Azərbaycanda hüquq
(Nəğmə)
Gəlsənə, Azərbaycanda bir qədər hüquqdan danışaq, hərçənd bu barədə söhbət
mənə həmişə predmetsiz görünüb. İndiyəcən mən hüququ yox, Azərbaycanda
məhz hüquqsuzluğu insanın həyat tərzi bilmişəm. Hüquqsuzluq Azərbaycan xalqı
tərəfindən çeynənib-udulmuş, həzmi-rabedən keçirilmiş, komponentləri çoxdan
onun surətinə çıxmışdır. Təsadüf deyil ki, karikaturalarımızda sual işarəsi insan
duruşunun ən xarakterik cizgizisidir. Biz qarnıyoğunlar qarşısında binayi-qədimdən
hörmətcil olmuşuq; indinin özündə padşahlığa da əsasən yoğun namizədi məqbul
bilirik. Bizdə həyatın sürrealistik ifadəsi sürünmə şəklindədir. Türmələrimiz insanın
azadlıqdan məhrumluq yerləri yox, cəhənnəmi yer üzünə mantar kimi qalxmış qır
qazanlarıdır. Onlar nuvoriş-dustaqlar üçün tez-tez boşaldılmalı olur
– Azərbaycanda amnistiyalar məcburi-sardonik humanizm aksiyalarıdır. Dustaq
amnistiyaya yalnız artıq sındırılıbsa düşə bilər.
Azərbaycanda azadlıq sındırılmış insanların gəzinti fəzasıdır.
Hüquqsuzluq Azərbaycanda etiraz doğurmur; onun iç divarları ədəbiyyat və
sənətlə bəzədilmiş, yaşam üçün guya yararlı hala salınmışdır. Azərbaycanda
ədəbiyyat və sənət ədalət və hüquqa dəxli olan bəlkə yeganə fəaliyyət növü
sayılmalı "siyasət"ə həmişə xor baxıb. Bizdə ədəbiyyat və sənət şərə heç vaxt yox
deməyib, sadəcə ona naz edib. Azərbaycanda ədalətsizlik araşdırılıb-çözələnmir,
qəzavü-qədər məramı şəklində – olduğu kimi qəbul edilir.
Ədalətə biganəlik azərbaycanlının seçilən əlamətidir.
Azərbaycan xalqında hüquq fantaziyası yoxdur. Azərbaycan xalqı bütün hüquq
hərəkətlərinə, o cümlədən inqilablara da həmişə zorla qatılıb. Sosial ədalətin
intensiv bərpa əməliyyatı olan inqilab əslində bizlərə yaddır. Azərbaycanlı inqilaba
bəlkə oğurluq və banditliyə imkan açılması mənasında yaxınlıq duyur. İndi
Azərbaycan siyasətinin əks qütbləri arasında məsafə çox qısa, gediş-gəliş sürəti
çox itidir. Siyasi "polina"lıq baş alıb gedir. İfrat patriotluqdan ştreykbrexerliyəcən
uzanan yolda gözə dəyən siyasətçilərimiz ən azı hərdəmxəyal görünürlər.
Azərbaycanda partiyalar əqidə işi kimi ortaya çıxmır. Azərbaycanda partiyalar
müstəqilliklə alverə qurşanmış insan qruplarından ibarətdir. Onların dalınca nə
qədər getmiş olsan da, hüquq və azadlıq deyilən şeylərə rast gəlməyəcəksən.
Azərbaycanda hüquq dil-ağız nahiyəsinə aid saqqız timsallı bir zaddır.
Bizdə hüquq qaçılmaz həyati təlabat deyil; bizlər ondan beynəlxalq dəbə uyğun
yalnız söhbət aça bilərik. Qaçqınlarımız da Azərbaycan xalqı sayılırsa, mən onlarda
hüquqa tələbat yox, olsa-olsa hümanitar yardımlara hədsiz hərislik
görmüşəm. Gödən azərbaycanlı bədəninin ən vacib hissəsidir. Qarın toxluğu həyat
konstantına çevrilmiş bu insanlar Azərbaycan xalqının mənəvi kasadlığını üzə
çıxardılar. Ancaq neynək, onsuz biz bu kasadlığı gec-tez görməli idik.
Hərbi münaqişələr Azərbaycan xalqında mənəvi vakuumun aşkar görünən
dövrüdür.
