Firuz Haşımov: "Rafiq Tağı üzərində inkvizisiyanın müasir variantı"

Tarix: 21-10-2015 05:48
Baxış sayı: 1202

Məmləkət sərasimə içindədir! Buqlar, nəfirlər, şeypurlar, kərənaylar səsləri ilə dərələri, dağları lərzana gətiriblər... Kuslar, dəbdəbələr, təbillər, nağaralar elə gurultu salıblar ki, qulaqlar tutulur. Ələmlər, bayraqlar dalğalanır, Yazıçılar Birliyinin qabaq-qənşərindəki bağda üç qotazlı tuğ qaldırılıb... Çaparların, qasidlərin, ayaqları qabarlı şatırların biri gedir, biri gəlir... Polis patrulları “Bismillah! Bismillah!” deyə-deyə, hürkə-hürkə, qorxa-qorxa Sahil bağının həndəvərindən keçirlər. Bixəbərlər, məsələdən agah olmayanlar yoldan ötənlərdən hey soruşurlar: “A kişilər, nə baş verib, bu nə qiyam-qiyamətdir?” Nəhayət, haradansa rəngi təğyir tapmış bir jurnalist ləhləyə-ləhləyə camaat içində zühur edir və yanıqlı dillərlə əhvalatı danışır:

 

- Əyyühənnas, bilin və agah olun, Rafiq Tağı namlı bir fələkzadə vaxtilə o tuthatut illərində Sovet hökumətindən, Stalinin özündən xələtlər, ənamlar almış Səməd Vurğun haqqında çox yox, cəmi-cümlətani iki kəlmə söz deyib. Ədəbiyyat departamentinin əyani-əşrəfi qəzəbnak olub Rafiq Tağını babi, mürtəd, laməzhəb, nəsrani, babəki elan edib. Məxləs Rafiq Tağı Azərbaycanın ədəbiyyat barigahından uzaqlaşdırılıb. Amma mötəbərdən də mötəbər, adının çəkilməsini istəməyən lap məlumatlı bir şəxs buyurub ki, ola bilsin hələ sovet dövründə qələm əhlinin sərdarı dərəcəsinə qaldırılmış Anar cənabları başqa tədbirlərə də əl atsın. Yəni Cəfər Cabbarlı rəhmətliyin personajı Salamov demişkən, əvvəlcə “padsud”, dalınca da “visilyon”...

 

Camaat da “Allah, sən özün bizləri böyüklərin qəzəbindən saxla!” – deyə-deyə dağılıb gedib. Bəli, indi keçək əsl mətləbə. Əvvəla, onu bilmək lazımdır ki, partiyanın XX qurultayına qədər Stalinin şəninə əsər yazmaq qəbahət yox, şücaət, həm də çox gözəl əməl sayılırdı. Onu kim mədh etmirdi? 30-cu illərdə başlanmış məddahlıq Stalin generalissimus rütbəsi aldığı dövrdə misilsiz həddə çatdı. 30-cu illərdə Müşfiq kimi şair onu mədh etdisə, 1945-ci ildə Üzeyir bəy S.Rüstəmin sözlərinə yazılmış gözəl bir kantatanı ortaya qoydu. Bunlar tarixi faktlardır, danmaq mümkün deyil. İndi biz istəsək də, istəməsək də, etiraf nə qədər ağır olsa da, əsl həqiqət budur ki, xalq sidq ürəklə hökumətə də, ələlxüsus Stalinə də inanırdı. Hətta ailəsi repressiyaya məruz qalan bəzi insanlar belə onun haqqında pis fikrə düşmürdü, “onun xəbəri yoxdur” deyirdi.

 

 

Millətçilər adına dedi böyük sənətkar,

Gəlin düz araşdıraq sənin sənətinmi var?

O murdar arzuların topraklara gömüldü,

Sənin yaratdıqların özündən əvvəı öldü.

 

Bu misralar “Xalq düşməni Hüseyn Cavidə” şerindəndir.

 

Müəllifi də indiki Yazıçılar Birliyinin bütün rəhbərlərinə, ədəbiyyat “müctəhidlərinə” bəllidir. Eşidəndə ki, Vəkilovlar nəslindən kimsə “Azadlıq” qəzetinin redaksiyasında Rafiq Tağıya hücum edərək onu nalayiq sözlərlə təhqirə tutub hədələyib, mənim səbr kasam daşdı. Adamda bir həya-abır olar!

