İMAM HÜSEYN VƏ QARDAŞIM
Q |
ardaşımla imam Hüseynin şəhidlikləri bir günə düşdü. Qorabişirən qaynar havalarda adi meyitlər kimi şəhidi də çox saxlamaq olmazmış (təbiət qanunları boş şeyə bənzəyən mənəviyyat qanunlarını rədd edir). Ona görə də qardaşımı elə keçindiyi yerdəcə torpağa gömmüşdülər: onun basdırılmasına şəhidə layiq qiymətli döyüş məqamları sərf eləmişdilər. Qardaşım mollasız-yasinsiz, müharibə şəfəqləri altında, atəşpərəstcəsinə dəfn olunmuşdu. ...Güman, imam Hüseyni də çox yubatmayıblar. Mağıl bizlərdə hərdən sərin meh əsir - Kərbəla çöllərindəsə yəqin hava nəfəs çəkməyə də bəs eləməz.
Nəhs xəbər bizi imamın üçündən sonra haqladı, yəni qardaşımın da keçirmədiyimiz üçündən sonra. Onacan şiə qırğınları haqqında mollamızın minbərdən zikr elədiyi hədislərə ləzzətlə qulaq asmışdım. VII əsrin informasiyası həmişəki qaydada təkrarlanır, insanları təzədən riqqətə gətirir, at boyda kişiləri hönkür-hönkür ağladırdı - o kişiləri ki, Azərbaycanın işğalı boyu, məhz kişi olduqlarına görə, gözlərindən seçmə boyda bircə gilə yaş sızdırmamışdılar. Onlar öz faciələrini qupquru gözlərlə seyr etməyə adətkərdəydilər.
Yəqin imam müsibətinin kişiliyə dəxli yoxdur.
Azərbaycanda IX əsrəcən bu müsibətə ağlamayıblar. Ondan bir kəs xəbər tutmayıb da. Həngamə üç əsr sonra başlayıb.
Mənim qardaş müsibətindən üç gün sonra xəbər tutmağım bizim şiə müsibətlərindən üç əsr sonra xəbər tutmağımız kimi bir şeydi. Üç gün üç əsrin kiçildilmiş forması idi.
Əksinə, məni bəxtəvərliyə götürmüşdülər: qardaşıma imam Hüseynlə bir gündə şəhidlik çatıb. Bu münasibətlə az qalırdı məni çimdikləyələr, hətta güldürmək üçün qıdıqlayalar da. Hə, mən sevincdən uçmalı idim; axı, şəhidliyin nə eybi, həm də nə ziyanı. Əlbəttə, indiki şəhidlik 20-30 il sonra boş-boş xəstəliklərlə ölməkdən min pay yaxşıdır. Belə şeyi əldən buraxmaq səfehlik olardı. Bir gör qardaşım nə gözəl insan imiş: hər adama nəsib olmayan gündə Yer üzünün elə-belə ölülərinə yox, şühədalarına qoşulmuşdu. Yaponlarınmış kimi mükəmməl bir cənnət əlinə havayı düşmüşdü. Sən demə, bu almayanaq, canları buz baltası kimi möhkəm insanlar şəhidlikdən, özü də onun imam Hüseynlə bir gündə olanından ötrü ölürmüşlər. Bə nə, gözəl gündür. İlin bəlkə də ən mübarək günüdür. Dünyadakı ölənlərin 365, dörd ildən bir də 366-da bir hissəsi canını həmin gün tapşırır - deməli, bəxtəvər insanlardır. Həmin bəxtəvərlər ilbəil çoxalır, hərçənd bir ucdan unudulurlar da. Bəxtəvərlik əbədiyyətə dəlalət etmir. Hə, bəşəriyyətin ən azı imam Hüseynlə bir gündə şəhid olub xoşbəxtliyə çatma imkanı varmış. Ölülər dirilərdən şanslıdır. Elə bil qardaşımın lotereyası uduşa düşmüşdü. Qardaşıma görə mən də üzümdə lotereyası uduşa düşənlər sayağı təbəssüm gəzdirirdim. Qoy görsünlər ki, heç də qardaşımın imam Hüseynlə bir gündə şəhidliyinə, elə imam Hüseynin öz cəlalı xatirinə, təəssüflənmirəm. Buyurub şəhadətlik eləsinlər. Qoy mənim əsasən üst dodağıma qonan təbəssümlər dillərdə dastan olsun. İmam Hüseynə ehtiramımı hamı - əsas da bizim cənab qara molla görsün. Molla bildi - aləm bildi. Qoy molla bu təbəssümə görə də, bir əlavə olaraq, mənim dünyadan köçənlərimə salavat çevirtdirsin.
Amma bəşəriyyətin insana heç də ləzzət eləməyən bu cür yersiz xoşbəxtliklər uydurmağı olmaya da-a. ...Özü də üst dodağımdakı həmin təbəssümü kobudcasına yox, zərif tərzdə - imam Hüseynin xatirinə uydurulmuş ağlar üzdə sezdirməliydim. Üst dodaqda təbəssüm və onun altında ağlar üz ikiqat aktyorluqla mümkündü.
