Hayıf, övlad da qocalır

Tarix: 25-03-2015 11:31
Baxış sayı: 2252

O, Vahidlə belə danışmışdı: əmanəti verir, özü çəkilir qırağa. Paytaxta kimin xahişi ilə, kimin əmriylə düzələcəyini bilmir, heç bilmək də istəmir. Qorxur deyilənlərə inanmaz, ümiddən düşər. Tərs kimi də Vahid hər dəfə gözünü yumub, ağzını açır: vədə xilaf çıxsalar, yediklərini burunlarından tökəcək. Onda Sahib şübhələnir, qanı it qanına dönürdü.

“Bakının açarı - paradır”,  bu sözü hələ uşaqlıqda eşitmişdi.

Şəhərə gedəsi günü Sahib yuxudan oyanıb göy üzünü arıdan buludlu gördü. “Bulud”un kölgəsi həyətdə qarmon kimi yığılıb-açılırdı. Hə, atası bal kəsir. Körük basıb, acı tüstüylə arıları pətəkdən qovmuşdu. Kişi - libasından “meksikan”lara oxşayır. Fetr şlyapasının yanlarından sallanan, üst-üstə geydiyi köynəklərin altına saldığı tor da güya üz-gözünü arıdan qoruyur. Pijamasının balaqları uzunqunc “morskoy” çəkmələrdəydi. Yeriyəndə iri əlcəklərinin barmaqları yellənir.       

- Başın batsın! Dedim hanı ləyən?! ...Bay, mirət yenə sancdı! - kişi əlini çiynində necə şappıldatdısa, yəqin arının beş-onunu birdən gəbərtdi.          

- Tutun böyründədi! Sola bax! Ağ tutun böyründədi!

Anasının səsi gah ordan, gah burdan gəlir. Kişisinin əmriylə həyəti eninə-uzununa ölçürdü.     

- Ana! Ay ana!..                                                                                                                  

- E-eyy! Siz də ölün içəridə! - o, qapıdan marıtdayan, xorla onu çağıran qızlara bir ağız çımxırdı. Həmişə acığını onların üstünə tökür.                                             

- Deyin mən çağırıram! - içəridən Sahibin səsi gəldi.                                              

- Səni Sahib çağırır! Biz yox! 

Arvad oğlunun adı gələndə, həyətboyu evin çıxacağı səmtə yüyürdü. Başını da per-pencəklə bürümüşdü ki, arılar onu neştərləməsin. Elə bil yağışdan qorunurdu.                                                                                   

- Nə işdi? - içəridə nəfəsini dərib, Sahibə baxdı.                                                    

- Bir az zəhər gətir, zəhərlənək. Bakıya tələsirəm!                                                 

- İşin var... orda?                                                                                                                 

- Yox, oynamağa gedirəm!                                                                                                                                         

İldə bircə dəfə bal kəsilir, tərslikdən о da gəlib bu vacib günə düşdü. Arı sancanda üzü elə şişir, gözləri elə örtülür ki, bir şey oxumaq istəyərsə, gərək göz yerində barmaqla xüsusi deşik aça.                                                                           

- Bəlkə sabah gedəsən?

- Allahu-əkbər! Arvad, mənim işlərimə burun soxmayın! Sizə milyon dəfə demişəm!                                       

- Kim burun soxur? Heç kimin sənnən işi yoxdu.                                                   

- Ora getmə, bura getmə! Bu gün getmə, sabah get! Bə bunlar nədi? Bezmişəm daha!

- Bezibsən, bezmə, - keçi saçlı qızcığaz şeytan-şeytan bunu deyib qaçdı yükün dalına.                                           

Anası üçün Sahibin Bakı səfərləri bir müəmma, sirri-xuda idi. Hərçənd qulağı çalmışdı ki, deyəsən, oğlu şəhərə can atır. Axı bu yaşda gedib neyləyə bilər. Harda qalacaq? Tələbəlikdə mağıl yataqxana vermişdilər; çünki borcları idi. İndi deyərlər salamməleykim, sən kimsən? Ev alanacan da həyatı zəhərə dönər. Hayıf, övlad da qocalır. Vaxtında da evlənmədi. Oğlana söz deyirsən, tapança kimi açılır. Acıb-susamağını da qorxa-qorxa soruşurlar.                        

