İNTİBAH HƏSRƏTİ. AZADLIQ VƏ KÖLƏLİK

Tarix: 05-04-2017 00:28
Baxış sayı: 114

MÜXALİFƏT QƏZETİ

 

   Adəm və Həvva azadlığı cənnətdən qovulanda dərk elədilər. Azadlığın ilk dequstatorları onlardır. Həm də bu qovulma çox sirlərin üstünü açdı: Cənnətin özündə azadlıq adlı şey yerli-dibli yox imiş. Cənnətə despotik ruh hakimdir.

 

   Bu dünyadakı azadlıq protoinsanlarda ilkin faciə duyğuları oyatdı. Onlar Cənnətdəki komfortu təzə yerdə görmədilər. Üstəlik burda azadlığa daim hücumlar gözlənilirmiş. Əvvəlcə elə təbiət onlara göz ağartdı. Təbiət heç də deyilənlər kimi insanın xoş məramlı tərəfdaşı deyil. Adəm və Həvvanın Yer üzündəki ilk düşməni təbiət olub. Bu düşmənçilik indiyənəcən çəkir. Gah insan ona qalib gəlir, gah da o insana. Hazırki ekoloji qəzalar təbiətin qələbəsidir.

 

   Cənnətin məkanı kosmikdir. İnsan bu dünyaya ordan calaq edilib, ona görə də çatar-çatmaz Yerdə onu cənnət nostalgiyası bürüdü. Geri qayıtmaq üçün cürbəcür üsullara əl atdı, tabulara cidd-cəhdlə riayət etdi. Cənnət naminə tabulardan daha yetgin dinlər uydurdu, özü də biri faydasız görünəndə digərinə keçdi.

 

   Nücum elmi də cənnət axtarışı ilə yaranıb. Yerdə insanın vətəni yoxdur. Sivilizasiya müvəqqəti sığınacaqdır.

 

   Cənnət arzusu vətən həsrəti şəklində indi də büruzə çıxır. Dolayısı ilə insan əsil vətəninə - kosmosa can atır. Həmişə kosmosu öyrənir. Kosmik canlıları doğma qardaşları kimi gözləyir.

 

   Adəm və Həvva iztirab və sevinci birinci dadanlardır. İlkin mədəniyyət (elə sonrakı da) bu kontrast duyğuların təziqi ilə yaranıb. Onu deyim ki, ulu insanlar Yerdəki azadlığı bəyənmədilər. Cənnətdəki durumun azadlığa bənzəyişi çoxdur. Əslindəsə, orada ən cilalı, ən cilvəli şəkildə köləlik bərqərardır. Amma, Yer üzündəki köləlik azadlığa qəti bənzəmir. Buradakı, köləliyin ən qabasındandır. Gör ki, köləlik atributlarından olan zəncir indiyənəcən dəbdədir.

 

   Azadlıq bilmərrə heç yerdə yoxdur; yalnız köləliyin bu fantom şeyi az, ya çox imitasiyası var. Bu imitasiya səhvən real vahid kimi ayrılıb. Fantom azadlıq son dərəcə yöndəmsiz, nahamardır: ona nəinki öyrəşmək, hətta dözmək belə müşkül işdir. İndiyənəcən də bitkin qanunlar şəklində təsbit olunmur. Hərçənd, mütləq azadlığa yetmək üçün daim cəhdlər göstərilir; bu əbədi generator bəşəriyyətin mövcudluğuna təminat verir. Hər bəşər nəsli məhz öz həyatında real azadlığa qovuşacağını fərz edir, lakin tarix boyu onlardan bircəsinin də fərziyyəsi düz çıxmayıb.

 

   Mütləq azadlıq zorun maksimum azalmasıyla bir ideal olaraq anlaşılır. Lakin mütləq köləlik bəşəriyyət üçün daha xarakterikdir. Təbiət total qorxu şəklində bəşərin şüuraltı qatlarına işləyib. Qorxu təbiətin insan təfəkküründə ilk fotosudur. Kölə psixologiyası sanki, xromosom keyfiyyətinə çevrilib, onunla insanın bioloji tamlığı təmin olunur. Dünyaya qul etika və estetikası hakimdir. Bəşəriyyət hipotetik ilkin azadlıqdan sonra, əsasən kölə olub. Köləlik vərdişləri bəşər ruhuna dərin rişələr atıb. Qərb adamının azadlıqla öyünməsi əbəsdir. O, əməyini satmasa, yaxud haçansa satmayıbsa, ac qalar, lakin güclü təbliğat (mən "təlqinat" deyərdim) maşınları qulaqlarını doldurduğundan belə məğrurdur. Əlbəttə, köləlik unudularsa, efirdə azadlıq illuziyası cövlan edər. Bu baxımdan Qərb köləliyi keyfiyyətcə cənnətdəkinə yaxındır, yəni eləcə cilalı - cilvəlidir.

