Siyasət və mən

Tarix: 25-03-2015 11:25
Baxış sayı: 2268

 

        Tərzi-hərəkətlərinə baxıram-bu iqtidarın mənim tərəfimdən dolanmağı gəlir. Qardaşlar, sözlə qılınc qabağına-zadına çıxmaq olar və bu lazımdır. Qılınc sözü kəsə bilməz, onu heç cıza da bilməz. Söz isə küt bıçağa bənzətməklə qılıncı ən azı lağa qoya bilər. Söz hətta “ keçmişlərin döyüş oyuncağı” deməklə qılınca ölümcül yara da vurar. Əlbəttə, bunlar heç.


***

        Qardaşlar, siyasət mənim üçün əlavə kommunikasiya vasitəsidir. Hayıf, sevgi və humanizm kimi əvvəlki kommunikasiya vasitələri mənə bəs eləmədi... Hərçənd bu təzə kommunikasiyanı bir qədər qeybət səciyyəli görürəm. Həm də, bay, yadıma düşdü, əsas informasiyalara girişim olmadığından hərdən siyasət məndə avaraçılıq təəssüratı oyadır. Sənətim-işim, ailə-uşağım vardırsa da, hərdən elə bilirəm, bu dünyadakı həyatımda “avara” da yox, hətta “cənab 420”yəm. Bəzən mənə elə gəlir, padşah obrazlı prezidentdən tutmuş ölkənin axırıncı assenizatorunacan hamıda bir siyasi avaraçılıq məqamı olur.


        Həri, qardaşlar, kommunikasiya çox yaxşı şeydir və deməməkdənsə, qoy deyim ki, çox vaxt mən ona kommunizm prelüdü deyirəm. Əksər Azərbaycan şəhərlərinin bəzəyi də kommunikasiya xətləridir. Bu xətlərdə quşlar qanad dincliyi alırlar. Mənim uşaqlıqda gördüyüm elektrik və teleqraf xətləri idillik kənd mənzərələri üzərində industrial ştrixlərdilər. Bu mənzərəyə ağzı tütəkli Bibliya çobanlarını asanlıqla əlavə etmək olardı da. Ancaq bunlar da heç. “Heç” deməyəcəyim yeganə şey odur ki, qardaşlar və ey bacılar, partiyalar bəşəriyyətdə miniatür həmrəylik formalarıdır. Hər hansı partiya məndə 1 May təəssüratı oyadır. İndi Azərbaycanda onlarla 1 May qərargahı var. Həri, hər partiyanın erotizmdən uzaq öz Karl Libknexti və Roza Lüksemburqu, yaxud əksinə, öldükcə-ayrıldıqca tərkibi tez-tez dəyişilən və nəticədə daim ikiərli qalan kollontayları var. Üzvlərindəki erotizm hər hansı partiyanı fatal dağılma ehtimalı  qarşısında qoyur.  Erotizmdə məntiqi seksual icra və onun fotolarla qəzetlərdə yayılması təhlükəsi güclüdür.


        Kişiyəm deyə, mən bir dəfə dediyim sözə daim təzədən qayıdanam: qardaşlar, mən partiyaları əlcək kimi dəyişən siyasi “polina”larla dəmadəm və ya dəmbədəm ünsiyyətdəyəm. Düzü, mən əllə, ya digər kontakt üsulları ilə onların bədənlərinin bərklik-boşluqlarını daim yoxlamaq istəmişəm. Əlbəttə, bu bədənlərdə daha çox yumşaqlıq ehtimal olunur. Həri, istəsəniz deyərdim, Azərbaycan partiyaları “polina”xanalardır. Üstəlik, “polina”larda qanad gətirmək və qanad gərmək, siyasi everestlərə uçmaq-ucalmaq qabiliyyəti var.


        Qardaşlar, mən sizə bir şeyi deməliyəm və deməməli deyiləm ki, istənilən informasiyanın hər hansı partiya daxilində öz ideoloji rəng qamması var. Məsələn, qaşıqbatmaz bərk kənd qatığı haqqındakı ağlıq xəbəri Azərbaycandakı partiyalarda mozaik informasion rəng mənzərəsi yaradır. Müxalifət qatığı iqtidarda qaraya çalır.

        Yəqin poeziya növü olduğundan riyaziyyat Azərbaycanın siyasi mənzərəsini cızmaqda acizdir. Müxalifətin 3000 rəqəmi, timsalən, iqtidarda 3 şəklində təzahür edir, 5000-i – 5. Ya əksinə. Və ya tərsinə. Tutalım, Azərbaycan vətəndaşları YAP üçün rəqəm mənasında qiymətlidir. YAP rəqəm saxtakarlığından parlamışdır.


         Azərbaycan prezidenti riyazi kabbalistika törəntisidir.


      Qardaşlar, onu desəm olar, deməsəm olmaz ki, indinin yalan-palan informasiya bolluğu keçmişi daha qabarıq göstərir. İlahi, bu keçmiş nə darıxdırıcı olubmuş! Axşam düşcək, qumarçılardan-zaddan savayı hamı qucaqlaşıb yatışarmış. Yazıq dədə-babalarımız gecələrin fıshafısından ziyadə dünyada heç nə görməyiblərmiş!


