"KLASSİKLƏRƏ QARŞI ÇIXMAQ QƏBAHƏT SAYILMAMALIDIR"

Tarix: 31-03-2017 11:16
Baxış sayı: 1398

MENTALİTET QƏZETİ

 

11-17 SENTYABR 1998-Cİ İL

 

 

   - Rafiq müəllim, tainişildən bəri professionallardan tutmuş dilletantlaradək - hamı belə bir soruda bulunur: "Bu Rafiq Tağı kimdir ki, Mirzə Cəlil kimi nəhəngin bostanına daş atıb?" Lətifəsi həmin sualdakı qərəz və qəzəbdən uzaq olmaq şərti ilə, Siz kimsiniz?

 

   - Mən burnu nisbətən uzun, cibində hələ də Sovet pasportu gəzdirən bir Azərbaycan vətəndaşıyam. Azərbaycan iqtidarı bu neçə vaxtı üstündə ad-zad yazılmış pasport adlı bir sənədi düzəltdirib mənə verə bilmir, amma biz ondan müharibəni udmağı gözləyirik. Zənnimcə, iqtidar müharibəni yox, şərəfsizliyi udub - mən onu seçməyimə peşmanam. Burası belə.

 

   Xoşbəxtlərini demirəm, Azərbaycanın bədbəxtlərindən mənim fərqim ondadır ki, sözümü azad deyə bilirəm. Heç kəsdən gözükölgəli deyiləm, heç kəs tərəfindən alınıb-satılmıram. Mən nə padşahlardan, nə də minillərin bütlərindən asılıyam. Bütlər mənim üçün olsa-olsa Yer üzünün eksponatlarıdır. Mifləri bəşəriyyətin uğursuz yaradıcılıq nümunələri sayıram. Mən "böyük insan"ların da içini görə bilirəm. "Böyük insan"lar haqqında şübhə məzmunlu fərziyyələrim tarixi faktlarla həmişə təsdiqlənir. Axtarsan, padşahlar cinayətkarlar, böyük sərkərdələr qatillərdir. Ancaq bunlar heç. Mən nikbinliklə həmişə həqiqət axtarıramsa da, bədbin çağlarımda bunun lüzumsuzluğu qənaətinə gəlirəm

 

   - "Rus yazıçıları Qoqolun "Şinel"indən, Azərbaycan yazıçıları Mİrzə Cəlilin "Poçt qutusu"ndan çıxıb" deyimləri ilə hansı məqamda razılaşırsınız, ya əks arqumentiniz, yaxud alternativ istinad obyektiniz ("şinel"dən, "qutu"dan) varınızdır?

 

   - Mən XIX yüzil rus klassik əəbiyyatından zühur eləmişəm. Bu ədəbiyyatın "təşbih"i qızıldır. Öz klassikamızı sonradan tanıdım, hərçənd tonlarla maarifçi ədəbiyyat zir-zibili içərisindən onları qırıntı şəklində toplamaq mənə indiyəcən çətinlik törədir. Üstəlik doğma klassiklərini Azərbaycan xalqı da həmişə çətinliklə anlayıb. Ərəb-fars zorakılıqları klassik ədəbiyyatımızda yarımparçalanma dövrü milyon illərcə çəkən radioaktiv stronsium kimi görünməkdədir. Nizamiləri-Füzuliləri Azərbaycan xalqı yalnız mütəxəssislər səviyyəsində qavrayır. Lakin cəmiyyətimizdə klassiklərin kütləvi qavranması anlamında bir şarlatanlıq mövcuddur. Cəmiyyət öz klassiklərini anlamadığını boynuna almır. Sualınıza qismən cavab verdimsə də, ona bir daha qayıdıram. Böyük mənada yazıçı heç kəsin "şinel"i, ya "qutu"sundan çıxmamalıdır. Bəşər mədəniyyəti fonunda "şinel" və "qutu"lar bəlkə yaınız forma yaranışı üçün vacib ola bilər. İdeya həmişə  göylərdə doğulur, Yerdə qəliblənir. Ədəbiyyatda forma hər şey bəşəriyyətin rahat-hulqum kimi udmaq istəyindən urəli gəlib.

 

   - Mİrzə Cəlilə "qarşıçıxma"nız sizi Azərbaycanın adlı yazarları ilə qarşıdurmaya urcah elədi. Ötən üç ildə bunun gunahkar obyektini dəqiqləşdiribsinizmi - Mirzə Cəlil, yazarlar, yoxsa özünüz?

