Rasət Pirisoy: "Rafiq Tağı ağrısı, axtarışı və müharibəsi"

Tarix: 25-03-2015 10:48
Baxış sayı: 919

 

 

Mirzə Ələkbər Sabir Azərbaycan şairidir.  O,  «Füzüli  kitabı»nın nümaynədəsi kimi yazanda da  Azərbaycan şairi olub, «Axundov kitabı»nın nümaynədəsi kimi çalışanda da.

Mən  Rafiq Tağını da Azərbaycan yazıçısı hesab edirəm.

Elə buna görə də Rafiq Tağının Mirzə Ələkbər Sabirə «elan elədiyi müharibəni» narahatlıqla izləyirəm.

Doğrudur,  Rafiq Tağının bir Azərbaycan yazıçısı kimi mövzusu  (və mövzuları)  Mirzə Ələkəbər Sabirin  mövzusu  ( və  mövzuları) qədər aydın, dəqiq və «görünən»  deyil.

Bunun da çox sadə səbəbi var.

Sabir  sistemli ədəbiyyatın nümayəndəsidir,  Rafiq Tağı isə impulsiv ədəbiyyatın

Bu gün Azərbaycanda əslində ortada olan da elə  impulsiv ədəbiyyatdır.

Yəni kim necə ağrayırısa, eləcə də yazır.
 
Kim nəyi düşünürsə, onu da deyir. 

Bir çoxunu nəinki  mövzu,  heç sənətkarlıq məsələləri də maraqlandırmır.

Sistemli düşüncə bu günki Azərbaycan yazıçıları üçün xarakterik deyil. 

Bu günki Azərbaycan yazıçıları üçün impulsiv reaksiya xarakterikdir.

Onlardan ən  populyarı da  Rafiq Tağıdır.

Bu, Rafiq Tağının Həmid  Herisçiyə münasibətində də özünü göstərdi.

Rafiq Tağından fərqli olaraq Həmid Herisçi sistemli düşüncəyə meyl göstərən yazıçıdır.

Mən bu yazıda  Rafiq Tağı ilə Həmid Herisçi arasındakı mübahisəyə toxunmaq istəmirəm. 

Bu, ayrı söhbətin mövzusudur.

Məni maraqlandıran Rafiq Tağının Sabirə münasibətidir.

Rafiq Tağının Sabirə bu cür münasibəti gözlənilən idi.

Çünki Rafiq Tağı vaxtı ilə  Mirzə Cəlilə də bu cür hücum etmişdi.

Mən o vaxt yazmışdım ki, Rafiq Tağının  Mirzə Cəlilə hücumunda təhlükəli heç nə görmürəm, həm də demişdim ki,  dahiləri toxunulmaz olan millətlərin günü qara olur,  eləcə də qeyd etmişdim ki,  Rafiq Tağı Mirzə Cəlil  təcrübəsi əsasında işləyən yazıçıdır,  tamamilə «Axundov kitabı»nın nümayəndəsidir. 

Həm də düşünmüşdüm; Rafiq Tağı «öz həmkarlarına» niyə və nədən vaxtaşırı hücumlar edir?

Mənə elə gəlir bunun bir çox səbəbi var.

Bu səbəblərdən biri  Rafiq Tağının  Azərbaycan yazıçısından həddindən artıq çox şey ummasıdır. Bu da təsadüfi deyil.

Azərbaycan ədəbyyatı tarixində ilk dəfə belə bir iddiaya Mirzə Fətəli Axundov düşüb.

Mirzə Fətəli Axundov təkcə yazıçı deyildi, o,  həm də ictimai və siyasi xadim  idi.

Bir yazıçı olaraq  Mirzə Fətəli Axundov konkret proqram əsasında işləyirldi. Bu proqramın adı maarfiçilik idi.

1918-ci ildə  Azərbaycanın dövlət müstəqilliyi əsasən və məhz bu proqramın nəticəsi kimi meydana çıxdı.  «Əsasən və məhz»  ona görə deyirəm ki,  Azərbaycan Xalq Cümhuriyyətinin təkcə maarfiçilik hərəkatının  nəticəsi kimi  yarandığını demək sadəlöhvlük olardı. Bu prosesdə bir çox ideyalar,  cərəyanlar, siyasi proqramlar, təcrübələr, xalq, müxtəlif  dövlətlər,  o cümlədən  zəruri  tarixi məqaməlar da iştirak edirdi. 

