Tarix: 25-03-2015 11:10
Baxış sayı: 1788
Elçin Sadıqov: «Apelyasiya şikayəti təmin olunmasa, Avropa Məhkəməsinə müraciət edəcəyik»
Mehman Əliyev: «Təəssüf ki, Azərbaycanda bir qayda olaraq bu tipli cinayətlərin üstü açılmır»
Rafiq Tağı 2011-ci ildə qətlə yetirilib. Onun qətli ilə bağlı cinayət işinin istintaqı 2013-cü il noyabrın 8-də dayandırılıb. Aprelin 25-də Bakının Nəsimi Rayon Məhkəməsində hakim Rəşid Səmədovun sədrliyi ilə mərhum jurnalist Rafiq Tağının qətli üzrə ibtidai istintaqın dayandırılması barədə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər Üzrə Istintaq Idarəsinin 8 noyabr 2013-cü il tarixli qərarından şikayətə baxılıb.
Vəkil Elçin Sadıqov “Facebook” səhifəsində yazıb ki, məhkəmə şikayəti təmin etməyib. “Qərarın yazılı mətni bizə verilməyib. Artıq apellyasiya şikayətini təqdim etmişik”-deyə o qeyd edib.
Rafiq Tağının qətlə yetirldiyi vaxt belə fikirlər səsləndirilirdi ki, cinayətin üstü tezliklə açılacaq. Verilən məlumata görə, hadisə yerində 20-dən çox müşahidə kamerası olub. Ancaq uzun vaxt keçib və bu cinayətin üstü açılmır.
Baş Prokurorluq 2013-cü il noyabrın 8-də bildirib ki, ibtidai istintaq zamanı irəli sürülmüş fərziyyələrin yoxlanılması istiqamətində mümkün olan bütün zəruri və təxirəsalınmaz istintaq və prosessual hərəkətlər, əməliyyat tədbirləri yerinə yetirilsə də, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iş üzrə icraat dayandırılıb.
Görəsən, bu qədər müşahidə kamerası olan ərazidə, cinayətin üstü niyə açılmır. Bu işi araşdırmaq bu qədərmi çətindir?
“Turan” Informasiya Agentliyinin rəhbəri Mehman Əliyev Rafiq Tağının ölümündə müəyyən dairələrin maraqlı olduğunu bildirdi: “Rafiq Tağının xəstəxanadakı vəziyyəti normal idi və onun ölümü müəmmalı oldu. Onun xəstəxanada ölümündə də məsuliyyət daşıyanlar var. Təəssüf olsun ki, Azərbaycanda bu tipli qətllərin üstü açılmır. Əgər jurnalistlər özü hansısa ipucu tapıb, hökuməti məcbur etmirlərsə, bu qətllərin araşdırılması müəyyən müddətdən sonra dayandırılır. Əgər istəsəydilər bu cinayətin üstün açmaq olardı”.
Vəkil Elçin Sadıqov “Azadlıq”a açıqlamasında bildirdi ki, bu cinayətin üstünün açılması üçün siyasi iradə lazım idi: “Araşdırma tam aparılmadan işə xitam verilməsi müəyyən məqamlardan xəbər verir. Sadəcə olaraq bu məsələdə siyasi iradə lazım idi. Görünür, bu işin araşdırılması kimlər üçünsə maraqlı deyil. Icraatın dayandırılması üçün əsaslı səbəb də göstərilmir. Biz, artıq apelyasiya şikayəti vermişik. Əgər şikayətimiz təmin olunmasa, Avropa Məhkəməsinə müraciət edəcəyik”.
Qeyd edək ki, Rafiq Tağı 2011-ci il noyabrın 19-da evinə gedərkən naməlum şəxslər tərəfindən bıçaqlanıb. Bir neçə bıçaq zərbəsi alan jurnalist xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Əməliyyatdan sonra o özünü yaxşı hiss edib. Lakin Rafiq Tağı 2011-ci il noyabrın 23-də elə müalicə aldığı xəstəxanada qəflətən vəfat edib.