Xiffət “Hörmətli sentyabr”

Tarix: 22-07-2017 16:20
Baxış sayı: 78

Sentyabr mənə uşaqlığımın töhfəsidir, ancaq həm də hər il ilk gəncliyimdəki “hörmətli sentyabr” adlı kiçik yazımı yadıma salır. Həmişə yadıma düşən, özü də təkcə sentyabrda, yeganə yazım budur. Keçmiş və indiki “hörmətli sentyabr”larım arasından bir igid ömrü kimi keçmiş 27 il və hələ getdikcə də üstünə qoyulan zaman mənim sentyabrlara hörmətimi qətiyyən azaltmır.

                Mən sentyabrlara heç vaxt əskilməyəsi hörmətlərimi müəllim atamın əziz xatirəsinə ithaf edirəm.

                Sentyabr rəhmətlik atamın kiçik sevinclər ayı idi. İndi mən bu yazımı da əbədiyyət yox, elə təkcə atam üçün yazıram. Mən bundan sonra bəlkə daha əbədiyyətdən yan keçəcək, onun meyarları ilə bir daha peşəkarlıq oyunu çıxarmayacağam. Mən artıq bezdiyim peşəkarlıqdansa sövqi-təbiiliyə üstünlük verirəm. Peşəkarlıq bəlkə yalnız qəbirüstü süni güllər düzəldilməsində kara gəldi. Hə, bax, bu saat əbədiyyət yox, yalnız atam gözümdədir. Əlbəttə, gecikməyim bağışlanmazdır, ancaq sağlığında qədrini bilmədiyim atamın barı indi bu məğmun yazımla “qədrini bilmək” cəhdindəyəm. Hamıya da deyirəm, mən yaza-yaza ağlayası olsam,utanmayacaq, bir kəsdən çəkinməyəcəyəm.

                Mənim sentyabrlara hörmətlərim əbədidir. Mən əbədiyyət dalınca qaçmıram, gördüyünüz kimi əbədi şeylər özü mənim içimdən zühur edir. Sentyabr təlim-tərbiyə adlandırılan ən təmiz ehtiraslar ayıdır. Bəşəriyyətin əxlaqa sidq-ürəkdən bağlılığını mən ancaq sentyabrda görmüşəm. Hətta canilər də sentyabrda günahsız-qüsursuz insan bənzərlidirlər. Özlərinə oxşamamaq üçün insanlar sentyabrda övladlarını kəmali-ədəblə məktəbə qoyarlar. Canilər müəllimin yaxşısını cani-dildən sevəndirlər. Yaxşı müəllim öl desə, insan, qatil ölər də. Mən caniləri sentyabrda ancaq yaxşı cəhətdən görmüşəm.

                Mən ömrüm boyu atamda bircə böyük sevinc görmədim. O, həyatında böyük sevinc üçün bir səbəb tapmamışdı; böyük sevinci yalan adlandırırdı. Atam həyatın facianəliyini qüvvətli duyandı. Onda faciə hissiyyatı güclü idi. Onun bütün sevincləri kiçikdi. Dərs ili başlananda onda uzaq ulduzlar kimi yanıb-sönən kiçik ümidlər oyanardı. Hər dəfə özünə bir I sinif götürəndə, böyüyüb onun yaxın tanışlarına çevriləsi bu balaca insanlar indidən onu fərəhləndirərdilər. Onlar böyük kişi və böyük arvad olacaq, onun xətrini daim hökmən əziz tutacaqdılar. Yaxud ən azı başqaları kimi onu təhqir etməyəcəkdilər. İnşallah, ömür keçdikcə onu incidənlər azalacaq, incitməyənlərsə çoxalacaqdı. Nisbət ürəkaçandı. Deyəsən, dünya üzü yaxşılığa doğru gedirdi. Bəlkə də həyatın özündə faciə azalmaqdaydı. Hə, gələcəkdə ona köndələn baxanların sayı cüzi olacaq. O hələ N.Xruşşovdan çox qabaq gələcəyi təsəvvür edirdi. Tez qocalmaqla da sərt Sovet adamları cərgəsindən qopub artıq böyümüş xoş simalı şagirdləri arasına düşmək istəyirdi. Bəli, uşaqlar böyüyəndə elə əvvəlki kimi ilk müəllimlərinin bir sözünü iki eləməyəcəkdilər. Düzdü, hərdən baş sındırdısa da, onlara nə işi düşə biləcəyini heç cür kəsdirə bilmirdi. Hər halda, dövlət məmuru olsalar, keç yuxarı başa, yəqin onun işlərini tez yola verəcəkdilər. Bəh, o, qocalanda yorğa yeriyəcəkdi. Məsələn, passportu itsə, tez düzəldəcəkdilər. 61-dəki kimi aclıqla imtahana çəkiləsi olsalar, ona dərhal un tapdıracaqdılar. Məkə çörəyi onu yaman çiyritmişdi. Atam bəşər fəlakətlərindən ən çox aclığa nifrət edərdi. Oğlanları Rusyətdə yox, çaşıb burda evlənsələr, toya dair ərzaq çətinliyi görməyəcəkdi. Şagirdlərindən “raykom”da işləyərlərsə çaldı-diktat əlində olacaq. Rəhmətlik biraz diktatısevəndi: Stalinin xoy-xasiyyəti ona da keçmişdi. İşə bax ki, o, diktatla o rayon camaatını demokratiyaya çatdırmaq niyyətindəydi. Bəzən özü üçün onlardan başqa asılılıqlar da uydurardı. Ancaq qocaldıqca, sən demə, insanın işləri qat-qat azalırmış. Əlbəttə, ömür arxada qalırsa, işlər də arxada qalmalıdır - qabaqda yox ki. Hər halda, gələcəkdə hörməti hədsiz çox olacaq - ona verilən salamların biri bir qəpiyə düşəcək. İndi təkcə qulağının dibindən verilən salamları onda artıq uzaqdan da eşidəcəkdi. Məclislərdə onu kəşan-kəşanla yuxarı başa çıxaracaqdılar. Öləndə basdırılmaq sarıdansa tam arxayındı. Əfsus, atam qocalığa - getmədi. Sanki ölümü qocalıqdan üstün tutdu. Keçmiş şagirdləri onu, həqiqətən, dəbdəbəli dəfn elədilər - sağ olsunlar, gücləri çatanı əsirgəmədilər. Kişi basdırılan günü hətta dövlət xadiminə bənzəyirdi. Yolun eni-uzunu adamla dolu idi. Mən hay-hayda orda belə düşünürdüm ki, bu dəfndəkilərin hamısının xətti yaxşı olmalıydı. Bizim kənddə xətti yaxşı insanlar yaşayırdı. Hüsnxətt atamın şərqisi idi və kişi ömür boyu hər il oxumuşdu.

