Tarix: 25-03-2015 11:31
Baxış sayı: 2676
Dostlarım Yaşarla Orxan Fikrətoğluna
Şəhidlər qəbiristanlığı xalqa daim azad olmağı yada salır; qəbiristanlıqlar içində bu vəzifə təkcə onun boynuna düşüb. O, qəbiristanlıqlar lideridir (bəlkə parlamentə seçək?).
Kənarda qəbir üslubunda, ancaq qəbirlərdən dərin yerdə çayxana var ki, qəbirlər divarında nənni şəklində əks edər.
Şəhidlər klassik üslubu sevən çıxdılar – qəbirləri simmetrik, paralel... Məscidin göndərdiyi romantik molla xalqa xeyir verdiyini düşünüb həvəslə yasin oxuyur, xarici jurnalistlər də həvəslə onun şəklini çəkir. Molla şəhərdə bəlkə də yeganə ekzotik məxluqdur; bankda pul olmadığından heyvanxanalar bağlanıb.
Şəhidlik beynəlxalq hadisədir; həm də xalqa zinətdir, elə turizm mənasında da faydalıdır. Şəhiddən bol ölkənin iqtisadi çətinliyi olmaz.
Şəhid qəhrəmandırmı? Bu sualı verənin vurulub ağız-burnu partladıldığından, bir də heç kəs elə sözü dilinə gətirmədi. Daha qəbirlərilə rastlaşdığı bütün şəhidlərə hamı tutuquşu kimi “qəhrəmandır, qəhrəmandır” deyirdi. Müharibə əsnasında insultdan keçinən də, arvadla qol-boyun yatdığı yerdə mərmidən parçalanan da qəhrəman sayılırdılar.
Xalqın yaddaşı qızıl bir mücrüdür ki, hamı ora düşmək istəyir. Bir vaxt respublikanın baş qəzeti rəy sorğusu keçirdi: “Kim xalqın yaddaşında şəhid kimi qalmaq arzulayar”. Deyəsən, dövlət rəhbərləri həyəcan keçirirdilər: bəlkə elə düşmən möhkəm pıqq eləsə, xalq baş götürüb vətəndən qaçasıdır. Onların xalqsız qalmağına beynəlxalq miqyasda gülməzdilərmi? Ancaq doşab almışdılar, bal çıxdı: müsbət cavablar əhalinin ümumi sayından çox alındı. Sosioloqlar bu çoxluğu onunla bağladılar ki, rəy sorğusunda ölkənin qonaqları da iştirak edib. Əlaqədar təşkilatlardan hazırda rəsmi dəvətlə ölkədə nə qədər qonaq olduğu öyrəniləndə, onların sayı həmin çoxdan qat-qat az çıxdı. Deməli... gör respublikada nə qədər adam qanunsuz gəzir – özü də şəhid olmaq istəyən!.. Ölkədə qanunsuz gəzənlərin şəhidlik arzusu nəinki inandırıcı deyildi, əksinə, şübhəli idi, gözə kül üfürməkdi. Statistika potensial cinayətkarların sayını aydın göstərirdi. Statistika kompüterdir.
Ucqar rayonlarda ağır xəstələr onlara yanaşan ölümlərinə nifrət edirdilər. Onların ölümü şəhid ölümləri yanında lümpen-proletardı: heç rayon qəzetlərində nekroloqa da layiq deyil. Xəstəlikdən öləsi adamlar özlərini bədbəxt sanırdılar. Yəqin yaxşı ölümə getmək üçün də diribaşlıq lazımdır. Diribaşlıq düşməni öldürməkdə yox, axtarıb öz yaxşı ölümünü tapmaqdadır. Heç bir xəstənin düşmənə nifrəti yoxdu. Bir məxluq ki, səni əbədiyyətə qovuşdura... ona “sağ ol” deməlisən. Dövran gör nə dövrandı: hamı yaxşı ölüm qazanmaqla məşğuldu. Ev-eşik dərdi ölüm arzusu yanında heç nədi. Kimin qulağına çatsaydı ki, gec-tez dılğır bir xəstəlikdən öləcək, bağrı çatlardı. Xəstəxanalar boşalmışdı. Xəstələr öz ərizələrilə cəbhəyə getmişdilər. Milli ordu xəstələrdən ibarətdi. Onlara baxıb müdafiə nazirliyi ilə səhiyyə nazirliyi də qardaşlaşmışdılar.
...Qəbiristanlığın son cərgəsində uyuyanlar sağlıqlarında əvvəlki cərgələrin qəbirlərini görmüşdülər. Əvvəlki cərgələrdəkilərsə hamını yalnız həyatda gördüklərindən, şəkillərdə çöhrələri gülümsərdi. Hər sonrakı cərgədə təbəssümlər asta-asta sönürdü. Bəlkə də birincidən başqa qalan cərgələrin üstünə getdikcə güclənən yağış yağırdı. Axırıncı cərgədə artıq nə gülürdülər, nə ağlayır. Sonrakı cərgələrin proqnozu ağlar üzlərdi.
Bir gecə paytaxtın tən ortasında işığı şəhərin qıraqlarına çatan tonqal qalandı. Sanki Günəş qırılıb göydən düşmüşdü. Şəhərin kölgəsi respublikaya düşürdü. Tonqal paytaxtın paytaxtıydı. Alov dilləri göyə bülənd olur (bəlkə Günəş geri qayıtmaq istəyir?), adam əlləri iynə şəklində yanlara çıxırdı. Əsirlikdən qayıdan qadınlar ölümü üstün tutmuşdular:gülüşə-gülüşə, sevinə-sevinə çırtaçırtla yanırdılar.
