İntibah həsrəti

Tarix: 23-01-2017 03:52
Baxış sayı: 534

N.Berdyayev sivilizasiyanın mədəniyyəti əvəzləməsini fəlakət sayırdı. Hələ bu bölgünün düzgünlüyünə şübhələrimizi qabartmadan da, böyük filosofla mübahisəyə girişək

 

Mədəniyyət binayi-qədimdən bəşər enerjisinin qapalı durumundan yaranıb. Həmişə də kimlərdən və nədənsə asılı olub, hədələrə, ən yaxşı halda sifarişlərə məruz qalıb. Həm də təkcə gözəllik naminə, ona aid və əyləncə səciyyəli bir şey... Mədəniyyət təbiət gözəlliklərinə cüzi əlavədir. Əslində bəşər öz içindəki nəhayətsiz axınları daim duyubsa da, onları reallaşdıra bilməyib. Mədəniyyət bəşər imkanlarının, sadəcə, işartısı, ancaq həm də insanlığın hələlik yeganə böyük uğuru idi. Mədəniyyət tarixlər boyu “keyfiyyətli tərzdə”, lakin yalnız kəmiyyətcə artıb. Kəmiyyətcə artıbsa da, hamının olmayıb. Mədəniyyət yarandıqca insanlardan təcrid edilib. Əslində bəşəriyyət öz yaratdığı ilə həmişə nəzəri cəhətcə təmasda olub... Demoqrafik partlayışlarla üz-üzə qaldıqca, həyatını mədəniyyətlə çözə bilməyən insan təəccüblənir, məyus olurdu. Onda təbiət və cəmiyyətdəki mənhus qüvvələrə müqavimət yoxdu. Mədəniyyət müqavimət doğurmur, əksinə, savaş və basqılara şərait yaradırdı. Əslində müharibələr həmişə mədəniyyətlər uğrunda olub. Mədəniyyətlər sanki müharibələri özünə çəkir, yaxud müharibələr mədəniyyətlər olan yerdə lokallaşır. Barbarlarda mədəniyyətlərə sahiblik ehtirası güclü idi. Hunların Avropaya yürüşü də torpaqlara yox, əslində mədəniyyətlərə canatım idi. Böyük Çin səddi müqavimət məramıyla qurulan yeganə mədəniyyət nümunəsidir. Mədəniyyət gec-tez güclülərə mənsub olub. Mədəniyyət timsalında Yer üzündə ədalətin yoxluğu açıqca görsənir. Böyük dünya muzeylərinin zəngin kolleksiyaları ilə ədalətsizliklər tarixi asanlıqla çözülə bilər.

 

Hə, qardaşlar, bir-birini əvəzləyən mədəniyyətlər artıq insanda məyusluq törədirdi. Mədəniyyət tarixinin minilləri bəşər həyatını zərrə də yaxşılaşdırmadı. Mədəniyyət kütləviləşmədi. Mədəniyyət qorxunc “kütlə”yə etibar edilmədi. Bayaq dediyim kimi, bəşər daim öz yaratdığı mədəniyyətlərin dışarısında saxlanıb. Məhz XX yüzil mədəniyyətin kütləviləşməsi ilə əlamətdardır. Mədəniyyət artıq ölü muzeylərdə qalmaq istəmədi. Tutalım, caz, pop-art kütlə ehtiraslarını qismən cavablandırdı. Mədəniyyətlərdən kütləvisi öz demokratizmi ilə elitarını üstələdi. Elitar mədəniyyət XX yüzildə xeyli dəbdən düşdü. Kübar salonların minlərcə alternativi yarandı. Opera və balet XX yüzildə həm də xalqın oldu. K. Stanislavski xatirələrində Sovet hakimiyyətinin ilk illərində kütlələrin quberniyalardan gətirilib teatrlara doluşdurulmasını təsvir edir. Fit çala-çala, bərkdən danışa-danışa tamaşaya baxanlar ibtidai icma insanından heç də yüksək deyildi. V. Leninə qədər bu insanlara cinayətkarcasına xor baxılıb. Bir vaxt yalandan sevdiyimiz, indi də yalandan sevmədiyimiz, cinayətləri cinayətlərlə dəf etmiş Leninin “İncəsənət xalqa məxsusdur” sözlərində hiylə yox idi.

 

Berdyayev Renessansın bitdiyinə təəssüflənir. Axı Renessans bəşəriyyətə dekorasiyadan başqa nə verib! Rable və Servanteslə işim yox, ancaq Leonardo Da Vinçi, Rafael və Mikelancelonun insanı çılpaq təsvirləri mənasızlıq mücəssəməsidir. Onların lut-əmənna insanları abır-həyadan məhrumdurlar. 

Qadında həya onun cazibədar məmələrindən daha maraqlıdır. Renesans dövrü mədəniyyətindəki yarımçıqlıq təəssüf doğurur. Lev Tolstoy haqlı deyirdi ki, V. Şekspiri oxumaq mümkün deyil; onda personajların ehtirasları dediyi sözlərlə heç cür uyuşmur. Mədəniyyət epoxalarını mifikləşdirmədən dəyərləndirmək gərək. Ətalətliyi saydığımız Orta əsrlər bəlkə də bəşəriyyətə İntibahdan çox şey verib. Renessans müstəmləkəçi Avropanın uydurması idi. Dünyaya hələ də qapalı qalan Çin tarixi və mədəniyyətində iç-içə minlərlə Renessans taparsan.