İndiki Azərbaycan Respublikası da  Azərbaycan Xalq Cümhuriyyətininin resursları  əsasında fəaliyyət göstərir.  Amma indiki Azərbaycan cəmiyyəti üçün bu resurslar bəs etmir.

Dünya çox dəyişib. 

Bu dəyişiklik Azərbaycanda kütləvi şəkildə hiss edilir. Amma bu dəyişikliyi Azərbaycanda qəbul etmək istəyənlərin sayı çox azdır.

Klassik Azərbaycan çox rahat bir məkandır.

Bu dəyişikliyi hiss edənlərədən biri də Rafiq Tağıdır. 

Rafiq Tağı təkcə bu dəyişikliyi hiss etmir, həm də cəmiyyətə alternativ yaşam tərzi təqdim etməyə çalışır.

Amma Rafiq Tağı bu iddasını  reallaşdıra bilmir.

Rafiq Tağının  bütün ziddiyyətləri də burdan gəlir.

Bu, bizim böyük əksəriyyətimiz üçün xarakterik olan ziddiyyətlərdir.

Mənə elə gəlir Rafiq Tağı Mirzə Cəlil, Ə. Elçibəy, Heydər Əliyev, Məhəmməd peyğəmbər haqqında yazanda bu hissin  təsiri altında olub.

Onun həmkarlarının Füzulini rədd  etmək  cəhdinin arxasında da bu iddia dayanır.

AYB və AYO  qarşıduramısını  müasir Azərbaycan ədəbiyyatının başlaca problemi hesab edənlər də məhz belə bir  çıxılmazılığın içərisində çırpınan adamlardır.

Halbuki biz bir azərbaycanlı olaraq özümüzdən əvvəlki azərbayanlıların təcrübəsinə təzə heç nə əlavə edə bilməmişik. Yaxud  öz təcrübəmizi Azərbaycan maarfçiləri kimi böyük ictimai hərəkata çevirə bilməməişik.

Başqa sahələrdə bunun niyə belə olduğunu izah etməyi mən boynuma götürmək istəmirəm.

Amma Azərbaycan ədəbyyatında bunun niyə belə olduğunu  anladığım şəkildə  izah etməyə çalışacağam.

Bunun  sadə, həm də çox mürəkkəb və ciddi səbəbi var.

Biz yazıçılar artıq yarım əsrə yaxınıdır ki, Azərbaycan ədəbyyatını  yenidən qiymətləndirə bilmirik.

Azərbaycan ədəbyyatı isə belə bir zərurət qarşısındadıdr.

Bu, tarixin sifarişidir.

Bunu Azərbaycan ədəbiyatının, o cümlədən  mənsub olduğu Azərbaycan xalqının, ən əsası isə Azərbaycan insanının  problemləri zəruri edir.

Azərbaycan ədəbiyyatında ən azı iki böyük qiymətləndirmə hadisəsi baş verib.

Artıq Azərbayan dövlət müstəqilliyi  qazanıb.

20 ilə yaxınıdır biz müstəqil dövlət kimi yaşayırıq.

Halbuki təqribən yüz il əvvəl Şərqdə ilk dəfə təkcə müstəqil dövlət kimi deyil, həm də müstəqil bir cəmiyyət kimi meydana çıxmışdıq,  müsəlman dünyasında bir-birindən maraqlı mədəni, ictimi, siyasi   layihlər  həyata keçirirdik.

İndi müstəqil dövlətik.

Amma müstəqil cəmiyyət deyilik.

Bir müstəqil millət, müstəqil cəmiyyət kimi meydana çıxacağımız  heç üfüqdə də görünümür.

Bunu hamıdan çox Azərbaycan yazıçıları hiss edir.

Ona görə bu gün Azərbaycanda yazıçı hərəkaıtı belə geniş  vüsət alıb.

Hətta  Azərbaycanda  siyasi elitanın nümayəndələri də yazıçılıqla məşğul olmaq işinə  girişib.