   Təbiət bəşər üçün tələdir. İnsan təkilahlığa uzun-dolayı dövranlar qət edib gəldi. Yəni olduqca gec. Allah güc-bəla özünü insana tanıda bildi. Bununla da elə ilk çağlardan qüdrətli olduğuna şübhə oyatdı. Üstəlik onun adından, ona tapınmayanların kökü baltalanırdı. Artıq bəşəriyyət postfaktum təsdiqləyə bilər: Allah heç də ali deyil, bəlkə adi bir yaradıcıdır. Dərvişdir. vəssalam. Bu, keçilməz məyusluq, total depressiya törədir. Əlbəttə, bəşər köləsi olduğu qüvvənin qənirsizliyini ( qənir - misil, bərabər, tay. - red.) , zamandan yüksəkliyini, ondan irəliliyini istərdi. Allah özünü insana totemlərdən əvvəl tanıtmalı idi, sonra yox.

 

   Tarix boyu peyğəmbərlər kollaborsionistcəsinə insandakı məğrurluğu alıb, Allaha bağışlayıb, insanı ona kölə ediblər. Məğrurluqdan yalnız məişət səviyyəsində istifadə üçün saxlanıb. Özü də deyəsən, Allah kölələrə xəstə meylindən əl çəkənə oxşamır. İnsan insanlığıyla belə qara vərdişlərdən təmizlənmək üzrədir, yəni bu barədə Allahı geridə qoyur. Mən ölü, siz diri, vaxt gələcək Allah özü insana tapınacaq.

 

   Deməsən olmur, peyğəmbərlərin insan qarşısında bağışlanmaz günahları hədsiz çoxdur, lakin onlardan hansınınsa tövbə cəhdini qulağım çalmayıb. Allah insanı onların əli ilə, nəzərdə tutduğu səviyyəyəcən kiçildib. Özü fikrində tutmadığı bütün keyfiyyətləri ixtisara salıb. Bircə ondakı məhəbbəti xoşlayıb və tezkən də onu öz adına çıxıb. Guya məhəbbət elə onun öz təzahürüdür. Min fitnə-fəsadla, insandakı bəlkə yeganə rənkin şeyi özü səmtə yönəldib.

 

   Allahın onu sevməyənlərə cəhənnəm narında çəkdirəcəyi məşəqqətlər cinayətə görə cəzaya bənzəyir.

 

   Allaha kütləvi sevgilər dünyəvi köləliyin təşəkkülünə məsrəf olunub. Dünyəvi köləliyin tarixi Allahla bağlıdır. Sonradan bəşər kütləvi sevgilərini Yerdəki hər hansı fövqəlqüvvəyə qurban verməyə həvəsləndi; köləlik ona xilasedici göründü.

 

   Ən düzgün qanunlarda da köləliyin nişanəsi var. Məhz bu səbəbdən Markiz de Sad cinayəti də insan hüquqları sırasına qoşmağı təklif eləmişdi. Həqiqətdə də azadlıq ya nəhayətsiz, əngin olmalıdır, ya da o yoxdur.

 

Köləlik əksərən xilasedici görünübsə də, insan daim ondan şübələnib, ondan ehtiyat qurtulma yolları arayıb. Bir gün də təsadüfən gözəlliyə tapınmaqla köləlik duyğusunu xeyli azalda bildi. Təbiətin aldadıcı, keçici gözəllikləri ilə təmas ondakı ilk heyranlığa səbəb olub. ...Gözəlliyə sevinmə insanın içindəki kompensator mexanizmləri açıqladı. Hətta qul bazarında alınıb-satılma hər şeyin sonu deyil. Ən azı ordakı al-əlvan rənglər təsəlli üçün kifayətdir. Quldarlıq zahiri çərçivə olub; kənardan bəzəkli-zınqırovlu bir şeyə bənzəyib. İnsanın daxilində azadlıq imkanları zahirdəkindən qat-qat çoxdur, hərçənd Spartak zahirdəkini də - yəni azadlığı tam şəkildə istəyirdi.

