Tarix: 03-04-2018 10:45
Baxış sayı: 1328
(III Dünya müharibəsi etdüləri)
Dinc durduğun yerdə orda-burda qopan partapartlara terror deyilir. Bəzən mən onları vətəndaş müharibəsi prelüdləri adlandırıram. Terror partapartları ani şəfəqlərlə müşayiət olunur. Bu şəfəqlər təsadüfi divarları qorxunc kölgələrlə bəzəyir. Həri, terror ölüm işində Əzrayılı qabaqlamaqdır. İnsan Əzrayılı təqlid edirsə də, ondan min qat cəlddir. Əzrayılınkı köhnəgünə işlərdir. O, harmoniyaya ləng xidmət edir. Əzrayıl insana ta kaftarlaşanacan ara verir, sonra da gəlib əsas sənəd olan alın yazısını diqqətlə oxumamış surunu çalmır. İnsan ölümü Əzrayıl üçün harmoniya ilməsidir. Əzrayıl pislik eləmir ki – insanın qolundan yapışıb fani dünyadan baqi dünyaya aparır. Ancaq bunlar heç.
Qardaşlar, artıq dünya Şərq-Qərb terror dialoqundadır. Şərq-Qərb qohumluq və qonşuluğu heç cür baş tutmur. Hərçənd mənim qohumluq-qonşuluq dediyim şeyə bəziləri Şərq-Qərb maksimum yadlıq və uzaqlığı deyir. Sanki Şərq ala dağdadır, Qərb – qara dağda. Bax, belə.
Amma Molla Nəsrəddin Şərqdə Şərqi dünyanın mərkəzi sayardı, Qərbdə – Qərbi. Şərqdə insan istiqanlıdır, Qərbdə – soyuqqanlı. İnsan Şərqdə sarı dişlərini ağartmağa meyllidir, Qərbdə – nazik dodaqlarını dişlərə perpendikulyar tərzdə kip bağlamağa. Qərbdə təbəssüm diplomatik vəsaitdir, Şərqdə – hırıltıl cizgisi. Şərq deyir – islam yaxşıdır, Qərb deyir – xristianlıq. Şərq deyir: mədəniyyətimiz güclü olub ki, peyğəmbərlərin əksəriyyəti bizdə dünyaya gəlib, Qərb deyir: əksinə, peyğəmbərlər daim mədəniyyətcə aşağı yerlərdə zühur edib. Peyğəmbərlər mədəniyyət daşıyıcılarıdır və Şərqdəki mədəniyyət boşluqlarını onlar doldurublar. Peyğəmbərlər vəhşi Şərq müşriklərinə mizan-tərəzi gətiriblər. Çifayda, ağıllı Qərbdə də mədəniyyət bombalarla məntiqləndi. Vaveyla, Qərb mədəniyyətinin axırı bomba imiş. İndi əlini gözünün üstünə qoyub Qərbə tamaşa qılsan, orda yalnız bomba görərsən. Bomba şar yumruluğunda, Günəş qırmızılığında bir nəsnədir. Həri, hümanizm suni-qurama bir şey imiş. Qərb hümanizmi bombalarla iflasa uğradı.
Qardaşlar, III Dünya müharibəsi hökmən Şərq-Qərb münaqişəsindən törənəcək. Vuruşanların yarısı xəstə-hal-ağ, yarısı qarazırtı olacaq. Qarazırtılar bu III müharibədə ağ qızları sevəcək. Və əksinə. Dünyəvi məhəbbət ömrünü müharibələrə baxmadan sürəcək. Müharibələrinə baxma, insanlar bir-birini sevəndirlər. Biz çox şeydən xəbərsizik, bəlkə də müharibələr sevgilərdən baş verir. Müharibə bəlkə də insanların bir-birinə danlağıdır. Həri, bu nəhəng müharibədə, sülh dövründən fərqli, doğulanların çoxu metis olacaq. Metislər sonra həm Qərbli, həm də Şərqi sevəcəklər. Onların gah ana vətənləri Qərb olacaq, ata vətənləri – Şərq, gah da ata vətənləri Qərb olacaq, ana vətənləri – Şərq. Metisli dövranlar Şərq-Qərb barışığı ilə səciyyələnəcək. Ancaq bunlar da heç.