Azərbaycan ədəbyatını  ilk dəfə bütün miqaysı ilə Mirəzə Fətəli Axundov qiymətləndirib.

Mirzə Fətəli Axundov Azərbaycan ədəbyyatını idioloji dayaqlarından tutumuş sənətkaralıq məsələlərinə qədər  çox böyük müstəvidə nəzərdən  keçirib.

Nəticədə bu,  Azərbaycan ədəbiyyatı tarixinə ilk inkar hadisəsi kimi düşüb.
 
İyirmi il  əvvəl «Füzuli, Mirzə  Fətəli Axundov və sonrakı Azərbaycan ədəbyyatı» adlı yazım olduğu üçün mən burda bu mövzuya yenidən qayıtmaq istəmirəm.

Biz Mirzə Fətəli Axundov inkarını çox bəsit şəkildə başa düşürük.

Mirzə Fətəli Axundov özündən əvvəlki ədəbiyyatı təkcə  inkar etmirdi, həm də yeni ədəbiyyat yaradırdı və bu ədəbiyyatı həm də izah edirdi.

Nə istədiyni deyirdi.

Öz əsərləri ilə oxucusu arasında körpü qururdu.

Oxucu Mirzə Fətəli Axundovun əsərlərini  Füzuli oxucusu kimi deyil, məhz Axundov oxucusu kimi  oxuyurdu.

İkinci qiymətləndirmə  sovet dövründə baş verib.

Sinfi  xarakter daşıdığından bu qiymətləndirməni ədəbi  hadisə hesab etmək bir qədər çətindir.

Bu qiymətləndimə  Axundovda olduğu qədər Azərbaycan hadisəsi deyildi.

Amma hər halda qiymətləndirmə idi. Məsələn, sovet qiymətləndirməsi Füzulini «xırda feodal şairi» hesab edirdi.

Bu qiymətləndirmənin nəticəsi kimi Azərbaycan Yazıçılar İttifaqı yarandı. İndi sovet yazıçıları  kimi təqdim olunan çox maraqlı yazıçı nəsli meydana çıxdı.

Artıq  iyirmi ilə yaxıdır ki, Mirzə Fətli Axundovun təkbaşına gördüyü işi bizim nəhəng yazıçılar ordusu heç cürə görə bilmir.

Bunu hətta Prezident Aparatında da hiss edirlər.

Mən Prezident Aparatının rəhbəri  Ramiz Mehdiyevin son illərdəki Azərbaycan ədəbiyyatı ilə bağlı səsləndirdiyi məlum  fikirləri bu qəbildən hesab edirəm.

Amma bunun əvəzində  özümüzü dünya ədəbiyyatı ilə ovutmağa çalışırıq.

Tərcümələr edirik.  Tərcümələri  Azərbaycan yazıçılarının əsərləri ilə müqaysə edib bu fikrə gəlirik ki, təzə nəsə tapmışıq.

Bu hissin təsiri altında Füzuliyə barmaq silkələyirik.  Sabirin yaradıcılığını uğursuz hesab edirik.

Əslində isə biz bir yazıçı olaraq öz mövzularımızdan uzaqlaşırıq.

Bu mövzuları təkcə biz yox,  həm də klassiklərimiz müəyyənləşdirmişdi.

Sənətkarlıq məsələlərini arxa plana keçiririk.
 
Sənətdə çox vacib olan bir  amili -  elitarlığı itiririk

Yazıçı yazıçılığın ən vacib  prinsiplərindən biri olan obrazlarla düşünmək səriştəsini yadırğayır.

Oxucu ilə  yazıçı arasında uçurum dərinləşir.

Nəticədə isə ortaya  Rafiq Tağı ağrısı, axtarışı və  «müharibəsi» çıxır.

Digər xəbərlər

«Article 19» Rafiq Tağı və Samir Sədaqətoğlunu dərhal azad etməyə çağırır

Siyasət və mən

Yazıçı Rafiq Tağının Kulis.az-a müsahibəsi

Rafiq Tağının kulis.az-a müsahibəsi

Tehran Əlişanoğlu - “XX yüzilin son hekayələri”ndən Rafiq Tağının hekayəti

Şərhlər