 

- Əvvəla, onu deməliyəm ki, məndə Mirzə Cəlilə münasibətdə "qarşıçıxma" olmayıb, həçənd ona qarşı çıxmağı namümkün iş də saymıram. İnsanın iç dünyası elə formalaşa bilər ki, hər hansı klassikin poetikasını qəbul etməz. Hər halda, klassiklərə qarşı çıxmaq qəbahət sayılmamalıdır. Hər kəs hər hansı klassiki sevməmək ixtiyarındadır. Klassiklərə sevgi məcburi akt deyil. D. Pisarev A. Puşkinə qarşı çıxmışdı, L. Tolstoy - Şekspirə, M. F. Axundov - Füzuliyə və sair. Bu "qarşıçıxma"lar ədəbiyyat tarixində elə bir yenilik deyil və dialektika ünsürü kimi ilk qoşa insandan bəri bəşəriyyətə həmişə xas olub. Əksinə "qarşıçıxmamaq" anormallıqdır. Susqunluq yalnız ölülər üçün xarakterikdir. Öldürülmüşlər hətta qatillərinə də etiraz etmirlər. Söz onda yox. Əlbəttə, bu üç ildə, sizin təbirinizcə desəm, bəzi dəqiqləşdirmələr aparmışam. "Günahkar obyekt" yenə qılınc-qalxanla üstümə yürüş etmiş yazarlar qalmış olur. Bu, azad fikrə dözümsüzlüyün əlaməti kimi bəlkə də sonuncu sovetizm işartısı idi. Ancaq mən onları çox da qınamadım; əslində belə şeylərə təbii baxır, hətta ürəyimdə hərdən kimlərəsə "sağ ol" deyirəm. Sadəcə bəzi yazarların tərbiyəsizliyi mənə təsir etdi: biri mənə "eybəcər məxluq" dedi, biri "idbar" adlandırdı. Eyvaz Borçalı uzağa gedib məni, Ağabəy Əsgərova, bir də yəqin savadsızlığı üzündən görkəmli cərrah Nurəddin Rzayevə göstərməyi məsləhət görmüşdü. Azadxahlıq onun fikrincə psixiatırlıqdır. Bir sözlə, indi onlar papaqlarını (əgər varsa) qabaqlarına qoyub mənim Mirzə Cəlilə "hücum"uma olduğu kimi, özlərinin mənə hücumlarına da obyektiv qiymət verməlidirlər. Qız kimi emosiyaya qapılmaq lazım deyildi. Vaxtkən, yəni sağkən günahlarının yuyulmasına cəhd fəzilətdəndir.

 

   - Məni bu söhbətə Bəxtiyar Vahabzadənin "Yeni Müsavat"dakı 30 iyul 1998-ci il tarixdəki tərfinaməsi gətirib. O sizi Mirzə Cəlil məktəbinin ən gözəl və ondan fərqli davamçısı adlandırıb. Maraqlıdır, Bəxtiyar müəllimin Mirzə Cəlili "ədəbi kollaborsionizmdə günahlandıran Rafiq Tağını Mirzə Cəlil məktəbinin nümayəndəsi hesab etməsi onun bu məsələdən bixəbərliyi ilə bağlıdır, yoxsa...

 

   - Gəlin, icazə verək Bəxtiyar müəllim nə düşünürsə, onu da yazsın. Onsuz da padşahlar-zadlar ona az mane olmurlar. Bu onun qənaətidirsə, niyə də yazmamalıdır. Bəlkə oturub "Mentalitet"dən icazə gözləməli idi? Bəxtiyar Vahabzadə şagird deyil ki, kimsə ona nəyisə öyrətsin. Bəxtiyar müəllim il yarım əvvəl mənə "Mirzə Cəlillə ayrılıq məqamı" adlı yazımı oxuduğunu bildirmiş, hətta onu da demişdi ki, yazıdakı ideyalar rəhmətlik Xudu Məmmədovun fikirləri ilə üst-üstə düşür. Bir də sizin patronlarınıza məsləhət görərdim ki, indidən Bəxtiyar müəllimə bir yasaq naməsi göndərsinlər: Allah göstərməsin, bəlkə məni bundan sonra bir neçə dəfə də "Mİrzə Cəlil məktəbinin ən gözəl davamçısı" adlandırası olsu.

 

   - "Mirzə Cəlillə ayrılıq məqamı" yazısında deyirsiniz: "Ədəbi məktəblərə heyranlıq tərbiyəsinin axırı yoxdur." Bəs Bəxtiyar müəllimin sizin bir hekayənizə heyranlığına necə baxırsınız?

