Bizdən ötrü darıxma

Tarix: 01-03-2016 06:23
Baxış sayı: 2345

 

Son. Finiş. Nöqtə. Əsmərdən yaxşıca canım qurtardı. Rədd olub getdi ərə. Ura, alacağım hədiyyə - özümə qazanc qaldı. Ondan yan ötdüm. Yanından sivişib keçdim. Ancaq problem problem dalınca gəlirmiş. Ay səni, doqquzca ayın içində bir oğlan uşağı yaradıb- yapıblar. Haçan rast düşsək, bacımın xatirinə gərək ona bir hədiyyə alam. Görən bir şalvar bəsdimi? Əsmərə olduğu kimi, hədiyyəni uşağa bu cür planlaşdırıram: bir bağça dövründə, bir də məktəbə gedəndə. Mən elə bilirəm, əsgərliyinəcən ona ikicə hədiyyə az yox, əksinə, çoxdur. İki – bir deyil ki. İki – birdən iki dəfə çoxdur. İndidən onu qudurtmağa dəyməz. Ancaq bu hədiyyələr müqabilində qoy məni hökmən sevsin. Qoca çağlarımda da dayağım olsun.

 

Əsmər mənə soyuqdu. Üzümə də həmişə yerində donmuş kimi baxar. Elə bil daim söz verib yerinə yetirməyən dayısına mat qalıb.

 

Mişa Qorbaçovun başı batsın!

 

Hə, iki adamdan birinə hədiyyə onların ikisinə birdən verilmiş kimi olar. Hətta üçünə - Əsmərin yoldaşına da. Ancaq yox, mən bir dayı kimi Əsmərin həyatında hədiyyə şəklindəsə gec-tez rol oynamalıyam. Yoxsa adam az qalır ölüb yerə girə. Dayan, günahları Qorbaçovun boynuna yıxmaqla deyil: ta Əsmərdən keçib, bəlkə ərinin ağzına bir şey atım? Onsuz indiyəcən hörmətini qazanmadığın kəsə istər min cür hədiyyə ver, bu, dibsiz vedrəyə su tökmək kimi bir şey olacaq. Hərəyə bir şey – onda mən sökülərəm ki! Bəyəm onları himayəyə götürmüşəm?

 

Yaşca da , bədəncə də Əsmərdən iki dəfə böyük olan əri axşamacan kəsik baş kimi danışacaq. Düzdü, hələ buna deyinmək deməzlər. Sadəcə, söhbətləri arasında fasilə-zad yoxdur. Cəmi yeddi ildi də ailə qurub, artıq təqaüdə çıxmağa hazırlaşır. Camaatın bu gündən sabaha gümanı yox, bu, təqaüdçü çağlarına planlar cızır. Guya ikinci həyatına başlayır. Bakı kəndlərinin birində torpaq əldə etmək fikrindədir. Əlinə bir şey keçmədiyindən, “gözü toxdur”. Əsmər elə bil onun qızıdır, oğlu da – nəvəsi.

 

Beşcə yaşından atasız qalmış Əsmər üçün pensiya məsələləri qaranlıq-məchul, sirri-xuda bir işdi. Ərinin qocalığa dair plan və qurğuları ona çatmırdı. Hərçənd ərinin təqaüdə çıxmağını ailənin böyük uğuru saymağa borclu idi. Yəqin həyatda nailiyyət, bax, bu cür sayaq olur.

 

İndiyəcən əri ona sevgi sözlərindən çox, Sosial Təminat Nazirliyinin əmr və qərarlarından danışıb.

 

Əsmər atalarının öz qızlarına hədiyyə almalarına birtəhər baxır. Bəyəm atalar yad kişi deyil?

 

Hələ təzə-təzə məktəbə gedəndə, mən kəndə gəlmişdim. Hüzürə. Əsmərin məktəbə getməsini həyatımda ən şad bir hadisə kimi qarşıladım. Guya da. Yalandan. O, az qaldı sevincdən qanad taxıb uça. Şadlanmağımdan fəxr duyurdu. Görürdüm ki, aldanıb. Üstündən vurub bir də aldatdım: ona çanta boyun oldum. Elə o-bu. Onilliyi qurtaranacan bəlkə on dənə çanta yırtdısa da, məndən bir səs –soraq çıxmadı.

 

Başın batsın Qorbaçov, necə ki batıb!

 

- Bay, nə qəşəng çantan var! – gələn dəfə də yasa gələndə, onu xeyli təriflədim. – Dəridi bu? Yaman möhkəm şeydi, ha! Yaxşı saxlasan, üç-dörd il gedər.

 

Vaxtı uzadır, “bircə böyüyüb rədd olsaydı”, - ürəyimdə deyirdim. Onda üstümdən ağır yük götürüləcək. Ay Allah, bircə bu qarıyıb-eləməsin, ha-a! Onsuz öz dərdlərim başımdan aşır. Olan-qalanımı da ona-buna niyə paylamalıyam? İndi hər kəs odu öz qabağına çəkir. Nə olsun bacıqızımdır? Bacı da zəhmət çəkib özü öz başını dolandırsın. Həyətləri bir hektardı. Kartof-soğan əksin, mal-qara saxlasın. Qoy mənim də köməyim onları əməyə alışdırmaq olsun. Təmiz havada işləsələr, vallah, yanaqları lampa kimi yanar. Həyətdə əyilib-qalxmaq özü elə bir idman növüdür.

