Roma burunlu bayquş

Tarix: 25-03-2015 11:31
Baxış sayı: 2746

 

Sergey Qlazkov güzgüyə baxanda, elə bilirdi Roma burunlu bayquşla rastlaşır. Bayquş həyata ensəydi, Qlazkov elə güzgüdəki kimi də onunla danışmağa söz tapmazdı. Roma burunlu bayquşun özü olduğunu gözəl bildiyindən, özü ilə də danışmağı xoşlamırdı. O özündən əlahiddə bir ömür sürürdü; bayquşdan da təkdi. Qlazkov yalnız başqaları ilə danışmağa qadirdi ki, o da hökumət işilə bağlı. Onun hökumət işi rəssamlıqdı. Rəsmi sənədlə gedib nə qədər BAM qəhrəmanının portretini çəkmişdi. Heyvərə rəssamlar ona “qəhrəman şəkli çəkən fotoqraf” adı qoymuşdular.

 

- Sən qəhrəmana pasport şəkli də çəkə bilərsən? – bir dəfə dolamaq üçün ondan soruşmuşdular.

 

- Niyə çəkmirəm? – o da özünü sındırmamışdı.

 

Çoxlarının arzusunda olduğu aristokratik Roma burnu ona ginekoloqlardan yadigardı. Yəqin Romada da həyata onun kimi maşalarla dartılıb gətirilirlər.

 

Dik burunlu yastı sifətini görməyinə güzgüdə görür, üstəlik şəkildə də görməmək üçün avtoportretini çəkmirdi. Çəkməyəcəkdi də. O bəlkə də avtoportretini çəkməmiş yeganə rəssamdı.

 

Bir gün mənzilindəki güzgülərin taxtabiti kimi kökünü kəsmişdi. Üz qırxmağa gözdən bir balaca irisini saxlamışdı ki, ondan üzünə elə bil durbinlə baxırdı. Heç kəs görməyəndə rəssamlar ittifaqındakı güzgülərin də çoxunu korlamışdı; bəzisinə qılınc şəklində çat düşmüşdü, bəzisinə ulduz.

 

Sosrealizmi ona görə bəyənirdi ki, fantaziya istəmir. Fantaziyaya gedəsi enerjini sərf edər başqa işə...Hə, zəhmətkeşi oturdursan qarşında, bədənnüma güzgü kimi onu necə var, götürürsən tabloya. Ya foto lenti kimi. Portret janrının fotoqrafiyaya bənzəri var. Gəncliyində fotoqraflıq arzulamışdısa da,valideynləri qoymamışdı. Guya ömrü boyu fotoqraf qala bilər ki, bu da ömrü boyu feldşer qalmaq kimi xəcalətdir. Amma rəssamlıq diplomunu alanda, sönsə də gözü qalmış gənclik həvəsi onu fotoqrafiyaya qohum portret janrına gətirib çıxardı. Özüylə ixtilatı sevməyən rəssam portretçilikdən özgə bir şey bacarmazdı da.

 

Sənətdə daxili aləmə meyl güclənəndə, Qlazkov yenə dəli kimi özü ilə danışmaq məcburiyyətində qaldı; onda özünü  bilməməzliyə vurub ürək, böyrək, iç-içalat şəkilləri çəkməyə başladı. Realist də olsa, fırçasından sürrealist rəsmlər çıxırdı. Acı adamın öd kisəsini iri çəkirdi, yəni ödü çoxdur. Ürək bütün döş qəfəsini  tutubsa, ürəyi genişdir. Daş kömür şaxtasında işləyənin ağ ciyərlərini  qara çəkirdi. Bu zaman qara ciyəri fosfor kimi işıldadırdı.

 

***

Tələbəlikdə tətilləri kənddə keçirirdi. Onda analar qızlarını onun yanına – şəkillərini çəkdirməyə gətirirdilər. Guya yazıqlar bir də haçan rəssam görəcəkdilər: ərə gedən daş kimi quyuya düşür. Əslindəsə ümid edirdilər ki, bəlkə qızlarının bəxti açıla. Hər bir ana üçün öz qızından gözəli yoxdu; rəssam oğlan hökmən onun qızına könül bağlayacaqdı.

 

Axır Seryoja kəməndə düşdü. Meşədə bir sevgi prosedurasından sonra qızların ən narıncısının əhvalı günü-gündən dönməyə üz qoydu. Uşaq adı eşidəndə, oğlanı vahimə basdı, sanki uşaq top gülləsi kimi atılıb onu məhv edəcəkdi. Tezkən şəhərə daban aldı. Ata-anası əvvəl sevindilər ki, yeganə övladları bir növ sınaqdan çıxdı, canlı təcrübə göstərdi ki, gələcəkdə övladı olmazsa, günahı onda yox, arvadda görmək lazımdır.

 

Ancaq qızın anası keflərinə soğan doğradı. Gəldi-getdi, getdi-gəldi, axır həyasızlığa  keçəndə, kişidən ağır da cavab aldı:

 

- ...Uşaq ki məndən deyil, nə yapışıbsan yaxamdan?

