“Konformizm “ Konspekt

Tarix: 13-06-2024 00:35
Baxış sayı: 178

Bəşər fatal qüvvələr önündə, həmçinin daşlaşmış ənənələr içərisində həmişə
konformistdir. Konformizm özünüqoruma instinktinin siyasi təzahürüdür. Hətta
peyğəmbərlər də bəşəriyyətin konformist uydurmaları sırasındadır. Peyğəmbərlər
sərt və amansız siyasi-coğrafi şəraitlərdə bəşər təxəyyülündən doğulmuşlar və
əslində realist-mistik yer-göy məkanına adaptasiya üçün lazım olublar. Dini
mədəniyyətlər peyğəmbərlərin mövcudluğunu əsaslandıran daimi bürokratik-
təlqin vasitələridir. Əbədi yalanlar predmetsiz dini mədəniyyətlərlə ört-basdır
edilməkdədir.
 
Diktaturalarda müxalifətin konformizmə yuvarlanıb kütləyə qarışması labüddür.
Konformist müxalifət kütlə oxşarıdır və dövlətdə ən azı avtoritar rejim
göstəricisidir. Azərbaycanda siyasi müxalifət həmişə konformist keyfiyyətli olub;
onda müəyyən tarixi məqamlarda görünmüş qiyam effekti cürətdən irəli
gəlməyib. Azərbaycanda inqilablar da heç vaxt ali məqamlı olmayıb və üstəlik,
həmişə ikincilidir, qonşu inqilabların təqlidindən ibarətdir. Azərbaycanda azadlıq
mücərrəd bir məfhumdur və azərbaycanlının mənəvi durumuna heç cür uyğun
gəlmir. Azərbaycanlıya azadlıq çox da gərək deyil. Azərbaycan azadlığı cinayətlərə
məsrəf edəndir. Azərbaycanlı öz azadlığı ilə rəftarı bilmir. Bizdə insanları
müxalifətə işıqlı ideyalar yox, taxt-tac ehtirası gətirir. Hərçənd taxt-tac müxalifət
üçün qiymətli ekzotik əşyadan başqa bir şey deyil. Azərbaycan müxalifətinə
ideyasızlıq xasdır. Azərbaycanda hakimiyyət hamı üçün çox yaxınlıqda görünür - əl
at, götür və bunun üçün hər hansı ideyanın köməyinə ehtiyac duyulmur da. Bizdə
hakimiyyət Rusiyadakından fərqli mifik-müqəddəs bir şey deyil; bu mənada
Rusiyanın coğrafi genişliyi şarlatanların hakimiyyətə gəlişinin qabağını alır.
Azərbaycanlı üçün hakimiyyət onun doğulduğu yerdən çox da aralıda deyil; onu
götürməyə şirniklənməyə bilmirsən. Həmçinin Azərbaycanda müxalifət iqtidardakı
vəzifələr dolanda yaranır; müxalifət hakimiyyət növbəsində həmişə birincidir.
 
İnsan təbiətdən yox (ondan sivilizasiya ilə qorunmaq mümkündür), bəlkə yalnız
insandan qorxur. Hakimiyyətlə silahlı insan bioloji varlıqlardan ən qorxuncudur.
Şeytan təbiətdən yan keçib yalnız insanda üzə çıxır. İnsan şeytanla dilbir olmağa
qadir yeganə məxluqdur. Konformizm şeytanla dilbir olanlara birbaşa tabeçilikdir.

Konformist üçün şeytan kəlamı Allahınkından əzizdir. Konformist Allahdan
gizlənmiş kimidir. Konformist üçün ədalət şövq və parlaqlığını itirmiş olur; artıq o
öz həyatındakı ədalətli işlərə ya xatirələrində, ya da keçmişinin ən əziz sənədləri
arasında təsadüfən rast gələ bilər. Konformist əxlaqı bəlkə də rədd etmir, sadəcə
hələlik onu bir kənara qoyur. Konformist üçün əxlaq müvəqqəti işləmir və hətta
milli sima da müvəqqəti gərəksiz bir şeyə çevrilir.
 
Konformizm köləlik residividir. Axtarsan, konformist köləliyi bəşəriyyətin
mövcudluq şərti bilir. Əxlaq kölə həyatını gözəlləşdirməz. Kölə əxlaq yükündən
tam azaddır. Hətta azadlıqda da kölə bu yükün altına girmək istəmir. Azadlıqda
əxlaq keçmiş kölənin həyatı üçün əngələ çevrilir.
 