 

Kəndə gəlişlərim hər beş-on öləndən birdi. Ölənin ən əzizini seçib gəlirdim. Toylar mənlik deyildi. Bizdə ardıcıl hər toya getmək üçün bəlkə də mafioz olmalısan. Əzizlərim sanki növbələşməklə, üçdə-beşdə ölə-ölə ölüb qurtarmaqdaydı. Əsmərin onilliyi bitirməyinəsə hələ xeyli var. Elə bir yandan yaxşı oldu, hamı öldü. Getmərəm, bir daha Əsməri görmərəm, ona hədiyyə də almaram. Hədiyyə - çox avara öhdəlikdir. Ünsiyyəti çətinləşdirir.

 

Əsmər yeddidə oxuyanda, bir gün yenə yasdaydım. Haqqüçünə, onun, elə bacımın da hər yasda sevincləri artardı ki, üzümü görəcəklər. Yaslar onlar üçün sevinclə rəmzlənirdi. Elə ilk gündəcə Əsmərin donunu yamaqlı görəndə, ürəyim göynədi. Ancaq özümü qısa bildim, ona heç bir vəd vermədim. Kimə barmağını göstərirsən, biləyindən yapışır. Di yaxşı, deməmişdən bir şey alıb yollayaram, qəfil sevinclər bacım qızının mənə məhəbbətini birəbeş artırar. Tərslikdən, Bakıya qayıdanda, elə vağzaldaca fikrimi dəyişdim: qoy bu dəfə də qalsın. Əsmər qaçmır ki. Həm də kənd yerində yamaq nə bilinəcək. Paltarda yamaq kənd yerinin yaraşığıdır. Axı, niyə borca düşüm? Kimə borcum var? Namxuda, onsuz bacım da əvvəlki bacı deyil, od parçası olub. Kənd yollarında güllə kimi ötür. Bir vaxt ürəyimdə onu etdiyim tənqidlər bəhrəsini verib. Mağıl onların inəyi var. Onlar inəyi, inək də onları saxlayır. Soruşan gərək, bə qardaşda nə var? Quru maaşla ayaqlarını uzadıb rahatcana ölmək olar.

 

Növbəti yasa gələndə, Əsmərin əynində çəməni rəngdə təzə kofta gördüm. A-a, dinmə, bunlar tükləşib. Bəlkə qara məni basınca, mən qaranı basım, ağlaşma qurum – bacım özü mənə yardım etsin. Ya da ola bilsin, bacım ona koftanı məcbur qalıb, alıb. Qız göz açıb-yumunca bir-iki qarış uzanır. Yəqin keçən ilki donu bu il dizindən yuxarı qalxıbmış. Kəndistan yerində də diz əxlaqa dəlalət edən şeydi: göründüsə, səni heç kəs almayacaq.

 

Hə, gərək mən də bacıma deyəm ki, alanda, Əsmərə həmişə böyük “razmer”də, uzun paltarlar alsın. Onda həm çox gedər, həm də az xərcə düşərlər.

 

- Qabaqdan ağgöz qış gəlir, uşaq barədə bir tədarük görübsən?

 

- Bizdən ötrü darıxma. Ay qardaş, qorxma, canımız bərkdir.

 

- Bu nə deməkdir?

 

- Bura sizin Bakıdı ki, yayda yay, qışda qış paltarları geyək?

 

- Yaxşı, dayısından Əsmərə yun köynək – ordan gələr! Bakıdan!

 

- Elə eləmə, sən Allah. Uşağı xam öyrətmə.

 

Qız qapı dəstəyinə dirsəklənib, bacı-qardaşın bu şirin-şəkər söhbətinə baxır, soyuq-soyuq gülümsünürdü. Onsuz dayısı durub başını kəssə də, bir söz deyən deyil.

 

- Sizin dükanda sənaye malları olur?

 

- Bizim ailə “sənaye malları”yla sən deyən maraqlanmır.

 

- Hayıf deyil Binə “tolkuçka”sı?

