Tarix: 20-06-2018 10:04
Baxış sayı: 1848
Qardaşlar, Azərbaycan cəmiyyəti xəstəliyə gülmək səviyyəsinəcən cılızlaşıb. Hi-hi, ha-ha – üz boyda gülüşlər Gülhanəyə səmtlənib. Ancaq ölüm Azərbaycan prezidentini əbədi qalib elan edəcək. Həri, Azərbaycanda etikanın əlifbası keçilməyib. Açıq deyəcəyəm, xalqımızda qonaqpərvərlik bir-birinin arvadına baxmaq imkanı şəklində saxlanıb. Nəyi deyirdim, Azərbaycan prezidenti “spa” kimi sağlam olmalı, onun yanaqlarından qan dammalıdır (altına vedrə qoyun). Əlbəttə, bunlar heç.
Biraz gedək o yana. Prezident “baba”mız oturüstü memuar yazsaydı, onun ayaqüstü nitqlərindən daha faydalı olmuş olardı. Bir iş var, iki əməl ki, həqiqəti deyə bilməyən adam memuar yaza bilməz. Bizdə memuar ədəbiyyatı perspektivsizdir.
İndi gələk bu yana, Azərbaycan cəmiyyəti ekstremal vəziyyətlərə hazır deyil. Üstəlik, müharibələri həmişə apokalipsisə bənzədirik. Halbuki ən ağır müharibəni də adi iş saya bilərik. Biz yalnız sülh dövründə xalq oluruq. Ən yüngül savaşlardasa Bakı səmtinə dal-dala düzülən sürüyə çevrilirik. Əlbəttə, paytaxtın alınması ehtimalı həmişə az olur.
Bizdə ekstremal hallar ədəbiyyatı yox dərəcəsindədir. İndiyəcənki poeziyamız narkoleptik təsirli olub. Ümumən, mədəniyyətimiz effektsizdir. Onun həyatımızdakı rolu müəmmalıdır. İnsanlarımızın onunla yaxşılaşacağına az güman var. Dədəm vay, ona varisliyə haqqımız yox.
Qardaşlar, üstəlik, bacılar, mədəniyyətə vaxt itkilərimiz əbəsdir. Ya da mədəniyyətimizdə ən azı inqilablar gərək. Mədəniyyətdə inqilablar ictimai sosial-təkamülə gətirib çıxarardı.
Yenə gedək o yana. Qardaşlar, biz əsgərlikdən yayınan Mete və Atillalarıq. Türklüyümüz, bayaq dedim, xəstəliyə gülmək ibtidailiyində gül açıb. Kara “kar”, kora “kor”, axsağa da “axsaq”dı söyüşlərimiz. Türklüyü əsasən başkəsənlik şəklində təsəvvür edirik. Türklüyümüz sanki insanlıq əleyhinə cinayətləri təxmin edir. Ətağa cəddi erməni bizim başımızı düz kəsirsə, əlacımız ola, biz erməninin başını tərsinə kəsərik. Əlacsızlıq, sadəcə, aqressivliyimizi neytrallaşdırır. Əlacsızlıqdan humanistlərik. Öz yaratdığımız qəddar türk obrazı içində təklənmişik. Bayrağımız BMT bayraqları sırasında kimsəsiz yellənir. Param-parça olmuş və hörümçəkli künclərə sıxışdırılmışıq. Qərb və Dünya Azərbaycan türk dövlətinin işğalını sanki məqbul sayır. Azərbaycanın taleyi beynəlxalq siyasi “praktikant”lar üçün əyani vəsaitə döndərilib.
Tariximiz həqiqətlərimizlə uyuşmur.
Əfsus, mən yüksək türklükdən dəm vuranlarımızı alçaq tülkü şəklində gördüm. Türklük mənəvi keyfiyyətlərlə təsbit olunmayanda, şüarçılığa çevrilir. Mən öz türklərimdə “atanşik”likdən savayı “özgə halət görmədim”. Yadınıza salsam olar, salmasam olmaz ki, keşmişlərdən bəri milli oyunlarımızın ən önəmlisi xoruzdöyüşdürmə olub. Qəhrəmanlıq sevincini qalib xoruzlardan əxz etmişik. Amma həm də hər an başı kəsilən xoruzlarıq. Qardaşlar, üzr istəyirəm, həm də bacılar, biz arvad yanında kişilərik. Düşmənlə mübarizə texnolojisindən quzucasına bixəbərik.
Birdəfəlik gələk bu yana. Ətağa cəddi, Azərbaycandan danışılanda mən həmişə dalğın oluram. Dalğınlıq mahiyyətim, əsasən yazılarımda üzə çıxan çılğınlıqsa zahiri cəhətimdir.
№ 31 (48) 2-8 avqust 2003-cü il