Tarix: 04-04-2018 12:08
Baxış sayı: 1664
Zaman kəşf ediləndə, ondan yararlanası olduq. Başqalarının bu tapıntısı elə xoşumuza gəlib, indinin özünəcən bədii ədəbiyyatda onunla əylənirik. Onun sayəsində keçmişlə gələcəyi ayırd etmişik. Gələcək əslində esxatoloji məfhumdur. Gələcək dirilərin fərdi və qlobal faciələrilə ağızbaağız doludur. Esxatoloji faciələr əksilən deyil. Statik cəhənnəmin cəhəngləri daim açıqdır; cənnətə də ki, yalnız ona məhkum olunanlar düşür. Nuhun tufanları təkrar-təkrar əsəcək, lakin daha xilas gəmiləri yırtıq sualtı atom qayıqları olacaq.
Azərbaycan türkü bir şərqli olmaqla çox da tərəqqinin fərqində deyil. Bizə metafizik ruh hakimdir. Proqress yad bir şeydir, dialektikanın arxaik törəməsidir. Belə ki, Şərq Avropanın lovğalandığı antik mədəniyyətəcən artıq ondan üz döndərmişdi. Proqress Avropanın yeganə xilas şansıdır; Avropa saman çöpü kimi ondan bərk yapışıb. Amma bunda Şərqin gözünə xilaslıq bir şey görünmür. Həm də sonucda Şərq haqlı çıxıb: təbii ölümlər azmış kimi proqress üzündən nüvə ölümləri konsentrasiyaları dünyaya göz ağardır. Hər halda Avropa ağıllıcasına proqressi xoşbəxtlik açarı bilir, qoy bilsin. Şərqliyəsə o, şahmat kimi də yox, nərd kimi, ya kef-damaq üçün gərəklidir. Dialektika esxatoloji faciə duyumunu artırır deyə, onu atmışıq gedib. Biz heç vaxt öz təşəbbüsümüzlə elmi-texniki tərəqqiyə meyl eləmədik. Sanki əvvəlcədən bilmişdik ki, bəşəriyyət haçansa bundan peşiman olacaq. Heç bir inkişaf elementi insanı xoşbəxtliyə çatdırmır. Azərbaycan türkü təbiətin verdiklərini maksimum sayır, elə ona da şükürlüdür. Başqalarına da həmişə ilk növbədə can sağlığı arzu edir. Əlavə mədəniyyət inyeksiyaları bizim üçün göydəndüşmə olur. Məsələn, islam, kommunizm.
Bizdə dünyəvi esxatoloji duyum rudiment formasındadır. Həmişə ən yaxın gələcəklə məşğuluq. Zərdüşti xeyir və şərdən debilcəsinə əl çəkmirik. Belə primitiv problemlər asan həll olunduğundan, həyatdan razılıq hissimizi artırır. Atom qazanlarında bişəcəyimiz uzaq gələcəklər bizi maraqlandırmır. Uzaq gələcəklərin çarəsini yəqin başqaları tapar, yəqin onda esxatoloji xilas payı bizə də ayrılar. Hardasa beynəlxalq ədalət duyumlu, esxatoloji bəsirətli milli toplumların mövcudluğuna inanırıq. Xristianlar deyir: İsa Məsih gələcək. Müsəlman ərəblərsə Mehdi, - Sahib-əz-Zamanın zühurunu uydurub. Bunlar ən böyük esxatoloji kəşflərdir. Biz də bunlardan güclü esxatoloji rebuslar uydura bilməyəcəyimizi görüb susmuşuq. Gələcək bizdə fərdlərin ömrü uzunluqda düşünülür. Bu genetik kod nəsilbənəsil ötürülür. Diapazonumuz kiçikdir, özümüz kiçiltmişik. Əsarətdə qalırıqsa, bu əsarət ömrümüzdən uzun çəkəcəksə, ona uyğunlaşır, hətta onu sevirik. Azərbaycanda sovet rejimindən azacıq narazılığı qulağım çalmamışdı. Stalin dövründə repressiyaya məruz qalanlarımız olubsa da, bu onların "günah"ı üzündən yox, yuxarıdakıların patoloji şübhələri ucbatından baş verib. Yaxud "günəşli" Azərbaycan üçün də əhalinin sayına uyğun illik repressiya planları qoyulurdu. Gör ki, neftimizi bircə günə də satmağa hazırıq: bizim üçün indi gələcəkdən əfzəldir. Gələcək sanki ögey övladdır, ona məhəbbətimiz səmimi deyil. Axirət söhbətlərimiz tamam boşboğazlıqdır. Elə bil gələcəkdəki enerji böhranları bizim ölkəyə toxuna bilməz; sanki neftimiz əbədidir. Esxatoloji faciələri qavramırıq. Uzaq başı özümümüzdən sonrakı nəslə quru bir ev saxlamaqla kifayətlənirik. Ev təfəkkürümüzdə ki guya ən önəmli, əslindəsə ən primitiv esxatoloji bir obyektdir. Əslində onu da eqoistcəsinə "tikirik ki, izimiz qala".
Dünyanın axırına biganəliyimizi görən öz keçmişimizə də laqeydliyimizi asanlıqla üzümüzə oxuyar. Bu çağacan tariximizin ideoloji qayçılanmalarından ağrı duymamışıq. Keçmişə soyuqluğumuz əslində esxatoloji bəsirətsizliyimizin tərs üzüdür, yaxud bunların biri digərinin əlamətidir. Zaman uzaqlıqlarına fantaziyamız qanad çalmır. Bu qanad dalınca hətta gedər-gəlməzə də yollanmağına dəyər.
(“Müsavat” qəzeti)