“Ölkəni din fanatlarından qorumalıyıq” - Rafiq Tağının yayınlanmayan son müsahibəsi
Tarix: 16-02-2016 07:07
Baxış sayı: 2122
“Ədəbiyyat “qızıl taxt”larda oturmaq sənəti deyil”
Rafiq Tağı sabah, noyabrın 23-də dünyasını dəyişəcək. Bunu öncədən bilirəm. Özü isə bilmir. Rafiq Tağının 3 il öncə öldüyünü bütün Azərbaycan bilir. Özü isə bilmir.
Rafiq Tağı bu müsahibəni oxuyub, çünki sağlığında ondan alınan son müsahibə idi. Ölümündən sonra isə onunla müsahibəm olmayıb. Düzdür, bir neçə dəfə qəbristanlıqda üz-üzə gəlmişik. Daha doğrusu, ona tərəf mən gəlmişəm, o isə uzandığı yerdə qalıb. Gəldiyimi isə qəbir daşındakı gözlərilə görüb. Öz gözlərisə örtülüdü, görə bilmir, kiminsə əliylə yumulub...
AzNews.az 2011-ci il noyabr ayının 19-da naməlum şəxs tərəfindən bıçaqlanan və 4 gün sonra xəstəxanada dünyasını dəyişən yazıçı Rafiq Tağının son müsahibəsini təqdim edir:
Rafiq Tağı ömrü boyu şöhrətin minus hədlərində yaşayıb
“Roman yazmaq uzunçuluq eləməkdir”
- Rafiq bəy, xoş gördük sizi. Son vaxtlar şair və yazıçılarla etdiyim müsahibələrdə bir şeyin şahidi olmuşam. Yazar dostlarımız sualların məzmunundan şikayətlənərək, cavab verməkdən yayınırlar. Məncə, əsl yaradıcı adam adi “külək”, “qum”, “kosmos”, nə bilim, “yolayrıcı” kimi sözlərdən də bir tutacaq kimi istifadə edib, öz iç dünyasını ortaya qoya bilər...
- Düz sözə nə deyəsən. Görürsən, müsahib bozarır da: sualı səhv qoydun. Bir tək bu cavabla o insanın diktaturada yetişdiyi bəlli olar. Əlbəttə, ona verilən suallar belə rels kimi düz, polad kimi əyilməz olmalıdır. “Stalin” “polad” sözündəndir”, - hələ eləsinin ağzını arasan, biliklərin tükəndiyi bu yerə gəlib çıxarsan. ...Əxlaqsız adam da həmişə “əxlaqlı” sual istər.
- Dünyada ünlü yazarlardan Ayzek Əzimov, Mixail Bulqakov, Maksim Qorki, Fyodor Dostoyevski, Patrik Züskind, Stiven Kinq, Pelevin, Cerom Selincer, Lev Tolstoy, Ernest Heminquey... öz yaradıcılıqlarını hekayə ilə başlayıb, romanla bitirdlər. Siz isə hələlik hekayə yazmaqla yerinizdə sayırsınız. Romana keçidiniz nə vaxt baş tutacaq?
