Geriyə transformasiyalar (iki hissəli məqalə)

Tarix: 25-03-2015 11:24
Baxış sayı: 2413

 

1. “Öküzün mələk səviyyəsinəcən islahı mümkünsüzdür” 

Məni tənqid edirlər, mən tənqid edirəm - düzü, yorulmuşam. Bir iş deyilmiş bu.

Öküzün mələk səviyyəsinəcən islahı mümkünsüzdür.

Ancaq yenə dilim dinc durmur. Əlim gəlməsə də, bəzən hətta dostları məhşər ayağına çəkirəm. Ürəyim ağrıya-ağrıya.

Bir iş var ki, dostlara nifrət tətbiq etmək olmur.

Həri, bildiyiniz kimi, redaksiya və saytlara tez-tez yazılar göndərirəm və olur ki, “saqqalımdan bir ovuc qopardırlar”, dinmirəm. Belə deyək, tolerantam. Ancaq bu mənim imajıma zərbə hesabına başa gəlir. Bugün mən vətəndaş Rafiq Tağıyev olaraq, yazıçı Rafiq Tağını qorumaqla məşğulam: istəmərəm onun adına yalanlar, saxtalıqlar yapışdırılsın, iftiralar söylənsin, ya onu təhrif eləsinlər.

“Saqqalım” ideoloji-siyası, millətçi-dini üstyapılar səbəbindən əllərdə gedir.

Artıq ictimai həyatı azad olmayan Azərbaycanı ovcumun içi kimi aydın görürəm.

Onsuz azadlıqdan bixəbər iqtidar mətbuatına yazı vermirəm ki. Haqqı, onlar da məndən bir şey istəmir. Yenə davam azadlıqsevər dostlarımladır.

Məni yandıran nədir: dostlarım azadlığı qorxa-qorxa, yarımçıq sevir. Suyu üfürə-üfürə içirlər. Gah bütpərəstdirlər, gah da bütlərdən qorxan. Həqiqəti söyləməyi ya sonraya saxlayır, ya da yarımçıq söyləyirlər. Gəlin, yaxşı düşünək: onda Azərbaycan da “ol miqdar” azad ölkə olmayacaqmı? Məndə belə təəssürat yaranıb ki, bizim azad sayılan insanlarımız istənilən an azadlıqdan üz döndərər, heç tükləri də tərpənməz. Azadlıqdan ayrılmaq onları əndişələndirməz də.

Onsuz əvvəl müxalifətdə fırlanıb, sonra iqtidar mətbuatında küllənənlərimiz az deyil.

Ancaq əzizlərim, yazar nə müxalifətçi, nə də iqtidarçı - həqiqətçi olmalıdır.

Əlbəttə, bəlkə bunlar heç.

Onsuz Allaha şükür, arada elə bir ciddi ixtilaf da yox.

Baş redaktoru azadlıq carçısı və dostum Aydın Quliyev olan “Bakı-Xəbər” qəzetinin 29 sentyabr 2010-cu il tarixli sayındakı “Deyəsən, ədəbiyyatımız ölkədəki real milli-dini tolerantlığı əsərlərə köçürməyi unudub” adlı yazıda öz fikirlərimi oxuyanda, başımdan tüstü qalxdı. Özü də yazının müəllifi sevimli İradə xanım Sarıyevadan, dönə-dönə olmasa da, xahiş etmişdim ki, redaksiyada kimsə fikirlərimi kəsib-doğramaq fikrinə düşərsə, qoy sözlərim heç getməsin. Mən artıq o yaşdayam ki, düzü, nə qəzetlərdə boş-boşuna “şiklim”in çıxması həvəsindəyəm, nə də teleekranlarda baş-bədənimin mənasızcasına göstərilməsinin.

Mən gövdəylə məşhur olmaqlığın əleyhinəyəm.

İradə xanımın yazısı “Azərbaycan Respublikasının Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə” çap olunub və orda şikayət olunur ki, ölkədə və ədəbiyyatımızda milli-dini tolerantlığın olub-olmaması mövzusunda yazarlarımız fikir söyləmək istəmir. Lakin budur, fikir söylənəndə də onu sosialist Bakısındakı “Volodarka” fabriki kimi bir qolu uzun, bir qolu gödək pencək şəklinə salırlar.

Əzizlərim, dövləti “fond”ların dəstəyi ilə yox, entuziazmla, “Vətənin prorabları” (A.Voznesenski) olmaqla qurarlar.

Əlbəttə, başa düşürəm, indiki dövrdə çörək də lazımdır. Ancaq ürəkdən “Vətənin prorabları” olmağı da heç vaxt unutmayaq.

...Bu mənim sevimli İradə Sarıyevanın yazısındakı yoluq sözlərim:

“Yazıçı-publisist Rafiq Tağı “Bakı-Xəbər”ə bildirdi ki, zaman-zaman ədəbiyyatımızda həm dini, həm də milli tolerantlıq olub. 

R.Tağının fikrincə, ədəbiyyatımız ideoloji təzyiqlərə tab gətirmir, ədəbiyyatımızı şəxsiyyətlər yaratmır: “Bizdə qatı millətçi ədəbiyyatın tərkibi başqa millətlərə dözümlülüyü istisna etmir, qatı dindar ədəbiyyatın da tərkibi başqa dinlərə dözümlülüyü istisna etmir. Ədəbiyyatımızda fenomenal bir durum hökm sürür. Səksən-doxsan il olar. Boynumuza alaq ki, qabaqkı qələm adamları ilə müqayisədə cılızıq”. 



