Ədəbiyyatda azadlığım həyatımda azadlıq illuziyası yaradır

Tarix: 31-03-2017 11:30
Baxış sayı: 478

"ULUS" N 87(242)

 

5 dekabr 2000-ci il

 

  

Beləcə növbə gəlib çatdı Rafiq Tağıya. Çörəyi "ürəkdən", şöhrəti Sözdən çıxan tanınmış qələm sahibi. Ona "necə yazırsan, Rafiq Tağı?" sualını vermədim. Sadəcə "soldan sağa" cavabını alacağımdan qorxdum. Baməzə adamdı axı, Rafiq Tağı. Hər halda yazılarında belədir.

 

   - Vaxt gəldi, zaman yetişdi, bir də baxdıq ona-buna sataşan Rafiq Tağı indi də Mirzə Cəlilə sataşır. Bəri başdan deyim ki, hansı səbəb gətirsəniz də, qəbul etməyəcəyəm.

 

   - Mübahisələrimizin birində Mövlud Süleymanlı mənə - "Axı sən kimsən ki, -dedi, - Azərbaycan türkü barəsində söz deyəsən?". Guya o, Azərbaycan türkünü məndən - elə türkün özündən qoruyurdu. Dedim: "Əvvəla, sən özün kimsən ki, türk haqqında söz deyə biləsən, başqası yox? Yoxsa türk sənin monopoliyandadır? İkinci də, mən Azərbaycan türkünü daim oyatmağa çalışıram, sən isə ömrün boyu onun başı altına balış qoyubsan, yenə qoyursan. İndi iş belədir: biz başqalarından fərqli, həqiqəti deyənlərdənik. Ziyalılığı da oxumuş-yazılmış kitabların sayında yox, ədalətə maksimum yaxınlıqda görürük. Biz "gülə-bülbülə dair" yalan-palan fırlatmırıq. Vaqif Səmədoğlu Allaha, küləyə, yosuna dair nələr yazmamışdı, camaatı güldürmək-əyləndirmək üçün Moşunu törətmişdi, amma ehtiyac bir balaca sıxan kimi gedib hakimiyyət oğrularını özünə yoldaş seçdi.

 

   Mən Mirzə Cəlili özüm kimi, ya özümü onun kimi həqiqətə hədsiz yaxın bilirəm. Amma bu "sataşmaq"-zad xuliqanlığa-dələduzluğa aid bir sözdür. Qoy hamı bilsin və agah olsun: mən indiyəcən bircə qarışqanı da tapdamamışam, mən yalnız dostlarımın daz başına çırtma vurmuşam, o da yaydan-yaya. Allah göstərməsin, sataşmaq nədir, mən belə həvəsdən çox uzağam. Düzdü, həmişə çalışmışam ki, qulaqlar həqiqət eşitsin. Ən çox da sevdiyim adamlar. Özün haqqında həqiqətləri eşitmədən ölüb getmək faciədir. Həri, həqiqət soğan kimi acıdır. Ancaq soğan doğrananda gözlər yaşarırsa, bu o deməkmidir ki, kimsə kimlərəsə sataşdı? "Mirzə Cəlillə ayrılıq məqamı" adlı yazım daha çox ideoloji fəlsəfi bir yazı idi, nəinki ədəbi-filoloji. Sadəcə, mən, bəlkə Don Kixot kimi, Azərbaycanın faciələrdən qurtuluş yollarını arayırdım. Oxum daşa dəydi. Mirzə Cəlillə bağlı həqiqət budur ki, satirasının gücündən, o, xalqda ən çox zülməti, şəri görə bilib. İşığı, xeyiri görübsə də - ötəri. O, xeyirə barmaqarası baxıb. Yazıda dediyim nə idi: müvazinət naminə bəlkə bir az xeyirə də üz çevirək. Millət maarifçi - satirik ədəbiyyat güzgüsündə özünü yalnız məğmun görüb. Bəs ondakı fəzilətlər necə olsun? Onları kim söyləsin? Ermənimi?

 

   Əlbəttə, bunları qəbul etməyə bilərsiniz. Ən azı ona görə ki, buna ixtiyarınız çatır.

 

   - Deyirlər Rafiq Tağı, çox oxumuş adamdır. Maraqlıdır, o qədər adamdan sitat gətirirsiniz ki. Siz savadın gücünə yazırsınız, ya istedadın? Yoxsa adi zəhmətkeş bir yazarsınız?