                Atamın keçmiş şagirdləri yalançı kommunist əxlaqından qopmuş xüsusi bir icmanı xatırladırdı.

                Mən özüm də ilk hörmətləri atamı sentyabrda tanımış insanlardan görmüşəm. Məni onların hörməti ucaltdı - mənim içimi onlara layiq olmaq istəyi tənzimlədi. Mən onda böyük yox, cinayətlərsiz bir insan olmağa çalışdım və deyəsən, oldum da. Demokratiya əlifbasından bixəbərlər mitinqdə-zadda iştirakımı cinayət saymasalar, Allah haqqı, mən təmiz adamam. Hərçənd artıq mənim varlığım çoxdan “xalq” termini çərçivəsində başa düşülür. Mənə yuxarıdan aşağı baxırlar deyə özümü elə aşağıda da hiss etməyə məcburam. Azərbaycan iqtidarı insanları yalnız alçaltmağa qadirdir. Onlar insanları alçaltmaqla ucalmağa çalışırlar. Ah, aşağılarda konstitusiyasızlıqdır, mən buralarda qanun qıtlığı çəkirəm. Mən bütün düz adamlar kimi acından ölmək təhlükəsindəyəm. Amma cinayət sənətlər sənəti imiş. İndi Azərbaycanda şan-şöhrətə də cinayətlərlə çatırlar. Rüşvətlə milli qəhrəman olurlar, “xalq artisti”nə çevrilirlər. Vətən müharibəsində can qoymuş əlillərin alacağı daşdan keçən sənədləri müharibəyə ayaq qoymamış sağlam insanlar alırlar.

                Azərbaycanda cinayət həyat rəmzidir.

                Bəli, sentyabr atamın ayıdır. Mən atamın xatirinə sentyabrı əbədiyyətə ötürmək istərdim. Sentyabra əbədiyyət layiqdir. Bilsəm sentyabrda öləcəyəm, mən onu yenə əziz tutacağam. Mənə atamın sentyabrda gəzdiyi dəftərxana dükanları çox doğmadır. O, şagirdləri kimi özünə aldığı dəftər-qələmlərlə evə dönəndə, çox rahatlanardı. Sanki elə bilərdi həyatda irəli gedib. Dəftər-qələm alanda elə bil satıcı ona dünyanı da bağışlayırdı. Kişi sentyabrda özündən çox razı olur, hətta bizimlə zarafatlaşırdı da. Mən atamın bizimlə yalnız sentyabrda zarafatlaşmalarını xatırlayıram. Uşaqların dəftərlərinə atdığı qırmızı “5”-lər onun gələcək xoşbəxtliyinin təməl daşları idi. Lakin atamın sentyabrlarda fərz etdiyi xoşbəxtlik mifik və mücərrəd imiş. Sən demə “fundament”ə qoyulan daşlardan heç də həmişə xeyir görmürsən. Nə qədər yaşasan da, xoşbəxtlik ilğım kimi həmişə səndən uzaqda olur. Sən ölüb gedirsən, xoşbəxtlik elə yenə uzaqda ilğım kimi görünür. Uzaqlıqlar atam üçün həmişə əlçatmazdılar.

***

                Atamın adı Nəzirdi – sentyabr mənə ondan miras qalıb və indi mənim üçün dünya malından min qat qiymətlidir. Mən də bu mirası övladlarıma qoyub gedəcəyəm. 

Digər xəbərlər

“Rafiq Tağı ilə dərdləşmə”

Qaçılmaz ön söz

Qaçılmaz ön söz

Rafiq Tağının cinayət işi dayandırıldı

“XX yüzilin komedik portreti” Konspekt

Şərhlər