Bu da mənim, burda sizə bildirməsəydim, ölüb gedəsi sözlərim: 



2. “Biz millət olaraq prinsipsizlik dərəcəsində nəcibik” 

İ.Sarıyeva:

-  Azərbaycan ədəbiyyatında milli-dini tolerantlıq öz əksini necə tapıb? Ya da ədəbiyyatda bu yoxdursa, niyə yoxdur?

R.Tağı: 

- Qabaqcadan deməliyəm ki, biz ictimai həyatda milli-dini cəhətcə hədsiz tolerantıq. On adam bir rusu görən kimi hamı rusca danışmağa başlayacaq. Mənimlə “Bayıl”da bir yoldaş otururdu; elə oldu ki, iki ay onunla birgə bir ingilislə də qalası olduq. Bu yoldaş tələsik ən vacib ingilis sözlərini öyrəndi ki, əcnəbi narkomanı azərbaycanca danışmaq əzabından qurtarsın. 

Biz millət olaraq prinsipsizlik dərəcəsində nəcibik. Bəzən hətta nəcibliyimiz lüzumsuz görsənir. Ancaq gəlin, indilikdə bunun etiologiyasına varmayaq. Mövzu başqadır. 

Ədəbiyyatda millətçiliyimizi, ya ideoloji “ustanovka” varsa, beynəlmiləlçiliyimizi görməyəsən. İki halın ikisində də saxtayıq. Ateistliyimiz də o cürdür, möminliyimiz də. Sovet dönəmindəki ateist və antitürk yazarlarımızı müstəqillikdə 180º dəyişilmiş gördüm. Fəxrlə “sol döşü üstündə” Kommunist Partiyası bileti daşımış SSRİ ateist şairlərimizin əksəriyyəti “Peyğəmbər” poeması yazmağa qurşandı. 

Yazıçı Anarın da bir tərəfi guya bəy nəslindən olub. Tutalım, bu belədir. Ancaq o, Sosialist Azərbaycanında bunu qətiyyətlə dandı və bütün varlığı ilə ailəlikcə inanılmış leninçi olmalarını sübuta yetirdi. Ailəvi hamısı da - “partiyaçı”. Mən bir yazımda kommunistlə faşisti bərabər tutmuşdum. Ancaq onların bircə fərqi var, onu vaxtında deməyi unutmuşam, buyurun, indi deyirəm: inamında, əqidəsində faşist kommunistdən daha möhkəm və səmimi idi. Həri, yazıçı Anar müstəqillikdə yenə qayıdıb - “mən bəy nəslindənəm,” dedi. Mən də acığımdan esselərimin birində yazmağa məcbur oldum: tarixən Azərbaycanda ən “padles” adam elə bəylər olub. “Padles”liyin də komponentləri hədsiz çox, burda onları sadalamağa vaxt-həvəs yox. Təkcə Qurbanəli bəyi göz önünə gətirsəniz, kifayət edər. 

Özü də bəyəm bəy-xan olmayanı Allah yaratmayıb? İnsanlıqda bu süni ayrı-seçkilik nəyə lazımdır və ondan hansı yazıçı şöhrəti gözlənilir? 

Mən Moskvada rəhmətlik Nəbi Xəzrinin Lenin Mükafatı almaq uğrunda çabalarının şahidiyəm; “alkaş” sovet şairlərini yedirdib-içirdib özünü təbliğ elətdirmək yolu ilə. Amma müstəqillik dövründə “Peyğəmbər” poeması ilə yadda qaldı. 

Bunlar bəlkə də naqisliyimizin zahiri cəhətləridir. 

Dediyim odur ki, əksər yazıçılarımızın millətçiliyi də anlamazlıqdandır, möminliyi də, elə beynəlmiləlçiliyi və ateistliyi də. Ədəbiyyatımız ideoloji təzyiqlərə tab gətirmir, ədəbiyyatımızı şəxsiyyətlər yaratmır. 

Bizdə qatı millətçi ədəbiyyatın tərkibi - başqa millətlərə, qatı dindar ədəbiyyatın da tərkibi - başqa dinlərə dözümlülüyü istisna etmir.

Ədəbiyyatımızda fenomenal bir durum hökm sürür; bəlkə səksən-doxsan il olar. Boynumuza alaq ki, qabaqkı qələm adamlarıyla müqayisədə cılızıq. 



P.S.:

Ikinci hissəsi birincidən xəbərsiz yazılmış bu məqaləni, “ictimai əhəmiyyət daşıya bilər” arzusuyla, sizə təqdim etdim. 

29 sentyabr 2010-cu il

Digər xəbərlər

XA­­­Tİ­­­RƏM­­­DƏ UÇAN QAR­­­TAL BƏN­­­ZƏR­­­Lİ ÖLÜM

Qardaşxan Əzizxanlı Rafiq Tağı haqqında

"Qafqazın qartalı Şaumyan belə..(S.Vurğun)

Mədəniyyət və sivilizasiya mövzusuna qayıdış (Nikolay Berdyayevlə mübahisə cəhdi) /İntibah həsrəti/

“Yazıçı laboratoriyası”

Şərhlər