 

Artıq Avropa dəyərlərinə yüksək tənqidi baxış vacibdir.

 

Əlbəttə, dinlər də Allah və dünyanı səhv yozumlarıyla mədəniyyət sayılır. Ancaq din bəşərin dünyanı və özünü hələ də tanımamasının şəksiz sübutudur. Dinlər ədəbiyyat və sənətdə dözülməz izlər buraxmışlar. Milyonlarca dini personajlar tavtologiyadan uzağa getmir. Psixiatriya bir elm kimi formalaşanacan sərsərilər peyğəmbərlik dərəcəsinə yüksəldilər. İndi hər bir psixiatrik klinikada onlarca “peyğəmbər” yatır. Dini mədəniyyətlər təxmini, ölü, onların estetikası kəsafətlə süslü; həmişə də köləlik aşılayır. Din sanki yalnız bəşər təfəkküründəki boşluqları doldurmaq üçündür. Səhih desək, boşluq var ki, din də var. Din insanın bir canlı olaraq dayazlığına dəlalət edir. F.Bekon yazırdı ki, qədim yunanlar ildırım və tufanların təbii səbəblərini izah edənləri Allahlara hörmətsizlikdə suçlayırdılar. Biologiya müəllimi D.Skops ABŞ-ın Tennessi ştatında Darvinin evolyusiya nəzəriyyəsinin tədrisinə (1925), bununla da dini fundamentalistlərin dünyanın altı gündə xəlq edilməsi ideyasına qarşı çıxdığına görə cəzalandırılmışdı.

 

Mən Allahsız deyiləm, dinsizəm. Din Allaha yalanlarla xidmət növüdür.

 

Sivilizasiya ən azı dini cəfəngiyyatları rədd etməsində qiymətlidir. Sivilizasiyanın gələcəyində dinlərə yer yoxdur. Dinlər gələcəkdə bəşəriyyətin ibtidai dövrünün nişanəsi olaraq xatırlanacaq. Bəşəriyyət tərəqqi etdikcə çoxallahlıqdan təkallahlığa keçmiş, tədricən peyğəmbərlər icadından vaz keçməklə, İslamda buna nöqtə qoymuşdur. İnsanlıq bu işin cəfəngliyini artıq duyub.

 

Sivilizasiya insanlığı yeknəsəqlikdən qurtardı. Bəşər öz enerjisinin dışarıya çıxışına sanki təsadüfən imkan tapdı. Sivilizasiya bəşərin köləsinə də hörmət aşıladı; bəşər mədəniyyətdəki ətalətdən qurtuldu, ədaləti daddı. Sivilizasiya quldarlıq və müstəmləkəçiliyə son qoydu. Təkcə Pyer və Mariya-Sklodovskaya Kurilərin kəşfləri (polonium, radium, radioaktivlik) bütün Renesansdan qat-qat önəmlidir. Mənəviyyatın təkcə mədəniyyətlə çözülməsi düzgün olmazdı. Mənəviyyat təkcə gözəlliklə təmasdan ibarət deyil. Kommunikasiya imkanları insanlığı tərəqqinin tamam yeni parametrlərinə çıxardı. Əslində demokratiya da sivilizasiyanın nəticəsidir. Mağıl sivilizasiya mənəviyyatla yerli-yersiz qürrələnmir. Mədəniyyətlərdəki daim “çeynənilən” mənəviyyat büsbütün yalandır. Təkcə internet şəbəkəsi bəşəriyyətə indiyəcənki mütəfəkkir boşboğazlardan çox azadlıq verib. Sivilizasiya                                

diktaturalarının belini qırıb. Bəşəriyyəti irqçilik qaranlıqlarından qurtaran sivilizasiya sarı, ağ və qara insanlara, sadəcə, bir ailə olduğunu anlatmaqda. Qloballaşma ideyası da sivilizasiyanın hazırkı durumundan qalxıb-ucalıb.

 

Sivilizasiyanı fəlakət sanması N.Berdyayevin  elə də böyük səhvi deyildi. XX yüzilin əvvələrində sivilizasiya hələ kobud texniki səciyyəli və mən hələ bircəciyini deyim, törətdiyi ekoloji disbalansla bəzən ikrah doğururdu. Ancaq heç kəsi qınamadan biz də öz fikrimizdə qalaq. 

 

 

“Mədəniyyət və sivilizasiya mövzusuna qayıdış”

Nikolay Berdyayevlə mübahisə cəhdi

 

Azadlıq, 22 noyabr 2000-ci il

Digər xəbərlər

Rafiq Tağının kulis.az-a müsahibəsi (2)

Rafiq Tağı məsələsinin İranda müzakirəsi

Sərili paltarlara baxan

Heç bir yazıma görə peşman deyiləm

Heydər Əliyev / QIRMIZI DASTAN

Şərhlər