Çətini ölümü sevənəcəndir. Sonra ondan ayrılmaq istəmirsən.
Kim düşmən ölkədə ildən çox qalmışdısa, qucağında körpəylə qayıdırdı. Cavan bir ana qayıdan kimi də istədi çağası ildırım sürətilə böyüsün, hətta gedib boy dərmanı resepti üçün endokrinoloqa yalvardı. Uşağın üzündəki cizgilərlə onu ələ salanlardan birini hökmən tapmaq niyyətindəydi. Uşağın üzü falçı kartı yerindəydi. Hərbi cinayətkarı tapmağın başqa üsulu yoxdu.
Ancaq düşmən qızı, deyəsən, onların tərəfinə keçmişdi: hey üzünə gülümsəyirdi. Özü də canıyanmış başqa uşağın yerini tutub; itkin nişanlısı da qız arzulayardı.
Ana hərdən bu düşmən törəməsilə elə düşməncəsinə də rəftar edirdi. Açanda, əvvəl ağladıb, sonra yemək verirdi. Qışda soyuğun qabağında saxlayıb sətəlcəmə tutuzdurur, sonra həkim çağırırdı. Ancaq gördü düşməndən bu cür intiqam ala bilmir. İntiqam saatları həmişə göz yaşlarıyla bitirdi; körpəsini bağrına basıb sanki yağış altında öpüşlərə qərq edirdi.
İndidən onu bir sual dindirirdi: qızı böyüdüb düşmən oğluna ərə versin, ya özününkünə. Düşmənə versə, nəvəsinin damarlarında dörddə üç düşmən qanı axacaqdı, özününkünə versə - dörddə bir. Düşmənə verməklə düşmən balasından asanca da xilas ola bilərdi, axı onda nəvəsinin damarlarındakı qanın dörddə biri onunku olacaqdı. Bu dəfə də elə biləcəkdi dörddə bir əsirlikdədir. Mində birinəcən də olsa nəsilbənəsil əsirlikdə qalacaqdı. Yüz ölçüb, bir biçib qızı özününkünə vermək qənaətinə gəldi. Qoy elə düşmən onlarda əsir qalsın, özü də o get-gedə mində, milyonda birə çatdırılmaqla heçə endiriləcəkdi.
Bir gün yuxuda gördü təzədən müharibə qopub. Bu dəfə qızıyla birgə əsir düşdü; bu dəfə ata tapılıb qızını da zorladı. Qızından nəvəsi oldu. Haçansa təzədən müharibə qopanda baba peyda olub nəvəsini zorladı. Ancaq nəvədən olan uşağın, ha əlləşdilər, cinsini təyin edə bilmədilər. Ulu babası zorlaya bilməsin deyə Allah fənd işlətmişdi. Allah hərbi cinayətlərdən birinin qabağını belə aldı.
Qarımış qız isə düşmən ölkədən gələndə and içdi ki, qucağındakını yoldan tapıb, övladlığa götürəcək. Ancaq idarələrdə hamı vətənpərvər çıxdı, dedilər düşmən dölünü övladlığa götürmək namərdlikdir, vicdanları bu sənədləşməyə imkan verməz.
“Bəyəm düşmən torpağında tapılanların hamısı düşmən balasıdır?!”
Ancaq altmış böyüdükcə ona oxşamağa başlayırdı.
Qarımış daha öz oğlanlarımıza nifrət edirdi: vaxtında heç kəs onu almadı... Onların ümidinə qalsaydı, elə övladsız da öləcəkdi. İndi o heç istəmirdi də ki, öz xalqının övladları düşmənə atəş açsın. Çünki uşağının atası da təsadüfən ölə bilərdi. Fikri bu idi müharibə yatanda gedib bir diviziyanın içindən də olsa, oğlunun atasını tapsın. Qəzetlərdə oğlunun şəklini verdirəcəkdi; ona oxşayan kimi uşağının atası olmalıydı.
O, xoşbəxt olsa da, haçansa tapılası ərinə qiyabi məzəmmətlər yağdırırdı. Hərdən onu hədələyirdi də.
“Uşağa görə minnətdaram, ancaq gec-tez səni öldürəcəyəm”.
“Niyə?”
“Necə qıydın ki, səndən sonrakılar da... Sənin gözlərinin qabağındaca...”
O, uzun illərdən sonra onu xoşbəxt etmiş adamı xəyalında gah güllələyirdi, gah yox; oğlunun atası gah ölürdü, gah ölmürdü. Bu səbəbdən özü də həbsxanaya gah düşürdü, gah yox.
Amma ola bilər ki, indi oğlunun atası düşmən ölkənin şəhidlər qəbiristanlığındakı nənnidədir. Oğlunun şəklini qəzetdə verdirəndə, bir xəbər çıxmasa, onda gedib onu vaxtilə düşmən olmuş ölkənin şəhidlər qəbiristanlığında axtarasıydı. O, fikrində tapdığı qəbrin üstünə gah gül qoyurdu, gah acıqca qəbir üstünü sökürdü. Müharibə yatanacan qəbir sakit qalacaqdısa da, sonra qalmayacaqdı: gah üstünə gül qoyulacaqdı, gah...
Qəbiristanlıq böyüdükcə ölkə balacalaşırdı – yaşamağa yer qalmırdı.
24.III.-19.IV.92