Tarix: 20-05-2019 15:48
Baxış sayı: 1454
Bizim evdə bir şeytan var: o, subyektiv idealistdir. Gözlərini yumur, qızıl-qırmızı da mən boyda kişiyə "yoxsan" deyir. Mənim "subyektiv idealizm" dediyim, ta qədimdən də hamının elə bu cür adlandırdığı şey qızımın öz tapıntısı idi. "Qızım" deyəndə, yenə deyirəm ki - şeytan, şeytanım. Şeytanın da nə çəkisi olacaq: göyə atıb-tutanda, hərdən başı tavana dəyir. Odur ki, təpəsində qoz boyda şişlər taparsan. Birdən iki yaşınacan mən işdən gələndə, özünü yuxululuğa vurardı; sonra yarım iləcən - ölülüyə vurdu. Bizim eranın ilk əsrlərində subyektiv idealizm əsasən böyüklərin tapıntısı idi; XX əsrin sonlarından onu artıq uşaqlar da tapır. Bu ideya zaman fövqündə böyüklərdən kiçiklərə ötürülə-ötürülə gəlmişdi. Yox səmtinə də getməkdə... - gələcəkdə insan-zad yenə olacaqsa da, subyektiv idealizm özü olmayacaqdı. Ancaq insafən, indilikdə hər dəfə təzədən tapılmaqla, artıq böyüklərə demirəm, hətta uşaqlara da sevinc gətirməkdədir. Subyektiv idealizm uşaqlar üçün asan tapıntı idi. Bu elə əsl uşaq malı imiş. "Ana", qızım üzünü anasına tutur, "gözlərimi bərk yumanda ata da ölür, sən də..." Ay maşallah! "Ancaq qorxma, sonra ikiniz də dirilirsiniz". Bunun üstündən lax-lax gülür də. Subyektiv idealizm onda qanacaqsızlığa bir az oxşayırdı da, oxşamırdı da. Qədim yunanlarda bilmirəm, bizdə subyektiv idealizm təsadüfi oyun növü kimi ortaya çıxmışdı. Guya tutub yemək üçün üstünə atılanda, o, gözlərini təsadüfən yummuşdu - mən görünməz olmuşdum. Görünməzlik də təxminən nədir - yoxluq. Özüm təsadüfən yerimdə mıxlanmaqla da bu ideyanın təşəkkülünə rəvac vermişdim, hələ sonra da - dəmir-beton kimi möhkəmlənməsinə. Əlbəttə, o öz ideyasının mən qoyduğum adından xəbərsizdi. İdeyalara adları mənim kimilər, başqa sözlə fəlsəfə institutlarındakı cantıraq kişilər qoyur. Bəh, ikicə gözün yumulması ilə mən yox ola bilərmişəm. Subyektiv idealizm ilkinində də bəlkə elə bu cür - təsadüfi oyun növü kimi ortaya çıxıbmış. Hə, dodaqları ucunda səyriyən təbəssüm həmişə də onun gözlərini indicə açacağından soraq verirdi. Üstəlik, mən də onu yalnız gözlərini açarkən görməli idim: subyektiv idealizmin qaydası budur. İdeyaların qayda-qanunlarına riayət, onlara hörmət borcumuzdur. Onun qısa idealist təcrübəsindən fərqli olaraq, mən qatı və qartımış materialist idim. Gör ha, materialist ola-ola onu idealizmə sürükləmişdim, özü də onun ən qatı variantına. Əlbəttə, subyektiv idealizm qız üçün dialektik materializmdən üstündü. Subyektiv idealizm qız-gəlin yaraşığı idi, hər halda, dialektik materializmdən zərifdi. Qoy elə bu zəriflik ona dialektik materialist atadan yadigar olsun. Bu həm də cehiz kimi bir şeydi. Yox, o mənim ardıcılım deyildi, ancaq nə yaxşı, elə belə də olub. Yoxsa dialektik materializm onu kobud və bədheybət göstərəcəkdi. Böyüyəndə heç kopoyoğlu onu almazdı. Ona burun silməzdilər. Həm də nə yaxşı, qızım oğlan doğulmamışdı. Subyektiv idealizm "oğlumu" qıza bənzədəcəkdi. Bəlkə də oğlan-qız deyib, onu cırnadacaqdılar. Oğlanın subyektiv idealisti ağır atletikanı-zadı xoşlamaz. Oğlan da ağır atletikanı xoşlamadısa, at getsin. Ağır atletika kişiliyə dəlalət edən şeydi. Kişilərin gimnastları qız kimidilər. Uzun sözün qısası, bu onun üçün minus olacaqdı. Subyektiv idealizmlə həyatda uzaq başı gimnast uğuru qazanmaq mümkündü. Yaman geri düşəcəkdi. Əsrin bu yır-yığış dövründə subyektiv idealist soncuqlamaları gülüncdən gülüncdü. Üstəlik, bu əsrin sonu elə gələn əsrin əvvəlinə bərabər şeydi. Hə, subyektiv idealizmlə olsa-olsa dünyanı yalandan yox etmək oyunu oynanıla bilər. Amma dialektik materializmlə uzağa gedib Yeri öz mehvərindən çıxarmaq da mümkündü. Mehvər - yəni ox. Sonra həmin ox kosmosa tullanılarsa, gedib göy cisimlərindən hansı birinəsə sancıla da bilər. Əlqərəz, dialektik materializm dünyadakı bütün əsas inqilabların atasıdır. Dünya dialektik materializmlə tarmar olacaq. Dialektik materializm gücün kvintessensiyasıdır və indiyəcənki bütün ideologiyalara qalib gəlmişdir. Dialektik materializm kitablarca fəlsəfi cərəyanın təxminən axırıncısıdır və həm insanların sərtləşməsinə, həm də dünyanın çatmaqda olan sonuna tam uyğundur.
