“Mübarizə ruhundan uzaq yazı” Konspekt
Milad ölçülərində II minilliyi, yaxud XX yüzili başa vururuqsa da, elə yenə ibtidai
işlərlə məşğuluq – mübarizələrlə. Mübarizə həmişə nifrət təzahürü olub və
neandertallara da xas idi. Sevgilərimiz uzaq başı evlənmələrimizə çatır. Cahan
müharibələrində bəşər nifrəti qlobal miqyas aldı. XX yüzildə dünya “qırmızı” və
“qəhvəyi” rənglərdən boğuldu. Əlbəttə, bunlar heç.
İndilikdə mən daha çox metafizik durumdayam, dialektik əksliklərdən müvəqqəti
vaz keçmişəm. Keçən ay çıxartdığım dişimlə əsəblərim də rədd olub gedib.
Qardaşlar, sonunda ölüm və yoxluq durduğundan, mübarizənin heç bir növünü
xoşlamıram. Mənə qəribə gəlir, Qarabağ məğlubiyyətindən sonra millət lüzumsuz
dartışmalara qurşanıb. Biz get-gedə yalançı mübarizə qəhrəmanlarına
çevrilməkdəyik. Həyata sanki dastanlarımızdan çıxıb doluşuruq. Azərbaycan
mütrüblərindən erməni mütrüblərinə Moskvadakı qələbəsilə guya yara sağalacaq.
Heç kəs inciməsin, nifrətdən uzaq bu halımda mən nə Elçini, nə də Anarı qanına
qəltan edəsiyəm. Üstəlik, Elçin taleyimdə yeganə insandır ki, sovet
cəngəlliklərində əlimdən tutub, ədəbiyyatda mənə dayaq olub. Günlərin bir günü
hekayələrimlə ancaq ona pənah aparmışdım. Yəni fəlakət zamanı adamların bir-
birinə sığınması kimi bir şey. Nazirlər Kabineti Azərbaycandakı iş yerlərindən
biridir, o da orda işləyir. Gedib kartof satmayacaqdı ki. Biz dahiləri də avara-
sərgərdan görməyə alışmışıq. İşinə görə onu qınamaq yersizdir. Həm də axı gəlin
bəzi şeyləri qarışdırmayaq: Nazirlər Kabinetini Heydər Əliyev özüylə Naxçıvandan
gətirməyib. Nə ora onun şəxsi mülküdür, nə də ordakılar onun buyruq qulları.
Həm də biz artıq vəzifələrə aşağıdan yuxarıya baxmağı tərgitməliyik. Tarixi
torpaqlarını farslar, erməni və ruslar yeyib-içib “gübrələyən”, adamları xəstə və
insafsız, cırtdan dövlətlərdən də qat-qat zəif bir məmləkətdə prezidentliyin özü
Sanço Pansanın uzaq bir cəzirədə qubernatorluğu qədər qəmli və gülməlidir.
Bütün sinonimləri dal-dala düzüb “dolğun” nitq arada irad etməklə deyil ki. Bu da
heç. İndi gedək o yana.
XX yüzildə siyasət Azərbaycan şairini vəsfgu aşığa, nasirinisə yazılıb partiya
protokollarına tikiləsi romanlar müəllifinə döndərdi. Yadıma düşmüşkən: Mövlud
Süleymanlının “Dəyirman” povesti ilkin Qorbaçov epoxasının “Trezvost” jurnalında
çıxdı və antialkoqol kampaniyasının xidmətində durdu. Su axıb çuxurunu tapdı.
Mirzəibrahimovbənzərlərimizin inqilabi saydığı əsərə Moskvada öz yerini dəqiq
göstərdilər. Hə, bu yüzildə ədəbiyyatşünaslığımız klassikaya qısnandı.
Azərbaycanda klassik ədəbiyyat indiyəcən istismar olunmaqda. Ənənə
bataqlığında çabalayan ədəbiyyat daha dərinə batmaqda... Bizdə ədəbiyyatçı daha
çox dövlətçiliklə məşğuldur, onu da həvəssiz və həvəskar səviyyədə, yarıtmaz
tərzdə, barı bu elmin əlifbasından bir-iki hərfi də bilmədən. Avara bir şairin
dövlətçilik resepti onun infarktlı xəstəyə yazacağı resept qədər gülünc olardı.
Gələk bu yana.
Saraya xidməti hətta ulu Nizaminin üstündə indiyəcən qara bir ləkə kimi
qalmaqdadır, onda qalmış həmrahımız Anarın ola. Əfsus, Anar müəllim həyatını
başlanğıcdan naqis ənənələr üzərində köklədi. Nə sirdisə, Azərbaycanın bütün I
katib və prezidentləri onu həmişə yanına salıb harasa aparır. O , şahlar favoritidir.
