Komediya-satira dairəsi (yarıabsurd).
(Yüzildaşım Tehran Əlişanoğluna)
Ölkəmin pat vəziyyətində mən özümə mat qalmışam: yaşadığım faciələr, yazdığım
komediyalardır. Komediya məndə faciənin əlaməti kimi üzə çıxır. Məndə yüksək
qah-qah dərin vah-vahdan doğur. Üzümdəki faciə xətləri tarıma çəkiləndə komik
mənzərələr alınır. Komediya faciə neqativindən aşkarlanan pozitivdir. Qardaşlar,
dünyada komediyalar faciələr çoxaldıqca çoxalar. Ən komik situasiya yəqin Nuh
tufanı zamanı olub. Nuh haqqında əfsanə özü də komik tərkiblidir. Hələ təzə Nuh
tufanlarındakı yüksək faciələrdən doğulası yüksək komediyalar qabaqdadır.
Qardaşlar, mən güləndə siz həmişə ağlayacaqsınız! Mənim gülüşlərim yüksək
əyarlı faciələr səbəbindəndir. Üstəlik, onsuz bəşəriyyətdə gülənə ağlamaq ənənəsi
həmişə olub.
Məhərrəmliyin şaxsey-vaxsey günlərində komediya duyulmadığından, mən VII
yüzildəki faciənin dayazlığı gümanındayam.
Ah, tarix Azərbaycanda təsadüfi xətlər üzrə təşəkkül tapdı...
Bəli, satira millətin yetkinliyinə dəlalət edir. Təzə millətlər bədiiyyat yoluna
romantik-patetik ruhda qədəm qoyur. Satira sonrakı, bəlkə də sonuncu
mərhələdir. Avropada cəngavər ruhlu ədəbiyyat olub keçəndə onun yerini satira
tutdu. Bütün ədəbi yönümlər gec-tez satiraya gəlib çıxır. Axı, həm də satira bəşər
naqisliklərinə münasibətdə çox məntiqidir. Satira və bəşər xisləti həmahəngdirlər.
Avropada ilkin satirlik ədəbiyyat nümunələri qədim Elladada – yunanların yüksək
mədəniyyəti fövqündə ortaya çıxdı. ən yüksək mədəniyyət nəhayət, özünü satira
ilə təzahür etdirdi. Satira yüksək mədəniyyətin qaçılmaz əlamətidir. Şahlar-krallar
məhz qorxduqlarına görə satiranı aşağı sortlu ədəbiyyatlar sırasına qoşmuşdular.
Həyatda faciə ədəbiyyatdakından, ədəbiyyatda komediya həyatdakından dərin
olur. Odur ki, satira ədəbiyyatın əsilliyi ölçüsü sayıla bilər. Satira millətin özünə
nəzər qılma qabiliyyətidir; faciədə bu xüsusiyyət yoxdur. Satira faciədən
müdrikdir. Satira onu yaradanda əxlaqın ucalığına dəlalət edir; faciədə bu tanıtma
xüsusiyyəti yoxdur.
Faciələrini oxuyub-gördüyümüz Şekspirin mənəviyyatı haqqında təsəvvür əldə
etmək mümkün iş deyil. Rus xalqı özünü passionar Aleksandr Nevski ilə
tanımışdısa, N.Qoqolda yetkinliyə çatmış oldu. N.Qoqol təzahürü XIX yüzil "qızıl"
rus mədəniyyətində təsadüfi yox, zəruri idi. M.F.Axundov və C.Məmmədquluzadə
satirası Azərbaycanın keçmişində parlaq mədəniyyət olduğunu sübuta yetirdi.
Satira ilham pərisi qanadlarında yerə sinirsə də, həmin yer büsbütün mədəniyyət
daşlıqlarından ibarət olur. Yalnız satiraya dözümlü cəmiyyət demokratiya yolu ilə
gedə bilər.
Ancaq bunlar heç.
