Avropa və biz

Tarix: 25-03-2015 11:24
Baxış sayı: 2109

 

“Şərq-Qərb araşdırmaları” silsiləsindən

Avropa coğrafi məkan kimi də yox, mənəvi-əxlaqi areallıq baxımından, bəşəriyyəti həmişə düşündürüb. Çünki Avropa dəyərləri əslində bütün bəşəriyyətin uğurudur və heç də avropalıların təkəbbürünə səbəb olmamalıdır. Hərçənd əfsus, bu təkəbbür vaxt-bivaxt özünü göstərir, hətta cisimləşərək faşizm timsalında, ya militarizələşmiş aqressiv millət tərzində ortaya çıxır.

Əlbəttə, faşizm Avropanın bağışlanmaz səhvi idi.

 

Azadlıq və humanizm ideyaları, sən demə, Avropada yaranmış, yalnız burada işlək və realdır. Mənəvi postulatları bu ideyalarla üst-üstə düşdüyündəndi ki, xristianlıq Avropada oturuşmuş hala gəlib. Başqa heç bir din Avropada yeriməz, intişar tapa bilməz. Avropa başqa dinlərin, o cümlədən islamın yalançı humanist ideyalarını həmişə rədd edib və edir. İslamda əxlaq hoqqabazlıqdır; ondakı humanizm inandırıcı deyil. İslam humanizmi meyarları hətta əzbərlədiyimiz-öyrəşdiyimiz dialektik materialist tənqidlərə də tab gətirmir. İslam Şərq despotizmi tipindədir və yalnız despotizmin modifikasiyalarından biri sayıla bilər. İslam Avropada heç vaxt mənəvi imperativə çevrilməz; buna qadir deyil. Onu Ottoman imperatorluğunun çiyinlərində bütün Avropada tabut kimi gəzdirdilərsə də, qoymağa yer tapmadılar. Yenə gətirib Şərqdə – üzü qibləyə yerləşdirdilər. İsa Peyğəmbərə tapınan kəs heç vaxt Məhəmməd Peyğəmbərə burun silməz. İsa Peyğəmbərlə müqayisədə müharibə fətvalarının atası Məhəmməd Peyğəmbər, sadəcə, qorxunc bir məxluqdur. İslam Avropada olsa-olsa xırda demoqrafik addımlarla irəliləyər. Bəlkə elə də ölkə olar ki, orada islamı tək-tək fiziki şəxslər, ya inkoqnito yaşayan terroristlər təmsil edər.

Avropa Şərqin əlindən çıxmış imkanıdır. Şərq insan azadlığını dərk etmədi, yaxud bunu istəmədi. Şərqdə insan azadlığı bir problem olaraq ən axırıncı yerlərdə sürünür. İctimai-sosial azadlıqları əlindən alınmış insana qaranlıq islam təriqətləri səviyyəsində illüzor xoşbəxtliklər vəd edilir. Fəlakətlərlə süslü cənnət yolu sosial bataqlıqlardan çıxış yolu kimi göstərilir. İslam Şərq ölkə strukturlarında riyakar iş prinsipləri doğurmuşdur. Tabular sistemi Şərqi büsbütün fiaskoya uğradır, ondakı olan-qalan işıqlı ictimai ideya və fikirləri də yararsız hala salır. Baxın, islam dünyasında din alimliyi bu tabuların ancaq çoxaldılması və onların getdikcə təkmilləşdirilməsindən ibarətdir.

Qərb həmişə dialektik, Şərq isə metafizik durumdadır. Şərq metafizik ictimai durumunda ancaq yalançı tərəqqi görüntüləri mümkündür. Qərbin irəli sıçrayışları fonunda Şərq geriyə hoppanırmış kimi görsənir.

Azərbaycanın dünyəvi dövlət quruculuğundakı bütün cəhdləri Avropa təsirindəndir. Bu səmimi cəhdlərində Azərbaycan xalqı Avropa ailəsinin həqiqi üzvü olduğunu tam sübut edir. Islam ölkələriylə dövləti münasibətlərimizsə darıxdırıcı və candərdidir, diplomatikcə-saxtakarcadır. Düşünər insanlarımız tərəfindən islam Azərbaycanda məcburi-zəruri bir Şərq əlaməti, zor qalığı olaraq qavranılır. Tarix boyu, ən azı ən yeni tariximizdə, Azərbaycan dövlət başçılarının islama “səmimi” münasibətləri də əksərən qeyri-səmimi “taxt-tac” maraqlarından irəli gəlib. Onlar üçün müsəlmanlar daim aşılması vacib əngəllər sırasında olub və sadəcə, seçici təbəqəsi kimi əhəmiyyət kəsb edib.

Mən nə qədər Roma Papasıyamsa, Azərbaycan dövlət başçıları da bir o qədər müsəlman olublar.

Azərbaycan türkü hətta İrandakı qatı şiə-islam rejimində belə avropalı olaraq qalır. Fikir verin, Güneydən mühacirətimiz də əsasən Avropayadır. Bu psixoloji özünütanıma sübutsuz-izahsız özü hər şeyi deyir; ondan maksimum bəhrələnmək gərək. Açığı, xarakterindəki Şərq ünsürləri mahiyyətcə avropalı olan azərbaycanlıda yabançı bir şey, mən deyərdim, qüsur kimi gözə girir.

