Əsəd və Zeynəb

Tarix: 30-07-2016 17:58
Baxış sayı: 405

Redaksiyalarda tez-tez özüm haqqında bir şey yazmağı "tələb edirlər". Ancaq bu tərzdə özüm haqqında yalnız informasiya yaza bilərəm, halbuki insanların tərcümeyi-halları təxminən bir-birinə oxşar və deməliyəm ki, həm də maraqsızdır: dünyada əvvəl doğulub sonra ölməkdən yeknəsəq şey yoxdur. Üstəlik, mənim üçün "işğal" ləkəli Azərbaycanda indi heç kəs maraqlı deyil. Yəqin mən də onlar üçün maraqsız olaram. Biz hələlik bir-birimiz üçün "heç nə"yik. Alqış, qardaşlar! 


Rafiq Tağı

 

ƏSƏD və ZEYNƏB (hekayə)

 

Əsəd Zeynəbi də götürüb teatra getdi. Arvad girdi qoluna; o, şəhər dəblərindən bircə bunu götürüb. Əvvəli çətin olmuş olsa da, kişi buna öyrəşdi, bir növ "əhliləşdi".

 

Zeynəb ailə quralı, düz üç il evdən eşiyə çıxmadı - "birdən ziyan eləyər". İkisi də qarıyıb-qartıyıb evlənmişdilər, taleyin əlindən tez-tələsik bir övlad qoparmalıydılar. Bəlkə qaxılıb evdə oturmaqla, özünü fələyə məsum göstərməkləsə bir şey alına. Hərdən hamamdakı qazdan başı gicəllənəndə, ya təsadüfən ürəyi bulananda, elə bilərdi boyludu. Xəstələnəndə ümidləri artır. Qonşu qız-gəlin də, hərə bir niyyətlə, "bişey-mişey yoxdu?" - görən saat çökürdülər sinəsinə. Tərs kimi, ay dolandı, il qovuşdu, "bişey-mişey" hasilə gəlmədi. Onda "bir uşaq itirdim" dedi. İki il keçəndə - ikincini "itirdi", üç il keçəndə - üçüncünü. İllər sanki Zeynəbin "itən" balalarını hesablamaq üçündü. Səbrin çoxluğundan uşağı yanvarın əvvəlindən ta dekabrın axırınacan gözləyərdi. İli uzatsaydılar, yəqin yenə gözləyəcəkdi. Axır hər şeydən əlini üzdü. Allah vermirsə, durub çilingağac oynayası, onunla tutaşası deyil ki! Allahdan bir az küsən kimi də oldu.

 

...Bir gün teatrda komediya göstərilirdi. Zeynəb hələ qızlıq çağlarından komediya ölüsü idi. Bərkdən gülməyi televizorda gördüyü komediyalarda öyrənmişdi (uşaqlıqda gülməyi böyüklükdə ona düşmədi). Əsəd isə belə şeyə xalaxətrinə gedərdi; Zeynəbin qəlbi sınıqdı (guya özününkü yox), qoy şad olsun. Təntənəli çıxsa da, Əsəd deyirdi, deməliyəm ki, komediya ölümə gedən yolda bir balaca geri qayıtmaqdı. Həyat sanki daim arxadadır. Ancaq o, həyat xatirinə olsa belə, geriyə "bir balaca" da qayıtmaq istəmirdi.

 

Komediya Zeynəb üçün həyatın rəmzi, onun səhnəyə düşən işığı idi.

 

XVIII partiya qurultayı adına zavodun direktoru.

- Bu gün aranızda nə XI, nə də XII partiya qurltayları zavodlarının rəhərləri gözə dəyir. Tərslikdən XIII də yoxdur. Soruşuram: niyə yoxdular?

XXII partiya qurultayı adına zavodun direktoru.

- Düzdü, burda deyillər. Ancaq tək Bakınınkılar. Müşavirəyə ölkənin həmin adda başqa zavodlarından hamı gəlib.

Yerdən səslər. - Bax, biz burdayıq!.. Hamı bir nəfər kimi!

XXII partiya qurultayı adına zavodun direktoru.

- Bakıdakı XI, XII və XIII-lər bağlandıqlarından, təbii ki, direktorları da gəlməyiblər. Niyə də gəlsinlər? Onlar artıq yoxdular (əlini əlinə çırpır). Onların kitabları bağlanıb.

XVIII partiya qurultayı adına zavodun direktoru.

- Sən nə danışırsan! Partiya qurultayı adı daşıyan zavod da bağlanarmı!

Yerdən səslər. - Elə bağlanar - oynaya-oynaya!

XVIII partiya qurultayı adına zavodun direktoru.

- Bağlanmaqla zavod yox, qurultay özü bağlanmış olur. Qurultayın tarixdəki işi dayanır.

XXII partiya qurultayı adına zavodun direktoru.

- Fakt budur ki, üçü də bağlanıb. Bəyəm dövlət onları uşaq bağçaları kimi qoruyub saxlamalı idi?

XVIII partiya qurultayı adına zavodun direktoru. -

Bu nə ideyasız, prinsipsiz sözlərdir! Sənin kimilərin bəxti onda gətirib ki, 37-zad arxada qalıb. 

Yerdən səslər. - Yəni dal tərəfdə.

XVIII partiya qurultayı adına zavodun direktoru.

- Heyif o möhtəşəm XXII partiya qurultayına ki, adını sənin kimi tip daşıyır.

