Eklektik fikirlər

Tarix: 13-06-2024 00:17
Baxış sayı: 177

Rafiq Tağı anadan olduğu və  öləcəyi illəri maraqsız bildiyi üçün demədi. Müxtəlif
zamanlarda dünyaya hekayət yazmağa gələn həkimlərdəndir. Klassiklərdən
çoxunun öldüyü yaşı keçib. Ruh şəklində dolaşan saysız nəsr kitablarından cəmi
ikisi çıxıb. Gördüyü işlərin onda doqquzunun izsiz-tozsuz itəcəyinə əmindir.

***
Rafiq Tağı

        Bəşər təfəkkürü eklektikdir- eyni vaxtda həm ölüm, həm dirim, yaşatmaq  və
öldürmək, “hərb və sülh” işlərilə məşğul olur.

***

        ...Manqurtluq keçmişi qoyub gələcəyə can atmaqda yox, gələcəyi qoyub
keçmişə can atmaqdadır. Gələcək heç də keçmişin üzərində qurulmur. Yalnız
keçmişin üzərində qurulmayan gələcək həmişə təzə olur. Onsuz da keçmişdən
götürülən dərs dayanıqsızdır; hər şey həmişə təkrarlanır. Elə olmasaydı, bəşəriyyət
çoxdan tərəqqiyə çatmışdı; ən azı müharibələr aradan götürülərdi. Tarix sanki
bəşərin ixtiyarındakı onsuz da cüzi vaxtın öldürülməsi üçün uydurulub. Ona
patoloji yüksək həvəs insanı reqressə düçar edir, hərçənd bu reqress zahiri
proqress əlamətlərilə bəzəkli olur. Tarix bəşəriyyətin mühafizəkarlığına baisdir.
Yəqin bəşər mənəviyyatı ayrı “inşaat materialları” ilə modullaşdırılmalıdır. İşğal
ənənələri də tarixdə çeşmələnir. Tarixi heç vaxt xoşlamamışam. Yalnız çox-çox
sonralar F.Nitsşedə oxudum ki, tarix ziyanlı şeydir. Amma “Nitsşedən əvvəl” buna
özüm diaqnoz qoyubmuşam. Əslində də tarix sanki fövqəlinsanların əməlləri
haqqında povestlər toplusudur. Həmin əməllərsə əsasən müharibələrdən
ibarətdir. Binayi-qədimdən yalnız tarix yada salınmaqla müharibələr qopub: bu,
fövqəlinsan yaradıcılığında əbədi ştampdır. Yer isə onun uğrunda gedən
müharibələrdən şübhələnmədən daim fırlanmağındadır. Fövqəlinsanlar əslində

qatı canilər, antiəxlaqi varlıqlardır: bizim  tərifli Teymurləng də, Napoleon da, bir-
birinə oxşar antipodlar Hitlerlə Stalin də. Sual oluna bilər: fövqəlinsan dünya
harmoniyasına can atır – bu, əxlaqi deyilmi? Cavab: ona qalsa, gəzəyən qadın da
mənhus əməllərini seksual müvazinət adıyla “əxlaqiləşdirə” bilər. Onu deyim ki,
Qərbdə, ya elə Rusiyanın özündə “ailə mütəxəssisləri” belə müvazinəti
alqışlayırlar. Ümumiyyətlə, fövqəlinsan mövcuddurmu? Əslində fövqəlpişik,
fövqəlcanavar olmadığı kimi, fövqəlinsanın da varlığı mümkünsüzdür.  İnsan vahid
bioloji növdür və olsa-olsa yalnız bu “növ” hədlərində nəyəsə qadirdir. Yəqin ona
görə və həm də təxminən bərabər yaratdığını bildiyindən, Allah hamını bir gözdə
görür. Allaha kosmopolit ruh xarakterikdir.İnsanın sosial həyatı bioloji notlarda
köklənib. Bazis biologizmdədir. Həyat bioloji boşqabda göllənib. İnsan
özünüsaxlama instinkti sayəsində apriori ölümə məhkum hər hansı kimsənəni
fetişləşdirməyə meyillidir. Allah çox uzaqda olduğundan və hər hansı faciə vaxtı
çox ləng  tərpəndiyindən , onun təxmin edilən qüdrətində və xeyli mobil bir qüvvə
uydurmaq lazım gəlir. Fövqəlinsan həmişə bizim mifləşdirilmiş birimizdir. Mif
sınarsa, yerində adi bir məxluq qalar : fanilik şahın da, rəiyyətin də həyatına
xasdır. XX əsrdə mifi sınmış “fövqəlinsan”ların nümunələrini özümüz görmüşük.

