Xuraman - kapoeyra uçuşlu qız
Hardan və necə gəldiyinə mat qalıb da, itirəcəkmiş kimi, ilk misralarını qorxaraq və tələsik dəftərə köçürən şair, adətən, dahi olmur. Bu ilk misralarda, uzaq başı, gələcək dahiliyin əlamətlərini sezə bilərsən.
Oxuyanlar cəh-cəhə bənzər o qeyri-adi sözlərə mehrlə yanaşır, gülümsəyirlər.
Yaradılan nə varsa, Allahdan xəbər verir.
Yaradıcılıq intihardan qurtulmaq vasitəsidir, inancındayam.
...Mən heç bilmirəm, bunları niyə yazdım.
“İlk məhəbbəti ilk misraya aparan” insanı poeziyanın içində görməmək insafsızlıq olardı: heç mənim də əleyhinə çıxmadığım rahat ev-eşiyə, bəlkə şübhə ilə yanaşdığım dəbdəbəli-firavan həyata yox, Xuraman xanımın timsalında, məhz “ilk misra”ya.
Hamımız poeziyaya məktəb-zad, ya hörmətli-izzətli, fədakar-cəfakeş müəllimlərimiz sayəsində yox, ilk sevgi təkanları ilə gəlmişik.
İnsanlıq sevgi təkanları ilə sənətə gələnlərə diqqət və sayğı göstərməlidir.
Bir o var ki, Xuraman Hüseynzadənin “ana torpaq” dediyimiz Vətəni “daşınmaz əmlak” sayanlara nifrəti də sonsuzdur. Bu nifrət Xuraman xanımı heç də eybəcər görsətmir, əksinə, onu gözəlləşdirir. Allaha qurban olum, onun üz cizgiləri nə forma alırsa, gözəlliyi itmir. Bəlkə onun kapoeyra uçuşları da elə bu nifrətdən doğub. Yurdumuzu get-gedə əlimizdən alıb, onu “alqı-satqı materialına”a çevirən “kapitalist”lərimizə birdən kapoeyra zərbələri gərək oldu.
Yoxsa diksindiniz, arxayın olun, kapoeyra uçuşlu bu gözəlin zərbələrindən bircəcik kəlpeysər qımıldanası deyil də. Onun zərbələrinin yalnız fəlsəfi anlamı var.
Zərif bir azərbaycanlı kəpənəyin azman güclərə müqaviməti ancaq simvolik ola bilər.
Hayıf, poetik insanlarımızın elə potalarında da şərə dirənişlər simvolikdir.
Xuraman xanımın qəlbindəki poetik sayrışmalar əslində şər önündə gücsüzlüyün, ya onun fəsadı sayılası kədərin inikasıdır.
Nitşean fövqəlinsanların bəşəriyyətə “töhfə”si yenilməz kədər olacaq, başqa bir şey yox ki.
İndi dağ kimi arxanda duranlar
uçurum kimi
çıxacaqlar qarşına.
Xuraman dünyanın sərt həqiqətləri arasından, çaşdırıcı dolanbaclar, dar dalanlar və düzbucaqlı döngələrdən, qəhər onu boğa-boğa, məhz elə real kəpənək kimi ötüb keçmədə. Onun qanadları şüş çıxıntılarla didiklənib-əzilir, çirkli divarlarda qızılı-gümüşü izlər, əsl və acı gözəlliklər qoyur.
Mənim yalnız bu izlərə poeziya deməyə dilim gəlir, içi bicliklərlə dolu münacat, nət və şahöymələrə yox.
Kim demiş, həqiqətə xor baxanlar kimsəsiz qalsın!
Allah haqqı, yalnız sifarişsiz və qorxu bilməyən sənət uca olur!
Yenə ora qayıdıram ki, bəli, kitabına “ön söz” yazılan şairlər hələ dahi sayılmaz. Biz onları elə təbiət kimi, ya təbiətlə həmahəng görürük.
Dahi təbiətdən uzaqlaşmış kimidir.
...Qardaşlar, bəlkə daha bu “dahi” idefiksindən qurtulağın... Xuraman xanımın poetik-romantik dünyası korlanar deyə, bu cür əndrabadi-mütəfəkkir sözlərdən uzaq qaçağın. Onda “azad qadın heykəli kimi başını dik tuta bilməyən” bu qıza kömək etmiş olacağıq.
Olsun ki, “dahi” sözü ideal qadın üçün alçaldıcıdır.
Ağ atlı Avropanın
yolunu gözləyə-gözləyə
qarımaqdayıq...
Biz Şərqin Avropa həvəsli, tərəqqi həsrətli insanlarıyıq. Fikirləri əzən Şərq poeziya məngənəsindən xilas olmaqlıq da tərəqqiyə aparan yollardan biridir, zənnindəyəm. Düzdür, Avropa həvəsli Xuraman Hüseynzadə Mamedi (“Mamed”), Gülbuta (“Gülbuta”), Fatmanisə (“Fatmanisə”), ya Möhbalını (“Möhbalı ilə söhbət”) qoyub da harayasa üz tutan deyil. İnsan haqlarıyla qiymətdən ağır yüklü Avropanı Azərbaycana gətirmək daha yaxşı olmazdımı?
Yəqin ki Tanrı yazmayıb,
Qaralayıbdı alnımı.
Qəti, Xuraman xanım, Tanrı alnı qaralaya bilməz. Tanrı alınlara xoşbəxtlik yazır, onu pozan ancaq və ancaq müharibələr törətməklə naqis tanınan bəniadəmdir.
...Bu yazımda mən filoloji tədqiqat məqsədi güdmədim, çalışdım saçları həmişə bir gözünü rübənd kimi örtən şairdə özünə inam yaradım.
Yuri Qaqarini də kosmosa inam uçurmuşdu.
İnam yaratmaq cəhətcə gəncliyə dayaq olmaq dünyanın ən xeyirxah işlərindəndir, fikrindəyəm.
Açıqca da bildirirəm, Xuraman Hüseynzadə poeziyanın yarı yolunda təngisə, bu sözlərim hədər getmiş olacaq. Onda mən batdım.
12-25 dekabr 2010-cu il