O, avtoritar rejimlər və ac ölkədə tox məclislər yaraşığıdır. Anar “60-cılar”
dalğasında, zəlzələlərdə təsadüfən tanınan seysmoloqlar kimi, tanınıb. O, həyatda
şöhrətdən savayı heç nəyə çatmadı. İnsanlar onu o, insanları sevdiyi qədər sevdi;
artıq yox. Arada səmimiyyətdən savayı hər şey oldu. O, normal dövlətdə yazıçı
olmayacaqdı; bunun sübutu dövlətimiz nisbi müstəqilliyi çatandan, söz azadlığı
bərqərar olandan qələmi yerə qoymasıdır. Kitabları çıxırsa da, heç nə yazmır. SSRİ
onun qardaşı idi; Siam əkizlərini ayırmaq mümkünsüzdür. Həri, onun yazıçılığının
etiologiyası hər hansı qorxunc xəstəlikdəki kimidir. Hələ “Arqumentı i faktı”
həftəliyi SSRİ Ali Soveti deputatları arasında SSRİ Konstitusiyasında Kommunist
Partiyasının hegemon rolunu təsbit edən 6-cı maddəyə münasibətlə sorğu
keçirəndə, bizim Anar müəllim neytral qalmışdı. Onda Moskvada yaşayırdım; çox
təəccübləndim, fikrə getdim, bir az saçım ağardı, qəzetin həmin sayını oxuyan rus-
mus dostlarımın yanında xəcalət çəkdim. Hər hansı qotura gün kimi aydın bir
problemin həllində azərbaycanlı deputat tərəddüd edirdi. Sanki o, diktata,
“37”lərin “gələn nömrə”lərinə, yeni ştamlarına yox demək istəmirdi. Azərbaycan
klassik ədəbiyyatının tərbiyəsi bu idimi? Yoxsa o, Andrey Platonovu, A.Soljenitsını
oxumamışdı? Bəlkə o, 50 milyon insanın faciəsindən bixəbərdi? Eh, sadəlövh
başım, ağılsız kafam! Mən yalnız çox-çox sonralar biləsi ki, Anar bəşər faciələrinə
hədsiz biganədir. Nəsrindəki “kiçik insan”a rəğbəti “kiçik insan”a rus klassik
ədəbiyyatından gəlmə, təqlid xarakterli rəğbətdi. “Hamam suyu”ndan nəşət tapan
ucuz bir humanizmdi. O, faciələrdə öz reputasiyasına xələl gətirən əngəlləri
təmizləməklə məşğul olur. Fikir veribsinizsə, həmişə də nəyisə sübut edir, özünü
təmizə çıxarır. Ekranda – pakdır. Ölkə prezidenti ilə him-cim səhnəsi çıxarıb,
Yazıçılar Birliyi sədrliyinə üçüncü dəfə, artıq bu dəfə çırpışdırma yoluyla gələndə
də, sudan quru çıxdı. 5 noyabr hakimiyyət oğrularıyla bir cərgədə oturmağına da
haqq qazandırdı. Başlarını parlamentə soxanlar özləri haqqında bayırda qalan
qapqara ictima rəydən xəbərsiz olurlar. Anar bugünün kiçik maddi qazanclarını
əbədiyyətdə çatacaqlarından üstün tutur. Onu üçün indi gələcəkdən önəmlidir,
salamat can mənəvi sağlamlıqdan ötkündür. Onun üçün haqq-ədalət maraqlı
deyil. Üstəlik də, haqq və ədalət maddi ziyanlı şeylərdir.
Qardaşlar, mənim Anarla şəxsi-qərəzliyim yoxdur. Yeri gəldi, bunları yazdım.
Boynuma alıram, aldanış çağlarımda qəlbim ona sevgi və alqışlarla da dolur. Düzü,
onun da hakimiyyət oğrularını özünə yoldaş seçməsi mənə yaman təsir etdi. Barı
gərək o, hakimiyyət oğrularıyla səs-səsə verib bizi axmaq yerinə qoymayaydı.
Onsuz xalq hakimiyyət oğurluğunu yaxşı görüb. Artıq Az.Tv-nin təbliğatı yalnız
ehtizaza gətirmək üçündür, xalqı inandırmaq üçün yox. Ümumiyyətlə, yalanın
doğru şəkildə isbatına təbliğat deyilir. Mən Anarı iqtidardan xilas etmək, onu
ucalarda görmək istərdim – özünə layiq yerlərdə.
Yəqin bu qədər.