Azərbaycanda siyasi idilliya ərəfəsi

Tarix: 13-06-2024 00:08
Baxış sayı: 110

Müxalifətin yanaqları allanıb – o, iqtidara müştaqdır. Lakin bu, Leyli məhəbbəti
yox, mazoxist sevgisidir. Hərçənd alyanaqlar zərif dəri altındakı yaşıl-durğun
venaları heç cür gizlədə bilmir.
 
Mən də həmişə müxalifəti həqiqət səmtində işaran bir şey sanmışam.
Deməmişkən, müxalifət ilğım kimi heç də göründüyü yerdə deyilmiş.
Azərbaycanda həqiqət nə müqəddəsliklər, nə də miflər səmtindədir. Qardaşlar,
Azərbaycanda həqiqətin yeri bəlli deyil.
 
Ölkədəki siyasi tamaşada AXCP başçısına “peyğəmbər” rolu tapşırılıbmış. Üstəlik
də, o, mənim kimi cansız olduğundan elə mənim kimi də humanizm natamamlıq
kompleksinə düçardır. Görün sizə nə deyirəm, uşaqlıqdan cılız olanların hamısı
humanistdir. Azərbaycanda humanistlik şillə-qapaz yeməmək üçündür. Can bütün
siyasi hoqqabazlıqlardan üstündür. Qardaşlar, vətən gedirsə, bir gün yenə gəlir,
can getdisə, ömür-billah bir də gəlmir. Azərbaycanda taxt-tacda can səbəbindən
buraxılır. Əcəb can olmaya, siyasətdə atılıb düşəsən ortalığa. Tamaşa şəklində
olanlarını demirəm, Azərbaycanda heç vaxt ölüm-dirim mübarizəsi olmayıb. Biz
yüzillər boyu ancaq öldürülmüşük. Həm də insan bədəninə adi sancaq batırsa,
dünya harmoniyası pozulmuş olur. Əlbəttə, harmoniya pozulması faciədir. Di gəl
Azərbaycanda faciə yox, komediya önəmlidir. Harmoniyaya az-maz dəlalət edən
yeganə şey komediyadır. Qardaşlar, mən diş timsalında can ağrısına yaxşı
bələdəm. Bir gün həkim dişimi qurdalayanda gözlərimdən timsahınkılara bənzər
gildir-gildir yaşlar axıdırdım. Hərçənd bu yaşlar həmin vaxt cəbhədən güllədən
qəfil piruet cızın gedər-gəlməzə yollananlarımızın taleyinə üzgün idi. Həri,
qardaşlar, əvvəl can, sonra – xalq. Humanizm nədir – riyakarlıq aktı. Bir də axı ət
yeyən heyvanda nə humanizm...
 
Azərbaycanda “meydan”ı gözlərini açıb lirik-sentimental ədəbiyyatla tərbiyə 
görmüş bir xalq törətmişdi və bu, əsl azadlıq istəyindən deyildi. Sizə necə deyim,
millət küyə getmişdi. 20 Yanvar xalqın siyasi avamlığının məntiqi nəticəsi idi. XX

yüzilin axırınacan gəlib çıxmış novruzəlilər artıq əbədilik kəsb ediblər. Ancaq mən
demişəm, Azərbaycanda Novruzəli heç vaxt məktubu poçt qutusuna sala
bilməyəcək. Qardaşlar, mən onu da demişəm ki, novruzəlilər padşahların özlərinə
də ziyandır. Novruzəlilər padşahı ağa səviyyəsində kiçik təsəvvür eləyən
məxluqlardır. Padşah üçün kölə yox, azad insan dəyərli olmalıdır. Kölələrlə oturub-
duran padşah bu yumru dünya üzündə uzağa gedə bilməz.
 
Əbülfəz Elçibəy Novruzəlinin kiçik qardaşıdır.
Həm də müxalifət Azərbaycanda ucuz şöhrət mənbəyidir: qədimlərin “əzilən”
pozası indiyəcən qara gəlir.
Azərbaycan antifaşistləri faşistləri ilə barışa biləsi ölkədir.
Bizdə müxalifət də iqtidarı düzüb-qoşan millətin əlindən çıxıb. Müxalifətlə
iqtidarın torpağı bir yerdən götürülüb. Görək iqtidarla müxalifətin xalqın canındakı
simbiozundan nə alınacaq. İqtidarı məğmun millətin müxalifəti zirək ola bilməz.
Məğmun iqtidar dövlət səviyyəsində terrora, məğmun müxalifətsə dövlət
çevirilişlərinə qabil olur. Çifayda, azad dünya nə ona bunu, nə də buna onu icazə
verir. Ah, Amerika-zad olmasaydı, mağıl indiyə dədə-baba qaydasınca “şıppıldağ”ı
götürmüşdük...
 
Hakimiyyətə çatacaqsa da müxalifətin mübarizəsi perspektivsizdir. Müxalifətin
yazıb-pozub şişirtdiyi “şar”ları da 90-cı illərdəki şişirdilib partladılmış iqtidar
“şar”larının taleyi gözləyir. Hətta rəqəmləri şişirdilə bilən bir ölkədə insanları
şişirtmək nə çətin işin ola... Sizə ibrətamiz bir əhvalat danışım: keçən həftə bizim
nökərimizə bayrağımızdakı rənglərə uyğun üç şar almışdım. Mən ovurdlarımı
şişirtdikcə onların üçü də partladı; uşağın əli boşda qaldı. Bəli, mən yalnız keçən
həftə bilmişəm ki, şişirdilməyin axırı partlamaqdır.
 Qardaşlar, partlayan hər bir şar məndə həmişə pessimizm doğurur. Pessimizm də,
deyirlər, məni dəliyə oxşadır, ələlxüsus keçəl başlardakına bənzər saçım
yuyulmayanda. Allahı sevərsiniz, indən belə yanımda partlayası heç nə
şişirtməyəsiniz. Bu barədə sizlərə qabaqcadan minnətdarlığımı bildirirəm.

“Hürriyət”, 09.12.1997

Digər xəbərlər

Faciə: şərq-qərb konteksti

"Qafqazın qartalı Şaumyan belə..(S.Vurğun)

“Konformizm “ Konspekt

Böyük bacı

Rafiq Tağı - Son 20 ilin ən çox diqqət mərkəzində olan yazıçısı

Şərhlər