Mən qızımla adətən arvad rədd olub işə gedəndə can-dildən oynayardım. Bir növ, uşaq məni təkbətək sevmişdi. Ancaq Allah göstərməsin, bizim xanım bəzənib-düzənib qapıdan çıxanacan ev it aşı kimi qarışardı. Hər yan tör və töküntü. Bir dəfə papağım trusu içindən çıxdı. Hərdən şalvar-köynək bir-birinə elə dolaşır, qol-qıçları elə düyün düşürdü ki, onları açmaq müşkülə dönürdü. Çıxardığı qəhvəyi corabları da iki paslı damcı kimi - düz evin ortasında. Biqudiləri - kitablarımın üstündə. Şabalıdı uzun tükləri kitablar arasından əlfəcin kimi çıxır. Qab-qacaq - mətbəxdə til vurub. Əcəb subyektiv idealizmin gücünə onu dünya üzündən təmiz silə biləsən. İt qızını kufənkuf edəsən! Onun gözəlliyi antisanitariyadan törənirdi və əslində əldəqayırma idi. Təbii deyildi. Həvəskarın çəkdiyi bir rəsmdi. Hər gün də eyni rəsmi çəkib evdən cəhənnəm olur. Rəsm onun evdəki işinin sonu, işdəki işinin başlanğıcı idi. Onun bəzək-düzəyinin qabağını vaxtında ala bilmədim. İpi boş buraxdım. Onun evdən çıxarkən bərq vuran gözəlliyində gələcək faciələrimiz kabus kimi dolaşırdı. Arvadağam psixologiyasının bütün parametrlərinə görə sırf realistdi. Realizm də materializmə yaxın şeydir və əxlaqdan sapınmaları şərtləndirir. Hərçənd məndəki bu təxmin təxmini idi. Mən iynə ilə gor eşdiyim fəlsəfə institutunda dialektik materializmdən heç cür uzağa gedə bilməmişdim. Təxəyyül dairəm məhduddu. Burda hər hansı elmi işin nəticəsi hələ başlanğıcdan dialektik materialistcəsinə nəzərdə tutulurdu. Mən subyektiv idealizmlə onun yalnız dialektik materialistcəsinə tənqidindən bələddim. Ancaq bu biliklər də institutun bumbuz bir otağında bağlı qapı və kip örtülü pəncərələr arasında daim təkcə mənimlə olardı. Bu qış da pəncərələrin barmaq enində açıq yerlərini bürmələnmiş tarix kitabı vərəqləri ilə tutmuşdum. "Sov.İKP tarixi" cildləri qışa başabaş çatdı. Onsuz eyni tarix hər dəfə təzədən yazılır. Tarixlərin yazılışı dövriliyə mübtəladır.
İnstitutumuzda həyata dəlalət edən yeganə şey küncdə cızıldayan çaynikdi.
Qızımın subyektiv idealist təcrübəsi artıq kifayət qədərdi. Dialektik materialistcəsinə də görürdüm ki, mənim gözüm subyektiv idealistlərinkindən açıqdır. Subyektiv idealizm romantizm kimi bir şeydi və heç də dərinliyə sirayət etmirdi. Uzun götür-qoydan sonra subyektiv idealizmin keçmişi və indisi haqqında, bekarçılıqdır da-a, onu deyə bilərəm ki, bu, qədim Elladadan üzü bəri səhv bir yol olmuşdur. Bəşəriyyət vaxt-bivaxt bu cür səhv yollarla getmiş, həmişə də dalana dirənmişdir. Gediləsi olarsa, dalanlar da, namxuda, xeyli yoldur ha. Belə dalanlarda hətta əsrlər fövtə verilə bilər. Dünya dalanları subyektiv idealistlərlə doludur. Mən deyərdim ki, subyektiv idealistlər ömrü boyu dialektik materialistlərin çörəyini yemişlər. Yəni bu tutub, o kəsib, bu bişirib, o aşırıb. Əlbəttə, deməsəm dilim çürüyər, subyektiv idealizm müxtəliflik naminə gözəldir, üstəlik, uşaq ömrünə yaraşıqdır da.