***

Bəşəriyyətin ən despotik uydurmalarından biri əxlaqdır. Əxlaq uydurulmasaydı,
insan toplumları başqa parametrlərlə bəlkə də xoşbəxtlik tapacaqdı. Amma
sözdəki əbədi əxlaq dominantı fonunda həqiqətdə onun yoxluğu min illər boyu
zəncirvari reaksiya şəklində ayrı-ayrı fərdləri məyus edib. İndiyəcən mədəniyyət
əxlaqa inam və sonrakı məyusluqdan yaranıb. Ondan ali olan yalnız dinlərdir ki,
onlar da çoxaldıqca etibardan düşdülər. Bir dəli quyuya bir daş atır, min ağıllı onu
çıxara bilmir. Haçansa bircə nəfərin təfəkküründə cücərən əxlaq ümumbəşəri
folklor nümunəsinə çevrilib. Lakin hər kəs ayrı-ayrılıqda bir vaxt bəşəriyyət
tərəfindən  varlığı kəşf edilən şeyin yoxluğunu “kəşf etmək”lə məşğuldur. Əslində
əxlaq ibtidai insanın ixtirasıdır, yəqin ona görə də daha sivilizasiyalı insanı qane
etmir, onu əsəbiləşdirir. Əxlaq yalnız tarixi əhəmiyyətli tapıntıdır – qədim insanın
zinətidir. Di gəl muzeylərdə çubuqla göstəriləsi şey hələ də müasir dünyanı dolaşır,
şeytan əməlləri şəklində büruzə çıxır. Əxlaq məhz faydalı olduğu üçün, özü də
maymaqlar tərəfindən uydurulub və insandakı praqmatikliyin ilk təzahürüdür.
Lakin sonradan bəlli oldu ki, əxlaq xeyirdən çox ziyan gətirir, ən əsası ömrü

qısaldır; hər halda onsuz insan uzun yaşayar, qocalmazdı. Qocalma atavizm
formasında əxlaqdan qalıb.

        Əxlaq ilk baxışda proqress əlamətidir. Bəşəriyyət onu “tapmaq”la sanki bir
addım irəliləyib. Əfsus ki, yalnız bir addım, iki yox. İkinci addımın atılmaması artıq
tənəzzül sayılmamalıdır. Məhz elə bu bircə fakta görə insan ilahiləşdirilməyə layiq
deyil; onun fantaziyası dar fəzalarda “cövlan” edir. Görmək istəyən hər bir kəs
insan təxəyyülünün hüdudlarını açıq-aydın görə bilər. İnsan hələ qul olmaq üçün 
ehtiyatda saxladığı, qul olmağa son ümid yeri bildiyi Allahı belə düşmanlı,
mücərrəd təsəvvür edir.