 

Bakıda üç-dörd gün sözümün üstündə “durdum”. Sonra işlər yenə korlandı, fikrim yenə dəyişdi. Həm də axı, insafdımı ki, bircə yun köynəkdən ötrü mənim kimi ağsaqqal adam basa-basa dünyanın o başına getsin? Tez-tez ora-bura yüyürüb hörmətdən düşüm? Güman edirəm, bu il qız soyuqdan ölməz. Gələn ilə də Allah kərimdir. Buyurub, gələn il köynəyinə dursun. Həm də qoy hələ bir il də böyüsün. Alacağım köynək birdəfəlik olsun; məktəbi qurtaranacan bəs eləsin. Sonra bəxtim gətirər, fırıldayar ərə. Atası da ölməyə vaxt tapdı. Bilirdinsə için çürüyüb, ay qurumsaq, niyə evlənirdin? Ailəni üstümə atıb hara cəhənnəm oldun? Bəlkə heç mən olmayaydım? Çox da hələlik onlara bir turş konfet almamışam. Amma nəzəri cəhətcə hər şey almalıyam, alacağam da. Kim bunu inkar edir? Hələ vaxta var. Kölgəm üstlərindədir. Qoy ölkə də bir nəfəs dərsin. Onsuz acından-suzundan ölmürlər. Üstəlik, hələlik ikisi də kökdür. Onlar arıqlayası – bax, bu dəqiqdi, onacan bir şey edərəm. Qulağım çalanda ki, Əsmər nişanlanıb, ürəyim uçundu. Əcəb yaxşı oldu. Haqq adamıyam. Allah başımın  üstündə imiş. Ancaq hələ sus, səs eləmə. Qoy bir bacımı da görüm, yağmasam da, guruldayım. “ Mənsiz nə edibsən? – qoy ona ittihamlar oxuyum. – Bə mən uşağı institutda-texnikumda oxutdurmayacaqdım? Bunu sizə deməmişdim?” Arada bacım mənə xəbər göndərdi də ki, onlardan ötrü darıxmayım. Guya dəvə boyda bir cöngələri var, inşallah, toyu elə bir onunla yola verə biləcək. Əlbəttə, toya gəlsəm, yaxşı olar . Ancaq gəlsə də sağ olsun, bunun üstündən deyib, gəlməsə də. Çünki yaxşı bilir: toyla aram yoxdur. Ancaq həm də getsəm, düz güman edib, əl-ayağa dolaşanın birisiyəm. Deyirdim, kaş qız qoşulub qaça. Cehiz söhbəti öz-özünə həll oluna. Yəni ləğv ola.

 

Hardasan-burdasan, qaçmaq nədi - əksinə, vaxt gəldi, kənddə ona qırmızı bir toy çalındı. Mən bu toya gəlməyinə gəldim, ancaq əliboş, atdana-atdana. Bacım orda məni ağsaqqal seçdi. Ağsaqqallığıma uyğun da saçım ağappaqdı. Əlimi ağdan qaraya vurmurdum. Bacım hey ora-bura qaçır, yanımdan yel kimi ötəndə, gah – “Çaşıb darıxarsan”, gah da – “Ay qardaş, canım sənə qurban!” – deyirdi.

 

Toyun sabahı günü həyətdəki tənəklərin kölgəsində oturub, qarta-qurt söhbət edirdik. Bir tək mən çay içirdim.

 

- Dayısı tərəfdən Əsmərə xüsusi bir toy hədiyyəsi – Bakıdan birbaşa öz evinə gedəcək!..

 

- Ay qardaş, sənin elə quruca nəfəsin bizə bəsdi. Heyvanlarımızın canı sağ olsun, onlar bizi saxlayacaq.

 

- Heyvan deyəndə, inəyi ikilətmisən?

 

- Yox, camışı artırmışam. Çoxdan doğub da.

 

- Ay maşallah. Təbrik edirəm.

 

Axır zurna-balaban qurtardı. Hər şey sakitləşdi. Elə bil ömrümdən bir müharibə gəlib keçdi. Amma Əsmərin dalından yaxşı dəydik. Artıq dayı kimi heç bir məsuliyyət daşımaya bilərdim. Qız ölərsə də, ölsün. Dəfni ərinin boynuna olacaq. Əslində mən bacım balasını unuda da bilərəm. Buna ixtiyarım çatır.

 

İllər qaçatbasdı ötürdü. Bacım hələ durur. Bunu nədən bilirəm: öldü xəbəri gəlməyib.

 

Düz yeddi ildən sonra Əsməri kənddə gördüm. Qaynanasının hüzüründə. Arvadlaşıb-gonbullaşmışdı. Həm də dilli olub. Öd kisəsini çıxartdırıb. Daşı varmış.

 

- Niyə mənə vaxtında bildirməmisən? – yenə guruldadım. – Qulağımın dibindəsən. Yeni Günəşlidə.

 

- Tutma gecə tutdu, bildirə bilmədik.

 

- Yaxşı, neynək.

 

...Əri – təqaüddədir. Daha keçib, bəlkə boğazımdan kəsib, kişiyəsə ölməmişdən bir kostyum alım? Qoy mənə görə münasibətləri yaxşı olsun.

 

 

                                                                       21 sentyabr 2002 – 13 mart 2004-cü il

 

Digər xəbərlər

Mariya xala

Komediya-satira dairəsi (yarıabsurd).

Bəşəriyyətin islam haqqında dediklərinə əlavələr

Elçin Hüseynbəyli – “İroniyanın Quzeyini yazan sənətçi” Rafiq Tağının 50 illiyinə...

Əlverişli intihar hündürlükləri

Şərhlər