 

   - Hər oxuyan Molla Pənah olmaz. Saqqal mönimliyə dəlalət eləməz. Elədə dünyanın bütün keçilərini yuxarı başa keçirməli olardıq. Cavabım - bu. Lakin bu barədə gəlin bir az ətraflı danışaq. Mənim rəsmi savadım yalnız təbabətdən olub - üst-üstə təxminən 10 il. Ədəbiyyatısa üst-üstə ömrüm boyu öyrənmişəm, ancaq qeyri-rəsmi. Düzdü, bizdə çoxları qeyri-rəsmi savadı savad saymır. "Rafiq Tağı getsin həkimliyinin dalınca", - bəzən elə belə də deyir və yazırlar. Əlbəttə, arqumentləri gülünc olduğundan, mən onlara baş qoşmuram. Əfsus, mən lüzumsuz şeyləri də çox oxumuşam, çünki yolgöstərənim olmayıb. Bir növ, qızıl vaxtımın çoxu özüm düzüb-qoşduğum "ibtidai təhsil"də ötüb. Bircə təsəllim budur ki, Sovet ədəbiyyatından yan keçmişəm. Bir dəfə yazdığım kimi: məndə Sovet ədəbiyyatı təcrübəsi yoxdur. Qaldı sitatlar: onlar mənim esselərimdə başqalarının bu sayaq yazılarına nisbətən minimaldır. Mən sitat arxasında gizlənmirəm. Məndə ideyalar sitatlardan törənmir. Sitatlar ideyalara uyğun, özünə düzlənir. Onu da deməliyəm ki, sizdən fərqli, bir çoxları məni az oxumuş sayır. Ancaq elə, ya belə: onsuz savadla hekayə yazılmaz. Nə də burda "zəhmətkeşlik"in bir rolu var. Utanıram deməyə ki, mən yalnız istedad deyilən şeyin gücünə yazıram.

 

   - Yəqin nəyisə sizə bəyəndirmək çox çətindir. Məsələn, çağdaş ədəbiyyatımızda əlinizi hansı əsərin üstünə qoyub deyə bilərsiniz ki, bu yaxşı əsərdir?

 

   - Əksinə, mən yaxşı heç bir şeyə biganə qala bilmirəm. Mümkün olmayan - mənə zorla nəyisə bəyəndirməkdir. Talantdan doğulan hər şey gözəldir: onu bəyənməmək mənim üçün qəbahət olardı. Əlimi üstünə qoyub yaxşı adlandıracağım əsərlər çoxdur. Gəlin, uşaqlıq edib, bir-birimizə nəyisə sübut etməyək. Həm də çağdaş ədəbiyyatımızda palitra zəngindir: birini deyərsən, o biri qalar.

 

   - Bəzən sizin yazılarınızda sözə qoruq-qaytaq qoyulmur. Bu səbəbdən, bu yaxınlarda "Azadlıq qəzeti" əndişəyə düşmüşdü və oxuculardan üzr istədi. Yəni yaradıcılıq dairəsində özünüzü o qədərmi azad hiss edirsiniz ki, nə istəyirsiniz, yazırsınız?

 

   - Mən həyatda çərçivələr içindəyəmsə də, yaradıcılıqda azadam. Mən "usta çağırıb" azadlığıma sərhədlər qoydurmamışam. Məsələn, sadə insanlar qala-qala yazıçımız Anar kimi prezident, baş, ya qeyri-baş nazirlərlə dostluq eləmirəm. Kim ölkə prezidenti olsa, onunla avtomatik dostluğa başlamaq mənim ağlıma batmır. Yeri gəlmişkən, sosrealizmdən tamam uzaq olmuşam. Əlbəttə, bunun acısını çəkməyə bilməzdim: indikindən intensiv yazırdımsa da, 1979-1989-cu illərdə - Moskvada yaşadığım dövrdə, Azərbaycan ədəbi mətbuatında yazım, demək olar, çıxmadı. Ədəbiyyat çinovnikləri ilan-qurbağa kimi şeydilər: mən onlarla heç cür dil tapmadım. Amma Sovet dövrünün gur-gur guruldayan şeypurçuları, züy-züy züyüldəyən züyçüləri indi özlərini dissident kimi qələmə verirlər. Hə, yazıçılar birliyinə heç vaxt sağlam inək kimi baxmadım. Ədəbiyyatdan gəlir güdmədim. Olan işdi, həyatda hər lotuluqdan çıxmışamsa da, ədəbiyyatda özümü aldatmamışam. "Lotuluq" deyəndə - uşaq hiyləsi kimi təmiz bir şey. Mən ən bəşəri keyfiyyətlərlə ədəbiyyatda varam. Özümü maksimum yalnız ədəbiyyatda reallaşdıra bilirəm. Səadəti az qala hər gün eşitdiyimiz siyasi deklarasiyalarda yox, ədəbiyyatda tapıram. Hə, düz tutubsunuz: mən ədəbiyyatda tam azadam. Bu azadlıq Azərbaycandakı avtoritar rejimdə mənə bəs edir. Ədəbiyyatda azadlığım həyatımda da azadlıq illuziyası yaradır.

 

   - Arada "Qırmızı dastan", sonra isə "Göy dastan" yazdınız. Çox gözlədik ki, "Yaşıl" dastan da yazacaqsınız. Çünki yazılarınızda o qədər praqmatiksiniz ki, onlarda ateizm hiss etməmək olmur.

