Tarix: 25-03-2015 10:48
Baxış sayı: 1830
“İstedadıyla, bacarğıyla öyünə bilməyənlər tutduqları mövqeləriylə, vəzifələriylə öyünərlər”
Dostoyevski
Orda-burda, çayxanalarda, içki məclislərində bir-birinə boğazdan yuxarı təriflər deyən, bir-birini dahi sayan və ya kimlərisə arxada “yıxıb-sürüyənləri” çox görmüşük, ama nədənsə bu adamların öz dediklərini ictimayyətə çıxartma cəsarətini görməmişik.
Buna görə də, belə şeyləri görəndə adam hayqırmaq istəyir: YAZARSAN, CANIN ÇIXSIN OTUR YAZ, YOXSA NİYƏ ÜZÜMƏ BOĞAZDAN YUXARI TƏRIF DEYİRSƏN, YOXSA NIYƏ MƏNİ ARXAMCA “YIXIB-SÜRÜYÜRSƏN”? BUDURMU SƏNİN KİŞİLİYİN, ŞƏXSİYYƏTİN?...”
Elə mənim AYO və ayoətrafına olan tənqidi münasibətim də şəxsi münasibətlər üzərində yox, yaradıcı münasibət üzərindədi. AYO-da olan ayrı-ayrı yazarlarla mənim çox gözəl şəxsi münasibətim var və bu, mənimçün yaradıcı münsibətə heç bir dəxli olmayan məsələdi. Elə Rafiq Tağıyla bağlı bu yazını yamaqda məqsədim həm də bunu göstərtməkdi...
Bilidiyimiz kimi Rafiq Tağı həbsdə olanda çoxları susdu, çoxları yazdı, ama qəribəsi odur ki, bu “susanlarla” “yazanların” içində də öz şəxsi mənafelərini güdənlər də, səmimi olanlar da var idi...
Ən dəhşətlisi odur ki, Rafiq bəy həbsdə olarkən Türkiyədə çağdaş Azərbaycan hekayələri toplusu çap olundu. Dəhşət də ondadır ki, içində Rafiq bəyin də hekayələri bulunduğu, daha doğrusu, beş müəllifdən biri, bəlkə də, birincisi Rafiq Tağı olan bu kitab Rafiq Tağısız, Rafiq Tağı həbsdə olarkən işıq üzü gördü. Yəni onu bu lahiyəyə cəlb edən dost dedikləri onun həbsini eşidən kimi hazır hekayələrini kitabdan çıxartdılar. Bu dost dediklərinin Rafiq bəyə qarşı bu cür qorxaq münasibəti, əlbəttə, həbsdə olan adam üçün nə dərəcədə ağırdı, təsəvvür etmək mümkün deyil...
Bu yerdə Rafiq bəyin öz dilindən eşitdiyim bir olmuş əhvalatı danışım sizə. Şimal rayonlarının birinin prokrorunun qardaşı rəhmətə gedir. Başqa rayonların prokurorları yığışıb həmkarlarının qardaşının yasına gedəndə yolda eşidirlər ki, qardaşı ölən prokuror özü də ürəktutmasından ölüb. Bunu eşidən prokurorlar artıq həmkarlarının öldüyünü, onsuz da dirilməyəcəyini düşünüb, elə yarıyoldan qayıdırlar geri. Bax, Rafiq bəyə münasibət bundan da dəhşətlidi...
Başqa qəribə bir məqamı qeyd edim: Qan Turalı “Anar və Rafiq Tağı” yazısında aybeçilərin ideoloqunun Anar, ayoçuların ideoloqununsa Rafiq Tağı olduğunu yazır. Ama Tural unudur ki, AYO və AYO ətrafındakı yazarların əksəriyyəti Rafiq bəy kimi işıqlı, inanclı yox, qaramat, şəraxtaran və qərəzlidi. Bunu ki, deməyə ehtiyac yoxdu. Bəs Tural, görən, niyə məsələnin bu tərəfini də yazmağa cəsarət etmir, yaxşını öz adlarına çıxır, anlamıram.
