Kütlə, Mədəniyyət

Tarix: 13-06-2024 00:36
Baxış sayı: 194

Köstəbək yuvasından çıxıb işığı kəşf edən kimi, mən də bu yaxınlarda bir mitinqə
çıxıb kəşf eləmişəm ki, hər hansı partiyaya sərək adam ağıllıdan daha vacibdir.
Necə deyərlər, ağıllı fikirləşincə, dəli vurub çayı keçir. Xalq dəlini sevən və yadda
saxlayan olur. Həm də axı, onlar, həqiqətən, asan yadda qalır. Levtolstoycasına
desək, ağıllılar təxminən eyni cür, dəlilərsə hərə özü şəklində olur. Həri, partiyalar
sərəyi çoxaldıqca millətə yaxınlaşar. Hətta bir dəli bir partiyanı hakimiyyətə gətirə
də bilər. Millət dəliyə diaqnoz qoyunca, dəli çıxıb hakimiyyət başında oturar da.
           
Bizim mitinqlərdəsə, onun istədiyi şüarları qışqırmasan, dəli səni dəli saya bilər.
Dəlinin dilinə dəli kimi düşmək bədbəxtlikdir. Mitinqlərdə individ kütlələşir. Kütlə
içində təkamülçü də inqilabçıya oxşayar. Kütlə dini keyfiyyətlidir. Əslində din kütlə
yaradıcılığı məhsuludur. Miflər kütlələrin ibtidai mədəni təcrübəsidir. Kütlənin
əlləşib-vuruşduğu yalnız bu dünya uğrundadır. Materializm kütlə psixologiyasına
tam uyğun gəlir. Kütlə canini qəhrəman cildində təqdim edir və bununla fərdlərin
psixologiyasına zor tətbiq etmiş olur. Kütlə dediklərini fərd üçün aksiomatik sanır.
Onu da deməliyəm ki, kütlənin yaratdığı şöhrətin hüquqi əsası yoxdur.
Mədəniyyəti fərdlər yaradır və fərdlərin yaratdığı mədəniyyətə kütlənin ilkin
reaksiyası həmişə nihilistikdir. Mədəniyyət kütləyə əvvəlcə qorxunc görsənir və
sonra faydalılığına görə mənimsənilir də. Kütlə mədəniyyəti, sadəcə, fiziki yaşam
vasitəsinə çevirir. Ekstremal vəziyyətlərdə bəşəriyyət indiyəcən riyakarcasına
öyündüyü mədəniyyətlərdən vaz keçir. Mədəniyyət büsbütün inkar olunur, insan
çapovulçuluğa, çuğulçuluğa qurşanır. Ekstremal vəziyyətdə insan mədəniyyəti
həyat yolunda əngəl bilir. Mədəniyyət mənəviyyata calaqdır və heç də
mənəviyyatın daimi əlaməti deyil. Mədəniyyət mənəviyyatda keçici haldır. Əxlaq
və din də nisbi-təxmini, aldadıcı və yalan mənəvi dəyərlərdir. Müharibə teatrında
bu göstəricilər minimuma enir, ya tamam yoxa çıxır. Əfsus, bu təxmini-nisbi
şeylərə bəşəriyyətin vaxt itkisi böyükdür. N.Berdyayev deyirdi ki, mədəniyyətə
kor-koruna sitayiş onun barbarcasına inkarı qədər yolverilməzdir. Mənim də
nəzərimdə, məsələn muğam yaradanlarla şənliklərində şıllaq atan afrikanlar
arasında ciddi fərq yoxdur. Sosial kataklizmlərdə mədəniyyət itir, gözəgörünməz
olur, instinktlər qabarıqlaşır. Burada yenə N.Berdyayevin sözü yada düşür:

