Gözəllik və əxlaq mövzusunda yazıb unutduqlarımın davamı

Tarix: 25-03-2015 11:25
Baxış sayı: 2055

 

Mən get-gedə Azərbaycana səpələnmiş qeyri-poetik künclərə sıxışdırılıram. Ölkənin poetik yerlərini yəqin artıq vətən saymaya da bilərəm. Ancaq mənə ta da yaxşı-enli və geniş vətəni ensiz və darısqalını qorumaqdan çətin olacaqdı. Həri, guya ki, mən boyda kişinin poeziya gümanı üstü qağayılı Xəzərin boyat mənzərəsinə qalıb! Xəzri qağayıları büküb dambalara çırpdıqca da bu mənzərə alayarımçıq şəkil alır. Qardaşlar, indi mənim estetika ilə yaxınlığım yalnız adlaya bilməyəcəyim uzaqlıqlardan mümkün görünür. Artıq ixtiyarım çatmayan estetika ilə ünsiyyətim düz yox, köndələn, bəzən hətta tərs baxışlar altında baş tutur. Üstəlik, sizə gör nə deyirəm, mən estetikadan utanmağa başlamışam. Estetik bir şey görən kimi, biixtiyar özüm də estetik rövnəq tapır və dəyər qazanıram. Yox, Azərbaycanda estetika qabaqkı deyil:  gözəl şeyə alışmayan canım bəzəkli-dizaynlı yerlərdə düzxətli parlaq məngənələrdəki kimi sıxılır. Yəqin mən Avropa bənzərli Azərbaycanı sevməzdim də. Həri, ah, of və uf! Bir tək Günəş dünyanın ürəyimə yatan havayı və həm ədalətli estetik şarıdır. Amma qardaşlar, bu estetika, sən demə, əzəldən matah sayılıb və heç də hər vaxt hamının olmayıb. Dünya binnət olunalı estetika qıtlığı çəkib. Dünya bəlkə də estetika çatışmazlığı səbəbindən harmonik deyil. Yəqin gözəllik çatışardısa, daim cəmi bir cümləsi oxunulan F.Dostoyevskinin çeynənmiş sözü olmasın, dünya xilas olmuş olardı. Hə, yaxud həri, hamı gözəllik istəyir, lakin həmişə də onu yüksək seksuallar mənimsəyir. Gözəllik güc ətrafında dövrələnən pərvanədir. Gözəl rəsm əsəri onu yaradanın ölkəsində qalmırsa, həmin ölkə acizdən acizdir.  Gözəllik bəşərin mənəvi müvazinətini itirdiyi ilahi məqamdır. Gözəlliklə hətta siyasi müəmmaların açılışı mümkündür. Gözəllik Roma imperatorları nümunəsində bəşər xislətini aləmə faş etdi. Gözəllik yanında əxlaq görünməz olur. Gözəllik insanda əxlaqın nisbiliyinə şübhə oyadır. İnsan əxlaqa məhz gözəllik sayəsində realist yanaşır. Əxlaqdakı saxtalıqlar yalnız gözəlliklərlə aşkarlanır. Bayaqkı sözümə qayıdıram, gözəl sənət əsərini özündə saxlaya bilməyən ölkə torpağını da saxlaya bilməz. Bu cür ölkədə həftə səkkiz mən doqquz dövlət çevrilişi gözlənilər. Mən yüksək sənət nümunələri toplanmış hər hansı dövləti qüvvətli sanmaq ixtiyarındayam. Muzeyindən güclü ölkə hərbisindən də güclü olar. Estetika güc üzərində ekslibristik tanıtma nişanıdır. Həri, güc estetikanı mənimsəmək qüdrətindədir. Gücün təamı gözəllikdir.

Totalitar dövlətlər daimi sənət pəhrizindədirlər. Onlar estetika sarıdan qorxacaqdırlar. Estetik milləti ərkəsöyün və dikbaş edir. İnsan gözəlliklə diribaş olur, yaxud gözəlliyi anlayan kəs silahlanmış kimidir. Gözəllik optimizm səbəbidir. Yaxud pessimizm gözəllikdən məhrumluq əlamətidir. Gözəllik insanı ölümə yox, həyata sövq edir, həmçinin onda azadlıq hissi doğurur. Allaha şükür, hamı görür və şahiddir ki, qadın gözəllikləri ört-basdır edilmiş İran ortaçağ cəhalətinə gömülüb. Gözəlliksiz yerdə despotik əxlaq at oynadar. Qardaşlar, bəşəriyyətin uydurduğu əxlaq çox darıxdırıcıdır. Əxlaq bəlkə də dustaqlıq növüdür. Əxlaq bəşəriyyətin harmoniyadan sapmasıdır. Əxlaq heç vaxt bəşərin uğuru sayıla bilməz. Əxlaq tərəqqinin tormoz lingidir. Mədəniyyətlər əslində fatehlər əxlaqı tarmar edərkən yaranır. Mədəniyyətlərin yaranışında əxlaq rol oynamır. Tarixlər boyu əxlaq boşluqları mədəniyyətlərlə doldurulub. Təsadüfi total əxlaq boşluqlarından dünyaya yeni mədəniyyətlər püskürülür. Bəşər normalar çərçivəsində kərpic olmaq şansındadır. Hələ bir kəs norma daxilində fateh görməyib. Fövqəlinsanlıq  normalardan kənarda mümkündür. Qardaşlar,  əxlaq estetikaya ziddir. Əxlaq gözəlliyə aludəliyi binayi-qədimdən məqbul saymayıb.  Zaman-zaman insana gözəlliklə bağlantılı çox damğalar vurulub. Bayaqkı sözümə qayıdıram, gözəllik həyata, əxlaq ölümə dəlalət edir. Gözəllik bəşərin təbii istəyidirsə, əxlaq hər zaman icbaridir. Əxlaqa münasibətdə səmimiyyət yoxdur. Əxlaq dinlərin dirilik şərtidir. Dinlər hər cür nisbi və saxta əxlaqı bəşəriyyətə həvəslə təlqin edir. Məcburi əxlaq peyvəndləri insanda gözəlliyə immunitet doğurur. Dinlər bəşəriyyəti tərəqqidən saxlayır. Dini mədəniyyətlər biryönlü və ideolojidir, bəşər xislətinə münasib deyil və mənəviyyatda harmoniya törətmir. Yalnız gözəlliyə aşiq xalqlar müharibəni udurlar. Biz gözəlliyi sevməmişik, ona zorla nişanlanmışıq və bu səbəbdəndir ki, onu qorumaq ehtirasından məhrumuq. Yalnız gözəlliyə aşiq insan qəhrəmanlıq iqtidarındadır.

Dirilik poeziyası yalnız gözəllikdən çeşmələnir. Aşıq sənətimiz gözəlliklə həmahəngdir. Ölüm ideallı, əxlaqla süslü poeziya ədəbiyyat tarixində mumiya bənzərlidir.

Ancaq qardaşlar, vəssalam və deyirəm, nə yaxşı ki, sözüm poeziya ilə "vəssalam"a yetir. Poeziya mənim üçün həyatın davamına işarədir.  

 

                                                                                                 Müsavat qəzeti. 8-9 aprel, 1998.

Digər xəbərlər

Rafiq Tağının "TURAN"a eksklüziv müsahibəsi

Başının üstündə buynuz kimi ay

Qarışıq fikirlər – Müharibə

“Yazıçı laboratoriyası”

Düzbucaqlı “QİRYƏT” yazısı

Şərhlər