Avropa və biz
“Şərq-Qərb araşdırmaları” silsiləsindən
Avropa coğrafi məkan kimi də yox, mənəvi-əxlaqi areallıq baxımından, bəşəriyyəti
həmişə düşündürüb. Çünki Avropa dəyərləri əslində bütün bəşəriyyətin uğurudur
və heç də avropalıların təkəbbürünə səbəb olmamalıdır. Hərçənd əfsus, bu
təkəbbür vaxt-bivaxt özünü göstərir, hətta cisimləşərək faşizm timsalında, ya
militarizələşmiş aqressiv millət tərzində ortaya çıxır.
Əlbəttə, faşizm Avropanın bağışlanmaz səhvi idi.
Azadlıq və humanizm ideyaları, sən demə, Avropada yaranmış, yalnız burada işlək
və realdır. Mənəvi postulatları bu ideyalarla üst-üstə düşdüyündəndi ki, xristianlıq
Avropada oturuşmuş hala gəlib. Başqa heç bir din Avropada yeriməz, intişar tapa
bilməz. Avropa başqa dinlərin, o cümlədən islamın yalançı humanist ideyalarını
həmişə rədd edib və edir. İslamda əxlaq hoqqabazlıqdır; ondakı humanizm
inandırıcı deyil. İslam humanizmi meyarları hətta əzbərlədiyimiz-öyrəşdiyimiz
dialektik materialist tənqidlərə də tab gətirmir. İslam Şərq despotizmi tipindədir
və yalnız despotizmin modifikasiyalarından biri sayıla bilər. İslam Avropada heç
vaxt mənəvi imperativə çevrilməz; buna qadir deyil. Onu Ottoman
imperatorluğunun çiyinlərində bütün Avropada tabut kimi gəzdirdilərsə də,
qoymağa yer tapmadılar. Yenə gətirib Şərqdə – üzü qibləyə yerləşdirdilər. İsa
Peyğəmbərə tapınan kəs heç vaxt Məhəmməd Peyğəmbərə burun silməz. İsa
Peyğəmbərlə müqayisədə müharibə fətvalarının atası Məhəmməd Peyğəmbər,
sadəcə, qorxunc bir məxluqdur. İslam Avropada olsa-olsa xırda demoqrafik
addımlarla irəliləyər. Bəlkə elə də ölkə olar ki, orada islamı tək-tək fiziki şəxslər, ya
inkoqnito yaşayan terroristlər təmsil edər.
Avropa Şərqin əlindən çıxmış imkanıdır. Şərq insan azadlığını dərk etmədi, yaxud
bunu istəmədi. Şərqdə insan azadlığı bir problem olaraq ən axırıncı yerlərdə
sürünür. İctimai-sosial azadlıqları əlindən alınmış insana qaranlıq islam təriqətləri
səviyyəsində illüzor xoşbəxtliklər vəd edilir. Fəlakətlərlə süslü cənnət yolu sosial
bataqlıqlardan çıxış yolu kimi göstərilir. İslam Şərq ölkə strukturlarında riyakar iş
prinsipləri doğurmuşdur. Tabular sistemi Şərqi büsbütün fiaskoya uğradır, ondakı
olan-qalan işıqlı ictimai ideya və fikirləri də yararsız hala salır. Baxın, islam
dünyasında din alimliyi bu tabuların ancaq çoxaldılması və onların getdikcə
təkmilləşdirilməsindən ibarətdir.
Qərb həmişə dialektik, Şərq isə metafizik durumdadır. Şərq metafizik ictimai
durumunda ancaq yalançı tərəqqi görüntüləri mümkündür. Qərbin irəli sıçrayışları
fonunda Şərq geriyə hoppanırmış kimi görsənir.
Azərbaycanın dünyəvi dövlət quruculuğundakı bütün cəhdləri Avropa
təsirindəndir. Bu səmimi cəhdlərində Azərbaycan xalqı Avropa ailəsinin həqiqi
üzvü olduğunu tam sübut edir. Islam ölkələriylə dövləti münasibətlərimizsə
darıxdırıcı və candərdidir, diplomatikcə-saxtakarcadır. Düşünər insanlarımız
tərəfindən islam Azərbaycanda məcburi-zəruri bir Şərq əlaməti, zor qalığı olaraq
qavranılır. Tarix boyu, ən azı ən yeni tariximizdə, Azərbaycan dövlət başçılarının
islama “səmimi” münasibətləri də əksərən qeyri-səmimi “taxt-tac” maraqlarından
irəli gəlib. Onlar üçün müsəlmanlar daim aşılması vacib əngəllər sırasında olub və
sadəcə, seçici təbəqəsi kimi əhəmiyyət kəsb edib.
Mən nə qədər Roma Papasıyamsa, Azərbaycan dövlət başçıları da bir o qədər
müsəlman olublar.
Azərbaycan türkü hətta İrandakı qatı şiə-islam rejimində belə avropalı olaraq qalır.