Bizdə xalq hərəkatları daim romantik duyğuların təzahürü olaraq ortaya çıxır. Di
gəl neyləyəsən ki, romantik duyğularla həyat tənzimlənməz – bunu təcrübə
göstərir. Mən demişəm, həyatın romantika ilə tənzimi cəhdi əsasən ibtidai
millətlər üçün səciyyəvidir. Güneyimizdəki abortiv milli hərəkatlar da bunun
nümunəsidir. Romantika ilə real qələbə qazanılmaz. Biz hələ romantik
çağlarımızda barıtımızı atıb qurtarır, sonra fikir çəkmək üçün mütəkkələnir və
qəlibli-yalançı şərqli filosofu görkəmi alırıq. Heç vədə müdrikləşməyən milli
qəhrəmanlarımız da ta qocalanacan romantik qalırlar. Əlbəttə, romantikanı
Azərbaycan xalqını digər xalqlara bənzədən, hərçənd çox da vacib olmayan,
müsbət keyfiyyət saymağa da borcluyuq.
Azərbaycan türklərinin genealoji ağacı hüquqsuzluqla suvarılmışdır. Azərbaycan
türkünün hətta təbəssümündə də bu hüquqsuzluğun nişanələrini görmək
mümkündür. Azərbaycan türkünün təbəssümü plebey gülüşü şəklində
deformasiyalıdır. Azərbaycan türkünün adət və ənənələri də hüquqdan kənarda
formalaşıb; onlarda yüksək ideal nişanəsi, ya heç olmasa bir ədalət izi görməzsən.
O bütün münaqişələrini cəngəllik qanunları əsasında – güc diktəsi altında
çözələyir.
Azərbaycanda insan hüququ fərz elənmir də. Azərbaycanda humanizm adətən
tərs-avand yozulur: normal vətəndaşlar qalır, çaşıb daim canilərin hüquqlarını
qoruyuruq.
Əfsus, azərbaycanlıya hüquqlarının müdafiəsi təklif olunanda, dişlərini ağardır.
Azərbaycan xalqı hüquq müdafiəçilərinə demaqoq damğası vurandır. Qərbdən
hüquq müdafiəsi öyrənmiş tək-tək insanlarımız Azərbaycanda həmişə lağa
qoyulub.
Konstitusiya Azərbaycan xalqının həyatında ən az rol oynayan formal bir sənəddir.
Bizdə formalizm fatal qaçılmazlıqdır. Ümumiyyətlə, sənəd deyilən şey
azərbaycanlıya həmişə qəribə-gülməli görünüb. Çünki əlbəttə, indiyəcən o,
sənədatda öz hüququna dair bircə sətirin də işlədiyinə şahid olmayıb. Əksinə,
sənəd onun hüquqlarının ansızın alınmasında daim şərti işarə rolu oynayıb.
Azərbaycanlı əbədən hüququn ən az rast gəlindiyi yerlərə sıxışdırılıb. Məişət
azərbaycanlının qısnandığı axırıncı həyat guşəsidir. Məişət azərbaycanlı həyatında
hədsiz qabarıqdır. Millətdə özünüqoruma effekti ailə miqyasında minimaldır.
Azərbaycanlı ölkəsinin beynəlxalq hüquqlarını heç də özününkü saymır; onların
pozulmasından ya xəbər tutmur, ya xəbər tutursa da, bu onun halına təfavüt
etmir. Əksinə, o, ölkəsinin beynəlxalq hüquqlarının pozulmasından, olur ki,
mazoxistcəsinə nəşə duyur; bəzən hətta bunu özünə sayğı bilir. Bir vaxt Seyid
Əzimin də sezdiyi və xan "rədd ol" deyərkən sevinən dehqan xarakteri bizdən
əskilməyib.
Onu da deməliyəm ki, Azərbaycan xalqının hüquqsuzluğu dünyəvi qəddarlığın
nəticəsi kimi qiymətləndirilməlidir. Mən bildirirəm, dünyada humanizm qədər boş
söz yoxdur. Mədəniyyət deyilən şey bəşəriyyəti barbarlıqdan uzaqlaşdıra bilməyib.
Əksinə, mədəniyyət özü daim hərb timsalında "yüksək" barbarlıq nümunəsi kimi
ortaya çıxır və tərslikdən mütəmadi Azərbaycana tuşlanır. Əfsus, azərbaycanlımın
mədəniyyətlə təması ən çox sümükləri əcnəbi hərb maşınları altında
xıncımlananda baş tutur. İndiyəcən dünyanın ən böyük qəddarlıqları ən mədəni
xalqların əlindən çıxıb. Odur ki, hüquqsuz xalqlarda bəşər mədəniyyətinə biganəlik
üstün xüsusiyyətdir. Bu biganəlik mədəniyyətə adekvat reaksiyadır. Azərbaycan
xalqı artıq dünya mədəniyyətindən yaxşı heç nə gözləmir də. Azərbaycan xalqı
hərdən dünya mədəniyyətinə xor baxmaqda haqlıdır. Bir vaxt quldarlığı və
müstəmləkəçiliyi törətmiş mədəniyyətin xisləti dünyaya çoxdan bəllidir. Mən
deyirəm, bütün bəlalar mədəniyyətin insanlar tərəfindən mütləq xeyir kimi
qəbulundan başlanır.