- Mənim romana keçmək öhdəliyim yoxdur. Ona qalsa, romana keçənlər də sonra hekayə yaza bilmirlər. Beləliklə daim roman yazmaqla “yerində sayırlar”. Kim deyə bilər ki, Şopenin prelüdləri Bethovenin simfoniyalarından zəif, ya bəşəriyyət üçün lüzumsuzdur. Ədəbiyyatda bəşəriyyət üçün yadigar qalan sözdür, janr yox. Yadigar qalası sözü isə mən yazılı söhbətlərimdə də deyirəm. Mən bu söhbətlərdə minlərlə fikir yürütmüşəm ki, onlar hekayələrimdə, ya digər janrlı əsərlərimdə yoxdur. Bəşəriyyət indi də Sokratın aforizmlərindən bəhrələnir; ta onun da romanları olmayıb ki. Sokrat dialektika təlimini şifahi yaradıb. Çexov əksər hekayələrini əvvəl roman kimi düşünüb və elə roman boyda da yazıb, sonradan onları hekayə həcminə endirib. Bizim üçün İvan Buninin, Şukşinin hekayələri daha əzizdir, nəinki romanları. Mirzə Cəlilin romanı olub? Burda mənim romanı pisləmək fikrim yoxdur; məqsəd öz mövqeyimi müdafiə etməkdir. Açığı, roman yazmaq uzunçuluq eləməkdir. Bu saat zaman yazıçıdan fikri lakonik söyləməyi tələb edir. “Tarixi-Nadir”ə insanlığın vaxtı hardandır! Bəli, roman bəşəriyyətin qızıl vaxtını almaqlıqdır. Təbiətdəki, ya siyasi kataklizmlərdə yek kəlməlik uca əmr böyük xilasedici rol oynayır. Əmr də roman janrında verilmir ki. Bu saat yelləncəyə bənzər Yaponiyadakı zəlzələdə, ya sunamilərin əlvan səthində insanların bəlkə hekayə oxuması ehtimal oluna bilər, roman oxuması yox. Üstəlik, mənim səbrim, tərzi-hərəkətlərim zamana köklənib. Vallah, Orxan Pamuk razılıq versə, mən onun romanlarını bir-bir qısaldıb hekayələrə çevirərdim. Konkret və lakonik danışmaq lazımdır. Ədəbi sicilləmələr, uzunçuluq heç vaxt məqbul sayılmayıb. Allah da bəşəriyyətə sözünü qısaca söyləyib. Gəlin baxaq, roman janrı haçan və necə ortaya çıxmışdı? Orta əsrlərdə müharibələr sanki azalmış oldu; bəşəriyyət idillik, nağılvari bir həyat sürməyə başladı. Məhz onda, İntibah dediyimiz dövrdə, hamı romana üz tutdu; bir növ, bekarçılıqdan. Hətta arvadlar da bozbaşı bişirib hazır qoyandan sonra roman yazmağa qurşanırdı. İndinin özündə də bu janrda əsərləri əsasən sakit həyat tərzi sürənlər yazır və oxuyur. Sakit həyat tərzi sürmək də hardasa bəşəriyyətin taleyinə biganəlikdən irəli gəlir. Qraf Lev Tolstoy ömrü boyu sızladı, ağlayıb-sıtqadı ki, ay elə xalqın malını yeyirəm, ona görə də belə əxlaqsızam və sair. Ömrü boyu “əxlaqsız” qalıb da, romanlarını yazdı. Həri, Tolstoyun romanları tüfeylilikdən, xalq malından törənib. Məsələn, Dostoyevski də qonorar xatirinə iri həcmli əsərlər yazırdı; həcm nəşriyyatların ondan əsas tələbi idi. Məncə, yalnız hekayə janrında əsər kimlərinsə diktəsindən yaranmır. Roman təbiətə uyğun deyil. Bir insan təbii olaraq ancaq hekayə yaza bilər. Nə isə, Babək bəy. “İstiqlalımız lağlağıdır” - Sabir bütov bir ictimai-siyasi atmosferi bu iki sözlə ifadə edə bilirdisə, ondan uzunçuluq istəmək doğru olardımı? Ədəbiyyat minimal sözün maksimumudur.
Dünyada zövqləri tülüngülər formalaşdırır
- ABŞ-ın “The Millions” jurnalı XXI əsrin 20 ən populyar kitabının adını açıqlayıb. Orada isə geniş oxucu kütləsinə heç də tanış olmayan - Conatan Franzen, Devid Mitçel, Robert Bolanyo, Kormak Makkarti kimi yazarların kitabları öndə olub. Azərbaycan yazarlarının adları o siyahıda nə vaxt görünəcək?