 

   - Göstərdiyiniz fikir fəlsəfi məqamda işlənmişdir və yalnız mənə məxsusdur. Bəxtiyar müəllim başqa cür düşünür və biz onu (tək onu yox) dinləməyə borcluyuq. Özü də Bəxtiyar müəllim ədəbi məktəbə yox, bir hekayəyə heyranlğını bildirib. Məəttələm, bunun nəyi pisdir. Gözəlliyə heyranlıq böyüklük əlamətidir. F. Dostoyevski "İsa peyğəmbər tabutda" rəsmi önündə özü də bilmədən neçə saat donub qalıbmış. Bəxtiyar müəllim heç nəyə biganə deyil. Gözəlliyə biganəlikdən gözəllik yox, biganə özü uduzur. "Eh", "əh" - hər şeyə bu cür dodaq büzənləri gələcək nəsillər dodaqlarını büzük halda xatırlayacaq.

 

   - Hiss edirəm ki, Bəxtiyar Vahabzadənin bu yazısından, daha doğrusu, diqqətindən xeyli məmnun və sevincəksiniz. Qələminiz vəfa etsə, Bəxtiyar Vahabzadə ömrünü yaşardınızmı?

 

   - Əvvəla, icazə verin şübhələnim ki, bir qədər sancıcı suallarınız gözəl bir qızın təfəkkürünün məhsulu deyil. Siz bir neçə il mənim haqqımda məhz bu cür fikirlər "istehsal etmiş" insanların cərgəsinə qəfildən adlaya bilməzdiniz. Ancaq keçib, mən sizi dərhal bağışlayıram.

 

   Boynuma alım ki, mən diqqətdən həmişə sevincə qərq olanam. Gənclikdə dostum Məhərrəm Əliyev zarafatla deyərdi: " Hansı qız üç dəfə "əcəb maraqlı oğlansan" desə, sən onu alarsan". Bir də axı sevinməli yerdə niyə sevinməyəsən. Sizlər niyə hər şeyə xor baxırsınız? Mən ingilis deyiləm ki, soyuqqanlı olam. Ya sevinməli məqamda sevinmək lazım deyilsə, qoy iqtidar qəzetləri yazsınlar, işimizi bilək ( elə məsləhətləri onlar verir).

 

   Qələm vəfa etməyinə edəcək və mən də məhz öz ömrümü yaşayacağam. Lakin o saat fikirləşməyin ki, mən öz ömrümü yaşamaq istəyimlə Bəxtiyar Vahabzadənin ziddinə gedirəm, yaxud bu niyə Bəxtiyar Vahabzadə ömrünü yaşamaq istəməsin. Təəssüflənirəm ki, ömrümüz, deyəsən, hələ uzun müddət bu cür bəsit sual-cavabda keçəcək. Əlifba, söhbətlərimizin əbədi mövzusudur. Uzaqlıqlara tullananda da həmişə gəlib əlifbanın ortasına düşürük. Bu, aksiomadır ki, heç kəs heç kəsin ömrünü yaşaya bilməz və yaşamamalıdır. Bəxtiyar Vahabzadə ömrü artıq Azərbaycan xalqının yaddaşına həkk olunub. Bu ömrün təzadları da mənim üçün maraqlıdır. Mənə elə gəlir, o, padşahlarla yox, padşahlar onunla ünsiyyət qurub. Əlbəttə, padşahın bu istəyində də bir qəbahət görmürəm. Padşah da insandır, poeziyanı sevə bilər və onun da sənətkara ehtiyacı var. Lakin padşah şairlə ünsiyyətini öz təbliğatı üçün qurursa, bunun adı əxlaqsızlıqdır. Düzü, mən Bəxtiyar Vahabzadənin hər hansı çağdaş padşahı vəsf edən şeirini xatırlamıram. Bir vaxr Knut Hamsun faşizmə uymuşdu. Dannunsio da. Maksim Qorki, M. Şoloxov diktatorla ünsiyyətə məcburdular. Xeyir və şər çadırlarını bir məkanda qurublarsa, onların haçansa bir-biri ilə rastlaşmaları ehtimalını da qəbul etməliyik. Sənətkarların ideoloji səhvlərinin silinməsi işi sənin-mənim yox, zamanın öhdəsindədir.

 

   - Mirzə Cəlilin zəngin obrazlar qalereyasında sizin babınız, prototipiniz var, ya hamısı ilə qələm-qələmə zidsiniz?

 

   - Mən bir daha xatırladıram ki, Azərbaycan ədəbiyyatında Mirzə Cəlil bəlkə ən çox sevdiyim yazardır. Mən ona zidd deyiləm. Dar düşüncəli insanlar yerliçilik baxımından, siyasi ambisiyalarla məni bu cür qələmə verdilər. Mənim məramım Azərbaycanın xilası üçün işıqlı model axtarışı idi - istəmədilər. Yekdilliklə bütü qaldırıb gürz kimi təpəmə endirdilər.