***

        Boris Yeltsin fantastik coğrafi səhnədə əxlaqi bir rol oynamışdı:
demokratiyaya sevgi imitasiyasını əsl sevgiyə bərabər səviyyədə göstərə bilmişdi.
Xalq isə belə gözbağlıcaları xoşladığından, minnətdarlıq simvolu kimi ona taxt-tac
bağışlamışdı. Amma imperiya yalan-palanları Qafqaz məhək daşına toxunub çilik-
çilik oldu. Hətta hörmətli-izzətli rus demokratları sən demə “balaca Rusiya”
istəmədiklərindən (balaca olsaydı, onlar Rusiyadan bilmərrə üz döndərərdilər),
vaynax torpaqlarının keçən əsrdəki istilasına göz yummaqla öz riyakarlıqlarını
aləmə faş elədilər. Xoruzun quyruğu göründü. Sergey Kovalyovdan başqa bütün
rus demokratları Rusiyanın geniş coğrafi palazında oturmağa vərdiş eləyib. Onların
təfəkkürü giqantizmlə xəstə bir ölkənin vətəndaşlığı duyğusu ilə formalaşıb –
“kiçildilmiş” ölkədə heç cür yaşaya bilməzlər. P.Çaadayev demişkən, Rusiya
dünyanın altıda birində yerləşməsə, mədəni bəşəriyyət onu sevməz. Rus
demokratlarının da (antidemokratlarla hər şey aydındır) canına görünməzlik
qorxusu hakimdir. Ona görə də var güclərilə Çeçenistanı Rusiya “həbsxana”sında
saxlamağa çalışacaqlar. Hər halda Dumanı ali məclis saymaq qəbahət olardı.
“Demokrat”, “demokratiya” olmayan şeylər haqqında gəlişigözəl kəlmələrdir.
Amma “despot”, “diktator” real siyasətçi obrazlarıdır. Heç vaxt pələnglərin
“demokrat”ı olmur.

        Çeçen xalqı  hamımızın tanıdığı fani və biz dirilərin hələ tanımadığı haqq
dünyalar arasındakı sərhədləri “şəffaf”laşdırdı. Bu dünya kimi o dünya da onların

auludur. Çeçenlər yeganə xalqdır ki, mövcudluq amplitudası bu qədər genişdir.
Hər bir çeçen elə asan və  arxayın ölə bilir ki, deyirsən üç-beş günə diriləcək; sanki
ölümə ezamiyyətə gedirlər.

        Vaxtilə yapon əxlaqı fenomeni kimi kamikadzelərə, xarakiri edən şərəf
mücahidlərinə heyran olmuşdum. Belə hadisələr millətin sağlamlığı əlamətidir.
Ruslarda dekabristlər də bu mənada hörmətə layiqdir, lakin təəssüf ki, onların
“azadlıq aşiq”liyində kitablardan gəlmə elementlər çox idi. Biz on igidlikdən
doqquzunu qaçmaqda, birinisə gizlənməkdə görən Koroğlumuzu  plakat səviyyəli
qəhrəmana çevirmişik, özü də sən demə o təkcə bizim yox, bütün türk ellərinindir.
Tərbiyədə gopa çox yer verdiyimizdən, milli ruhumuz xəstədir. Orqanizm bizdə çox
əsas şeydir, torpaqların geri qayıtması naminə ayağımıza tikan batmasına da razı
deyilik, həmd-sənamız “xaric”ədir, Ostap Bender demişkən, “заграница
поможет”. Öz bədənimizə səcdəmiz bəlkə də bütpərəstliyimizdən qalıb. Biz ölüm
ayağında qəhrəmanlığımızdan peşiman olanıq. Ağrı hissimiz qeyrətimizdən
güclüdür; dərisi soyulmuş Nəsiminin “çürüyünü çıxarmaq”la öz yalanlarımıza
şübhəni artırırıq. Nə edəsən ki, bir milyondan  çox qaçqını görə-görə, zəkamız
alışıb-yanan rəngarəng şəhvətlərimizə üstün gələ bilmir və barı dünyanın gözü
qabağında bunu gizlətmək də istəmirik. Bəlkə də bütün bunlarda coğrafiyamız
günahkardır. Axı çeçenlərin Qafqazı ilə azərbaycanlıların Zaqafqaziyası bir-birindən
“çox uzaq” yerlərdir: Zaqafqaziya Qafqazın kölgəsində yerləşib.

        Amma C.Dudayevin fonunda “İliç lampası” kimi közərən siyasətçilərimiz
tamam şövqdən düşdülər. Həm də məlum oldu ki, biz qanun vahiməsi altında
məcburi müvazinətdə “dinc yanaşı yaşayan” məxluqlarıq. Yox, Allah bizim
timsalımızda heç də gözəl varlıq xəlq eləməyib. Allah Azərbaycan xalqını ilhamsız
vaxtında yaradıb.

***

        Günahımı etiraf etməliyəm: bəzən insanın ram edilməsi ideyasından vəcdə
gəlirəm. Mütləq azadlıq absurd şeydir. Mütləq azadlıqda bəşəriyyət antigözəllik
lavaları püskürür, insan yaradıcılıq pafosunu azadlıqdan qurtuluş yollarının
axtarışına yönəldir. Mənim yox, F.M.Dostoyevskinin sözləridir ki, azadlıq

dözülməzdir, bəşər azadlıqda kiməsə itaət, özü də hamılıqla itaət barədə fikirləşir.
Qərb azadlığında insanın bəlkə də yeganə gözəl hissi olan sevgi fiziologizm
səviyyəsinə enib. Azadlıq sevgi üçün yeyici, öldürücü təsirlidir. Bəlkə də Qərbdə
məhəbbətin dadı itib, yaxud elə orda da təbiət insanı ilk gənclikdə islami tərzdə
riqqətli sevgiylə oyadır, amma sonra hər şey azadlıq girdabında  sulfat
turşusundakı kimi əriyir. Məncə QİÇS (qanda immun çatmamazlığı
sindromu.rusca: SPİD) azadlığın iflası nişanəsidir. Milyon illər keçə, nə Məcnun, nə
də Leylidə QİÇS olmaz (əlbəttə, Leyli, Məcnun adlarını məcazi işlədirəm). Nuhun
tufanı azadlığın zirvəsində baş verib. Sodom və Homorra şəhərləri azadlıq
ucbatından dağılıb. Homoseksualizmlə lezbianlığa dözümlülük Avropa və onun
törəməsi olan Amerikada humanizm anlamında təzəlik sayılır. Əslindəsə, bu, əxlaq
qüsuru tirajını artırmaqdan başqa bir şey deyil. Siyasətçilərin iyrənc praqmatizmi,
çılpaq merkantil maraqları bu yolun yolçularından da rəvac umur. Sevgilərdə
qələbə naminə hamı hər şeyə hazırdır, hətta terrora da. Donuzdan bir tükü də
qənimət bilirlər. Hakimiyyət ehtirası önündə əxlaq kəpənək kimi gücsüzdür. Bəli,
Qərb azadlıq intoksikasiyasına uğrayıb, hətta protofaşizm dövründəki kimi koma
halı keçirir. Ona görə də müasir dünya siyasətində neofaşizm rəngləri get-gedə
artmaqdadır.

***

        ...Həyatda mənim şəxsi intibahlarım çox olub; indi onların həsrətindəyəm.
Mənim intibahlarım yenə cücərir, ancaq hələlik hakim siyasətdəki çirkab onları
artmağa qoymur.

        Şəxsi intibahlarımın haçansa cəmiyyətdəki intibahlarla üst-üstə düşməsi
arzusundayam.
 
 
                                                                                                                      1995, yanvar

Digər xəbərlər

Rafiq Tağı: " Bəlkə təklif edək: yazıçı yaşmaq da vursun?" söhbətləşdi Ayxan.

Faciə janrlı puplisistika

Üç dayıqızı

Qardaşxan Əzizxanlı Rafiq Tağı haqqında

Motsart çalınıb müstəmləkələrdə

Şərhlər