***
Qardaşlar, mən dərdlini həmişə zarafatcıl görmüşəm. Azərbaycanda ən zarafatcıl
insanlar qaçqınlardır ki, həyatsevər bədənlərindən daim tər çeşmələnir. Artıq
bəni-insan qoxulu tər mənim üçün həyat rəmzinə çevrilib. Artıq Amerikada olsam
da, tər mənə Azərbaycanvari həyatı xatırladacaq və məni olum-ölüm dilemması
qarşısında qoyacaq. Onu deyim ki, mən dilemmalardan cana doymuşam, ancaq
onların ən fəlsəfisi və abırlısı yenə olum-ölümdür. Qardaşlar, mən daha təkcə
fəlsəfi şeyləri xoşlayıram – boranının da həmişə Sokrat başına oxşayanını seçirəm.
Bəli, qaçqın heç vaxt intihar etməz. Azərbaycan qaçqını həmişə erotik-seksual və
politik urapatriot ovqatlıdır. Özü də onların qocaları "bu dəqiqə" əlinə silah alıb
düşmən qabağına çıxan olur; cavanların müharibədə nə işi... Azərbaycanda cavan
qocalanacan "ana balası" olur.
Vaxtında dövlət qurmağa barmaqarası baxmış mağmun insana qaçqın deyilir; mən
onu heç vaxt müqəddəs tutmayacağam.
Azərbaycan qaçqınlarının keçmiş adı "xalq" olub; onlar yalnız diktator törətməyə
qadirdirlər. Bu cür kütlə ana kimi ən çox öz eybəcər balasını – diktatoru çox sevər.
Şairi qaçqınına beynəlxalq təşkilatların puluna şeir oxuyan millət bədbəxtdir.
Çörəyi alverdən çıxan millətin taleyi puçdur. Mən təbilimi Azərbaycan xalqımın
gələcəyini qaranlıq gördüyümə görə çalıram. Yoxsa dəli deyiləm ki... Ya işim-
peşəm yoxdur?.. Yüz illər boyu Azərbaycanın qaranlıq gələcəyini daltonikcəsinə
işıqlı görənlərin öncəgörənlikləri fıs çıxdığı kimi, indikilərin öncəgörənlikləri də fıs
çıxacaq. Qarabağ ekskursiyalarla geri alınmaz. Qardaşlar, "fıs" bizim stixiyamızdır.
Azərbaycan qeyrət haqqında təsəvvürlər ölkəsidir. Azərbaycan qeyrətin "qiryət"ə
transformasiya olduğu torpaqdır. Azərbaycan əlacı göylərdə olan puç bir "qiryət"
poeziyasına mübtəladır. Qardaşlar, qəhrəmanlıq dastanlarını yalnız bizim kimi
qeyri-qəhrəman xalqlar yarada bilir. Mifologiyalarda saxtakarlıq güclüdür.
Çeçenlərdə hər hansı qəhrəmanlıq dastanı yadıma gəlmir. Çeçen xalqı keçmişi və
indisi real qəhrəmanlarla zəngin olduğundan, qəhrəmanın mifolojisinə ehtiyac
duymur. On qazan plovu birdən aşıran qastronomik mifik qəhrəmanlarla dolu
millətin real tarixi qələbəsiz olar. Azərbaycan hərbi qələbələr görməmişdir. Ona
min güclü şairdənsə, bir-iki ölüvay sərkərdə daha gərəkli olardı. Bir şərtlə ki, həmin
ölüvaylar da illuzor qələbələrlə baş qatmayalar. Dünyada ali baş komandanları
sonradan satirik obrazlara çevirən yeganə ölkə Azərbaycandır. Azərbaycan
xalqının könül verdiyi hər növ qəhrəman sonra həmişə fıs çıxıb. Mən deyərdim ki,
fıs sözünü haçansa yaratmış adsız insan mütəfəkkir olub. Sözə bax: f-ı-s... Fıs.