         Əlbəttə, bu başqa söhbətin mövzusudur ki, mən dünyaya göz açalı və sonralar həyatda gözüm açılalı informasiyaların ən lüzumsuzlarına ürcah olmuşam. Mənim beynim uşaqlıqdan lüzumsuz xəbərlərlə yüklənmiş və yəqin elə ona görə də küt bir kütlə adamına çevrilmişəm. Kütləlik-sürülük olduğumun sübutu üçün onlarca faktdan bircəciyini deməliyəm və deməməli deyiləm ki, qabaqda bir keçi görən kimi dalınca düşürəm – hara getdi, mən də ora.


      Fövqəlinsanlar bol və yalnız həqiqi informasiyalardan törənirlər. Mikrob da mikroskop sayəsində böyükdür.


          Qardaşlar, mən siyasətə şəri görməyə gəlmişəm. Şər ən çoxu siyasətdən şədd eləyib qalxır. Mən şəri rəsmə almaq, ya fotoya köçürmək niyyətindəyəm. Mən sənətimi-zadımı dəyişib irrasional şeylər rəssamı, ya ən azı irreallıqlar fotoqrafı olmaq istərdim.


***

         Həri, qardaşlar, bu iqtidarda altıncı hiss peyda olmuşdur-onun mənim tərəfimdən dolanmağı gəlir.  Azərbaycanda padşah yalnız hakimiyyət oğurluğundan sonra aristokrat olur. Azərbaycanda aristokratiya əsasən oğrulardan formalaşır. Elə bil onlar dünyanı yuriqaqarincəsinə dolanmış olsalar da, burdan-bura, beşaddımlıqdakı Qarabağa gedə bilməyənlər deyillər! Elə bil onlar Naxçıvanı ancaq təyyarə ilə dəf edənlər deyillər! Görün sizə nə deyirəm, bizim sivilizasiyanın sonunda ki, təyyarə istehsalı dayanacaq, onda  Naxçıvan artıq vətən sayılmayacaq. Özünü vərəmli-arıq insanlardan ayırıb göylərə ucaltmış iqtidarın, türkün sözü, altdan bütün ayıbları görsənməkdədir. Bay, “göy” deyib bir qədər səhv elədim – bu cür ucalıq onun üçün xas deyil. Bu iqtidarın “göy”ü daş atsan dəyəsi adi bir hündürlükdür. Mən bunu çoxdan bilər,  ancaq deməz ki, endoskopistlər müayinə zamanı millətin qarnını boş görmüşlər.  İçi qur-qur və cur-curla dolu bu boşluq  iqtidarda heysiyyətin rudiment halında olmasına dəlalət  edir. Rudiment də, qardaşlar, ömür-billah  göyərməz və sağlığınıza, göyərmir də. Sadəcə, MSK heysiyyəti iqtidara implantasiya etmişdir. Onu desəm olar, deməsəm olmaz ki, mən doğmalarımın pul-parasızlarını hətta unutmağa da hazıram, lakin oğurluğu yox. Ömrümün 6 ilini puç eləməklə yadımda qalmış uzaq tələbəlikdə bir dəfə dal cibimdən birmanatlıq  çırpışdırmışdılar: qardaşlar, indiyəcən yanıram. Həmin manatın ürəyimdə infarkt bənzərli qara əksləri var. Həm də odu-budu hökumət şalvarlarındakı  dal ciblərə etibarım itib  və onlara nifrət etmişəm. Mən dal cibə heç bir qiymət qoymur, onlara heç nə qoymuram. Dal cib xəspuşluq yeridir.


        Həri, indi iqtidar müxalifət üzərində gələcək Qarabağ döyüşlərinin məşqini keçir. Artıq o, Qərb üçün məqbul məhkəmə üsullarına əl atıb; silah-zopa Azərbaycanda onların sinonimi olan məhkəmələrə transformasiya olunmuşdur. Məhkəmələrdə Qərbin aldadılacağı zənn edilir. Qərbin sadəliyi Azərbaycanda sadəlövhlük kimi qavranılır. Ancaq mənim üçün Azərbaycan məhkəmələri yalnız işsizlərin artmaması məqamında qiymətlidir. Azərbaycanda iş yerləri indi əsasən “hüquq-mühafizə” idarələri ştatları şəklində mövcuddur. Azərbaycan  iqtidarı üçün demokratik  qanunlar işıltılı-parlaq Qərb oyuncaqlarıdır. Azərbaycan parlamenti prezident aparatının iri bir şöbəsi, parlament sədri isə orada şöbə müdiridir. Azərbaycan padşahı partiya sədri təfəkküründən uzağa getməmişdir. Burda onu əlavə etsəm olar, etməsəm olmaz ki, padşah üçün islam dünyası təsadüfi coğrafi məkandır. Azərbaycan padşahında müsəlmanlıq coğrafilikdən irəli gəlib.


        Qurani-Kərim şeytan üçün qəlb oğurluğu vəsaitidir.


       Ancaq qardaşlar, Azərbaycanın qanun jonqlyorları artıq mənim əlimdədirlər; onlar heç yana qaça bilməyəcəklər də. Onlar Allahı aldada bilərlər, məni yox. Həri, Azərbaycan iqtidarı mənim tərəfimdən dolanmağa məhkumdur. Gözləsin. Gözləyin...

 

 

                                                                                                          01.12.1998  

Digər xəbərlər

Kütlə, Mədəniyyət

Mirzə Cəlillə ayrılıq məqamı

Sivilizasiya və Azərbaycan

Millətin qaçqına çevrilməsi halı

İran və qloballaşma qaçılmazlığı

Şərhlər