 

   Roma imperiyasının qulları köləliyi, Adriatik dənizinin lacivərd, oynaq mənzərələri ilə unudurdular. Elə indiyənəcən qadın kişi, kişi isə qadın gözəlliyi ilə köləliyi neytrallaşdırmaqdadır. Diktator rejimlərində insanı qarşıdakı mücərrəd gözəl həyatla aldadıb yaşadıblar. İşıqlı gələcək xülya da olsa, onun reallaşacağına əminlik kütləvi intiharların qarşısını alıb. Yoxsa indiyə total psixozdan hamı özünü asar, bəşəriyyətin ayaqları göydən sallanı qalardı. İşıqlı gələcək qanda sevinc gətirən mediatorları çoxaldır. Qazamatlar məhz gözəl olmadıqlarına görə dustaqlıq hissi doğurur. Oradakı antisanitariya şəraiti insanı real məhkumluq duyğusuna qərq edir. Gözəllik olan yerdə azadlıq labüdür. Azadlıq bəzən heyvan kimi bağırmaq imkanı şəklində qavranılır. Əslində güllələnərkən belə, güllələyənin əlindəki gözəl silah, bir göz qırpımına da olsa, insana xoşbəxtlik, bu mənada azadlıq şansı verər. Ölüm hökmlərinin icraatı üçün ən gözəl silahlar işlənməlidir. Dünya humanizmdən xali deyil: öldürülənin beynində dolaşan son fikir bu olmalıdır.

 

   Hamımız gözəllik duyuma minimuma endirilmiş dini sektalarda kütləvi intiharların şahidiyik. Tam siyasi azadlıqda da gözəllik anımından məhrum kəslərin həyatı ölüm təhlükəlidir. Qərbdə öz canına qəsdlər "üçüncü ölkələr"dəkindən çoxdur. Gözəlliyə aşinalıq insanlarda psixi xəstəliklər üçün preventiv tədbir olardı. Tək bir siyasi azadlıq heç də daxildəki mənhus qüvvələrin relaksasiyasına gətirmir. Siyasi azadlıqda bezikdirici bəsitlik, səthilik var. Siyasi azadlıq birtərəflidir, çox az şeydir, mütləq azadlığın kiçik bir komponentidir. Yəqin insan gözəlliklər bütün köləliklərdən qurtula bilər. Yəni köləlik gözəllikdən təcridin nəticəsi, real statizmdir. düstaq öz kamerasının üç, nə bilim, dörd divarı arasında daimi hərəkətlərlə özünə həyat üçün vacib azadlıq illuziyası yaradır. Ovuc boyda pəncərədən adi quş uçuşunu həsrətlə gözləyir, yəni özündən kənarda dinamizm görmək istəyir, növbənöv quşların gözəlliyində (onun üçün quşun kifiri yoxdur) azadlıq nişanəsi axtarır.

 

   Yer şarının müəyyən parçasına "vətən" adı verib, praqmatik tərənnümlərlə, mehrabi müqəddəsləşdirmələrlə insanı ona bağlayır, onun qulu edirlər. Vəsfkar aşıqlarımızın bolluğundan bizlərdə vətən eşqi bəzən lüzumsuz dərəcədə güclənir, bu eşq vətəndən ayırılıb "özündəşey"ə çevrilir. Mücərrəd eşq görünür, vətən özü isə yox. Bizi bədbəxtçilik basıb: "odlar oğlu" vətən üçün yalnız ağlaya bilir. Koroğlu qocalıb, onun cavanlığı əbədi unudulub. Eşqimizin tənzimi bir qədər düzgün qurulsaydı, soyuq ağılla Güney-Quzey Azərbaycan üçün üz ağardan bir iş görərdik. Bizimki qəbrimizin vətənə düşməsidir; öləndən sonrakı mənasız hörmətlərə göz dikmişik. daha demirik qəbrin düşəcəyi yeri qorumaq naminə bir vaxt cəlayi-vətənçilik də pis olmazdı. Yoxsa düşmən qəbristanlıqlarımızın iyirmi faizini şumlayıb, biz hələ də məişət səviyyəsində kişiliklərlə məşğuluq. Dünənəcən adımız it dəftərində yox idi. Beynəlxalq lobbi sarıdan məğmunuq; bu günəcən elə bilirik mühacirətdə bizi əcinnələr tuta bilər. Ölsək də burda, qalsaq da- devizimiz budur. Ona görə də heç yerdə sözümüz keçmir. Xalqımız "vətən"də dustaqdır. Tərbiyəmiz hələ uşaqlıqdan köləliyə səmtlənib. Lakin, Qarabağ əldən gedib, daha başımız əlhəd daşına dəyib, görək neynirik... Deyilən düzdürsə, qara günün ömrü az olmalıdır.