 

Əvvəla, bu qeyrət dağarcığı yaxşı olardı ki, vaxtilə Mehdixan Vəkilovun “Azərbaycan” jurnalında əsli-nəcabəti barədə yazdığı “şahnamə”sini əməlli-başlı oxuyaydı və sonra “altı-beş” vuraydı. Çoxunun yadından çıxsa da, mən yaxşı xatırlayıram ki, rəhmətlik Mehdixan müəllim çox böyük qürur və fəxarət hissi ilə Vəkilovlar nəslindən olan ağaların Azərbaycana soxulmuş çar qoşunları, generalları qarşısında necə xidmətlər göstərməsindən bəhs edirdi. Açım hamısını deyim?

 

Bəli, bakılıyam, öz şöhrətim var.

Mənim babam olmuş 26-lar!

 

Bu sözləri də aradan neçə qərinə keçəndən sonra qələmə alan da bu nəsildəndir.

 

Bakının sayrışan ulduzlarından

Çadrasız, boyasız türk qızlarından

Salam gətirmişəm hüzuruna mən,

Bu gündən gələcək qərinələrdən!

 

“Rəhbərə salam” şerindən olan bu misraları bizlərə orta məktəbdə əzbər öyrədirdilər. Mən hələ başqa “şedevr”lərdən danışmıram. Yenə də təkrar edirəm, o dövrdə Stalini, partiyanı, 26 Bakı komissarlarını mədh etmək bütün qələm, fırça və tişə ustalarının şərəf işi idi. Heç kim bu adamları qınamaq fikrində deyil, bu mövzuda danışmağın özü də adamda nə isə tamam başqa hisslər oyadır. İlham Əliyevin qarşısında hal-hazırda əzilib-büzülənlərə də diqqətlə baxın! Dəhşətli aclıq illərində titullu qələm sahiblərinin əhli-əyalı neynim demədən yağ-bal içində yaşayırdı. Camaat ac-yalavac, cır-cındır, bit içində əzab çəkəndə istər Səməd Vurğun, istərsə də Rəsul Rzanın törəmələri gözəl kurortlarda kefə baxırdılar. Bunu demək cinayətdir? Mən hələ rəhmətlik İlyas Əfəndiyevdən, Mirzə İbrahimovdan, Süleyman Rüstəmdən danışmıram. Əli Vəliyevin “Budağın xatirələri” adlı əcaib-qəraib kitabı çap olunan məmləkətdə Üzeyir bəyin külliyatının nəşri unudulmuşdu. Üzeyir bəyin külliyatının cəmi dörd cildi işıq üzü gördü. Qırx ilə yaxın vaxt keçib, vəd olunmuş altı cild indiyə qədər heç kimin yadına düşmür. 30-cu illərdə Yaqodaya, Yejova, OQPU-ya, Kaqanoviçə, Voroşilova, Kirova və digər partiya satraplarına şerlər, oçerklər, böyük məqalələr həsr etmiş adamları ucdantutma heç kim təqsirləndirmir. Amma danışmaq istəyən adamın üzərində əsl Linç məhkəməsinin qurulmasına da dözmək qeyri-mümkündür. Axı camaatı uzunqulaq yerinə qoymaq olmaz! İndi guya Mirzə Cəlilin qeyrətini çəkənlər əvvəllər hansı cəhənnəmdə idilər? Yetmişinci illərin əvvəllərində Mirzə Cəlilin Fəxri Xiyabandakı məzarının üzərindən nə qədər mərmər lövhəni qoparıb oğurlamışdılar. Məndən başqa mətbuatda səs-küy qoparan tapılmadı. Sabir rəhmətliyin istər məzarının, istərsə də birmərtəbəli üç gözdən ibarət yastı-yapalaq evinin dəhşətli vəziyyəti barədə “Azərbaycan gəncləri” və digər qəzetlərdə haray-həşir qaldıran da mən idim. Bir nəfər səsimə səs vermədi... Axırda restavrasiya pərdəsi altında əzabkeş Sabirin əsl ocağı sərnigun edildi.

 