 

   Mirzə Cəlilin obrazlar qalereyasında prototipim bəlkə də Kefli İskəndərdir. Zahirdə onunla oxşarlığım yoxdursa da, batinimiz birdir. Hərdən mənə elə gəlir, Mirzə Cəlil dövründə yaşamışam və o kişi məni görmüşdür. Mirzə Cəlildə "mənfi" dediyimiz obrazları çıxsaq, qalan hamı "müsbət"dir. Mənim dediyim nədir: "mənfi" heç də büs-bütün məhv edilib atılası deyil. Keçmiş qoçu, axtarsan, çox gözəl milli keyfiyyətlərlə süslənmiş insandır: qoçu namusludur, ailəcanlıdır, sədaqətlidir (biz sədaqətə də gülürük) , qoymaz dostun saçından bir tük əskik ola - sadalamaqla qurtarmaz. Bir naqis hərəkətinə görə insan çıxdaş olunardısa, onda dünya çoxdan boş qalardı. Əslində naqislik bu boş və fani dünyaya adekvat reaksiyadır - bunda bəlkə də insanın günahı yoxdur. Şeyx Nəsrullah lotu olmağa məhkumdur. İndiki hər hansı mütərəqqi yapon, alman da həmin mühitdə hökmən lotu olardı. Naqis insan günahsızdır - bu fəlsəfi aspektdə yanaşarıqsa, Mirzə Cəlilin bütün yaratdıqları bircə anda darmadağın olar. Lakin insafımız yol vermir, ona bu cür yanaşmırıq. Mirzə Cəlilin xilası, onun yüksək sənətkarlığında, dil və üslub xüsusiyyətlərindədir. Həm də Mirzə Cəlildə humanizm hiss olunmur: onda sadəcə yaxşı və pis var. Onun yaradıcılığı ağ-qara səciyyəlidir. Mirzə Cəlildə Qoqolda olduğu kimi dərin fəlsəfi ümumiləşdirmələr yox dərəcəsindədir. Bax, belə.

 

   - Bir Sovet sualı: hazırda nə üzərində işləyirsiniz?

 

  - A. Puşkindən "siz nə üzərində işləyirsiniz?" soruşduqda, o, şeirlər üzərində işləyirəm" deyə bilərdisə, mən də sualınızı belə cavablandırıram: hazırda hekayələr üzərində işləyirəm. Lap doğrusu, bu saat sizin suallarınız üzərində baş sındırıram. Amma əslində, nə belə sual, nə də belə cavab düzgün deyil. Şəxsən mənim üçün sənətkarın nə üzərində işləməsi yox, hazır əsəri daha maraqlıdır.

 

   - Nəhayət, bir mənafeli sual: bizim "Mentalitet"in imzası görünürmü imzalar içində, və ya əksəriyyəti bazar əhli mentalitetinə stavka olunan qəzetlər içərisində onun öz bazarını öz adı ilə elə bəri başdan bağlaması ehtimalı var?

 

   - Günahımı boynuma alım ki, "Mentalilet"i requlyar izləyə bilməmişəm. Əjdər Ol sizin bir sayınızı mənə vermişdi. Oxuyub ona dedim ki, bu qəzet yaxşı qəzet olacaq. Mən proqnozlarımda yanılmıram. Üstəlik də, Məmməd Nazimoğlu bu qəzetə əl qatıbsa, hər şey yaxşı olmalıdır. Vaxtilə "Aydınlıq"ı Məmməd Nazimoğlunun yazılarına görə alardım. Onda sevinclə hamıya deyərdim: bu adamın qəlbinə Mirzə Cəlil ruhu köçüb. Əfsus, sonra yalana ehtiram bəsləyən "Xalq qəzeti"nə aldandı və mənim haqqımda yazdı ki, "Rafiq Tağı" adı çəkiləndə onun yadına hüquq mühafizə orqanları düşür. Yəni hər hansı derjimorda polis Rafiq Tağının boynunun kökündən yapışıb qazamata yumbalatmış olsaydı, Məmməd Nazimoğlu "oxqay" deyəcəkmiş. Düzü, bu cəfəngiyyatı oxuyanda gözüm kəlləmə çıxdı. Gördüm ki, artıq bu adamın nadir istedadına şəri peyvənd eləyiblər. Amma axı hələ A. Puşkin deyərdi ki, dünya ilə məkr uyuşmazdır. Məmməd Nazimoğlu timsalında bu uyarlıq məni indiyəcən mütəəssir edir. Qiyabi dost bildiyim Məmməd Nazimoğlunun atdığı pambıq məni hələ də ağrıdır.

                                                                                                

                      Söhbətləşdi:

                                                                                                            Təranə Söhrabqızı

Digər xəbərlər

QO­­CA­­LI­­ĞI GÖ­­RƏN

Hayıf, övlad da qocalır

Salyan "dustağ"ı

İntibah həsrəti. Azadlıq və köləlik

Azərbaycanda hüquq idilliyası həsrəti

Şərhlər