Azərbaycan Türklərində Esxataloji Duyum
Müsavat
Zaman kəşf ediləndə ondan yararlanası olduq. Başqalarının bu tapıntısı elə
xoşumuza gəlib, indinin özünəcən bədii ədəbiyyatda onunla əylənirik. Onun
sayəsində keçmişlə gələcəyi ayırd etmişik. Gələcək əslində esxatoloji məfhumdur.
Gələcək, dirilərin fərdi və qlobal faciələri ilə ağızbaağız doludur. Esxatoloji faciələr
əskilən deyil. Statik cəhənnəmin cəhəngləri daim açıqdır: cənnətə də ki, yalnız ona
məhkum olunanlar düşür. Nuhun tufanları təkrar-təkrar əsəcək, lakin daha xilas
gəmiləri yırtıq sualtı atom qayıqları olacaq.
Azərbaycan türkü bir şərqli olmaqla çox da tərəqqinin fərqində deyil. Bizə
metafizik ruh hakimdir. Proqress yad bir şeydir, dialektikanın arxaik törəməsidir.
Belə ki, Şərq Avropanın lovğalandığı antik mədəniyyətəcən artıq ondan üz
döndərmişdi. Proqress Avropanın yeganə xilas şansıdır. Avropa saman çöpü kimi
ondan bərk yapışıb. Amma, bunda Şərqin gözünə xilaslıq bir şey görünmür. Həm
də sonucda Şərq haqlı çıxıb: təbii ölümlər azmış kimi, proqress üzündən nüvə
ölümləri konsentrasiyaları dünyaya göz ağardır. Hər halda Avropa ağıllıcasına
proqressi xoşbəxtlik açarı bilir, qoy bilsin. Şərqliyə isə o, şahmat kimi də yox, nərd
kimi, ya kef-damaq üçün gərəklidir. Dialektika esxatoloji faciə düyümünü artırır
deyə, onu atmışıq gedib. Biz heç vaxt öz təşəbbüsümüzlə elmi-texniki tərəqqiyə
meyl eləmədik. Sanki, əvvəlcədən bilmişdik ki, bəşəriyyət bundan haçansa
peşiman olacaq. Heç bir inkişaf elementi, insanı xoşbəxtliyə çatdırmır. Azərbaycan
türkü təbiətin verdiklərini maksimum sayır, elə ona da şükürlüdür. Başqalarına da
həmişə ilk növbədə can sağlığı arzu edir. Əlavə mədəniyyət inyeksiyaları bizim
üçün göydəndüşmə olub. Məsələn, islam, kommunizm.
Bizdə dünyəvi esxatoloji duyum rudiment formasındadır. Həmişə ən yaxın
gələcəklə məşğuluq. Zərdüşti xeyir və şərdən debilcəsinə əl çəkmirik. Belə primitiv
problemlər asan həll olunduğundan, həyatdan razılıq hissimizi artırır. Atom
qazanlarında bişəcəyimizi uzaq gələcəklər bizi maraqlandırmır. Uzaq gələcəklərin
çarəsini yəqin, başqaları tapar. Yəqin onda esxatoloji xilas payı bizə də ayrılar.
Hardasa beynəlxalq ədalət duyumlu, esxatoloji bəsirətli milli toplumların
mövcudluğuna inanırıq. Xristianlar deyir: İsa Məsih gələcək. Müsəlman ərəblərsə
Mehdi - Sahib əz-Zamanın zühurunu uydurub. Bunlar ən böyük esxatoloji
kəşflərdir. Biz də bunlardan güclü esxatoloji rebuslar uydura bilməyəcəyimizi
görüb susmuşuq. Gələcək bizdə fərdlərin ömrü uzunluğunda düşünülür. Bu
genetik kod nəsilbənəsil ötürülür. Diapazonumuz kiçikdir, özümüz kiçiltmişik.
Əsarətdə qaldıqca, bu sarət ömrümüzdən uzun çəkəcəksə, ona uyğunlaşır, hətta
onu sevirik. Azərbaycanda Sovet Rejimindən azacıq narazılığı qulağım çalmamışdı.
Stalin dövründə repressiyaya məruz qalanlarımız olubsa da, bu onların "günah"ı
üzündən yox, yuxarıdakıların patoloji şübhələri ucbatından baş verib. Lakin
"günəşli" Azərbaycan üçün də əhalinin sayına uyğun illik repressiya planları
qoyulurdu. Gör ki, neftimizi bircə günə də satmağa hazırıq: bizim üçün indi,
gələcəkdən əfzəldir. Gələcək sanki, ögəy övladdır, ona məhəbbətimiz səmimi
deyil. Axirət söhbətlərimiz tamam boşboğazlıqdır. Elə bil gələcəkdəki enerji
böhranları bizim ölkəyə toxuna bilməz: sanki neftimiz əbədidir. Esxatoloji faciələri
qavramırıq. Uzaq başı özümüzdən sonrakı nəslə quru bir ev saxlamaqla
kifayətlənirik. Ev təfəkkürümüzdə ki guya ən önəmli, əslindəsə ən primitiv
esxatoloji bir obyektdir. Əslindəsə onu da eqoistcəsinə "tikirik ki, izimiz qala".
Dünyanın axırına biganəliyimizi görən, öz keçmişimizə də laqeydliyimizi asanlıqla
üzümüzə oxuyar. Bu çağacan tariximizin ideoloji qayçılanmalarından ağrı
duymamışıq. Keçmişə soyuqluğumuz əslində esxatoloji bəsirətsizliyimizin tərs
üzüdür, yaxud bunların biri, digərinin əlamətidir. Zaman uzaqlıqlarına fantaziyamız
qanad çalmır. Bu qanad dalınca hətta gedər-gəlməzə də yollanmağına dəyər.