“Mübarizə ruhundan uzaq yazı” Konspekt

Tarix: 24-01-2017 05:46
Baxış sayı: 170

Milad ölçülərində II minilliyi, yaxud XX yüzili başa vururuqsa da, elə yenə ibtidai işlərlə məşğuluq – mübarizələrlə. Mübarizə həmişə nifrət təzahürü olub və neandertallara da xas idi. Sevgilərimiz uzaq başı evlənmələrimizə çatır. Cahan müharibələrində bəşər nifrəti qlobal miqyas aldı. XX yüzildə dünya “qırmızı” və “qəhvəyi” rənglərdən boğuldu. Əlbəttə, bunlar heç.

 

İndilikdə mən daha çox metafizik durumdayam, dialektik əksliklərdən müvəqqəti vaz keçmişəm. Keçən ay çıxartdığım dişimlə əsəblərim də rədd olub gedib. Qardaşlar, sonunda ölüm və yoxluq durduğundan, mübarizənin heç bir növünü xoşlamıram. Mənə qəribə gəlir, Qarabağ məğlubiyyətindən sonra millər lüzumsuz dartışmalara qurşanıb. Biz get-gedə yalançı mübarizə qəhrəmanlarına çevrilməkdəyik. Həyata sanki dastanlarımızdan çıxıb doluşuruq. Azərbaycan mütrüblərindən erməni mütrüblərinə Moskvadakı qələbəsilə guya yara sağalacaq.

 

Heç kəs inciməsin, nifrətdən uzaq bu halımda mən nə Elçini, nə də Anarı qanına qəltan edəsiyəm. Üstəlik, Elçin taleyimdə yeganə insandır ki, sovet cəngəlliklərində əlimdən tutub, ədəbiyyatda mənə dayaq olub. Günlərin bir günü hekayələrimlə ancaq ona pənah aparmışdım. Yəni fəlakət zamanı adamların bir-birinə sığınması kimi bir şey. Nazirlər Kabineti Azərbaycandakı iş yerlərində biridir, o da orda işləyir. Gedib kartof satmayacaqdı ki. Biz dahiləri də avara-sərgərdan görməyə alışmışıq. İşinə görə onu qınamaq yersizdir. Həm də axı gəlin bəzi şeyləri qarışdırmayaq: Nazirlər Kabinetini Heydər Əliyev özüylə Naxçıvandan gətirməyib. Nə ora onun şəxsi mülküdür, nə də ordakılar onun buyruq qulları. Həm də biz artıq vəzifələrə aşağıdan yuxarıya baxmağı tərgitməliyik. Tarixi torpaqlarını farslar, erməni və ruslar yeyib-içib “gübrələyən”, adamları xəstə və insafsız, cırtdan dövlətlərdən də qat-qat zəif bir məmləkətdə prezidentliyin özü Sanço Pansanın uzaq bir cəzirədə qubernatorluğu qədər qəmli və gülməlidir. Bütün sinonimləri dal-dala düzüb “dolğun” nitq arada irad etməklə deyil ki. Bu da heç. İndi gedək o yana.

 

XX yüzildə siyasət Azərbaycan şairini vəsfgu aşığa, nasrinisə yazılıb partiya protokollarına tikiləsi romanlar müəllifinə döndərdi. Yadıma düşmüşkən: Mövlud Süleymanlının “Dəyirman” povesti ilkin Qorbaçov epoxasının “Trezvost” jurnalında çıxdı və antialkoqol kampaniyasının xidmətində durdu. Su axıb çuxurunu tapdı. Mirzəibrahimovbənzərlərimizin inqilabi saydığı əsərə Moskvada öz yerini dəqiq göstərdilər. Hə, bu yüzildə ədəbiyyatşünaslığımız klassikaya qısnandı. Azərbaycanda klassik ədəbiyyat indiyəcən istismar olunmaqda. Ənənə bataqlığında çabalayan ədəbiyyat daha dərinə batmaqda... Bizdə ədəbiyyatçı daha çox dövlətçiliklə məşğuldur, onu da həvəssiz və həvəskar səviyyədə, yarıtmaz tərzdə, barı bu elmin əlifbasından bir-iki hərfi də bilmədən. Avara bir şairin dövlətçilik resepti onun infarktlı xəstəyə yazacağı resept qədər gülünc olardı. Gələk bu yana.

