“XX yüzilin komedik portreti” Konspekt

Tarix: 24-01-2017 05:41
Baxış sayı: 1754

Mənim kədərlərim pərakəndə, sevinclərim müntəzəmdir. Mən bu gün 28 May (Məmmədəmin) bayramındakı kimi süni sevinclər içərisindəyəm. XXI yüzil burnumun ucunda: xoşbəxt deyiləmsə də, bədbəxt də deyiləm. Ya bədbəxtəm, ancaq həm də xoşbəxt kimiyəm. Xoşbəxt kimi olmasaydım, bədbəxtliyim Heydər Əliyev üçün bir ləkə sayılacaqdı. Ölkəmizin nüfuzuna xoşbəxtliyimiz gərək. Qardaşlar, Azərbaycanda xoşbəxtlik cismani ləzzətlər məcmusudur. Mənim həyatdan aldığım yeganə ləzzət qaşınmalarımdır. Dünyada xartdanmaqdan şirin şey tanımıram. Bir vaxt yazdığım kimi, qazancım da muştuluqlardandır. Tutulub buraxılanların bircəciyini gözdən gözdən qaçırmıram. Əfv günlərində qazancım başdan aşır. Həri, mənim xoşbəxtlik imkanlarım tükənməzdir. Bu ildəki ən böyük uğurum sovet pasportuma təzə şəkil vurdurmağım oldu. Mağıl Qarabağ alınsaydı, bu uğura da şərk çıxacaqdım. Ancaq onu desəm olar, deməsəm olmaz ki, Qarabağ bizim üçün yalandan müqəddəsdir. Qarabağ artıq filoloji-frazeoloji səviyyədə bizim qalıb. Bay, əsas sözü tapdım: qardaşlar, mən içimdə bədbəxt, çölümdə xoşbəxtəm. Dəbdən uzaq xoşbəxtliyimi hər səhər kostyum kimi əynimə taxıb şəhərə düşürəm. Prezident hüzurunda “xlopuşka” partlatmağım əskikdir. Bir iş var, iki əməl, indi heç bilmirəm də mənə iç vacibdir, yoxsa dış. Cavanlıqda içimi klassiklərlə bəzəyərdim, çölümü – kimya sənayesinin tekstil yeniliklərilə. Gecələr yatmağa soyunanda, kosmos erasına uyğun çartaçart qığılcımlar saçardım. İndi hər şeyin faniliyinə əmin olduqca, əyin-başıma fikir verməkdəyəm. Ya – qarnıma-gödənimə. Vallah, gödəni yamanlayan şairlər üçün də ən cavib şey daim elə gödəni gördüm. Həqiqətən, mədəniyyət gödəniyyətdən sonra gəlir. Gödənə baxmazsan, vərəmə-zada tutularsan. İnsan gödəndən asılıdır. Gödənin ona baxmayanlardan intiqamı ölüm şəklində olur. Yox, mənim bir vaxt güldüyüm qarınqulular faniliyi anlayan gözəl insanlar imiş. İndi mən qarınqulu və qarnıyoğunlar qarşısından günahımı etiraf edirəm. Artıq onlara ehtiramım yerdən göyəcəndir; elə nərdivan da yoxdur ki, onu qalxa biləsən. Hə, faniliyi anlayandan ölkədəki demokratiya, ya diktaturanın fərqində deyiləm. Ta belə şeylərə vız atmıram. Onlara dair sözləri boşboğazlıq sayıram. Bu saat mənim üçün pessimizm optimizmdən aktualdır. Optimizm nədir – insanın cahil çağlarına xas bir şey. Həri, mən indi çölümə fikir verməkdə... Qalstkumla ümumbəşərilik tapmışam. Keyvənimhər səhər məni ütülü paltarda evdən buraxıb, sanki özümə təzə keyvəni axtarmağa yollayır. İnandırım sizi, məcbur eləsələr, günü bu gün təzə arvada yox demərəm. Məşdibad yaşındayam, onun kimi də - həyatsevər. Səmimiyyətimə inanın, kimin tək arvadı var, həyatı bir o qədər sevmir.