İmamın üçünəcən qardaşıma da ağlamaq əvəzinə təkcə imam Hüseynə ağlamışam (nə yaxşı, bu il çörək dalınca Rusyətə-zada getmədim). Hərçənd bu ağlamalarda ürəyim yay yağışları kimi tez boşalırdı. İmam Hüseynə ağlamalar üç-beş dəqiqəyə, özü də qəfildən qurtarır, dərhal da qəlbimdə Günəş şəklində sevinc doğulurdu. Hər halda, qardaşımın başına gələn oyundan sonra ağlamışam. Şaqqanaq çəkib gülməmişəm ki. Üçəcən toy-şənlikdə olmadığımı hamı görüb, hərçənd qurbanolduğumuz olmasaydı, daha doğrusu, o, şəhid olmasaydı, ola bilsin, olacaqdım. Allaha çox şükür ki, arvadla bircə kərə yatmağı saymasam, hər şey matəmə uyğun tərzdə keçib. Əslində arvadla istənilən məqamda yata da bilərsən - bu, əxlaqa zidd hərəkət deyil, əksinə, ona tam uyğundur. Yəqin şəriətdə göstərilməmiş olmaz ki, müsəlman dünyasında arvadla kefindən yox, bəlkə də dərddən yatırlar. Dərdi azaltmaq üçün. Həm də əsasən nəsil artırmağa. Nəsil problemi olmaya, hansı kopoyoğlu arvadla yatar! Bəlkə şəriət də arvadla yatmağı yasaq buyurardı. Mən arvadla həm də plan xatirinə yatmışam: onun gül ağzı açılmasın deyə. Qardaşımın ruhu qanunla məni qınamamalıdır: yəqin rəhmətliyin özünə əyandır ki, plan naminə olan hər şey məşəqqətdir. Plan üzrə arvadla yatmaq şaxsey-vaxsey kimi zülüm bir işdir. Filhəqiqə, qardaşımın mübarək ruhu qarşısında alnım açıq, üzüm ağdı.
İmamın yeddisində qardaşımın yeddisini verəsi oldum. Bütün şiə aləmi bu dəfə sanki tək bir imam Hüseynə yox, həm də qardaşıma yas tuturdu. İmam Hüseynlə qardaşımın yeddiləri günü bircə müsəlman ailəsində şadyanalıq-zad olmadı.
Hayıf, Aşura gəzərgidir; gələn il on gün qabağa qaçacaq. Onda qardaşımın ili Aşuradan onca gün dala düşəcək. Gərək il təzədən 36,5, ya 36,6 dəfə fırlana-dəyişilə ki (bəlkə onacan özüm dünyamı dəyişdim), yenə qardaşımla imam Hüseynin ələm günləri üst-üstə düşə. Barı indidən başdaşındasa onun şəhidliyi imam Hüseynin qətl günü ilə uzlaşdırıla... Əfsus, hələlik buna mümkünat yoxdu; onun qəbri işğal altındaydı. Özü də düşmən işğal torpaqlarımızın təsərrüfata yararlı sahələrini qəbiristanlıqlarımız qədər artırıb; qəbiristanlıqlarımız əkin-biçin yerlərinə çevrilib. Qorxasan, biz dəbərib torpaqları geri alanacan qardaşımın qəbri də yerlə bərabərləşdirilə. Müsəlmanca olacaqdısa da, düzü, onun qəbrinin itməyini heç cür istəmirdim. Yaxud onun basdırıldığı yeri görən dostları haçansa həlak olub qurtara bilərdilər: artıq üçü ölmüş, hələ ölənlərdən biri milli qəhrəman adı da almışdı. Bəlkə də qardaşım özümüzünkülərin zavalına gəlmişdi. Neyləyəsən ki, işğal bütün təhqiqatları iflic eləyib və yəqin ədalət bu tezlikdə bərqərar ola bilməyəcəkdi.
Hə, Azərbaycan yalnız məhərrəm ayında müharibə gedən ölkəyə oxşayır. Yalnız VII əsrin hərbi-dini qovğaları ağlar ovqat yaratmağa qadirdi. Xocalı qırğını günlərində millət imamlara zar-zar ağlayırdı. Qaçqınlar özləri yol boyu yallıya bənzər hərəkətlərlə "şah Hüseyn, vah Hüseyn" qışqırır, gözlərinin müzüyünü köndələn yağışlar kimi sağa-sola səpələyirdilər. Mərsiyəxan arvadlar (nədənsə, onların əksəriyyəti boşanmış olur) çöllü-biyabanın cəhənnəm istisində camaata şərbət içizdirir, həm də şipşirin cövrlər çəkdirirdilər.
Məhərrəmlik qurtaran kimi hər yanı yeknəsəq günlər qapsadı. Ancaq rəhmətlik qardaşım hər cəhətcə müqəddəslərə oxşamağa başlamışdı. Yaxud ata-anası mənim də atam və anam olan insan bəlkə artıq müqəddəs olmuşdu Allah, səni tanımayana lənət!..
21.VII.1995 - 31.VII.1996