 

Saraya xidməti hətta ulu Nizaminin üstündə indiyəcən qara bir ləkə kimi qalmaqdadır, onda qalmış həmrahımız Anarın ola. Əfsus, Anar müəllim həyatını başlanğıcdan naqis ənənələr üzərində köklədi. Nə sirdisə, Azərbaycanın bütün I katib və prezidentləri onu həmişə yanına salıb harasa aparır. O , şahlar favoritidir. O, avtoritar rejimlər və ac ölkədə tox məclislər yaraşığıdır. Anar “60-cılar” dalğasında, zəlzələlərdə təsadüfən tanınan seysmoloqlar kimi, tanınıb. O, həyatda şöhrətdən savayı heç nəyə çatmadı. İnsanlar onu o, insanları sevdiyi qədər sevdi; artıq yox. Arada səmimiyyətdən savayı hər şey oldu. O, normal dövlətdə yazıçı olmayacaqdı; bunun sübutu dövlətimiz nisbi müstəqilliyi çatandan, söz azadlığı bərqərar olandan qələmi yerə qoymasıdır. Kitabları çıxırsa da, heç nə yazmır. SSRİ onun qardaşı idi; Siam əkizlərini ayırmaq mümkünsüzdür. Həri, onun yazıçılığının etiologiyası hər hansı qorxunc xəstəlikdəki kimidir. Hələ “Arqumentı i faktı” həftəliyi SSRİ Ali Soveti deputatları arasında SSRİ Konstitusiyasında Kommunist Partiyasının hegemon rolunu təsbit edən 6-cı maddəyə münasibətlə sorğu keçirəndə, bizim Anar müəllim neytral qalmışdı. Onda Moskvada yaşayırdım; çox təəccübləndim, fikrə getdim, bir az saçım ağardı, qəzetin həmin sayını oxuyan rus-mus dostlarımın yanında xəcalət çəkdim. Hər hansı qotura gün kimi aydın bir problemin həllində azərbaycanlı deputat tərəddüd edirdi. Sonki o, diktata, “37”lərin “gələn nömrə”lərinə, yeni ştamlarına yox demək istəmirdi. Azərbaycan klassik ədəbiyyatnın tərbiyəsi bu idimi? Yoxsa o, Andrey Platonovu, A.Soljenitsını oxumamışdı? Bəlkə o, 50 milyon insanın faciəsindən bixəbərdi? Eh, sadəlövh başım, ağılsız kafam! Mən yalnız çox-çox sonralar biləsi ki, Anar bəşər faciələrinə hədsiz biganədir. Nəsrindəki “kiçik insan”a rəğbəti “kiçik insan”arus klassik ədəbiyyatından gəlmə, təqlid xarakterli rəğbətdi. “Hama suyu”ndan nəşət tapan ucuz bir humanizmdi. O, faciələrdə öz reputasiyasına xələl gətirən əngəlləri təmizləməklə məşğul olur. Fikir veribsinizsə, həmişə də nəyisə sübut edir, özünü təmizə çıxarır. Ekranda – pakdır. Ölkə prezidenti ilə him-cim səhnəsi çıxarıb, Yazıçılar Birliyi sədrliyinə üçüncü dəfə, artıq bu dəfə çırpışdırma yoluyla gələndə də, sudan quru çıxdı. 5 noyabr hakimiyyət oğrularıyla bir cərgədə oturmağına da haqq qazandırdı. Başlarını parlamentə soxanlar özləri haqqında bayırda qalan qapqara ictima rəydən xəbərsiz olurlar. Anar bugünün kiçik maddi qazanclarını əbədiyyətdə çatacaqlarından üstün tutur. Onu üçün indi gələcəkdən önəmlidir, salamat can mənəvi sağlamlıqdan ötkündür. Onun üçün haqq-ədalət maraqlı deyil. Üstəlik də, haqq və ədalət maddi ziyanlı şeylərdir.

 

Qardaşlar, mənim Anarla şəxsi-qərəzliyim yoxdur. Yeri gəldi, bunları yazdım. Boynuma alıram, aldanış çağlarımda qəlbim ona sevgi və alqışlarla da dolur. Düzü, onun da hakimiyyət oğrularını özünə yoldaş seçməsi mənə yaman təsir etdi. Barı gərək o, hakimiyyət oğrularıyla səs-səsə verib bizi axmaq yerinə qoymayaydı. Onsuz xal hakimiyyət oğurluğunu yaxşı görüb. Artıq Az.Tv-nin təbliğatı yalnız ehtizaza gətirmək üçündür, xalqı inandırmaq üçün yox. Ümumiyyətlə, yalanın doğru şəkildə isbatına təbliğat deyilir. Mən Anarı iqtidardan xilas etmək, onu ucalarda görmək istərdim – özünə layiq yerlərdə.

Yəqin bu qədər.

Digər xəbərlər

Rafiq Tağıya 13 solaxay sual

Məlahət Yusifqızı : "Adam öldürməzlər,adam!"

Ucaboy liliput

Komediya-satira dairəsi (yarıabsurd). Yüzildaşım Tehran Əlişanoğluna

Geriyə transformasiyalar (iki hissəli məqalə)

Şərhlər