MARİYA XALA
M |
ətbəxin pəncərələri yenə tutqundu - demək, hansı bayramasa az qalır. Onların silinməyi bayramdan-bayramadır. Şöbə müdiri bu işləri həmişə də Mariya xalanın üstünə atacaq. Xahiş etsə, yenə dərd yarıdır, onda ən qara işləri də oynaya-oynaya görər. Ancaq əmrlə deyir, zəhərləməklə. Guya bu, onun vəzifəsidir. Vəzifəsi də yox, müqəddəs borcu. Onda arvad az qalır havalana, sanki başından bir qazan qaynar su əndərirlər.
Biz onunla ancaq dəhlizdə görüşərdik. Ya mən, ya o, işə gələndə; ya o, ya mən işdən gedəndə. Ya mənim otaqdan, onun mətbəxdən dəhlizə çıxmağımız bir vaxta düşəndə. Salam-xudahafiz, di vəssalam. Hə, bunların da üstündən - təbəssüm. Mənim təbəssümüm böyük olanda, onunku da böyük olur. O, təbəssümün böyüyünə yaman sevinir; onda mən də sevinirəm. Öz təbəssümüm axır ki, öz sevincimə səbəb olur. Adam əvvəl sevinər, sonra üzünə təbəssüm qonar; məndə əksinədir.
Mariya xala indiyəcən dürüst kəsdirə bilmir: kafedradakılar onun orda işləməyindən xəbərdardılar, ya yox. Az qala Nikolaydan bəri bu xarabada cəhənnəmə kötük atır, di gəl, salam kəsmişlər salamını elə alır, almasalar ondan yaxşıdır. Nə də aşpazlıqdan özgə bir imkanı var ki, onların gözündə böyüsün. Özü orda-burda onlarla öyünəcək, amma inanma ki, onlar onu heç olmasa tanıyalar, adını bilələr.
Səhər işə ilk tramvayla gələr. İlk tramvayda oturanların bəlkə də hamısı aşpazdır - hər halda, ona elə gəlir. Adamın hələ ayaq üstə durmuş kölgə şəklində görsəndiyi qaranlıq mətbəxdə əl atır qab-qacağa. Sanki onlarla davası var. Qazanları daranqa-durunqla arabacığa yığır: haydı, yemək blokundan xörəkləri gətirməyə. Altmış-yetmiş xəstənin qarnına qulluq asan iş deyil. Lakin bu qansızların biri də indiyəcən ona "sağ ol" deməyib. Yedilər-içdilər - di ya Allah. Ya da əksinə, xörək keflərinə batmayanda, üstünə çımxırırlar. Bəlkə də onlar üçün xörəyin dadsızlığı dadlılığından sərfəlidir; elə bil qışqırmağa bəhanə gəzirlər. O da acıqca onlara arxa çevirir - qoy nə qədər kefləridi, hürsünlər. Kranın suyunu gur açır. Bəsdir alçaldı! Yetər daha!
Son ayları qaç-qovda yaşayırdı. Bir də görəm, dimdik qarşımda durub. Üzündə də min rəngə çalan təbəssümlər (hansını xoşlasam seçim deyə). Bay, məndən borc istədi. Baş üstə, göz üstə - mən də çataçat verdim. Borc vermək ən asan başa gələn yaxşılıqdır. Mən üstümdə daim əlavə pul gəzdirirəm ki, istəyəni yubanmadan razı sala bilim. Borclu istər-istəməz səni haçansa xatırlayır ki, bu da adama xoş gəlir. Xatırlanmaq istəyirsənsə, borc ver.
Vallah, bu gonbul-kosara, dişdən mırıq arvadı görəndə, ürəyim həmişə qana dönür. Şəhərin orta göbəyindəcə - elə bil ucqar bir kənddə dövran sürür. Ağır güzəran şəhərliylə kəndçini əzib eyni şəklə salandır.
Maaş günləri özüm ondan kənar qaçırdım. Qoy heç təsadüfən də rastlaşmayım, qoy elə sanmasın ki, alacağımdan ötrü gözə girirəm. Ancaq özüciyəz məni tutacaq, səliqəylə aybaay deyəcək ki, hər şey yadındadır, darıxmayım. Düzdü, mən də deyirəm ki, darıxmıram. Hərçənd özümə bir o qədər etibarım yoxdu - ola bilərdi ki, darıxım da. Hər dəfə mənə yanaşanda, elə bilirəm ona yenidən borc verirəm. Bir yol verilən borc mənə təkrar-təkrar hörmət gətirir. Nədənsə, mənim hörmətim yalnız borc verdiklərimin yanındadır. Deyəsən, hörmət asılılığa dair şeydir. Ancaq mən ki ondan asılı deyiləm - ona hörmətim var.
O, nimdaş geyimiylə əsrlər boyu zillət görmüş bir xalqın timsalıdır. Mariya xala elə bil keçən əsrlər tarixinə illüstrasiya idi.
On ilə yaxındı ki, haçansa ona öz döşümdən bir yaxşılıq eləmək istəyirəm. Ancaq elə deyirəm - sonra. Əşi, bu gün nə vacibdi - sabah. Sanki onu yaxşılığa dadandırmaq, qudurtmaq istəmirəm. Borc - onun təşəbbüsüylə olan yaxşılığımdı deyə, ürəkdən tikan çıxarmırdı. Heç indiyəcən onun harda, kimlə yaşadığını bilmirəm, kafedramızdakılar sayağı bilmək istəmirəm də. Onunla mən hər gün işə meteoritlər kimi naməlum göylərdən gəlir, bir-birimizin yanından ötüb keçirdik.
Borc verəndən sonra bir gün eşidəm, oğlu ölüb (demək, oğlu varmış). Asılılıqları olmadığından, kafedrada ona başsağlığı vermədilər. Deyəsən, başsağlığı da asılılığa dair işdi. Mariya xalanın bir ona gümanı gəlirdi ki, övladının, ciyərparasının həlakıylasa özünü adlarıyla fəxr elədiyi bu adamlara tanıtdırar. Yox, xeyri olmadı. Eşitmişdi ölümlərin xeyri də olur - yalanmış.
Mən xəlvətə salıb ona başsağlığı verdim, aşkarda - gülərdilər. Başsağlığı məqamlarında ətrafa göz qoyurdum ki, gələn olsa, tez xudahafizləşib ayrılım. Mən yalnız özümdən yuxarılarla xoş danışmağa məhkumam. Ancaq bir azarım var ki, eləcə özümdən aşağılarla da danışmaq istəyirəm.
- Məni yandıran nə oldu? Əlim aşağıydı, uşağın dəfnini beş gün gecikdirdim. Meyit ortada qalmışdı... İndi borclarımın çoxuyla üzülüşmüşəm, bircə səninki qalır.
Onun borcumu axıra saxlamağında mən bir yaxınlıq-məhrəmlik görür, simsarlıq duyur, bundan sevinirdim. Həm də ustalıq işlədib özümdən aşağı adamla təklikdə söhbət eləyə bildiyimdən, kafedrada da hörmətimi saxlayırdım.
Kaş Mariya xala ölənəcən dişlərini də düzəltdirə. Onda elə bilərəm, kasıbın da üzünə ağ gün doğar...
1983 - 1987