Tarixən konformizm cəmiyyətdə aristokratiya əxlaqsızlığı şəklində təzahür edib.
Aristokratiyanın  göbək ciyəsi həmişə siyasətə bağlı olur və deməli, konformizm
ilkinində siyasətdə görünüb. Konformizm həyatın müvəqqətiliyi və faniliyinin
dərkindən törənir, özünü gələcəyə ötürmə və taledən qaçmaq cəhdidir.
Azərbaycan siyasəti əksərən konformistlərin  əməyindən formalaşan fəaliyyət
növüdür. Bəlkə elə ona görədir ki, müəyyən istisnalarla siyasət daim hər yerdə
əxlaqdan uzaq şey sayılıb (bəşər üçün əxlaq vacib meyar olaraq qalır). Çağdaş
Azərbaycan hökmdarları keçmiş konformistlərdir. Onların sayəsində indi
Azərbaycan dünya siyasətində konformizm əskiklik kompleksinə düçardır.
Azərbaycanın dünya siyasətində seçilən əlaməti prinsipsizlikdir. Konformizm
Azərbaycan siyasi elitasının mübtəla olduğu qədim xroniki xəstəlikdir.
Azərbaycandakı konformizmin kökündə ərəb-fars-rus istilaları durur. Azərbaycan
xalqı hələ də keçmiş istilaların ağrısını çəkir və mövcud konformizm özlüyündə
yeni istilalara səbəb olur. Sovet epoxasında doğulmuş çağdaş konformist iqtidar
siyasətçiləri Azərbaycanda demokratik dövlət qurmaq iqtidarında deyil.
 
Taleyran siyasi konformizmin klassik nümunəsidir. Azərbaycan padşahları Taleyran
bənzərlidirlər. Konformizm Azərbaycan siyasətçisinin yetkinlik nişanəsi sayılır.
Azərbaycan siyasətçisi üçün konformizm hətta fəzilət növüdür. Bu gün Azərbaycan
parlamenti təkcə despotiyaya yox, faşizmə də “ura” deməyə qabildir. Onlar
qəzavü-qədərin diktəsini göylərdən yox, prezident iqamətgahı səmtindən eşidirlər.
Azərbaycanın millət “təmsil”çiləri istənilən məqamda 180 dərəcə dönmə

qabiliyyətinə malikdirlər. Onlar bizim balaca taleyrancıqlarımızdır. Onlar öl desən
ölmək, qal desən qalmaq ata-baba ənənəsinə sadiqdirlər.
 
Siyasi müalifət də artıq dinc mübarizə üsullarına uzun sürən biganəliklə içindəki
konformizmi büruzə verib. Müxalifətimiz əslində iqtidarımızın tayıdır.
Azərbaycanda müxalifətlə iqtidar bir almanın iki üzü kimidirlər. Gözləri önündə
“12 stul” kimi sayrışan vəzifə kürsüləri bəzi müxalifət partiyası başçılarında
konformizmi qaçılmaz edib. Hərçənd Azərbaycan iqtidarının müxalifətə
dözümlülüyü də beynəlxalq konyunkturadan  irəli gəlir və özünəməxsus
beynəlxalq konformizm nümunəsi sayılmalıdır. Yaxın keçmişin despotik bir
dövlətində indi siyasi müxalifətin mövcudluğu faktı dünya siyasətində müsbət
keyfiyyət əlamətidir. Hətta Azərbaycanda müxalifət mövcud ola bilirsə, deməli,
dünya siyasəti düzgün yönümdədir və yəqin artıq gələcəyi işıqlı fərq etmək
mümkündür. Lap nağıllardakı kimi.

Digər xəbərlər

QA­­­LA­­­MİR­­­ZƏ­­­NİN ƏDƏ­­­Bİ OB­­­RA­­­ZA DÖN­­­MƏ­­­Sİ MƏ­­­QAM­­­LA­­­RI

İmam Hüseyn və qardaşım

Azərbaycanda siyasi idilliya ərəfəsi

Qardaşxan Əzizxanlı Rafiq Tağı haqqında

Həyat və Əxlaq

Şərhlər