 

   - Bir gün jurnalist dostum Elçin Xalidbəyli məndən qəfil soruşası: "Svetoforu haçan qurtarırsan?". Çaşıb qaldım: "Nə svetofor?" Sən demə dastanları soruşurmuş. Siz də onun kimi. Hələlik planımda "Boz dastan" var. Azərbaycanda nə qədər boz adam varsa, siyasətə doluşub. Məndən olsa, onları birbəbir, adbaad bəzəyərdim. Qaldı dastanın "Yaşıl"ı - o da olacaq. Yaş ötürsə də, onsuz həmişə elə bilirəm, ömür hələ qabaqdadır. İslam haqqında çoxlarını diksindirən yazılarım artıq çap olunub. Sizə bir şey hökmən xatırlatmalıyam: mən ateist deyiləm, heç olmamışam da. Bu yaxınlarda "Azadlıq"da getmiş "Mədəniyyət və sivilizasiya mövzusuna qayıdış" məqaləmdə - "Mən Allahsız deyiləm, dinsizəm, - yazmışdım. Din Allaha yalanlarla xidmət növüdür". Bütün dinlərdə şarlatanlıq var. Özü də proqnozlaşdırmışam: XXI yüzildən etibarən, kommunikasiya imkanları artdıqca, dinlər mənasızlaşıb, yox olacaq. Bu mənim qənaətimdir. İbtidai şey uzun sürməz.

 

   - Sizin yazdıqlarınız həm də adamda eksperiment toplusu təsiri bağışlayır. İlk baxışdan hər şey yerindədir. Amma diqqətlə baxanda, nəyinsə çatışmadığını görürsən. Deyəsən, siz o nəyisə axtarırsınız?

 

   - Təəssüratlarınızda bəlkə də yanılmırsınız. Hər şey eksperimentdən doğulur. İnsulini Frederik Bantinq eksperimentlər zamanı təsadüfən tapmışdı. Eksperimentlərə yalnız yaradıcılar sövq edilir. Eksperiment ölülərə, bir də ölü bənzəri dirilərə yaddır. Yazılarımda nəyinsə çatışmadığına gəlincə, onu siz görürsünüz. Mən buna kommentari verməkdə acizəm. Başqaları başqa cür deyir. çatışmayanı görürsünüz, lap yaxşı. Mənim hər fikrə izah verməyim düzgün olmazdı, həm də belə şeydə bir az tərbiyəsizlik var.

 

   - Siz də yaradıcılarından olduğunuz "Eqo" qurumu çox tez dağıldı. Bəlkə bu həmin qurumun üzvlərinin eqoizmindən irəli gəldi?

 

   - "Eqo Yaradıcılıq Ordeni" yalnız zahirdə dağılıb: yaddaşlarda və ədəbiyyat tarixində öz işinə hələ təzə başlayıb. Özü də mən buna "dağılma" yox, "ayrılma" deyərdim. "Eqo"ya ədəbiyyatdan uzaq, təsadüfi adamlar da düşmüşdü. Mən onlardan bəzilərini hətta fizioloji qəbul edə bilmirdim: bir stol arxasında oturan kimi duyğularım kilidlənirdi.

 

   - Çingiz Aytmatovun narahatçılığından "Bəşəriyyətin hər bir üzvünə etik məktubu" yarandı. Necə bilirsiniz, bəşəriyyət bu gün yazıçıları eşidirmi?

 

   - Mənim fikrim, bəşəriyyət yazıçıları eşitməyə borclu deyil. Niyə fizik, riyaziyyatçı, yaxud boksçu, futbolçu, nə bilim yaxşı poladəridən, əkinçi yox, məhz yazıçı eşidilməlidir? Üstəlik, çox vaxt yazıçı toplumun problemlərindən bixəbər olur. Yazıçı toplumu faciələrin üstünə aparardı. Mən A. Puşkinin sözüylə insanların xoşbəxtliyə gedib çıxacağına inanmıram. Yaxud Lev Tolstoyun, Serqey Yeseninin, Çingiz Aytmatovun, İsa Muğannanın. Yaxud Füzulinin, Seyid Əzim Şirvaninin. Gəlin illuziyalara son qoyaq. Sayıq olaq.

  

- Şübhəsiz ki, yaradıcılıqla məşğul olan hər kəs hansısa məqsədə çatmağa çalışır. Sizin üçün son ədəbi göstərici nə olacaq?

   - Düzü, mən ölümdən uzaq adamam. Minlərlə adamı da bir həkim kimi ölümdən qurtarmışam. Elə bilməyin ki, qəhrəmanlıq eləmişəm və cəmiyyətdən nəsə umuram. Yox, bu mənim adi işimdir. İş vaxtım qurtaran kimi də hər şeyi, hətta ölümdən qurtardıqlarımı unutmağa çalışıram. Dediyim başqa şeydir özümə və başqalarına da istədiyim ölümsüzlükdür. Ədəbiyyatda məqsədim əbədiyyətə çatmaqdır. Mən xoşbəxtliyi yalnız əbədiyyətdə yaşamaqda görürəm.

                                                                                                                  

  İradə Xanım

Digər xəbərlər

Hayıf, övlad da qocalır

Seymur Baycan: "Doktor"

Tayqa xəyalları

Heç kəsi öldürmək istəməyən

“Qara rəng mütləq həqiqət deyil”

Şərhlər