İntibah Həsrəti

Tarix: 02-04-2018 16:57
Baxış sayı: 1277

Sevgilər və Siyasət

 

Qardaşlar, leyliləy-məcnunlar həmişə var. Real sevgilər irreal məhəbbət əfsanələrini kölgədə qoyur. Məhəbbət faciələri hətta XXI əsrdə də heyranlıq doğurur. Bəşər bu faciələrlə nə ədəbiyyata, nə də ordanıb hoppanıb əbədiyyətə yetmək məqsədi güdür. Sevgilər ən qatı ateistə də Allahın isbatı üçün qədərincədir. Hamıya sevgiləri ədalətlə bərabər nazil edən Allahın qüdrəti əskilməz.                

 

Siyasətçilərin də sevgilərinə hər birimiz gündəlik rast gəlirik. Çirkab içrə insanların bir-birində sezdiyi azacıq ləyaqət dərhal məhəbbət oyadır. Siyasətdə minimal olum maksimal effekt doğurur. Bir növ, sevgilər siyasəti rövnəqləndirir də. Siyasət sevgilərlə naxışlanır. Bu gizlik naxışlar Şərq motivi törədir. Partiyalarda dolaşan sevgi nağılları əsrarəngiz folklor nümunələridir. Həri, bu müvəqqəti idarələrdə əbədi hadisələr baş verir. Həm də partiyalar sevgilərlə monolit olur, monotonluqda qurtarır. İlahini rəmzləndirən heç də Əlif, Lam, Mim yox, əzilənlərin bir-birinə məhəbbətidir. Əzilənlərin qovuşmaqlığı padşahların-zadın qız alıb-verməsinə bənzəməz. Padşahların qız alıb-verməkliyi bir ticarət növüdür. Bundan iyrənc sülhlər ortaya çıxır.

 

Hər hansı siyasi partiyada bəzən şirin-şirin məktublaşırlar da. Sevgi izharının bu ibtidai üsulu get-gedə aktuallaşır və həm də sevginin dərinliyinə dəlalət edir. Nağıllardan biri. Ad çəkməyəcəyəm, iki siyasətçi bir-birini bərk sevir. Buna fəlsəfi don geyindirmirlər də. Əhvalat uzundur - hər ikisi bu sevgidə əlacsızlıq görür. Biri o birinin şəklini, ürəyinin başında demirəm, çantasında gəzdirir. Çağdaş insan üçün çanta ürəyin başı kimi şərafətli bir yerdir. Siyasəti qəzetdən bütöv bir vərəqi götürüb. Ürəyindən keçir ki, sevgilisi də onun qəzetlərdə çıxan şəkillərindən birini kəsib saxlasın. Son macal ən müxtəlif qəzetlərdə təkidlərlə şəklini verdirir ki, tez-tez sevgilisinin yadına düşsün. Onun yadından çıxmasın. O, unudulacağından qorxur. Unudulmaq onun üçün hər cür siyasi təbaddülatdan daha qorxunc bir iş olardı. Açığı, siyasi partiya üzvlüyündə məhəbbəti əsas tutur. Məhəbbət havasına mitinqlərdə başını polis zopası altına qoymağa hazırdır. Polis zopası dinc dövrün gilyotinasıdır.

 

Qardaşlar, həmin sevgidəki sentimentallıq, görürsünüz, mənim yazıma da keçib. Mən qripdən çox, lirikaya yoluxanam. Sevgilərlə müqayisə olunanda, siyasət solub bir heçə dönür. Sevgi yanında siyasət adi və boz bir işdir. Məhəbbət siyasətə ucalıqları yasaq edir. Siyasətdəki ucalıqlar əksərən sevgisizlikdən şədd eləyir. Əslində siyasət nədir – insan bicliklərinə dair bir peşə. Siyasətdə İblisin nəfəsi duyulur. Belə deyək, siyasət cinayətin böyük qardaşıdır. Siyasətdə məhv ehtimalı güclüdür. Məhəbbətdəsə həyat əbədirir; qarşıdakı ölümlər hələ heç nə demək deyil.

 

Sevgilər Allahın insanlara verdiyi əbədiyyət şansıdır.

 

Həri, bizim partiya sevəri təzə xasiyyət tapıb: qəzetlərdə cürbəcür şəkillərini çıxartdırır ki, sevgilisi onlardan birini seçə bilsin. Bəlkə bəxti açıldı - onu gözü tutdu, aşıqlar demiş, bir könüldən min könülə ona aşiq oldu. Hiyləgər - bir şəkildə elə durub ki, kirpikləri qəzetdə uzun düşsün. Düşmüşdü də. Bəlkə bu ox kirpikləriyləsə can ala. Klassik əbədiyyata inanılarsa, kirpiklərlə can almaq mümkün işdir. Görək. İnşallah. İnamı boş-boşuna güclü idi. Hərçənd bunun kirpikləri gözəllikdə klassik ədəbiyyatdakı kirpiklərə heç cür tay ola bilməzdi. Bununkular avitaminozludur. Həyat bozumtuldular. Şəkildəsə nöqsan itir, hər şey yaxşı alınırdı.

 

O, rəngdən bol qəzetlərdə yusifcamaldır.

 

Ancaq əlacsız sevgilərə hayıf... İlahidən gəlirlərsə də, həyat onlara yox deyir. Həyat sanki vəhşi və qəddar karkaslardan quraşdırılıb. Bu karkaslar əsasən dördbucaqlıdır. Bucaqları da düz. Düz bucaqlar iti bucaqlar kimi deşici və amansızdır.

 

Neynək, hər halda əlacsız sevgilərdən də həyat çarpır. Bu sevgilər ağlamaq səbəbidir. Bu bir həqiqətdir ki, ağlayanda ürək boşalır. Sevgidən ağlayan kişiyə alçaqlıq gəlməz. Ağlayıb-ağlayıb təzədən ümidlənirsən. Onu desəm olar, deməsəm olmaz ki, torpaqları getmiş kişilərə sevgilərdənsə qız kimi ağlamaq hədsiz vacibdir.

 

Dolub-dolub boşalan buludlara alqışlar düşür!

 

Hə, şəklini saxladığı səhifənin arxasında üç-dörd siyasətçinin “morda”sı görsənir. Bu patoloji-kriminal lay sifətlər sevgilərdən min ağac uzaqlıqdadır. Onlar arvadlarını da sevməyib alıblar. Onları gözəl arvadlarına xala-bibiləri calaq edib. Bu informasiyaları mənə eləcə öz şəkilləri çatdırır. Hakimiyyət ehtirasından gözləri domba-domba və işıltılıdır. Onlar Azərbaycanın kor seksual tipləridir.

 

...Qəzet vərəqinin bir üzü ağ dünyadır, o biri qara. O, sevgisi sayəsində - ağ dünyada yaşayır. Sevgilisi ona ağ dünyada həyatı ölümdən üstün tutmağı tövsiyə edir.

 

 

Politika – Cəmiyyət

№ 07 (24)  15-22 fevral 2003-cü il

 

Digər xəbərlər

Düşmənimin xatirinə

İlk düşmənim. Memuar

Ekspert Bakını Rafiq Tağıya görə İrana nota verməyə çağırır

Bəxtiyar Vahabzadəni mənim qədər nəhəng görən olmayıb

Qarışıq fikirlər – Müharibə

Şərhlər