Başqa məmləkətdə belə zinakarlığı törədənləri ilim-ilim itirərdilər. Kimin nə ağzı var Puşkinin istər Boldinoda, istər Mixaylovskda qaldığı yerlərin bir ağacına, koluna toxunsun? Bizdə isə gülməşəkər ziyalılarımızın cınqırı da çıxmadı. İndi durub Səməd Vurğunun qeyrətini çəkənlər Şuşa əldən gedəndə ayağa qalxıb müdafiə batalyonlarının qabağında addımlasaydılar, yaxşı olardı. Qarabağda elə şəxsiyyətlərin məzarları yerlə yeksan olub ki, onların hər biri min sovet şairinə dəyərdi. Üzeyir bəyin, Natavanın xanimanları məhv edildikdən sonra bizim kişilikdən, ümumiyyətlə, hansısa təəssübkeşlikdən danışmağa haqqımız yoxdur. Bir tarixçi kimi mən “Vaqif” pyesinə çox pis baxıram. Hesab edirəm ki, rəhmətlik Səməd Vurğun misilsiz tarixi saxtakarlığa yol verib. Ağa Məhəmməd şah Qacar kimi bacarıqlı bir azəri dövlət xadimini, sərkərdəni qəsdən alçaldıb təhqir etmək bağışlanılmazdır. İbrahim xanın özünün, ailəsinin dəhşətli taleyini xatırlayın. Belə cəfakeşi də istehza hədəfi etmək olardımı? Gürcüstan çarı II İrakli daha o zülm-sitəm qalmamışdı müsəlmanların başına gətirməsin. Ağa Məhəmməd şah Qacar alçaldılmış, irzi-namusu tapdanmış soydaşlarının qisasını aldı və düzgün də etdi. İndi mən minlərlə sənədin, faktın üstündən sükutla keçməliyəm, nə var, nə var bizim titullu bir şairimiz vaxtilə konyuktura naminə nə isə basıb-bağlayıb? Rəhmətlik Ziya Bünyadov hamımızın sevə-sevə oxuduğu “Qılınc və qələm” romanında yüzlərlə elmi qüsur, anaxronizm, müxtəlif səhvlər aşkarlamışdı. İndi durub onu da divara qısnamalı idik ki, niyə sən Məmməd Səid Ordubadi kimi sənətkara sataşırsan?

 

Amma onu da unutmuruq ki, “Döyüşən şəhər” kimi axmaq bir kitabı da Ordubadi kimi şəxsiyyət yazıb. Rafiq Tağının üzərində inkvizisiyanın müasir variantının tətbiq edilməsi çox mənhus hadisədir. Yadıma orta əsrlərin dəhşətli “innabı rəng bizə məxsusdur” qanunu düşür. Sovet hakimiyyəti illərində kefə baxmış, bolşevik ideyalarının əsl trubadurları kimi əllərindən gələni etmiş, vəzifə, var-dövlət qazanmış adamların törəmələri qəzəbnak olublar. Heç kim heç bir vaxt onların keçmişindən bir kəlmə də deməməlidir. Niyə, nə üçün? Şəxsən mən on illər boyu kipriklərimlə onun üçün od götürməmişəm ki, bolşevik irticasına qulluq etmiş “xadimlərin” törəmələri indi də heç bir şey olmamış kimi şəhanə ömür sürüb yuxarıdan aşağı üstümüzə tüpürsünlər. İndiki iqtidar üçün mənim etdiyimi heç kim etməyib. Dövlətçilik naminə hər şeyimi qurban verdim, gül kimi təmiz adımı, savadımı, enerjimi. İndinin özündə də kişi kimi çalışıram. Bu boyda zəhmət və adım-sanımla düz bir ildir Elçin Əfəndiyevin qəbuluna düşə bilmirəm. Atası rəhmətlik milli teatrımızı inhisara alıb istədiyini tamaşaya qoydurdu, əsərlərini o ki var çap etdirdi. Övladları üçün də həm təməl, həm də tramplin hazırladı. Sovet hökuməti dövründə kefə baxan Elçin ağa indi də rəyasətdədir. Heç bizləri adam saymır. Belə çıxır ki, onda sovet senzurası qoymurdu, indi də bağlı orden təşkilatı kimi fəaliyyət göstərən ədəbiyyat məmurları qoymayacaqlar ki, biz kimin kim olduğunu deyək. Deyəcəyik,  belə lap o yana da gedəcəyik. Qoy bu torpaqda ərsəyə gələn cavanlar məmləkətin, millətin illər boyu kimlərin əllərində girinc-giriftar qaldığını bilsinlər.  Sabaha dəhşətli günahlarımızla, tövbə etmədən addımlamağımız üçün vətənin tən yarısını itirmişik. Qalanını da itirməyə haqqımız yoxdur. Rafiq Tağı üzərində güclərini sınayanlar dönüb yaxın tarixə bir nəzər yetirsəydilər, yaxşı olardı. Kiməsə divan tutmaq istəyirsinizsə, daha dahiləri gorbagor etməyin. Dünyada boğazdan yuxarı yalançı təəssübkeşlikdən murdar heç nə yoxdur.

 

 

                                                                                  Firuz Haşımov / 11-18.06.2004

Digər xəbərlər

Məhəmməd Salur Rafiq Tağı haqqında

“Azərbaycan ədəbiyyatşünaslığında riya elementləri” İntibah həsrəti.

Əlləri yaşıl

Homeostaz. Köhnəlmiş Mədəniyyətlər Səmtində Düşüncələrim

Rafiq Tağı - Son 20 ilin ən çox diqqət mərkəzində olan yazıçısı

Şərhlər