Azərbaycanda hüquqsuzluq Ümumqafqaz kontekstində daha asan öyrənilə bilərdi.
Qafqazda hüquqsuzluq bəşər alnına şiş dağlar arasında yazılmış və islamla təsbit
olunmuşdur. İslam sayəsində Qafqazda hüququn maneə nişanları hədsiz
çoxalmışdır. Hüquq axtarışında dinc yol görmədiyindən qafqazlı hələ də onun qan
davaları və tayfa düşmənçiliyi kimi anlaşılmaz-təbii yollarına üstünlük verir.
Azərbaycandakı sifarişli məhkəmələrdənsə sanki bu yol daha etibarlıdır.
Azərbaycanda məhkəmə formal bir proseduradır. Azərbaycanda məhkəmə,
iştirakçıları çoxdan bəlli, tragikomik bir oyun növüdür.
Azərbaycanda məhkəmə hətta boşanmanın həllində də sərbəst deyil.
Hüquqlarını qoruyarkən azərbaycanlı gec-tez mistikaya yuvarlanmalı olur.
Azərbaycanlı hüquqlarının qorunması işini Azərbaycana nifrətlə bitirir.
Azərbaycanda dustaq idealları ölmüş bir varlıqdır. Azərbaycanlı dustağın iç dünyası
nekroloji effektlidir; o, ölmüş ideallarını sonrada nekroloji situasiyalarla
tənzimləməyə can atır. İntiqam onun həyat devizinə çevrilir; insan dünya ilə
tarazlığa yalnız bu yolla çatır. Həminki olmasa da, rastına düşən hər bir kəs
intiqam obyekti ola bilər.
Azərbaycanda qazı təfəkkürlü hakimlərlə ədalətə çatmaq mümkün olan iş
deyil. Onlarda mənəvi orientirlərin yoxluğu hüquqa ümidləri heçə endirir. "Hüquq
sahəsi"nə azərbaycanlı adətən qeyri-əxlaqi məramla gəlir. Mənə həmişə azacıq
görünmüş hüquqi biliklərimiz Azərbaycanda insanın hüququnu yox,
hüquqsuzluğunu artırmağa yönəlir. Bu səbəbdən insan Azərbaycanda hüquq,
həmçinin ona dair proseduralardan, yaxşısı budur, üz döndərməyi üstün
tutur. Bugün insanları hüquqdan imtina edən Azərbaycanda hətta quldarlıq üçün
zəmin mövcuddur. Bir gün qul alveri üçün tender elan edilərsə, buna heç kəs
təəccüblənməz.
Azərbaycanda hüquq heç vaxt mədəniyyət dairəsində və onun elementi kimi başa
düşülməyib. Bizdə mədəniyyət zaman-zaman çalıb-oynamaq kimi anlaşılıb.
Düşmən azərbaycanlının çalıb-oxumaqlığına həmişə ürəkdən alqış deyib. Daim
münaqişə obyekti olmuş Qarabağda bu daha bariz görsənib. Yağı çal-çağır sevən
qarabağlını batində bambılı sayıbsa da, zahirdə onu həmişə təqdir edib. Mən
deyərdim, Qarabağ musiqi mədəniyyəti hərbi məğmunluğumuzun vacib
göstəricilərindəndir. Ümumiyyətlə, Azərbaycanda musiqi mədəniyyəti əksərən
hərbi qələbələrdən yayındırıcı effektdə olub. Azərbaycanda mədəniyyət həmişə
zənginlərin əyləncə vasitəsi kimi nəzərdə tutulub və elə onlar tərəfindən
mənimsənilib də. Hətta ağlayıb-sıtqayan klassik ədəbiyyat da yüzillər boyu əslində
əyləncə rolu oynayıb, toxqarına oxunub. Üstəlik, klassiklərimizdəki ağlar ruh
Azərbaycanda tarixlər boyu mövcud olmuş insan hüquqsuzluqlarından xəbər
verir.
Ancaq Azərbaycanda ləyaqətli insanlar çoxaldıqca yəqin hüquqa ehtiyac da
artacaq. Hüquq dominantı haçansa Azərbaycanda uca bir xalq varlığının sübutuna
çevriləcəkdir. Əlbəttə, bu, gələcəkdə olacaq – gələcəyə də ta nə qaldı...
Avrasiya, 02/07/1998