mədəniyyətlər həmişə dekadansla bitir. Mən - Rafiq Tağı olaraq, buna əlavə
edərdim: müharibələr mədəniyyətlərin dekadans dövrüdür. İşğalçı xalqlar sonrakı
sülh dövründə indiyəcənki mədəniyyətlərini bir daha üzə çıxarmamalı, artıq
bundan xəcalət çəkməlidirlər. Qəsblərə gətirib çıxaran mədəniyyətlər ləğv
edilməlidir. II Dünya müharibəsindən sonra bəşəriyyət almanların bütün əvvəlki
mədəniyyətinə yox deməli, hətta onu həbs etməli idi. II Dünya müharibəsi sübut
etdi ki, alman xalqının mədəniyyəti oyun-oyuncaqdan başqa bir şey deyilmiş.
Almanların mədəniyyəti faşizmin vədlərinə yox deməmişdisə, bu mədəniyyətin
bəşəriyyətin sonrakı tərəqqisindəki rolu şübhə altına alınmalı idi. Ən yüksək
mədəniyyət belə, ekstremal vəziyyətlərdə alman xalqını barbar hərəkətlərdən
saxlaya bilmir.
Minilliklər boyu “bezdeluşka”lar kimi üst-üstə yığdığı mənəvi dəyərlər və Qriqorian
kilsəsinin fəaliyyətisə ermənilərin öz mənəviyyatındaca patoloji effekt doğurur.
Vaxtaşırı bəzi filosoflar humanizmi köhnəlmiş sanır və bunu insanlara təlqin
edirlər. Əslindəsə dəyərlər sistemində əbədi maraqlı olanı da elə humanizmdir.
Çağdaş beynəlxalq qanunlar da humanizm üzərində köklənir. Humanizmi yalnız
şeytan inkar edə bilər. Biz də bəşəriyyətin tərəqqisində humanizmi üstün dəyər
kimi götürürüksə, onda fatehlər istər-istəməz quldurlara çevrilmiş olur. Tarix
əmirteymurlar, napoleonlar unudulmaqla yazılmalıdır. Özbək Məhəmməd Şeybani
xanın başını kəsib, qafa tasını qızılla işlədib, qədəh yerinə işlədən Şah İsmayıl
Xətainin hərəkəti yamyamlıq nümunəsidir. Mən onun gözəl poeziyasını cəlladın
mahir rəqqaslığı şəklində qavrayıram.
Həri, qardaşlar, mədəniyyət bəşərin uğursuz özünütəsdiq vasitəsidir. Mədəniyyət
asanlıqla məhvediləndir. Mədəniyyətdən qurtulmuş xalqlar açıq-aydın və tam
çılpaq görünürlər. Mədəniyyət atıldı, ya maska yırtıldı - eyni şeylərdir. Bu saat
çeçenlər dünyanın maskasız insanlarıdır. Çeçenlər tarixi düşmənləri olan ruslar
kimi heç də mədəniyyətlə riyakarlıq etmir, yalnız azadlığı əsas tuturlar. Çeçenləri
qırıb-çatan rusların mədəniyyəti bir çürük qoz qədər əhəmiyyət kəsb etməz.
Amma azadlıq insana mədəniyyətdən daha vacibdir. Azadlıq dözülməz mənəvi
ehtiyacdırsa, mədəniyyət uzaq başı, estetik bir istirahət vasitəsi sayıla bilər.
Mədəniyyət köləliyə gətirib çıxarandır. Farslar öz qədim mədəniyyətlərinin əsiri
deyilmi? Qədim İran mədəniyyəti, üstəlik də, İslam son nəticədə insanları kölə
halına salmayıbmı? Mədəniyyət farsları insan azadlığı baxımından çox geri
atmışdır.
           

Nə deyim. Bax, belə. Söhbət uzana bilərdi.

Digər xəbərlər

Əsəd Qaraqaplan: "Sabir, yoxsa Rafiq Tağı?.."

İnkarçılarımız

Folklorun ölən çağı

"ÖLÜ ƏDƏBİYYATIN ƏLAMƏTLƏRİ" Tehran Əlişanoğluna

Düşmənimin xatirinə

Şərhlər