Qardaşxan Əzizxanlı Rafiq Tağı haqqında

Tarix: 25-03-2015 10:48
Baxış sayı: 2211

 

     Allah bəşəri dəyər meyarlarından nəhayətsiz dərəcədə üstündür.
                                                                                                                  Rafiq Tağı 
   

Nə yaxşı, Yaradanı monopoliyaya almaq olmur. O hamınındır, hamı da onun. 
Özü də, əslində, parasız.

Ancaq yox, ayrı-ayrı təriqətlər və təmsilçiləri, lap elə sıradan üzvləri Ali Gücü inhisara almaq niyyətindədirlər. Düzüb-qoşduqlarını aksiom sanırlar. Sanki onlar Böyük Qüdrətin adından danışmağa səlahiyyətlidirlər, vəkil seçiliblər,- kim tərəfindən, nə üçün, başlıcası hansı haqq ilə soruşanı, cavab verəni yoxdur. Yorğan-döşək sırıyan sayaq kobud ehkam sapları ilə beyinləri zor-xoş sırıyırlar. 

Nə yaxşı, Qurban Olduğum mənimsənilməyir və barəsində hələ ki, özəlləşdirilməmiş bir neçə ali  sözdən istifadə edə bilirik.

Bu təkrarsız dünyada hər gün təkrar olunur, amma o özü olduğu qədər də özü olmur. İnsanlar da beləcə. Hər bir insanın ruhu da özünə bənzərin cismində dünyaya qayıdır. 

Nəsiminin dərisini soyduranlar cahil idilər, amma öz bugünkü xələflərindən fərqli olaraq bir cahanın lənətinə sığmayan əməllərini aşkar, „mərd-mərdanə" etdilər. Hazırda hüzür tamadaları  artıq böyüklüyünü inkar etmək mümkün olmayan Nəsimidən bəlağətlə danışırlar. Sələflərinin günahlarını „yuyurlar". On dördüncü əsrin düşüncə üsyançısına bu gün xalqın hədsiz sevgisindən çəkinərək onu heç nə olmamış kimi özününküləşdirməyə çalışırlar. Guya Nəsimi də eynən bunlar deyəni deyir.

O mürşid də, bu mürid də cəsarətli fikirlərinin qurbanı oldular. Sələflərindən daha namərd cinayətkar naxələflərin ardıcılları isə bir qədər uzaq sabahda yeni şəraitə uyğunlaşaraq bu dəfə Rafiq Tağıdan sitatlar gətirəcəklər. 

İnsan beyni virusludursa nə gözü, nə könlü, nə beyni, nə eyni, nə dili, nə əl-qolu açılır.

Çoxşaxəli cəhalətin qələm qardaşımıza toy tutduğu günlər onsuz da Qarabağ hüzüründən çıxmayan ədəbi kəsimin yası, azad fikrin öndərinə qucaq açan əbədiyyətin toy-bayramı idi,- o, Böyük Yolun daha bir yolçusunu ağuşuna almış olurdu. 

Doğmalarımla Rafiqi iki dəfə ziyarət edə bildim. Şaşırmışdım. Nə deyəcəyimi bilmədim. Qayğıkeşliklə bizdən soruşdu: "Necəsiniz?" Həmişəki kimi O HƏKİM idi, BİZ XƏSTƏ.
Həmin nurlu sima, işıqlı gözlər, xoş təbəssüm… Balam gülü dolab üstə qoyub, yazarın alnından öpdü. Bu mənzərə Onun keçindiyi sabahı günü nəzərimdə ayrı məna kəsb etdi.

Mən Rafiqi bu gün ailəsinin, dostlarının yanında təsəvvür edərkən onun müqəddəs məzarı üstə gül yerinə „Şübhə etməkdə haqlıdır insan"deyən Hüseyn Cavidin  „Gərçi görmək də başqa nemətdir, Görməmək ən böyük səadətdir" misralarını „düzürəm". 
                                                                                    

                                                                                          İsanın doğum tarixi ilə: 23-24.11.2011, 
                                                                                                                             16-18.11.2013 

Digər xəbərlər

QO­­CA­­LI­­ĞI GÖ­­RƏN

Nİ­­GA­­RAN­­LIQ

SO­­­NUN­­­CU XƏS­­­TƏ Tİ­­­RAN

Şahzadə Dipendranın məhəbbəti

İntibah Həsrəti. Sevgilər və Siyasət

Şərhlər