Fikir verin, Güneydən mühacirətimiz də əsasən Avropayadır. Bu psixoloji
özünütanıma sübutsuz-izahsız özü hər şeyi deyir; ondan maksimum bəhrələnmək
gərək. Açığı, xarakterindəki Şərq ünsürləri mahiyyətcə avropalı olan
azərbaycanlıda yabançı bir şey, mən deyərdim, qüsur kimi gözə girir.
Şərqliliyi azərbaycanlının dəyərlər sisteminə heç nə əlavə etmir.
Rusiya da özünü Qərbdən ayırmaq istəmədi; Qərbdən mütəmadi hərbi
təcavüzlərə məruz qalsa belə. I Pyotr gah nala, gah mıxa vurmadan, sözünü inamla
və qəti dedi. Onun Avropanı Rusiyaya calaq cəhdləri tam baş tutub. Rus
mədəniyyəti, rus ədəbiyyatı büsbütün Avropanın yetirməsidir.
Dünya dövlətlərinin hamısı, axtarsan, bu, ya digər dərəcədə azadlıq
interpretasiyalarıyla məşğuldur. Onlarda insan haqları problemi Avropanı
düşünərəkdən, onun nümunəsində müzakirəyə qoyulur. Çünki yalnız Avropa
dəyərləri qaçılmaz tərəqqi faktorudur. İnsan haqları bir ictimai Avropa ixtirasıdır
və yalnız Avropa modelində məqbuldur.
Avropa mədəniyyəti bəşər xislətindəki vəhşilikləri rəf etməyi bacarıb. Cinayətlər
minimuma endirilib; artıq bu yaşam amilinə ehtiyac qalmayıb. İnsan Avropa
məkanında ilk öncə özünə qalib gəlib, Şərdən maksimum uzaqlaşa, Xeyirə
maksimum yaxınlaşa bilib. Keçməyinə Avropa da qanlı inqilablardan keçib, lakin
artıq təcrübələnərək hamıdan əvvəl, yenə ilk olaraq özü onlara yox deyir.
İnqilablardan imtina Qərbin Şərqdən üstünlüyüdür.
Yalnız sosial-siyasi inqilablara ehtiyac qalmayan cəmiyyətlər gözəldir.
Yeri gəlmişkən, Amerika və Cənub-Şərqi Asiyadakı elmi-texniki sıçrayışlar da
Avropa elminin törəməsidir. Avropa olmasaydı, dünya bəlkə hələ yenə bu
qənaətdə olacaqdı ki, Günəş Yer ətrafında fırlanır. Şərq bəlkə yenə elə hesab
edəcəkdi ki, Yer öküz üzərində bərqərardır.
Avropa ağrılı mənəvi-etik, tarixi-fəlsəfi araşdırmalarını artıq yekunlaşdırmış, onları
lazımi-layiqli, faydalı kondisiyaya çatdırmağı bacarmışdır. Bu gün Avropa insanı
çoxəsrlik axtarış və düşüncələrinin bəhrəsini görməkdədir. Çünki bu axtarış və
düşüncələr həmişə daha çox praktik yönlü, realistik və məntiqli olmuşdur. İnsanın
real həyatı yalnız məntiqi əməllərlə var olur. Qeyri-məntiqilik ağıldan kəsirlik və
gərəksizlikdir. Məntiq ağlın ən vacib atributudur. Şərq insanının düşüncələri sanki
yaşam üçün deyil; bilmək olmur da nə üçündür. Avropa filosofu Şərq filosofu kimi
oyunbazlıq etmir, özünü sufiliyə, yaxud gicliyə-səfehliyə vurmur. Bəli, Şərq filosofu
təmizcənə aktyordur, onun bütün fəaliyyəti ideya adına uydurmalarla miniatür
naxışlıdır. Şərq filosofu söz demək xatirinə söz deyir. Məqsəd-yol ya məlum deyil,
ya da hədsiz mücərrəddir. Hər halda, məram insanın ağzını axirətə dirəməkdir.
Şərq filosoflarının məktəbi islamdaxili məhdud düşüncələr sistemidir. Şərq filosofu
olsa-olsa islam missioneri rolundadır. Demək gərək, islamla bağlılıq filosof üçün
hələ heç də fəzilət deyil.
F. Nitsşe yaradıcılığı məhz dindən uzaqlığında gözəl idi. Fyodor Dostoyevskidəsə
dinlə bağlılıq nə qədər cazibədar görünürsə də, bu onda vacib deyildi.
Xristianlıqdan kənar Dostoyevski daha maraqlı, daha fundamental olacaqdı.
…Şərq-Qərb müqayisəli təhlilləri əksərən qısqanclıq və dözümsüzlüklə, bəzən də
şiddətli basqı və təpkilərlə qarşılanır. Qəflətən qurtardığım bu yazı da bütün basqı
və təpkilər göz önünə gətirilərək yazıldı. Üstəlik, deyirəm: hələ ardı var.
2006, oktyabr