Tarix: 24-01-2017 07:27
Baxış sayı: 2069
Oxucularımıza yaxşı tanış, iti qələmi, kəskin publisist yazıları, duzlu hekayələri ilə məşhur Rafiq Tağının 50 yaşı tamam olur. “Rezonans” öz adından və pərəstişkarları adından yazıçını təbrik etməklə, tənqidçi Tehran Əlişanoğlunun Rafiq Tağı haqqında sıra yazılarından birincisini oxucularına təqdim edir.
-
Giriş sözü.
Bizdə XX əsrin son hekayələrini Rafiq Tağı yazdı. Həm də biz tənqidçilərdən çox soraq gözləyib, bica yerə gözlədiyinə şəkk-şübhəsi kəsiləndən sonra janrı da özü nişan verdi. “Rezonans” qəzetinin 1999-cu il lap son, 31 dekabr sayında bir hekayə dərc etdirdi, janrını da belə müəyyənləşdirdi: “XX yüzilin son hekayələrindən”. Əslində bu hekayənin Rafiq Tağının digər hekayələrindən elə bir fərqi yoxdur. Son kitabı çıxandan (artıq dörd ildir!) qəzet-jurnallara səpəli bir çox özgə hekayələri hakəza, bir az elə, bir az belə, elə-belədir. Bir az da sərvaxt olsaq, əvvəlki illərə son, 90-cı illərin ilk kitablarından sayılası “Pozitiv, Neqativ” (1996), “Düşmənimin xatirinə” (1991) topluları da elə əvvəl-axır, son ovqatını xəbər verir. Lap elə “Yanaşı ulduzlar” (1987) adlı ilk kitabında da insanların həyatına yeriyən bir “son” (nəyin sonu?) havası, ovqatı var...
Xronoloji hesablar bu – “son”-dur, özlüyündə aydın: 90-cı illər, 1999 və budur: 2000! - əsrin sonu... Amma gəlin, obyektiv olaq, Rafiq Rağı ümumən hekayəçiliyimizdə son hadisədir. Birvar hekayədir, əhvalatdır, sujetdir – başına, ya ağlına gələni kim necə bacarır qələmə götürür. Bir də var janra can, nəfəs verirsən, hekayəni yaradırsan (!), təkcə altına imza yox, üstünə möhürünü də vurursan... – bax, bu qisimdə Rafiq Tağıyla əsr də qurtardı; kim daha fürsət tapıb bura nəsə əlavə eləyə, inanılası deyil...
Bilirsinizmi Rafiq Tağı 90-cılarda niyə hamıdan çox uğur qazana bildi, oxucu yazarlar sırasından məhz onu seçib-sevdi? Guya əlinə iti qələm alıb, sağına-soluna, ağına-bozuna döşədi, publisist yazılardan şöhrət çələngi taxdı... – bu bir təsəvvürdür; hamı “hurrey” dedi, oldu-keçdi... Mən bilirəm Rafiq Tağınının yazarlar içərisində 90-cılarda hamıdan çox uğur qazanmasının səbəbini. O, nəyimiz var – bütün “olanımız”a qəti toxunmadan, 90-cı illərin qəfil bir sürətlə aşkarladığı absurdu da gətirdi bunun üstünə və ya əksinə, amansız bir soyuqluqla başladı müşahidə və həzm eləməyə: yəni “olanımız” elə buymuş?! Publisistikasında da budur, intəhası orda açıq, bəzən lap marağa “oynadığından”, effekt hazır, gözətləmək lazım gəlmirdi; di gəl, “hurrey” keçib-gedir, hekayələr qalır...
Əlbəttə, “absurd” dedikdə, Qərbdə olub-getmiş “izm”, yaradıcılıq yönü, janr-absurdundan, ya bunun bizdə imitasiyasından, dəbindən söhbət getmir, hərçənd sərəncamı hamandır. Ümumən Rafiq Tağı publisist yazılarında elə hey guya “Qərb” deyib, “Şərq”i qırmanclasa da, nə onu, nə bunu tanımır; hünərindir deyəsən, bəs “ay Rafiq, səndə belə, amma axı çağdaş Fransa ədəbiyyatında...” Özünəməxsus ironiya əyrisi ilə sözünü ağzında kəsəcək: “Bəyəm Avropa bizə meyardır?!”. Yox, əlbəttə yox, hərçənd mən Rafiq Tağıda bizdən, bizim milli ədəbiyyatdan da elə bir təməl görmürəm. Əlifba bilgilərini demirəm-ha... Deyək, ən çox qələm-qələmə “çarpışdığı” Mirzə Cəlildən durub nəsə deyəsən, azca ironiya əyrisi ilə daldalansa da, indi-indi fəhminə fərman verəcək... O ki qaldı yaratdığı Obraza, mən burda sələf-xələf münasibətindən yox, Mirzə Cəlilin tuhaflarından daha birisini görürəm: nə qədər çox döyür-söyürsə də, Mirzə Cəlil onu Molla Nəsrəddin müdrikliyindən bir o qədər sevgi ilə anlamağa, dərdinə həmraz olmağa mey qılır...
Rafiq Tağının yaratdığı – məxsusi, dünyanın nəzərlərindən uzaq, qoy seçilməsin heç, xudmani, öz əyalət estetikasıdır. Burda milli əyalət həyatının payı nə qədər çoxsa, hamıya ölçü verdiyimiz son onillər ədəbiyyatımızın rolu bir o qədər minimaldır. Yazılarından birində özü bunu belə xəbər verir” “Vaxtaşırı Azərbaycan ədəbiyyatından təmizlənmə aktları keçirir. Bunun effektini 1900-ün 79-85-ci illərində Moskvada Azərbaycan türkcəsində heç nə oxumayan zaman görüb”. Bəs rus klassikası, üstəgəl Moskva mühitinin yerinə necə? - əməllicə araşdırılası mövzudur...
Lap son, ya əvvəlin sonu hekayələrindən “Xor ölüsü”nü (1982-1999) bir yada salsanız; milli əyalət qəhrəmanlarından Adil bütün etirazların acığına sakitcənə belə də deyir: “Açığı, mən Qoqolsuz, Çexovsuz qala bilmərəm”. Ya “Tolstoy Cəfər”i (1997-1998) xatırlayırsınızmı? Rafiq Tağı, özünün yazdığına görə, 1950-nin 5 avqust günündə “Şimali Azərbaycanın cənubunda – Masallıda tənbəki çəkən bir həbəçinin əllərində dünyaya gəlib”. Dünyanı tanıyalı onu öyrənməyə və böyük yazıçılar timsalı, ətrafını qələmə götürməyə həvəsli olub. Ömrü boyu bu həvavu həvəslə yaşayıb, Bakıya gəlib, yer-qərar tapmayıb Moskvaya gedib...
Moskvaya gedəndə Rafiqi torbası yazıb-yazmadığı milli əyalət hekayələri ilə dop-doluydu. Amma Qəhrəmanları sayaq, Rafiq Tağı Rusyətə qalmağa getməmişdi ki, qazanc (!) dalınca getmişdi... Amma biz bundan o qayıdıb gələndən sonra, nəhayət “XX yüzilin son hekayələri”ni oxuyub-xəbər tutduq. Torbasından hər çıxardığı guya haman “olanımız”, haman tanış mənzərələr deyilmiş... Bəlkə 90-cı illər özünü yetirmişdi – buna görə; 90-cə illər gərəkirmiş ki, baxıb görək nə nəmənədir, “olanımız” nə... Bəlkə də “qazanc”ən sirri idi: son olaraq görülməliymiş...
“Rezonans”, 05.08.2000