 

   ...Azadlığa dəlalət edirsə də, gözəllik mahiyyətcə kövrəkdir. İnsan həmişə bütpərəst olaraq qalır; təkallahlıq əslində bütpərəstliyin yüksək formasıdır. Yəni, səcdəsində olduğu gözəl bütü dağıtmaqla insanı asanlıqla köləliyə yuvarlatmaq mümkündür. Yəqin əbədi gözəlliklər vacibdir. Bəlkə də dünyanın əbədi sayılan yeddi möcüzəsi bu həsrətlə yaradılıbmiş. Gözəlliyi qoruyan qanunlar çox yetkin olmalıdır. Azərbaycan İncəsənət Muzeyindən rəsmlər yox, xalqın xilas şansı oğurlanıb.

 

   Allah bəşər həyatında ekslibristik mövqedədirsə də, çoxları üçün iç dünyanı bəzəyəsi yeganə gözəllikdir. Çifayda, onun nuru qəlbə kənardan düşür. Halbuki, içəridən çeşmələnən gözəllik daha etibarlıdır. Quyu özündən sulu olmalıdır. Allah qəlbdə boş dizayn elementi deyilsə, yəqin təkcə onda bəşər azad sayıla bilər. Sufilər mütləq azaddırlar. Xristian asketləri də. Onları konvoy qabağına qatmaq əbəsdir. Bu heç də dövlətin nəzərdə tutduğu effekti verməz.

 

   Əbülfəz Elçibəy hakimiyyət hərisi, taxt-tac əsiri olan müasir MDB xaqanlarından min qat artıq azaddır. Sufi, ya xristian zahidi üçün zindanın tək kamerasından əsl azadlığa yolların ən rahatı başlanar. Onlar cəmiyyətdən özləri təcrid olunur, dünyəvi işlərdən könüllü əl götürürlər. Dünyəvi işlərdə tarazlıq, mütənasiblik yoxdur. Hər şey təsadüfi, məvəqqəti və nisbidir: insanı öldürmək cinayət sayılır da, sayılmır da. Ölümə gah xoşbəxtlik deyirlər, gah bədbəxtlik.

 

   Bu eklektik dünya nəyin karıdır...

 

   Sufilər məğlubiyyət tanımaz. Faciə onlar üçün gülməlidir. Faciələrdə uzaq başı can əldən gedəcək - can, yəni oyuncaq bir şey. Sufi heç vaxt kölə ola bilməz. Mütləq kölələr ateistlərdir. Ateizm insanı bioloji varlıq səviyyəsindən yüksəyə qalxmağa qoymur. Bütün işıqlı gələcəklər onlar üçün yemək-içməyin şərti refleksləridir. Diktatorlar bunu yaxşı anlayır.

 

   Hər hansı müharibə də köləlik əlamətləri ilə zəngindir; vuruşanlar vətənpərvərlər yox, kölələrdir. Bəlkə yalnız bu halda köləlik məqbuldur. Müharibələr əsl ateizm, Allahın inkarıdır. dünya müharibələri Allahın ən uğursuz dövrləri, onun biabırçı iflasıdır.

 

   İnsan ömrü boyu köləliklə azadlıq arasında traektoriya cızır, gah ona, gah buna yaxınlaşır. Dustaqlı, ya əsirlikdə də azad olmaq mümkündür. Külli-aləmi dolanmaq imkanında da kölə olurlar.

 

   XX əsrin axırlarında azadlığa siyasi hərəkatlarla çatmaq ideyası puça çıxdı. Hər halda keçmiş SSRİ xalqları bunun şahididir. Təzə yüzilliyə azadlığın daha yetkin konsepsiyaları ilə qədəm qoyacağıq. Təcrübəmiz qədərincədir.

Digər xəbərlər

Rafiq Tağının 50 manatı

Qara azadlıq etüdləri

Mehman Qaraxanoğlu: "Xoş halına, Rafiq Tağı!"

Rafiq Tağı ilə bağlı Avropa Məhkəməsinə şikayət hazırlanır

Aqşin Yenisey də Sabir polemikasına qoşuldu

Şərhlər