“Demokratiya-diktatura oyun növü” yazımdan qalan fikirlər və onlara əlavələr. Konspekt

Tarix: 13-06-2024 00:12
Baxış sayı: 145

Əvvəla, “əlavə” haqqında. Qardaşlar, “və” əlavələr əvvəlidir. Onu deməliyəm ki,
bir şey bir şeyə əlavə olunanda məni həmişə gülmək tutur. Hərçənd maye üzərinə
mayə əlavəsi zamanındakı şorultudan mən çoxlu lirik nəğmələr də əxz eləmişəm.
İnqilablarda zopa kütlə başına əlavədir. Dəyənək dəli öküz təpəsində üçüncü
buynuzdur. Zopa Azərbaycanda stabillik rəmzidir. Polis iqtidar zopasıdır. Həri,
turşu üstünə əlavə olunan qələvi ilə neytrallaşdırılar. Bıçaq fahişə qarnında əxlaq
əlavəsidir. Onu desəm olar, deməsəm olmaz ki, bıçaq milli-məişət əxlaqımızın
tələbatına tam uyğundur. Qardaşlar, Azərbaycanda demokratiya neftə əlavədir.
Bizdə demokratiya olsa-olsa beynəlxalq lotuların Azərbaycanda at oynatması üçün
inşa edilmiş meydançadır. Azərbaycanda barı bir-iki dənə də demokratik ənənə
yoxdur.
 
Piketdən qorxan Azərbaycan iqtidarı sancaqdan qorxan şeytan bənzərlidir. Piket
demokratik ölkənin gözəlliyidir. Piket və mitinqləri dağıdan iqtidarın iş üslubu
antikonstitusiondur. Əslində Azərbaycan konstitusiyası iqtidar əlində gərəksiz
broşuradır. Azərbaycanda “prezident” “padşah”ın qərbgözünə adıdır.
Mentalitetimiz yalnız padşah doğura bilər. Padşah Azərbaycanda hələ də nağıl
obrazıdır.
 
Həri, keçən dəfə demişdim ki, Azərbaycanda demokratiyanın yalnız pıçıltı ilə
danışılan növü var. Bizdə pıçıltı milli keyfiyyətə çevrilməkdir. Ancaq onu desəm
olar, deməsəm olmaz ki, pıçıldayan insanlarda enerji itkisi və qida məsrəfi az olur.
Pıçıltı millətin qənaət rejimidir. Üstəlik, bu həm də lirikaya bənzəyir. Pıçıltıda bir az
erotiklik də var. Pıçıltını despotik rejimləri zifaf gecələri bəzəyər. Bu heç.
Qardaşlar, Azərbaycanda diktatura yatanda da duyulur. Bakı xəzrisi triller janrında
bir şeydir və gecə qapımı döyəndə, məni keçmiş Stalin “troyka”larının xofu
bürüyür. Tez cırıq-söküyündən utanan adamam. Həri, mənə xof siyasi qeyblərdən
gəlir.
 

Qardaşlar, vaveyla, başçılarımız tərbiyəsiz ailələrdən çıxıblarmış. Parlament
“müdrik”lərimiz söyüş folkloruna tam bələdmişlər. Söyüş folkloru onlarıq xotuq
bol olan məskənlərdən çıxdıqlarına dəlalət edir. Mən parlament salonu
pəncərəsinə bənzətdiyim teleekrandan bəzi qoca millət vəkillərinə baxdıqca
Azərbaycan ağsaqqallarına nifrət edirəm. Onsuz artıq Azərbaycan ağsaqqalı
mənim gözümdə şərin cövhəridir. Yox, ağsaqqalarımız sirat körpüsündən keçə
bilməyəcəklər.
 
Yenə ötən səfər dediyimdən deyim ki, çadırlarda qaçqın uşaqları yalnız toxluqdan
törənir. Həri, qardaşlar, uşaq bol olan yerdə toxluq fərz edilir. Toxluq eşq
səbəbkarıdır. Mən eşq poeziyasının güclülüyü səbəbindən ortaçağ Şərqində toxluq
gümanındayam. Leyli və Məcnun tox insan olublar. Aclıqda insanlarımız
gözəlliklərini itirir, elə ona görə də şəkildə göyçək alınmırlar. Azərbaycan qızlarının
90-cı illər şəkillərində burun əlamətdardır. Bizim qızlar artıq fotogenik deyillər.
Qırmızıyanaq Qarabağ gözəlləri Bakı yataqxanalarında bozumtul olublar. Elə bil
çiçəklər üstünə toz qonub. Bakı yataqxanaları tualet ətirlidir. Bakı
yataqxanalarında ələ dəyən isti maye yalnız uşaq sidikləridir. Çadırlı İmişli-
Beyləqan çöllərində estetika yaxşı həyata dair bir şey kimi anlaşılır. Həqiqətən,
estetika qızıl qolbaq, ya sırğa timsalındadır. Estetika Qərb simvolikası imiş.
 
Qardaşlar, hətta Vətənə şəhid törətmək üçün də qarın vacibdir. Şəhidliyin yolu
qarından keçir. Özü də onu desəm olar, deməsəm olmaz ki, azərbaycanlının
cənnətə düşmək şansı yalnız şəhidlikdə qalıb. Azərbaycanlı əməlləri ümumbəşəri
normativlərə uyğun gəlmir. Biz əslində normativi bürokratik bir şey sanırıq.
Azərbaycan padşahları beynəlxalq insan hüquqları Bəyənnaməsinə həmişə dəvə
nalbəndə baxan kimi baxıblar. Azərbaycanda dinlər də boş məşğuliyyətdir. Din
Azərbaycanda tüfeyli həyat rəmzidir. Azərbaycanlı üçün tum çırtlamaq ibadətdən
üstündür. Azərbaycanda vicdan azadlığı islamın yıxılma təhlükəsinə qədərdir.
Tutaq bunlar da bir az heç. Qardaşlar, Azərbaycanda türkçülük narsizmə
mübtəladır. Türkçülərimiz bütün dünyanı sofistcəsinə Azərbaycana bağlayırlar.
Azərbaycan türkçülüyünə patetika xasdır. Patetikanın el içində adı döşədöymədir.
Əfsus, biz döşümüzə döyəndə gumbultu eşidilir. Bəlkə də biz dünyaya
gəlməmişdən içimizə boş çəllək pərçimlənib.
 

Döşədöyməkliyimizlə Azərbaycandakı heçlik və boşluğu dünyaya faş edirik. Kaş
döşədöyənlərimiz olmaya, ölkəmiz dünyaya “dolu” görünə. Vallah, gumbultu
olmasa, soliptik dünya Azərbaycanı dolu təsəvvür edə bilər. Bə nə, əyə, əşi, həri,
qardaşlar, sözümə inanın.

Digər xəbərlər

Mədəniyyət və sivilizasiya mövzusuna qayıdış (Nikolay Berdyayevlə mübahisə cəhdi) /İntibah həsrəti/

ƏLİF­­BA MƏN­­ZƏ­­RƏ­­LƏ­­Rİ

Azərbaycan türklərində esxatoloji duyum

BA­­ŞI­­NIN ÜS­­TÜN­­DƏ BUY­­NUZ Kİ­­Mİ AY

PAR­LAQ QUŞ

Şərhlər