 

Düzü, mən XXI yüzilə uşaqları tərbiyə məqsədilə sevinirəm. Xoşbəxtlik verə bilmirəmsə, barı qoy onları təqvim sevinclərinə alışdırım. Mən onlara xoşbəxtliyi metodoloji aşılayıram. Pedaqoji sevinclərim hədsiz tərbiyəvidir. Hərçənd keçən həftə hələ ibtidai sinifdə oxuyan oğlumda Mantu müsbət olub: ondakı vərəm ehtimalına görə, yenə əsrin parlaq rəngləri altında ürəyimdən qara qanlar axır.

 

Gedək o yana. XX yüzildə bəşəriyyət dünya müharibələrilə təcrübələndi. Kütləvi qırğınlar asanlaşdı. Bəşər ağlından qopan ideyaların ziyanı bir daha sübut olundu. İnsanın hər bir kəşfi təbiətdəki fəlakətlərə çevrildi. Kommunizm və faşizm insan içinin fotosurəti kimi üzə çıxdı. Bu yüzildə də insanlıq həmişəki kimi səhv yaşadı. Dünyaya bir daha əyan oldu ki, bəşər təfəkkürü yalnız xaos törətməyə qadirdir. Nə yaxşı, bu xaos Allahın düzüb-qoşduğu dünya harmoniyası içində neytrallaşır və əslində sarkofaqdakı kimidir. XX yüzil esxatoloji narahatlıqları artırdı. Kosmos ehtirasları bir müəmma olaraq qaldı. İndi gələk bu yana.

 

Qardaşlar, mənim hesabımla XXI yüzil keçən il girib. Bunu hamı, xüsusən 1-ci sinifdə riyaziyyatı yaxşı oxuyanlar da təsdiqləyirdi. Dünya biznesi XXI yüzil və təzə milleniumdan iki dəfə gül dərmək üçün valı qəfil dəyişdi. Həri, mən xoşbəxt olmadan sevinmək ustasıyam. Deyəsən, bayaq dediyim, bayramlarım təqvimlər üzrədir. Mənim həyatımda fövqəladə heç nə olmur. Sovet adamı plansız yaşamaz. Üzümdəki hərgünkü təbəssümlər amerikansayağı və saxtadır. Onu deyim ki, mən elə təqvimlər üzrə də savadlanıram. Birillik pota bir təqvim beşillik institut kimi bir şeydir. Ordan incəlik, nəciblik və kulinariyadan tutmuş, tarix-coğrafiya, hətta fəlsəfəyəcən – hər şey əxz edilə bilərsən. Açığı, mən dünya tarixini təqvimdən öyrənmişəm və əslində onu bundan artıq bilməyə ehtiyac yoxdur da. Mənim üçün tarix – vaxt itkisidir. Mənəviyyata təsiri olmayan hər nə var – unudulmağa layiqdir.

 

Qoy bir az demaqoqluq edim. Azərbaycan müsəlmanları Ramazan bayramını hicri tarixlə keçirib, yeni ili, üstəlik, yüzili, üstəgəl minili miladi təqvimlə qeyd edir. Ancaq neynək, Eyşteyn demiş, hər şey nisbidir. Kasıblar üçün “şaxta baba” və “qar qız”lar müvəqqəti iş yerləri kimi açılıb. Mənim qaçqın bir tanışım “şaxtababa”lıqdan yığdıqlarına evlənmək niyyətindədir. Əlbəttə, bunlar heç. Bu gün uçuracağım bir-iki teleqramı saymasaq, mənim XX yüzildəki sözlərim burda bitir. Heç bilmirəm, kimə və nəyə, bəlkə də özümə, əlvida deyirəm.

 

 

“Millətin səsi”, 31.12.2000

Digər xəbərlər

Mədəniyyət və müharibə

Qardaşı İlqar Tağının Rafiq haqqında müsahibəsi

QA­­RA­­ÇU­­XA

Yazıçı Rafiq Tağının Kulis.az-a müsahibəsi

DİRİLƏR HAQQINDA SUSMAQ, ONLARI ÖLDÜRMƏK KİMİ BİR ŞEYDİR (Bilal Avarlı)

Şərhlər