Hə, deyirəm, vallah, it-pişik bizdən yaxşıdır - mən arvadla boğuşanda, qızım gözlərini tez-tez yumub-açır, bu üsulla davanı yatırtmaq, onu yox etmək istəyir. Subyektiv idealizm də düzgün ha yol deyil. Odur ki, dava yatmır. Hara yatacaq. Ona qalsa, hətta göz qırpmaqla irili-xırdalı bütün müharibələri bir-iki günə, su asanı yox edərdilər. Ayrılığımız ərəfəsində ailədə subyektiv idealizm eyforiyası dolaşırdı. Ancaq yeddi yaşı haqlamış və artıq beş-altı illik subyektiv idealizm təcrübəli qızım, deyəsən, get-gedə məyus olurdu: yox, belə getməyəcək, subyektiv idealizm abırlı heç bir şeyə yaramırdı. Di gəl, yüzillər boyu onun gücünə inanıblar. Və yanılıblar.
Boğuşmalarımızın birində əl atıb çölə fırıldatmaq istəyəndə, arvadın qolunda qayış kimi əzələlər duydum. Əvvəllər onda belə şey yoxdu. Onda əzələ sonrakı işdi. Təzə "hadisə" idi. Yəqin işlədiyi texniki universitetdə ona karate öyrədirdilər. Amma kim?! Hamı kimi karate kursuna yazılıbsa, bəlkə buna dözmək olardı da; burda elə bir namussuzluq-zad yoxdu. Amma karateni fərdi qaydada öyrənirdisə, bax, burda Kərəmi ağlamaq tutur. İşin burası doğrudan tuldu. Bu mənim papağımı yerə soxmaqlıqdı. Burda hökmən qaranlıq işləklər güman edilir. Son davamızda mənə qarşı işlətdiyi karate nömrəsi onunla əbədi ayrılığımıza təkan verdi. Mən bu işə şövqlə girişdim. Əbədi ayrılıq qaçılmaz oldu. Əşi, bu lap avara imiş. Heyvərənin yekəsi! İndən belə onunla ayrılığa artıq elə-belə "ayrılıq" da yox, "xilas" deyəcəkdim. Çünki hələlik arvadım sayılası bu xanım artıq mənim adıma ləkəyə çevrilməkdəydi. Bir az sonra camaat məni fitə basar, barmaqla göstərər, dalıma vedrə bağlardılar.
Qızım da getdikcə əsəbi olur. Sanasan onu cin tutub. Elə bunun özü ailədə əlavə qanqaraçılıq törədirdi. Üstəlik, arvad hər gün başımı deşir ki, həkimə apar, apar yoxlatdır: onda zob var. Öz qızlığında keçirdiyi bu xəstəliyi indi hamıya diaqnoz yerinə işlədir. "Əşi, zobu yoxdur, - mən deyirəm. - Nə şər adamsan!" Sanki iki həkim deyişirdik. "Var"la "yox" əvvəl sözlə toqquşur, sondasa yaddaşımın qıraq-bucağında hələ məktəbdən qalma köhnə boks vərdişiylə onun təzəcə karatesi üz-üzə gəlirdi. Biz eyni vaxtda iki idman növündə savaşırdıq. Sanki rəqabət ərlə arvad yox, boksla karate arasındaydı. Onun karatesi mənim üçün bir müəmma olaraq qalırdı. A kişilər, bu bir sirri-xuda idi. Hərçənd fərziyyələrimin bircəsi də reallıq üçün qənaətbəxş deyildi. Hə, deyək, onu kimsə öyrədir, kimsə onun arxasında durub. Ancaq buna nə sübut var. Sübut yoxdu. Güman, onun sevgi tarixçəsi karate kursu uzunluğundaydı. Karate onun üçün dini təriqət kimi ortaya çıxmışdı. Karateyə etiqadı onun içindəki boşluqları faş elədi. İlahi, bu işlər başımda hansı günahlarım üzündən çatdayırdı! Hərdən onun avara sözlərinin qabağını qulaqlarımı barmaqla tıxamaqla alırdım.
- Sən onu belə yox edirsən? - şeytan qızım bir gözünü qıyıb soruşur.
- Hə, sən də bu cür elə.
- Qulaqlarım deşilər axı.
Uşaq ki uşaq, indicə dediyi sözün üstündən nazik barmaqlarını var gücü ilə qulaqlarına soxur.
- Yavaş. Nə edirsən?
- Neynim, qoy deşilsinlər.
Hə, ata-bala əlbir olub bu çığırğan, namünasib ananı birtəhər "yox etdik". İndi özü görünürdü, səsi çıxmırdı. Murdar adamın yoxluğu əntiqə şeydi. Özüm dialektik materialist ola-ola, əks qütblü subyektiv idealizmi ona tətbiq edirdim. Dialektik materialist subyektiv idealizmin tətbiqində amansızdı: arvad yoxdu, di vəssalam. Hətta - ura! Mən subaylıq-sultanlıq həddində azaddım. Arvadın ola-ola "sultanlıq" gözəldisə, bəh, gör olmayanda necə olar!
Təzəlikcə də tez-tez eyvana çıxıb arvadı yed&sh