- Özünüz dediniz ki: oxucu kütləsinə “heç də tanış olmayan”. Demək, hətta bu siyahıda da subyektiv yanaşma var. Ümumiyyətlə, siyahıları ləğv etmək, onları insanlığın yaddaşından silmək lazımdır. Amerikanların böyük səhvidir ki, bizdən xəbərləri yoxdur. Bizim də qəbahətimiz onlardan xəbərsizliyimizdədir. Xəbərsizlik, beləliklə də yadlıq qarşılıqlıdır. Biz hələ də qapalı cəmiyyət olaraq qalırıq. Əslində onlar da sanki qapalı cəmiyyətdə yaşayırlar. Ən demokratik siyasi quruluşlar belə qapalılığı ləğv edə bilməz. “Açıq cəmiyyət”ləri yaratmaq bəzən avara insanların boynuna düşür. Onlar oturub-durub yalnız özlərini görür. Evdən çölə çıxmayan eybəcərlər güzgüdə özündən gözəlini tanımaz. Yox, bəşəriyyət anormal yaşayır. Dünyada zövqləri tülüngülər formalaşdırır. Onlar insanları tez və asan, həm də əsaslı aldatmaq üçün gecəli-gündüzlü yeni mexanizmlər düşünməkdədir. İnsanlıq aldadıldığını anlasa, inan, bağrı çatlar. Ancaq hərdən baş verən inqilablar əslində insanlığın bağrının çatlaması dövrüdür.
Bir gün eşidəcəyik ki, Yerin oxu da sınıb
- Deyirlər, sizin nəsr diliniz lakonikdir, ancaq son vaxtlar hekayələrinizdə daha çox texniki terminlərə yer ayırırsınız. Bu, sizin həkimlik peşənizdən irəli gəlir?
- Hekayələrimdə yox, esselərimdə, hə, ola bilər. Bəzi yazıçılarımız öz yerli şivələrində, mən isə ümumbəşəri “arqo”da yazmaq yolunu tutmuşam. Yazılarım, esselərim dünyanın hər yerində anlaşılar. Lakonikəm, lokal deyiləm. Ölü latınların əbədi diri sözləri dünyanın bütün dilləri üçün dayaq-hərəkət sistemi rolu oynayır. Onlardan imtina ümumbəşərilikdən imtina demək olardı. Axı, bir görün, dünyamız nə balacadır. Axır bir gün eşidəcəyik ki, Yerin oxu da sınıb. Özünü dünyadan təcrid etməklə, yalnız mikroskopik varlıq ola bilərsən. Heç kəs də səni başa düşməz, hamı səni rədd edər. Latın dili - ümumbəşəri dil həmrəyliyidir.
- Məhbəs həyatı yaşamış yazar o həyatı nə vaxt qələmə alacaq?
- Məndə gördüyüm həyat təxminən 8-10 ildən sonra ədəbiyyata çevrilir. Yəni həyatın ədəbi bar verməsi bu müddətə gözlənilir. Həyat ədəbiyyat olmaq üçün əvvəl hökmən mifolojiləşməlidir. İstənilən bədii əsərin başlanğıcında mifolojilik durur. Əslində şifahi ədəbiyyat növü olan miflər, elə dastan, ya nağıllar da, bircə günə, bir aya yaranmır ki. Miflər transformasiyalara uğramış həyatdır. Hərdən başıma gələn türmə əhvalatlarını dost-tanışa danışanda - “Ə, bunları niyə yazmırsan?” - soruşurlar. Bunlar əsasən yaradıcılığın texnolojisini bilməyənlərdir. Allaha şükür, sizlər bu texnolojini yaxşı bilər... Ola bilsin, burda mənimlə məzələnir, yaradıcılığımla manipulyasiya edirsiniz.
Mövlud Süleymanlı qanımı it qanına döndərərdi
- İndisə müxtəlif mətbu orqanlara verdiyiniz müsahibələrdə yer almış fikirlərinizin hər birinə ayrı-ayrılıqda açıqlama vermənizi istərdim: