Habil-Qabil əhvalatı

Tarix: 13-06-2024 00:22
Baxış sayı: 166

Mən kurreyi-ərzə qətlgah deyiləm. Qətl özlüyündə romantik həyulalı bir hadisədir.
Düzdü, romantikanı qarlar kimi əsasən dağ başlarında görərsən, ancaq ətəklərdə
də olmamış deyil. Romantika həm dağ, həm də dağ ətəklərində qətlləri təxmin
edir. Qafqaz, ya onsuz tək bir Qafqaz deyil, padşahlar da onunla yadda qalır.
Padşahlar törətdikləri qətllərlə unudulmazdır. Hər bir qətl əbədiyyət məramlıdır.
Hökmfərmanlar qətlsiz unudulardılar. Axı onlar nə və nəçidirlər ki, unudulmayalar
da!
 
Bəşər tarixi qətllər siyahısıdır. Tarix martiroloji nəğmələr subyektidir. Şəxsən mən
onu bilməyi və bildiklərimi də unutmağı vacib saymışam. Mən hətta quyruq kimi
dalımca sürünən öz tarixçəmi də bir ucdan unuduram. Həyatımı get-gedə dumanlı
xatırlayıram. Həm də ta ötüb-keçən, olub-torbası dolan şeyi neynirəm: gözümü
qarşıdakı beş-üç ilə dikmişəm. Çifayda, qarşıdakı ömür də tarix şəklində çıxdaş
olub gedəsidir.
 
Tarix ölü zamanın kriminoloji təsvirindən ibarətdir.
 
Bu ölsün, qarışqa tarixçələri mənim üçün daha maraqlıdır, çünki onlar məzəlidir.
Deyirəm, keşkə qarışqa olaydım. İnanmazsınız, mən artıq məzəli olmayan heç bir
tarixi hərrəmirəm. Bu səbəbdən hətta məhərrəmliyin əksər günlərini sərməst
gəzirəm. Şekspir faciələrində əvvəl əsnəyir, sonra yatıram. Mən bəşər tarixi
əvəzinə bizim eradan əvvəldəki və elə bizim era qarışqalarının tarixini öyrənmək
fikrinə düşmüşəm. Mənim təzə şakərim xanəmdəki qarışqaların şəcərəsini
yapmaqdır. Qarışqa tarixi köləlikdən xali, hərçənd bir az hədər zəhmətlər tarixidir.
Di gəl, üzüm ayağınızın altına (salxımıyla), eşşək boyda insanın qarışqa ilə
münasibətində əksərən daban işə düşür. Məhz elə buna görə də hərdən az
qalıram əlimə keçən hər hansı insanın dabanını dibdən kəsim atam. Qarışqaları
yaşatmaq naminə insanların dabanları kəsilməyi layiqdir. Qardaşlar, dünyada
bizim kimisi yoxdur: başlarını qopartdığımız qurbanlara qarşı özümüzü heyvan
kimi aparırıq. Artıq Binə-Bakı “şunt” yolunu Kərbəla çölünə döndərmişik.

 
Padşahların mühafizəsi onlardakı qatilliklərdəndi.
 
Mənim həyatımda qətlə səbəb min cür hadisə olub. Di gəl, heç birini yerinə
yetirməmişəm: səbəb-nəticə dialektika qanunu mənim timsalımda işləməyib.
Məndəki humanizm dialektikanı istisna edib. Onu desəm olar, deməsəm olmaz ki,
humanizm məndə daim biqeyrətlik şəklində üzə çıxıb. Üzümə tüpürüblər –
dinməməklə özümü İsa peyğəmbərə oxşatmışam. Dünyadakı yalan-palan hüquq-
mühafizə sistemi məndə “matişgə”liyə rəvac verib. Həri, humanizm hər cür
məntiqə qarşıdır və onun qafqazcaya tərcüməsi binamusluqdur. Ümumiyyətlə,
Qafqaz komedik bir yerdir. Dağın biri üzündə bir xalqdır, digər üzündə digər.
Dərədə bir etnos taparsan, zirvədə - başqa. Dərədəki özünü zirvədəkindən heç də
aşağı saymaz. Bir xalqın xəncəri digərininkinə bənzəməz. Bir sözlə, dağa humanizm
xas deyil, əksinə bu şey ona yaddır.
 
Mənim intiqama gümanım qollarımdakı “qurbağa”larladır. Həm də mən
“qurbağa”larım həddində qeyrətliyəm. Əslinə qalsa, mən “qeyrət”lidən çox
başaşağıyam. Ömrüm boyu da başucalığımı başaşağılığımla qazanmışam. Millətim
də ancaq başaşağılığa yuxarı qiymət qoyur. Bizdə ağsaqqal yanında dinməməzlik
təcrübəsi var – ağsaqqal dəmdəməkidisə də.
 
Həri, qatillik bəşəriyyətin tanıtım nişanlarından biridir. Ozü də insanlar Habildən
sonra qatil olmuşlar. İlk peyğəmbərin nübar övladı əllərini qardaş qanına
batırmışdır. Bir növ, peyğəmbər tərbiyəsi uğursuz nəticələnib. Əlbəttə, bəlkə də
ona görə ki, Adəm peyğəmbərdə tərbiyə təcrübəsi yoxdu. Tərbiyə üçün hökmən
nümunə gərəkdir. Qatilə nifrət tərbiyəsi ilk qətldən əvvəl mümkün deyildi; bu
yalnız ondan sonra mümkün oldu. Anti-qətl pedaqogika tarixi Habil-Qabil
hadisəsindən bəri hesablanmalıdır. Mən özlüyümdə hər cür tərbiyəni uğursuz
təcrübə sayıram. Habil Qabili öldürməklə qətl ənənəsi qoyub getmişdir. Ənənə də
güvə kimi tərbiyəni yeyən şeydir. Dünyadakı bütün döyüş və müharibələr əslində
Habil-Qabil möhürlüdür. Hər hansı terror hadisəsində də bu mifolojidən bir
əlamət taparsan. Ancaq bunlar heç və elə sonra deyəcəklərim də.
 

Mən bəşər naqisliklərini öz qarabala “yatqaldala” millətimdə görmüşəm. Yayı
çəkib, sözü ox kimi onun səmtə uçurmaqdan törənən şeytani mənzərənin də
heyranıyam. Ox süzə-süzə nə qədər düz getmiş olsa da, hədəfə çatmayanda, bir
balaca ellips cızıb yerə düşür. Yer üzünə sancılan oxlardan meşələr göyərmişdir.
Ellips mənim üçün uğursuzluq rəmzidir. Şikarını tapan ox yalnız düz xətlə yadda
qalar. Ölümlər düz xətlərin ucundadır. Onu desəm olar, deməsəm olmaz ki,
zorlamalar da düz şeylərə hasilə gəlir. Düz xətlər əslində həyat uçurumlarıdır.
Mənim üçün düz əyridən həmişə irəlidir. Düz mişar kimi şey olmaqla əyrini asanca
kəsir. Qardaşlar, xatirinizdə hökmən düz xətləri saxlayın! Düz xətt düzlükləri,
həmçinin yağıya yağ kimi sancılan oxları təxmin edir. Döyüşlərdə aşağı Qafqaz
sıralarını ellipslərlə çənbərləməyə nə hacət!
 
Həri, uçurduğumuz sözlərdən qəzet tirajı dairəsində mütəmadi yaralar törənir.
Yaralardan dünyadakı gerçək qanlara paralel butafor qanlar axır. Ancaq sonra hər
şey üstümə əxlaq paradoksları tərzində qayıdır. Mən deklarativ əxlaqı əksərən
pozğunluqlar əlaməti kimi görmüşəm. Ümumiyyətlə, əxlaq pozğunların ixtirasıdır.
Gör ki, imperator Neron da özünü əxlaq mücahidi sayardı, adı “Əliqulu”ya oxşar
Kaliqula da.
 
…Burda hər şeyi xırp kəsirəm. Mən bu sözləri bayramlardan güclə göz açıb
yazırdım. Adıbilinməz təzə bir bayram başımın üstünü kəsdirəndə dilimi qarnıma
yığdım. Əlbəttə, Habil-Qabil əhvalatının bayram içrə xatırlanması biədəb çıxardı.
Tanıyanlar bilir, tanımayanlar bilsin, ədəb mənim həyat imperativimdir.
 
Müsavat, 22.06.1999
Konspekt

Digər xəbərlər

Prokurorluqdan Rafiq Tağı ilə bağlı açıqlama

“Əbədiyyətə çıxışlar” Konspekt

Fikircil

İNTİBAH HƏSRƏTİ. AZADLIQ VƏ KÖLƏLİK

"Feyziyyə ilə şənbə söhbəti"nin qonağı yazıçı Rafiq Tağıdır

Şərhlər