Elçin Hüseynbəyli – “İroniyanın Quzeyini yazan sənətçi” Rafiq Tağının 50 illiyinə...

Tarix: 24-01-2017 07:30
Baxış sayı: 155

Qələmdaşım Nəriman Əbdülrəhmanlının təbirincə desək, ötdü. Rafiq Tağının 50 yaşı Səmt küləyi kimi qəfil gəlib keçdi.

 

Şəxsən mən Rafiqin 50-ni haqladığını bilmirdim. Ona baxan bu adamın beş onilliyi geridə qoyduğuna inanmaz. Necə ki, mən buna inanmıram və inşallah, bir rəqəminin yanına iki sıfır atılsa, bəlkə onda beynimə bata.

“İroniyanın Quzeyini yazan sənətçi” (ora-bura baxmayın, dırnaqdakı ifadə özçəzimindi) haqqında necə yazmaq doğrudan zor bir işdi və bayaqdan ha əlləşirəm, ortaya bir şey çıxarda bilmirəm. Yubilyar haqqında nəsə yazanda gərək onu tərifləyəsən. Bunu tənqidçilər yaxşı bacarır. Mənsə belə şeylərdən uzağam və gərəkdir ki, düzünü söyləyəm.

 

Orta əsrlərdə doğulsaydı, Rafiqin heykəli indi Prezident Aparatının qabağında qoyulardı. Çünki prezident Heydər Əliyev haqqında ən sanballı və obyektiv “Qırmızı dastan”ı Rafiq Tağı yazıb.

 

Ancaq Rafiq mənimçün publisistdən çox yazıçıdı. Belə demək mümkünsə, Rafiqin nəsri publisistikadan, publisistikası nəsrdən yuxarıdı. Çox dolaşıq ifadə oldu, deyəsən.

 

Rafiq Tağı haqqında yazmaq ona görə çətin deyil ki, yazmağa bir şey yoxdu, əksinə, bu məsələdə biz bolluğun içindəyik.

Rafiqin forma və məzmunu bütövdür. Yazılarında ləngərli cümlələrlə sanballı fikirlərin öldürücü sarkazmı həmahəngdir. Onun mənzərələri (“Əlifba mənzərələri”) reallığa nəzirə, keçmişə nostalji, gələcəyə ithafdır.

 

Rafiq humanistliyindən həkim, qəzəbindən yazıçı olub.

Uşaqlıq şəkillərinə baxsanız, onun zərrə qədər də dəyişmədiyini görərsiniz. Mənə elə gəlir ki, Rafiq doğulandan əlində həkim çantası, gözündə isə indi taxdığı eynək olub və dəyişməyib. Rafiq yazılarında cəngavər, Vaqif İbrahimoğlunun prizmasından yanaşsaq, “skandalçı”, həyatda sadə, lap düzü, fağır insan təəssüratı bağışlayır. Əslində, onun prinsipiallığı millimetrlərlə ölçülür. Yazısının üstündə on-on beş dəfə işləyib kompüterçinin bağrını çatlatmasa, əl çəkməz. Yazıq xəstələr indi Rafiqin bu vasvasılığından nələr çəkir, bunu özləri bilər.

 

Bu yazını istəsəm də, istəməsəm də, Rafiqin üslubuna uyğun yazdım. Varın verən utanmaz. Rafiqin özü demiş, iştə bizim də qazancımız istedadlı dostlar haqqında bir kaç kəlmə yazıb can qurtarmaqdır. Hədiyyəsi – eləcə bizim quru sözlərimizdir...

 

Avropa, “Palitra”, 12.08.2000

Digər xəbərlər

Hayıf, övlad da qocalır

Bir neçə anlıq macəra

Ekspert Bakını Rafiq Tağıya görə İrana nota verməyə çağırır

Qan Turalı: Rafiq Tağının Sabirə münasibəti diletant, vəziyyəti gülüncdür

Sərili paltarlara baxan

Şərhlər