feldşer gəlib atasına pıçıldadı ki, ola bilsin, infarktdı və nədənsə, vitamin vurmağa başladı.

 

Həmid gözgörəsi gedər-gəlməzin qıraqları qırlanmış məşum qayığına mindirildi.

 

Bilal kişi - "yuxarıda Allah, aşağıda sən", deyə-deyə, fırtına kimi feldşerin başına fırlanır, xəstədən çox onun qadasını alırdı. O, feldşerin iynə qaynatmağında, pambıqlı və spirt iyində ümidverici bir əlamət görürdü.

 

Həmid də səsi çıxandan-çıxana, indidən feldşerə öz razılığını bildirir, səsi çıxmağını bu faydalı işə sərf edirdi.

 

Builki ot tayası ili bir neçə gün əvvəl girmişdi.

 

Sabahı hamı ayılıb gördü Həmid yoxdur: cismi-cəsədi var, özü yox. Vəsiyyət ölənin yaraşığıdır, onusa da eləmədi. Cəsədə baxanların matı-qutu qurumuşdu: bu, Həmiddisə, niyə heç nə deməsin, yox, Həmid deyilsə, bə niyə onu Həmid tanıyıblar?

 

"Bəs mən?" - Bilal üzündəki bu sualla, tez-tez ağır yumruqlarını başına vurur, iri addımlarla da ortalıqda iti-iti gəzirdi. "Başına vurma, qan sızar", ona nəsihət edirdilər, di gəl, bu, bir az da üstünə qoyurdu. Axı, Həmid niyə fərli oğul çıxmasın; qabağa keçdi, onun yerinə öldü. Qoca qalır, cavan ölür. Bu işdə Allahın məqsədi ona çatmırdı. Bilal adlı adam Həmid adlı oğlundan əvvəl doğulubsa, canı çıxmalı, ondan əvvəl də ölməlidir. Yoxsa bu nədi belə? Bilal öz məntiqini Allahkından düzgün sayırdı. Axı, bu uzunluqda ömrü neynir o? Çaşıb heç ölməz.

 

"Bəs mən?.."

 

* * * *

 

Bilal kişinin ot yığımı vaxtı vaxtı çəkdiyi əziyyətləri göz gərəkdi görə: tər bədənində ağ milçək kimi gəzər, milçək bədənində qara tər kimi görsənərdi.

 

Qəfil oğul ölümünü heç kəs görmür. Fələk xam adam tapmışdı; yəqin bilirmiş də ki, Bilal o dərdi lal-dinməz çəkəcək. Onsuz bütün ömrü boyu hər dərdi o, heykəllər kimi səssiz çəkib. Bir başqasının az-maz qanı qalxar, vay, bundan külli-aləm xəbər tutar. Onun iç-içalatı lap çürüyərsə də, bunu bir insan oğlu bilməzdi. İndi əlinə lap girəvə düşdü. Daha o, azar-bezara ancaq sevinəcək. Xəstəliklərin tezöldürənini arzulayır.

 

... Gələn ot tayası ili gəlməz daha. Qaranlıqlardı qarşı...

 

27.VII - 10.X.1990,

 

işlənib - 28 aprel 2005-ci il,

 

yenidən işlənib - 6 mart 2009-da

Digər xəbərlər

SİYASƏTÇİ Sərdar Cəlaloğlu və SƏNƏTÇİ Rafiq Tağı

Rövşən Yerfi: "Sadə, səmimi, mehriban Rafiq Tağı"

“Siyasi üslubda təbiət söhbəti” Konspekt

"Peters" (Rafiq Tağının tərcüməsində)

İki qardaş

Şərhlər