- Ay qız, gəlib çıxsana, harda öldün!..                                                                                        

Evdə Sahibin şəhərə məhz bu gün gedəcəyini bilmirdilər. Sahib də balın bu gün kəsiləcəyini fərz eləmirdi. Ailədə iki cüt bir tək adamdılar, bir-birindən xəbərləri yoxdu.                                                                                                           

- Get gör yenə niyə bağırır!                                                                                                                   

- Bala, atandı, ədəbli ol.                                                                                                                                         

- Yaxşı, olaram, get.                                                                                                                                 

- Arı vursa, çinlilərə oxşayacaqsan, - qızcığaz qardaşına yenə söz atıb, bu dəfə qapının ağzına qaçdı. Həm istəyir qaqaşının hirsini soyutsun, həm də ondan şillə yeməsin.

- Vallah, sənin də Araz aşığındandı, Kür topuğundan.                                          

Arvad eyvana çıxıb:                                                                                                                                

- Nədi? - soruşdu.                                                                                                                                                     

- Harda batıbsan?

- Sözünü desənə! Yox, gərək acılaya!                                                                                                            

- Şoğəriblər yenə daraşıb canıma.Korsan görmürsən?                                                  

- Sənə dedim pijamanın üstündən şalvar gey, baxmadın.                                                     

- Gəl! Tez gəl, ləyəni apar!

- Ora necə gəlim! Onda bir az bəri itələ!                                                                                        

Qonşunun skelet oğlu Qəşəm çəpərin о üzündə, öz həyətlərində, bir tək maykadaca dayanıb, tutduğu arıları qarın-qarına toqquşdururdu.                                       

- Xala sənə qurban, gəl о dolu ləyəni sürü bəri.                                                                         

Qəşəm məhəllədə adıbəlli Koroğlu idi: onu arı-marı iynələməz. Lap pöhrə verəndə də. Baş-bədəninə dəyib vızzadan ötərdilər. Deyirdilər qanı acıdır. Bəzilərinin kəşfinə görə, yetişkənlikdə oğlan uşağına arı toxunmaz.                                             

O, ləyəni sürütləmədi, kişi-kişi qaldırıb, altını yerə vura-vura olsa da, evin dibinəcən gətirdi. Sonra qırıq şana qonan kötməcə bir arını tutub, qanadlarını qoparıb, havaya fırıldatdı. Arı göydə vızıltıyla balaca bir qövs cızıb, vurulmuş təyyarə kimi yerə gəldi. Qanadları özündən sonra endilər.

Arvad balı üst gözə apardı.                                                                                              

Qızlar:                                                                                                                                                                               

- Ur-ra-a! - qışqırışdılar.                                                                                                                                  

- Qaşıq!                                                                                                                                              

Taxçadan Sahibə balaca qaşıq gətirdilər. O, şanlardan süzülən sapsarı baldan götürüb ağzına qoyduqca, anası sevinirdi - atası kəsən baldan dadmaqda, bəlkə də onunla barışır.

-  Məni arıdan ötürürsən?                                                                                                                              

- Bəlkə getməyəsən?                                                                                                                                      

- Məni ötürürsən, ya yox?! - Sahib bu dəfə dözməyib çımxıranda, arvad səssizcə sürüşüb günbatan gözdən bir qucaq köynək, dəsmal, mələfə gətirdi. Oğlunun boyun-başını sarımağa başladı. Qurtarıb zəif yerləri də əliylə tutdu ki, açılmasınlar. İkisi birdən pilləkənləri enəndə, Qəşəm həyətdə gülməkdən qəşş edirdi.                                                                  

- Xala, sən elə bil Sahib əminin qulağını dartırsan.                                                                    

Kişi də dikəlib doqqaz tərəfə gedənlərə baxdı. Üz-gözündən tər çeşmələnirdi.         

- Tfu, səni!

- Arı о yazığı yenə köpürtdü!.. - anası təəssüflə arxaya çönəndə, Sahibin başındakı köynəklər, açılasan. Çoxu çiyninə düşdü, bəzisi də yerə. О saatcana iki-üç arı onun peysərinə yapışası.                                                                                           

- Vaayy!                                               

Digər xəbərlər

Faciə: şərq-qərb konteksti

Dünya qlobal oldu

Bəşəriyyətin islam haqqında dediklərinə əlavələr

Satiraya Rafiq Tağı baxışı

Komediya-satira dairəsi (yarıabsurd). Yüzildaşım Tehran Əlişanoğluna

Şərhlər