ÇÖL

Tarix: 01-06-2024 23:47
Baxış sayı: 341

İşimin yolu piyada iki saatlıqdır. Evdən çıxan kimi dururam bu vaxtın qəsdinə (elə dədə-babalarımız da vaxtlarını öldürməklə istəklərinə çatardılar). Gah addımlarımı sayıram, özü də istəyirəm axıracan sayam, amma heç yüzə çatmamış həvəsdən düşürəm. 

Gah da əlimi atıram qulağımın dibinə, ürəyimdən tikan çıxaran bir muğamı mələdirəm.

Qayıdanbaş da elə.

Çöl mənim yavaş ölümlə ölmüş cavanlığımın qəbiristanıdır və indi hər gün meşə ilə hasarlanmış o qəbiristandan keçirəm.

Yazdan, yaydan nə giley. Payız da heç. Toy qışdadır. Qarla örtülü çöl adama gözünü ağardır! Bunun dərdindən yol ağzında boynumu burub özümə həmyoldaş gözləyirəm. Lap neçə saat olsa gözləyərəm – can şirindir. Səbrsizliyin də daşını elə orda atdım.

Əvvəl-əvvəl elektrik şəbəkəsinin üçtəkərlisində Arif gəlməlidir. Gəlir də. Üçtəkərlinin çarxları uşaq velosipedinkindən böyük deyil ki, balacadır. Arxada yerə paralel dördkünc kuzada yol boyu “rozetkalar”, əlcəklər, rəngbərəng izolentlər hoppanıb-düşər. Torpaq rəngli balaca torbacıqdasa mismarlar cingildəşər. Səbəbini bilmirəm, mismarla iş görən adamlara məndə həmişə hörmət oyanır. Bir də tutacağa bağlı çit çanta olur ki, qıraqları daim yaş. Bu onun istəkli arvadının nahara qoyduğu bozbaşdır ki, çalxanıb balaca kasanın qıraqlarından süzülür.

Camaat içində Arif bəyin tırtılına minməkdənsə ölüb yerə girmək şərafətlidir. Çöldəsə görən kimdi, tez səkirəm belinə. Kuzada ayaq üstə duranda elə bilirsən uşaq maşınındasan. Lap liliput da o maşında ucaboy görünər. Orda bircə oturmaq mümkündür ki, o da tən ortada. Azca qırağa çəkilsən bil ki, özün yerdəsən, ayaqların göydə, maşın da böyrü üstə inildəyir.

–  Arif, şayiə buraxıbsan ki, yola canavar çıxır...

–  Ərəbzəngi kimi!

–   Onda zəhmət çək, hər gün “mersedes”inlə məni işə apar! Gətirsən də incimərəm.

–  Ə, nə qədər lələşinin canı sağdır, kefini çək!

Qar rəngli külək itilənmiş bıçaq kimi adamın iliklərinə işləyir.

–  Arif, bu cür qiyamətdə dizlərin üşümür?

–  Qəti!

–  Sən öl, igid adamsan!

–  Koroğluya nə batar? – Koroğlunun heç barmağı boyda olmadığını bildiyindən özü öz sözünə gülür.

–  Koroğluya düşmən bata bilməzdi, soyuq da!

–  Bəs nə bilmisən! Düşmən batmayana soyuğun nə karı!

–   Arif gəlməyəndə dişim bağırsağımı kəsir, hirsimdən kömür kimi qaralıram. Uzun yolun başında elə bilirəm dar ağacından asılmışam. Uzaqda Sərhəd gözümə dəyəndə rəngim üstümə qayıdır. O, Günəş kimi doğub mənə yaxınlaşır. Çiyni tüfəngli Günəş!

O, tüfəngi canavardan ötrü yox, insandan ötrü götürür. Həmişə deyər ki, onun onu öldürə biləcək düşmənləri var.

 

Və hətta düşməni olmasıyla fəxr edər, olmayanda da onu arzulayar. Düşmən sənin şəxsiyyətinin təsdiqidir. Bircə bu- rası işləri korlayır ki, zalım səni öldürə bilər. Məsələn, çöllü-biyabanda qəfil kəsdirər başının üstünü və elə çart-part–  yoxsan, heç kəlmeyi-şəhadətini deməyə də qoymaz. Əcəb öldürmək olmaya, düşmənçiliyin nə ziyanı!

–  Ə, ovçu, salam! Getdik?

–  Getdik!

Üçdə-beşdə rayon qəzetində nekroloq uzunluğunda, nekroloq enində, axırıncı səhifənin lap axırında, bəzən mikroskopla oxunası məqalələri çıxar. Qəzet bu məqalələri tənqid planını doldurmaq üçün verir, çünki xüsusi müxbirləri tələbəlikdən bəri məclislərdə o qədər sağlıq döşəmişdilər, indi bircə tərif bacarırdılar. Bir də axı xətirə dəymək nə üçün – çörəyə baislik kişi işi deyil.