 

- Sənin oğlundandı! Özü də danışığını bil!

 

- Oğlumun mənə dəxli yoxdur.

 

- Yoxdur, elə edərik – olar.

 

- Quru şərdi ha!..

 

- Ay bacı, axı necə sübut edərsən ki, uşaq bizim oğlandandır, - Seryojanın anası işi pişim-pişimlə yoluna qoymağı üstün tutdu. – Sübut elə, uşağa yiyə duraq.

 

- Bə kimdəndir?

 

- Biz də sənin kimi.

 

- Qız özü deyir axı.

 

- Qız çox şey deyər. İndiki qızların qırx dili var.

 

Söhbətdən bircə həftə keçməmiş narıncı qız özünü asdı. Bu yerlərdə indiyəcən özünü asan olmamışdı. Həkim maşını gedirdi, milis maşını gəlirdi; rəngbərəng xırda maşınların sayı-hesabı yoxdu-kənd yaraşığa minmişdi.

 

Məhkəmədə ana sübut üçün qızının portretini başının üstünə qaldırıb yelləyəndə, Seryojanın qəlbindən sızıltı keçdisə də, portret yerə qoyulanda, hər şey çəkildi. Valideynlərinin sözləri qulaqlarında cingildədi: onun vəzifəsi özünü müdafiə etməkdir – taleyi tükdən asılıdır.

 

-...İndiyəcən çox adamın şəklini çəkmişəm. Çəkməliyəm də. Püxtələşmək üçün.

 

- Bu yığışdığımız iş püxtələşməyinin əlamətidir, ya əksinə?

 

- ...Xahiş edirlər, mən də çəkirəm.

 

- Və sonra neynirsən?

 

- Sonra şəkli təhvil verirəm.

 

- Sən bu tülkülük dərsini harda keçibsən? Gərək ki, rəssamlıq akademiyasında elə fənn yoxdur.

 

Oğlan başını aşağı dikdi.

 

- De görüm, qız özünü niyə asıb?

 

- Möhtərəm hakimlər, axı mən nə bilirəm ki, sizə də bir şey deyəm. Xəbərim yoxdur.

 

Məhkəmə neçə həftələr bu mövzunu saqqız kimi çeynədisə də, axırda Sergey Vladimiroviç Qlazkovun xeyrinə qərardad çıxardı. Hamı bilirdisə də uşaq ondandır, heç kəs bunu sübut eləyə bilmədi.

 

O, ata-anası ölənəcən də kəndə gəlib-getdi (arada qızın anası da öldü), sonra daha getməyə bir səbəb qalmadı.

 

***

S.V.Qlazkov sovet rəssamlığında portret janrının korifeylərindəndi. Xırda sovet adamlarının  portretləri get-gedə tanınmış şəxsiyyətlərin portretlərinə çevrilirdi. Sanki portretlər vəzifəcə yüksəlirdilər.

 

Hakimi- mütləqlər özlərini yalnız ona etibar edirdilər. Onlar təkcə realistləri sevir. Qeyri-realist birdən elə şey çəkər, elə xal vurar, gəl bunun altından çıx. Qlazkov isə gözün içindəki əyri damaracan düz çəkir. Hətta irsi xəstəliklərin də birini başqasına oxşatmaz. Həkim xəstənin özünə yox, Qlazkovun əlindən çıxmış portretinə baxmaqla da diaqnoz qoya bilər. Hayıf, sonra yuxarıdan direktiv gəldi ki, portretçi rəssamlar daha nə xəstəlik çəkməsinlər, nə də qocalıq.  Realist rəssam üçün bunlar irrasional şeylərdir. Ölkədə bütün sənətkarların realist olması planlaşdırılmışdı.

 

Sovet İttifaqı da Yer kürəsində realistcəsinə yerləşib.

 

Bir gün “prokurorların qurtaracağı”ndan sifariş gəldi (Qlazkov baş prokurora “prokurorların qurtaracağı” deyir). Neçə gün yanında oturub eskizlər götürdü. İşə bax, onu görən tir-tir əsir, dili-dodağı quruyur, amma o, dəllək kimi onun başını, iri də olsa, hansı əyimdə desən, saxlayar. İstəsə dodağını qaçırtdırar. O neçə ölkə prezidentinin  portretini dodaqlarını qaçırtmaqla çəkmişdi. Amma “prokurorların qurtaracağı”na belə şey deməz. Portretdə onun dodağının qaçırılması yersiz çıxar.

 

Portret üzərində neçə aylar  iş getdi; sanki gəlinə bəzək vururdu. Ordenləri də Ali Sovet əvəzinə baş prokurorun döşünə özü taxdı. Gözlərinin  altındakı böyrək əlamətlərinəcən  hər şeyi real çəkirdi. Baş prokuror  tapşırmışdı ki, icazə verir, partiyanın direktivini onun timsalında poza bilər (gör nələr olur!). Yəqin xəstəliyi ona doğmadı.

 

Fırça işlətməli  bir iş qalmayanda, portreti emalatxanadan qonaq otağına köçürdü ki, hər gün, hər saat onu görə bilsin. Təzə əsərindən  bir xeyli belə ləzzət alardı. Təhvil vaxtına da hələ qalırdı.