Rafiq Tağını bir ideoloq kimi götürmək gözəldi, ama onu bu çirkaba bulaşdırmaq heç də gözəl deyil. Bir də ömürləri boyu başqalarıyla öyünən yazarların yaradıcı müstəvidə çabalamaları da göz önündə deyilmi? Həm də, əminliklə demək olar ki, bu cür düşüncəylə Rafiq bəy heç vaxt AYO-un ideoloqu ola bilməz.
Məhz elə buna görə də Rafiq Tağı müqayisəyəgəlməz dərəcədə AYO və ətrafından böyük, onların fövqündədi.
Burada Rafiq Tağının necə yazar olması da önəmli deyil, görünür, əsas olan təkcə yaxşı yazar olmaq yox, məhz Rafiq Tağı olmaqdı, inanca söykənib sağ qalmağı bacarmaq, mücadiləni davam etdirməkdi...
İndi bir məsələyə də toxunmasam olmaz. Bu da Rafiq Tağının portretini tamamlayan şəxsiyyət məsələsidi. Çox vaxt şəxsiyyətlə istedadı ayırıb öz şəxsiyyətsizliyini sığortalamağa çalışan adamlarla qarşılaşırıq. Bu adamların fikrincə, şəxsiyyəti olmayan yazar da yaxşı yazar ola bilər, təki istedad olsun. Ama onların unutduğu bir məsələ var ki, istedad elə birbaşa şəxsiyyətlə bağlıdı və istedada birbaşa diqtə edən şəxsiyyətdi. Məsələn, şəxsiyyətsiz, ikiüzlü, yaltaq birinin ortaya gözəl bir əsər qoyduğunu görmüsünüzmü? Və ya dünya və Azərbaycan ədəbiyyatında belə bir nümunəyə rast gəlmisinizmi? Azərbaycanda olan yaltaq yazarların bircə gözəl əsərini göstrərə bilərsinizmi mənə? Əlbəttə ki, yox. Hələ nə görmüşüksə şəxsiyyətlilərdən görməmişikmi?
Ölkədə və xaricdə cild-cild çap olunmaq, gündə yaradıcılıq gecəsi, təqdimat keçirmək, özünü güclə gözə soxub, reklam elətdirmək hələ reallıq, hələ həqiqət, hələ əsl yazar olmaq deyil.
Bəzən deyirlər ki, Dostoyevski dahi olsa da şəxsiyyətsiz olub. Bunu onun qumarbaz olması və başqa xırda məişət detallarıyla əsaslandırmağa çalışırlar.
Birinci onu deyim ki, hamı Dostoyevski kimi fitri istedad olmur.
İkinci, hər hansı bir şeyin azarkeşi olmaq hələ şəxsiyyətsiz olmaq anlamına gəlmir. Şəxsiyyəti belə xırda şeylərlə ölçmək də düzgün deyil.
Üçüncü və ən əsası, tam əminliklə demək olar ki, Dostoyevski istedadı və yaradıcılığından da böyük şəxsiyyət idi. Sözün hər mənasında inqilabçı olmaq, ölümə qədər getmək hər oğulun işi deyil və görün, bu, nə boyda şəxsiyyət tələb edir...!
Bununla mənim Rafiq Tağını Dostoyevskiylə müqayisə etmək fikrim də yoxdu, ama bütün bunları nəzərə almaqla Rafiq Tağının həm də gözəl bir yazar olduğunu da ortaya qoymuş oluruq. Yəni bir yazarın yaxşı və ya pis yazar olduğunu bilmək istəyirsənsə, onun kimliyinə, şəxsiyyətinə baxmaq yetər...
P.S. Qeydlərimdə bir misaldan başqa bir misala keçdiyim, fikrimi heç cür cilovlaya bilmədiyim bu yazının əndazəsizliyi də, görünür, haqqında danışdığım adamın xarakteriylə bağlıdı. İndi bu yazının başlığını da sözün hər mənasında başa düşmək olar. Elə Rafiq bəyin sağlığına badə qaldırmaq kimi də, hər yazısından sonra, az qala, çoxlarının sağ qalacağına inanmadığı Rafiq Tağının sağ qalmağı bacarması və o ilahi qüvvənin insanı hifzetmə gücünə inam kimi də başa düşmək olar...
Mən də elə bu inamdan, şəxsiyyətdən tutub yazmağa çalışdım...