XXII partiya qurultayı adına zavodun direktoru. - Elə XVIII-ə də heyif!

 

 

Zeynəb Əsədi dümsüklədi.

 

- Bu günkü tamaşa məni açmır.

 

- Gülməli deyil?

 

- Əsnəməkdən çənəm çıxdı.

 

- Ay yazıq, əlinə bir sovet kitabı alıbsan ki, bu cür sözlər sənə gülməli də görünə?

 

- Bəyəm bu, sovet kitabı oxuyanlar üçün yazılıb?

 

Allah axırını xeyir eləsin - son macal komediyalar faciələrə bənəyir. Gələcəkdə bunun uşağa sədəməsi toxunmaya...

 

Səhnədəki faciələr Əsəd üçün özünün qabaqdakı ölümünün ( sanki ona ölüm hökmü kəsilib) rəmzləridir. Bütün səhnə faciələri axırda öz faciəsi ilə bitəcək; deyirdin səhnədə tamaşa yox, onun ölümünün məşqləri gedirdi.

 

Daha evdə küsülü kimi gəzirdilər. Televizor təlxək kimi min bir oyun çıxarırdısa da, xeyri yoxdu: heç birinin dodağı da qaçmırdı.

 

Bir axşam Əsəd yenə işdən qaçaraq gəlib arvadı tələsdirdi.

 

- Dur, getdik! Tez ol!

 

- Bu gün komediyadı?

 

- Mənim komediyaya tələsdiyimi haçan görübsən?

 

- Getdiyimiz elə faciə olur.

 

Hərdən belə deyirdisə də, Zeynəb get-gedə özü ərinin xatirinə faciəyə həvəslənirdi. Əsədin könlü sınıqdı ( guya özününkü yox), barı qoy bu cür -bu sayaq şad olsun.

 

Yolda Zeynəb Əsədin qoluna girdi. Əcəb uşaqları olsaydı, sirkə-zada aparardılar. İndiyəcən heç özü də sirkdə olmayıb; hələlik getmir, onu iri oyuncaq kimi uşağa saxlayırdı.

 

Ər. - Məndə avamlığa bax - indiyədək elə bilmişəm bu ölüb! Sən qalıb oradaca çürüməli idin! Niyə üstümə qayıtmısan? Arvad. - Məni dipdiri ölülər cərgəsinə qatmışdın? Ay bərəkallah! Ər. - Bu saat ölülük sənin üçün dirilikdən üstündür. Məəttələm, dirilikdə bal görübsən? Elə bilirsən həyat həmişə yaxşı şeydir?Arvad. - Əlbəttə, sənə bu cür rahat olardı. Əsirlikdən qayıtmış qadın kişisinə şərəf gətirməz. Ancaq deməsəm, ürəyim partlar: üç qardaş üçünüz də binamussunuz! Qurtardı getdi! Bunu qulağında sırğa elə! Ər. - Binamus atandı, iki də eşşək qardaşın! Düşmənlə kefini sürüb üstümə gələcəksən, biz də səni yuxarı başa çıxarmalıyıq?!

Arvad. - Sən lap gözüylə görənlər kimi danışırsan!

Ər. - Dedim, üzüsulu burdan rədd ol get! Günü bu gün! Bu saat!

Arvad. - Axı hara!

Ər. - Cəhənnəmə-göra! Özün bilərsən! Mən bir qurddu keçiyə görə heç nəslimin adını batıran deyiləm!

Arvad. - Sənin he nəslindən olmaz. Uşaqlar hanı? Yatıblar?

Ər. - Sən onlar üçün keçən il ölübsən.

Arvad. - Düzünü de, mənim yoxluğum sizin namusunuza doğrudan xeyirdimi?

Ər. - Yox, yalandan!

 

Zeynəb. - Mağıl onun qanı qanından olan balaları var.Zeynəb bu sözləri səhnəyə təzə daxil olmuş personaj kimi söylədi. Qorxasan, faciənin dadı onun da damağına dəyə, qarşıdakı ölümünün səhnəyə düşən işığı Zeynəbin də gözlərini qamaşdıra (sanki göylərdən ona da ölüm hökmü kəsilib). Bay, elə də oldu. Təzəlikcə Zeynəb Əsədin başını faciələrlə dəng eləməyə başlamışdı; hətta soyunub yatışanda da ona faciə xatırladırdı. Əfsus, qabaqkının əksinə, faciə həyatda çaxalır, səhnədəsə azalırdı. Yəqin teatrlar faciələri can sağlığına ziyan bilir, gücü komediyaya verirdilər. Komediya iksir yerindəydi, təbabət əvəzi idi. Ancaq Əsəd və Zeynəb faciənin həyatdakılarını yox, səhnədəkilərini xoşlayırdılar. Tərslikdən də onlar həmişə faciə arzusuyla gedib komediya üstünə çıxırdılar. Ümid bircə onaydı ki, neynək, onsuz getdikcə komediya faciəyə bənzəyirdi. Yaxud komediya faciə variantına çevrilirdi. 


Əcəb uşağın ola, ailəlikcə sirkə gedəsən.

 

1995-1998

Digər xəbərlər

Rafiq Tağının ikinci qatili

Rafiq Tağının qızı: "Kaş atam yanımda olaydı"

Əlverişli intihar hündürlükləri

Faciə janrlı puplisistika

Yanaşı ulduzlar

Şərhlər