 

Günlərin bir günü içəri  girəndə, nədənsə, üşəndi. Dedi bəlkə yeməkdəndi (çox yemişdi) – qulaqardına vurdu. Amma sabah yenə, birigün yenə - qorxu canında şimşək kimi çaxırdı. Bəlkə otağa şimşək girib?..

 

“Prokurorların qurtaracağı”nı qaşqabaqlı görəndə dalağı sancdı; yadına aldadıb atdığı, adını da unutduğu qız düşdü. Bu da “sistem” adamının “sağ ol”u. Heç qonorarını istəmir, barı ona tərs-tərs baxmasın.

 

Eh, kaş onu da dodağını qaçırdıb çəkəydi...

 

Nahar vaxtı prokuror ona gözlərini bərəltdi. Ətli sifətindən zəhər damırdı. Yox, ona hər şey agahdır. Ancaq ona gərək o da agah ola ki, hadisədən bir on il də yox, üç on il vaxt keçib. On ildən yuxarı ən qatı cinayət də olsa-olsa zərərsiz bir xatirədir – cinayət sayılmır.

 

...Özü də onun məhkəmədən  bəraət kağızı var: adamın gözünə soxarlar!

 

Bəlkə də qızın anası o dünyadan portretə gözəgörünməz teleqramlar vurub, ya məktublar yazıb.

 

Baş prokurorun özü portretindən  fərqli onunla mehribandı. Telefonda köhnə dostlar kimi danışırdı. Portretdə onu tutmaq fikrindəydisə, həyatda – yox. Portretdə quru qanunpərəstdi, həyatda – yox.

 

Görəsən insan portretdə güclü olur, ya həyatda? Tutmaq barədə hansının səlahiyyəti  çoxdur?..

 

Amma prokurorla ikilikdə portret çox sirlər aça bilər deyə, tez-tələsik onu mənzilin balaca gözünə basıb qapını da daldan bağladı. Portret onu həbs etdirənəcən, özü onu həbs etdi.

 

Sergey Vladimiroviç həftədə bir dəfə qapını açıb şəklə baxırdı: bəlkə üzünə təbəssüm qona. Təbəssümü görən saat özü prokurora zəng çalacaqdı ki, aparmağa adam göndərsin. Amma təbəssüm hardandı.

 

Qorxasan gəlib portreti zorla azad edələr.

 

Üçüncü ayın axırında o, portretin üzündə narın təbəssüm görəndə, sevincindən uşaq kimi atılıb-düşdü. Ancaq quru əskiylə şəkilin tozunu alar-almaz təbəssüm yoxa çıxdı.  Toz prokurorun üzündəki qəzəbdə təbəssüm şəkli alıbmış. Eh, gərək təbəssümün fotoşəklini götürəydi – gələcək məhkəmə üçün. Ya qrafik rəsmini çəkəydi. Təbəssüm karagələn şeydir.

 

Qəzəb xəncər kimi parıldayırdı; təsadüfən adamın qarnına soxula da bilərdi.

 

Bir gün qapısının ağzındaca kuryerlə rastlaşanda, qorxudan rəngi kağız kimi ağardı, elə ağlına gələn ilk fikir dilinin ucundan pırıltıyla havaya uçdu:

 

- Dəhşətdi! Portret oğurlanıb!..

 

Kuryerə nə var, bir söz demədən (yox, “sağ ol” dedi) çıxıb getdi.

 

Çaşıb “prokurorların qurtaracağı” ona qarşı cinayət işi qaldırar və məlum olar ki, cinayətkar o özüdür: özü öz çəkdiyi portreti oğurlayıb.

 

Təbəssüm eşqinə gedib portretin üzünü bir də siləndə, qəzəb par-par parıldadı. Onun xəncər kimi indicə üstünə atılacağını zənn edib, ehtiyata götürdüyü dəstəkli bıçağı prokurorun sifətinə sapladı. “Xəncər”lə bıçaq ətürpərdən səs çıxardılar. Qan fəvvarə vurmadısa da (yəqin içəri axırdı), prokuror can verir, zarıyırdı.

 

Portret doğram-doğram olanda, Qlazkov tikələri yığıb Moskvanın kanalizasiya sisteminə axıtdı. Ancaq səhv etdi, gərək yandıraydı: kanalizasiya sistemini axtartdıra bilərdilər.

 

Qorxu canında xəbərdarlıq işarəsi kimi yanıb-sönməyə başladı.

 

Üç gündən sonra onu məhəccərli balkondan otağa keçən hündür qapıda asılı tapdılar. Qapı çərçivəsində sanki asılı adam portreti görünürdü.

 

                                                                                                                                       1987-1992

 

 

Digər xəbərlər

Şərq-Qərb sivilizasiya-terror qanunu

İran və qloballaşma qaçılmazlığı

Rafiq Tağı mükafatının qalibləri bəlli oldu

Sürreallıqlarımız

Gözəllik və əxlaq mövzusunda yazıb unutduqlarımın davamı

Şərhlər