Di gəl, gələcəyin bu III azman müharibəsində bəlkə nifrət də güclü oldu və məhəbbət nifrətlə tənzimləndi. Onda dünyada məhəbbət-nifrət klassik cütlüyü hökmran olacaq. Amma III-də nifrət güc gəlmiş olsa, ya Şərq Yer üzündən silinəcək, ya da – Qərb. Onda Şərqin, ya Qərbin yerində radioaktiv göllər duracaq, göllərdəki qayıqlarda onkoloji balıqçılar üzəcək və balina boyda çapaqlardan zərrə də qorxmayacaqlar. Çünki balina boyda olsalar da, çapaq elə çapaq ağlında qalacaq; onlar insanı "hap" eləmək fikrində bulunmayacaqlar. Həri, qardaşlar, təzə Dünya müharibəsindən sonra Şərq-Qərb dialektikası ləğv olunacaq. Olsa-olsa Qərbin xatirəsi Şərqdə qalacaq, Şərqinki – Qərbdə. Ancaq Günəş Şərqdən çıxa bilməsə – batdıq. Günəş Qərbdə quyuya düşən kimi düşəcək. Mən indi bəxtəbəxt gah gedib Qərbdə yaşayıram, gah gəlib – Şərqdə. İndi Şərqlə Qərbi birləşdirən yeganə şey nəqliyyatdır. Nəqliyyat məna çalarlarını dəqiq bilmədiyim "nəql" sözündəndir. Həri, bir ayağım Qərbdədir, bir ayağım – Şərqdə. Gərək ki, Şərqdəki sol ayağımdır, Qərbdəki – sağ. Hərdən hoppanıb ayaq yerlərimi dəyişirəm. Bombanı Qərb atsa, sol ayağım gedəsidir, Şərq atsa – sağ. Hər halda, sağ qalsam, III Dünya müharibəsindən təkqıçlı çıxacağam. Heç kəsi qorxuzmuram, indi Şərq də bomba ata bilir. Özü də Şərqdəkilər Həccə getməklə ağla dolmuş emosional-bambılı hacılardır: bombanı boş mərcləşməklə də ata bilərlər. Odur ki, yüz ölçüb, bir biçib nə görürəm: atom partapartlarından sonra, deyəsən, dünyada bircə Şərq qalacaq. Adətən, birinci atan sağ qalır. Yenə odur ki, mən Şərqdə yaşamağa üstünlük verirəm: qardaşlar, sarsaq yerdə yaşamaq can rahatlığı, arxayınçılıqdır. Elə ağzımın duası daim sizin də canınınızın rahatlığı və salamatlığı üçündür. Qocaldıqca mənim ağzım kilidlənirsə də, dualar vaxtı çox açılır. Həri, Qərb fikirləşənəcən Şərq onu partladacaq. Yaxşı olur, zırbazır Qərb artıq çox köhnəlib; onda əxlaq qoxumuşdur. Qərbdə ağaclar defekasion gübrələrlə çiçəkləyir. Qərbdə insan münasibətləri sünidir. Mədəniyyətlər təsirsizdir, hərçənd orda buna təntənəli tərzdə demokratik tolerantlıq adı verirlər. Qərb mədəniyyəti məni ağlatmır. Ağlamaq gənclikdən bəri mənim sənət meyarımdır. Qərbdə forma məzmundan önəmlidir. Forma Qərbdə eqoizmdən irəli gəlir. Onu desəm olar, deməsəm olmaz ki, həyat ağlatmaq məqamında ədəbiyyat və sənətdən çox irəlidədir. Mən həyatda hara baxıramsa, ağlayıram – Azərbaycanda "hər gün Aşura, hər yan Kərbəla"dır. Azərbaycanda biz kişilər qadınlardan ağlamaq öyrənmişik.
Bütün bunlara da "heç" deyib qayıdıram əvvələ. Terror siyasətdə uğursuzluqdur. Terror Qordi düyününün silahla açılması cəhdidir. Onu deyim ki, silah qədim şillənin müasir variantıdır. Həri, sivilizasiya modern silahlarla terrorun qulluğundadır. Sivilizasiya terroru gücləndirir. Sivilizasiya bəşəriyyəti içindən qurd kimi yeməkdədir. Terror bəşəriyyətin tərəqqidə tələsgənliyi əlamətidir. Əlbəttə, normal siyasət ləng tərpənişlidir. Dinc mübarizə çoxları üçün darıxdırıcıdır. Mən seçkidən seçkiyə əsnəməkdən çənəsi çıxmış çox siyasətçi görmüşəm. Mən onların çənələrini həmişə yerinə salmışam və yenə salacağam. Mən artıq siyasətdə çənə çıxığı üzrə mütəxəssis olmuşam. Həqiqətən, dinc mübarizə adamı pessimizmə düçar edir. Bəlkə terror da pessimizmdən doğur. Dinc mübarizə qısa insan ömrü üçün heç cür yaramır. Özü də terror üçün bilik-milik lazım gəlmir. Ümumiyyətlə, siyasətçi üçün universitet təhsili, savad-zad artıq yükdür – hər şeydən bir balaca başın çıxdı, Azərbaycandakı kimi kifayətdir. Qardaşlar, terror ədalət istəyinin patoloji həddindədir. Terror ədalət bərpasının son, lakin həm də lüzumsuz və vulqar variantıdır.
Həri, artıq dünyanın qulağı terror partapartlarından kar olmaqdadır. Şərqli Qərbə atır, qərbli – Şərqə. İnsan heç, hər dəfə də yəqin gözəl rəsmlər cırılır, heykəllər heykəllər yıxılır. Bu dünyada qolsuz heykəllər qolsuz insanlara bənzəməkdə, insanlar heykəllər kimi əbədiyyət qazanmaqdadır. Mən isə aclıq-toxluq çarpışması, Şərq-Qərb çaxnaşması içrə başımı saxlamaqdayam. Düzü, baş mənə intihar planı qurmaq üçün çox vacibdir. Mən intiharı, ifrat nihilizm olsa da, qəbul edirəm.
Hələlik, qardaşlar!...
Müsavat, 27/08-02/09 1998