Şərqliliyi azərbaycanlının dəyərlər sisteminə heç nə əlavə etmir.

Rusiya da özünü Qərbdən ayırmaq istəmədi; Qərbdən mütəmadi hərbi təcavüzlərə məruz qalsa belə. I Pyotr gah nala, gah mıxa vurmadan, sözünü inamla və qəti dedi. Onun Avropanı Rusiyaya calaq cəhdləri tam baş tutub. Rus mədəniyyəti, rus ədəbiyyatı büsbütün Avropanın yetirməsidir.

Dünya dövlətlərinin hamısı, axtarsan, bu, ya digər dərəcədə azadlıq interpretasiyalarıyla məşğuldur. Onlarda insan haqları problemi Avropanı düşünərəkdən, onun nümunəsində müzakirəyə qoyulur. Çünki yalnız Avropa dəyərləri qaçılmaz tərəqqi faktorudur. İnsan haqları bir ictimai Avropa ixtirasıdır və yalnız Avropa modelində məqbuldur.

Avropa mədəniyyəti bəşər xislətindəki vəhşilikləri rəf etməyi bacarıb. Cinayətlər minimuma endirilib; artıq bu yaşam amilinə ehtiyac qalmayıb. İnsan Avropa məkanında ilk öncə özünə qalib gəlib, Şərdən maksimum uzaqlaşa, Xeyirə maksimum yaxınlaşa bilib. Keçməyinə Avropa da qanlı inqilablardan keçib, lakin artıq təcrübələnərək hamıdan əvvəl, yenə ilk olaraq özü onlara yox deyir.

İnqilablardan imtina Qərbin Şərqdən üstünlüyüdür.

Yalnız sosial-siyasi inqilablara ehtiyac qalmayan cəmiyyətlər gözəldir.

Yeri gəlmişkən, Amerika və Cənub-Şərqi Asiyadakı elmi-texniki sıçrayışlar da Avropa elminin törəməsidir. Avropa olmasaydı, dünya bəlkə hələ yenə bu qənaətdə olacaqdı ki, Günəş Yer ətrafında fırlanır. Şərq bəlkə yenə elə hesab edəcəkdi ki, Yer öküz üzərində bərqərardır.

Avropa ağrılı mənəvi-etik, tarixi-fəlsəfi araşdırmalarını artıq yekunlaşdırmış, onları lazımi-layiqli, faydalı kondisiyaya çatdırmağı bacarmışdır. Bu gün Avropa insanı çoxəsrlik axtarış və düşüncələrinin bəhrəsini görməkdədir. Çünki bu axtarış və düşüncələr həmişə daha çox praktik yönlü, realistik və məntiqli olmuşdur. İnsanın real həyatı yalnız məntiqi əməllərlə var olur. Qeyri-məntiqilik ağıldan kəsirlik və gərəksizlikdir. Məntiq ağlın ən vacib atributudur. Şərq insanının düşüncələri sanki yaşam üçün deyil; bilmək olmur da nə üçündür. Avropa filosofu Şərq filosofu kimi oyunbazlıq etmir, özünü sufiliyə, yaxud gicliyə-səfehliyə vurmur. Bəli, Şərq filosofu təmizcənə aktyordur, onun bütün fəaliyyəti ideya adına uydurmalarla miniatür naxışlıdır. Şərq filosofu söz demək xatirinə söz deyir. Məqsəd-yol ya məlum deyil, ya da hədsiz mücərrəddir. Hər halda, məram insanın ağzını axirətə dirəməkdir. Şərq filosoflarının məktəbi islamdaxili məhdud düşüncələr sistemidir. Şərq filosofu olsa-olsa islam missioneri rolundadır. Demək gərək, islamla bağlılıq filosof üçün hələ heç də fəzilət deyil.

F. Nitsşe yaradıcılığı məhz dindən uzaqlığında gözəl idi. Fyodor Dostoyevskidəsə dinlə bağlılıq nə qədər cazibədar görünürsə də, bu onda vacib deyildi. Xristianlıqdan kənar Dostoyevski daha maraqlı, daha fundamental olacaqdı.

…Şərq-Qərb müqayisəli təhlilləri əksərən qısqanclıq və dözümsüzlüklə, bəzən də şiddətli basqı və təpkilərlə qarşılanır. Qəflətən qurtardığım bu yazı da bütün basqı və təpkilər göz önünə gətirilərək yazıldı. Üstəlik, deyirəm: hələ ardı var.

2006, oktyabr

 
 

Digər xəbərlər

Tehran Əlişanoğlu – Bizdə “şeytan ayələri”

Rafiq Tağı ilə Arzu Abdulla söhbətləşdi

Rafiq Tağının kulis.az-a müsahibəsi (3) Rafiq Tağı kulis.az-a verdiyi bu müsahibədə ədəbiyyatdan başqa bütün mövzularda danışır...

“Azərbaycan siyasətində aryerqardçı düşüncələr” Konspekt.

Elmin Həsənlinin Rafiq Tağı ilə söhbəti

Şərhlər