Sərhədin məqalələrinin də ki, heç kəsə ağrı-acısı olmurdu, elə bil fili milçək dişləyirdi.

Nə Arif, nə Sərhəd olmayanda əlacım qalır üz-üzə gələcəyim qatara. Bəli, dəmir yolunun zəngi vurulur, mən dururam startda. Elə ki, uzaqdan qatarın fiti eşidilir, dəmir yoluna paralel yarıdaş-yarıtorpaq yolla, götürülürəm ona tərəf. Qatar meşədən qopub, meşə rənginə bulaşmış div kimi özünü vurur çölə. İndi buyursunlar, canavarlar gəlib məni hopp eləsinlər!

Qaçıram ona sarı, yox, qaçmıram, güllədən iti uçuram. Qan-tər içində qonşu kəndə burulanda, qatar da təngnəfəs stansiyaya toxdayır.

Allah hamını öz arzusuna yetirsin, mən də onların içində! Amin, ya rəbbül-aləmin! Canavar cənginə, qanun nizəsinə tuş olmamaq əcəb yaxşıdır!

 

–  Amin! “Amin” deyən dillər lal ölməsin!

Bazar günləri dünyada bir kef var ki, o da məndədi – daha alaqaranlıqdan xortdamıram. Haçan gözlərim öz-özünə açılır və daha yumulmaq istəmir, onda yuxudan dururam. Yəqin padşahlar da beləcə yuxudan doyanacan yatırlar. Başqa işlərdə demirəm, yuxudan doymaqla həftədə bir dəfə onlara bənzəyə bilərəm. Yuxudan doymaq böyüklüyə dəlalətdir.

Ancaq yadıma düşəndə ki, bu günün sabahı var, məni əsməcə tutur. Kəndistan yerində canavar da, qanun da hardansa naməlum yerdən gəlir, səni özünə əsir edir. Heç səndən soruşmurlar da ki, ayın neçəsidir.

“Sabah” zəngli saat xoruzlardan qabaq məni oyadıb qovur yolun ağzına. Dayan görüm, birinci kim gəlməlidir? Arif. Hə, gəlir!

–  Ə, yolkəsən, çoxdan buradasan?

Bir saat da, iki saat da gözləmiş olsam həmişə deyirəm:

–  Elə indicə çatmışam.

Əgər xoş üz göstərməsə, min adamlıq yeri olsa belə, maşınına gözümün ucuyla da baxmaram. Get, deyərəm, sağ ol, mən hələ “bir nəfər tanış” var, onu gözləyirəm.

Bax, belə. Mən adamların boynunda yük olsam, ölməyə hazıram!

O yoxsa, Sərhəd gəlir. Fikirləşəndə ki, Sərhəd şahmat xanası boyda məqalələri şöhrət naminə, rayonda tanınmaq üçün yazır, ondan bilmərrə sidqim sıyrılır. Deyirəm get, mənim hələ burda gözləyəcəyim var.

Ümidim qalır qatara. Qatar bütöv bir şəxsiyyətdir. Meşənin o üzündə fit verib məni xəbərdar eləyəndə, yüyürürəm ona tərəf. Çölün ortasında bir-birimizin bərabərinə

 

yetirik. Mən ona əl eləyirəm: “Salam! Salam! Sabahın xe- yir!...”

Bir gecə həyətə düşəndə qulağım tüfəng səsi çaldı. Gecənin bu aləmində kimdi atəş açan? Üşənib tez özümü saldım evə. Divardakı xalça əvəzinə asdığımız SSRİ xəritəsi qabağında durdum. Xəritədən SSRİ formasında səslər gəlirdi. Səslər o qədər artdı, artdı ki, axır tab gətirməyib çökdüm stula.

–   Camaat! Camaat! İndi xoşbəxtliyə icazə verilir! Hər kəsin olanından – yaşayın!...

Kaş ədalətsizliyə güllə atan Sərhəd olaydı, inanaydım ki, o, məqalələri rayonda tanınmaq üçün yazmır.

 Fevral - iyul 1987

Digər xəbərlər

"Yazıçı mətbəxi"ndə Rafiq Tağı ilə Asif Hilaloğlunun söhbəti

Heyvanlar üçün karvansara

KƏND DƏFN­LƏ­­Rİ TƏC­­RÜ­­BƏ­­Lİ ADAM

Heç bir yazıma görə peşman deyiləm

Ədəbiyyatşünaslıq etüdləri

Şərhlər