Tarix: 25-03-2015 11:10
Baxış sayı: 1776
Beynəlxalq hüquq müdafiə təşkilatı «Article 19» publisist Rafiq Tağı və «Sənət» qəzetinin redaktoru Samir Sədaqətoğlunun dini ədavətin qızışdırılması ittihamı ilə müvafiq olaraq üç və dörd il müddətinə azadlıqdan məhrum edilməsilə əlaqədar «həddindən artıq» narahat olduğunu bildirib. Təşkilatın bəyanatında deyilir ki, jurnalistlər keçən ilin noyabrında «Sənət» qəzetində «Avropa və biz» adlı məqaləni dərc etdikləri üçün məhkum ediliblər. Məqalədə Avropa və islam dəyərləri müqayisə olunur və belə bir nəticəyə gəlinir ki, islam Azərbaycanın iqtisadi və siyasi inkişafını ləngidib: «Məqalə, daha doğrusu, onun haqqında şayiələr, belə ki, çox az adam onu oxumuşdu, etirazlara və dini ekstremistlər tərəfindən müəlliflərin ünvanına ölüm hədələrinin səslənməsinə səbəb olub».
«Turan»ın məlumatına görə, «Article 19» hesab edir ki, Rafiq Tağı və Samir Sədaqətoğlunun saxlanılması birbaşa ifadə azadlığının pozulmasıdır: «Biz başa düşürük ki, məqalə narazılığa səbəb ola bilərdi. Lakin biz inana bilmərik ki, jurnalist şərhləri dini ədavət kimi yozula bilər».
Təşkilat hesab edir ki, məqalədə Rafiq Tağının dedikləri tənqiddir və heç cür dini ədavətin qızışdırılması və ya ona çağırış sayıla bilməz. «İfadə azadlığı Azərbaycanın da imzaladığı İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 10-cu maddəsilə müdafiə olunur. Demokratik cəmiyyətdə hər kəs dini məsələ daxil olmaqla, bütün məsələlər ətrafında öz fikirlərini ifadə etməyə azaddır», - deyə bəyanatda qeyd olunur.
«Article 19» Azərbaycanda jurnalistlərin təqib edilməsinin gücləndiyini bildirir və qeyd edir ki, bu ölkə növbəti dəfə söz və ifadə azadlığının təmin edilməsinə dair beynəlxalq öhdəliklərini pozur. Bəyanatda deyilir ki, bütün bunlar qorxu atmosferini yaradır və Azərbaycanda demokratiyaya inamı azaldır.
Sonda «Article 19» Azərbaycan hakimiyyətini Rafiq Tağı və Samir Sədaqətoğlunu dərhal azad etməyə, onların və dinc formada öz fikirlərini ifadə edən digər jurnalistlərin təhlükəsizliyini təmin etməyə çağırır.